Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:30

Günel Mövlud. Az TV - kahin yuvası


Günel Mövlud
Günel Mövlud
-

AzTV nə görür, nə də eşidir. O sanki kor, kar, amma deyingən arvaddır. Özü də elə deyingən ki, gecə-gündüz bilmədən elə hey sağa-sola yayımlayır.


Günel Mövlud


KAHİN YUVASI VƏ YA AZ TV - PROLLARIN KANALI

Günəşli al səhərlər, müxtəlif rəngli işıqlara boyanmış fasadların gecə görüntüləri, iri planda, sərin, xəfif dağ mehindən tir-tir titrəyən tənha kəklikotu saplağı, ürək dağlayan tütək səsinin fonunda, yamyaşıl çəmənlərdə otlayan qoyun sürüləri, qalın eynək, tüstülü qəlyanla geniş kreslolarda yayxanmış ziyalılar, buxara papaqlı aşıqlar, kostyum, qalstuklu muğam ustalarının fanilik havalı zəngulələri....Bu - cənnət deyil, AzTV-dir.

Bir neçə il əvvəl, Rusiyanın dünyaca tanınmış intervyuerlərindən biri, hələ Sovet dönəmində SSRİ və ABŞ arasında ilk telekörpü tok-şoularının müəllifi Vladimir Pozner Azərbaycanda olanda, “Xəbərlər” proqramının videolarını görüb, demişdi:

- Yəni, bu pambıq tarlalarından reportajlar hələ də kiməsə maraqlıdır?

Poznerin ritorik sualına AzTV bu günədək müsbət cavab verir. Bu telekanalda zaman məsələsi çoxdan həll olunub. AzTV-də zaman anlayışı, ümumiyyətlə, mövcud deyil. Burada danışan başlar hələ də məhsulun yığım faizləri, ölkənin rifah göstəriciləri barədə ciddi-ciddi xəbərlər deyir.

Bəli, bu telekanal televiziya üçün vacib olan bütün şərtləti - aktuallıq, vaciblik, relevantlıq, dinamikanı qəddar şəkildə iqnor edir. AzTV-nin reklamlarından başqa hər şey sanki başqa dünyada baş verir. Siyasi-analitik verilişlərdə konspiroloji nəzəriyyələr, qəribə düşmən ünsürlər, yalnız AzTV-yə bəlli olan davamlı inkişaf və uğurlu daxili-xarici siyasət modellərinin müzakirəsi (burada müzakirə sözü çox şərti anlam daşıyır). Ədəbi-publisistik verilişlərində sözdən, mənadan çox pafos, informasiya proqramlarında məlumatdan çox şəxsiyyətə pərəstiş, yarınma, yaltaqlıq cəhdləri...

Diktaturanın anatomiyasını açmış C. Oruell hələ təxminən 70 il əvvəl məşhur “1984” romanında bu barədə yazb. “1984”dəki teleekran həm də diktator "Böyük qardaşın" insanları izləmə cihazı idi. Efirdə isə vəziyyətdən asılı olaraq, hər gün saxtalaşdırılan gündəm, insanları boyunduruqda saxlamaq üçün oxunan vətənpərvərlik nəğmələrindən başqa heç nə olmurdu. Bir daha qeyd edim ki, bu, AzTV təbirincə desək, təxminən 70 il əqdəm yazılıb.

AzTV layiq oldugu tənqidi, ironiyanı artıqlaması ilə alır. Bu kanal barədə lətifələr gəzir, sosial şəbəkələrdə telekanal barəsində deyilməyən söz, hazırlanmayan video-məsxərə qalmayıb. Amma bütün bunların AzTV-nin fəaliyyətinə zərrə qədər də təsiri yoxdur. Oruellin televizorundan fərqli olaraq, AzTV nə görür, nə də eşidir. O sanki kor, kar, amma deyingən arvaddır. Özü də elə deyingən ki, gecə-gündüz bilmədən elə hey sağa-sola yayımlayır.

AzTV-dəki qüsurları, gulunc halları, ritorikanı kanalın hazırda xidmət etdiyi hakimiyyətin ayagına yazmaq, bu şeyləri hakimiyyətin tələb etdiyini demək ədalətsizlik və cahillik olardı. AzTV istənilən rejimdə öz işini görən, öz qanunları olan sistemdir. O sanki xüsusi qanunlara sahib məbəddir – baş kahin, digər kahinlər dəyişir, məbədin qanunları isə dəyişmir.

Kriminalistika dərsliklərində insanı boğmaq üçün müxtəlif canilər tərəfindən istifadə olunmuş ilgək növlərinin təsnifatı olur. İlgəyin necə bağlanması təhqiqatçıya caninin peşəsi, həyat tərzi barədə məlumat verir.

Nə vaxtsa ölkədə demokratik hakimiyyət olsa, AzTV-nin bu gün göstərdikləri jurnalistika dərsliklərinə salınmalıdır.

“Jurnalistika necə olmamalıdır” bölümünə.
XS
SM
MD
LG