Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:32

Balıqçılar: «Biz ölməliyik, yaşamamalıyıq?»


Astara
Astara
-

Xəzər dənizində nərə balıqlarının ovlanması qadağandır. Buna baxmayaraq, Astarada bu növdən olan balıq ətinin bir kiloqramını 25-30 manata tapmaq olar. Qara kürünü tapmaq isə bir qədər çətindir. Başqa balıqları isə yerli bazarlarda görmək elə də çətin deyil. Bununla belə yerli sakinlər bazarlarda balığın azlığından şikayətçidir. Sakinlər bildirirlər ki, Sovetlər dönəmində Xəzəryanı ərazilərdə balıq bol olardı. Elə bu səbəbdən də bazarda balıq satılmazdı. Çünki alan olmazdı. İndi elə ailələr var ki, balıq üzünə həsrətdir. Balıq həm bahadır, həm də azdır…

DƏNİZİN SAHİLİNDƏ…

Xəzər dənizinin sahilində - Astaraya aid hissəsindəyik. Sahildə heç kim gözə dəymir. Halbuki, bu ərazidə ilin bu vaxtlarında balıqçılar qaynaşardı. Burda dağılmaqda olan bir neçə vətəgə var. Onlar çoxdandır ki, fəaliyyət göstərmir. Balıqçılar bu yerləri tərk edib. Əvəzində dağılmaqda olan vətəgələrin hər iki tərəfində məftildən hasar çəkilib. Deyilənə görə ərazi satılıb. İndi bura zibil tökürlər. Yaxınlıqda inək otaran yerli sakin deyir ki, şəhərin zibilini bura gətirirlər.

Dənizə diqqətlə baxanda uzaqda iki nəfərin qaraltısı görünür. Bunlar evləri dənizə yaxın olan sakinlərdir. Yaxın məsafədə tor qurub, suyun üzündə qalmaq üçün rezin bağlayıblar.

Möhübbət Süleymanov
Möhübbət Süleymanov
Balıqçıların olduğu vətəgə axtarışına başlayırıq. Sahil boyunca atılmış, dağılmış torlara rast gəlirik. Nəhayət bir balıqçı ilə rastlaşırıq. Balıqçı nazik gödəkcə geyinib. Baxışlarında xüsusi sərtlik var. Özünü Möhübbət Süleymanov kimi təqdim edir:

«BİZ ÖLMƏLİYİK, YOXSA YAŞAMAMALIYIQ?»

«Mən heç yerdə işləmirəm. Hara gedirəm işə götürmürlər. Deyirlər yaşın keçib. Evdə də qız uşaqlarıdır, xəstə var evdə. İş versinlər işləyək. Aztəminatlı ailə kimi bizə sosial yardım versinlər də. Pensiyanın vaxtını uzadırlar, 62 yaşım var, pensiyaya çıxmaq üçün gərək 63 yaşın ola. Biz ölməliyik, yaşamamalıyıq?».

Möhübbət Süleymanovun dediyinə görə, dəniz sahilində yaşayanlar tarix boyu balıq ovu ilə məşğul olublar. Ailələrini balıq tutmaqla saxlayıblar. Dediyinə görə, ulu babası, atası və özü də balıqçılıq edib. Möhübbət Süleymanov deyir ki, onun ulu babalarına heç vaxt balıq tutmağı qadağan etməyiblər. İndi isə ona dənizə yaxın durmağa icazə vermirlər:

«DƏNİZİ BAĞLAYIBLAR, iCAZƏ VERMİRLƏR»

«Balıqçılar əmlak alırlar, cürbəcür şeylər alırlar, buraxırlar dənizə. Hər hansı bir cinayətkar gedib dənizin ortasından narkotik maddə gətirir, onları tutmaqdansa gəlib balıqçıya deyir ki, düşmə dənizə. Balıqçı nə üçün getməsin dənizə? Bunların da qarşısını alırlar. Get yaşama, öl. Harada görürsən bir balaca iş yeri var, camaatın yaşaması üçün balaca şərait varsa bunların qarşısını alırlar. İndi bütün fəsillərdə dənizi bağlayıblar, icazə vermirlər».

Möhübbət Süleymanovun dediyinə görə, yaxınlıqda balıq zavodu da olub. Bu zavodun əvvəllər 50 nəfərdən çox işçisi olub. Özü də bu zavodda çalışıb. Onun deməsinə görə çoxdandır ki, zavod bağlanıb:

«Balıq zavodu işləyəndə heç olmasa 50 nəfər orda işləyirdi, çörək pulu qazanırdıq, fəhləlik edirdik. Limanlar hamısı işləyirdi...».

Gəlib balıqçıların olduğu vətəgəyə çatırıq. Balıqçı Sabir İsayevlə burda tanış oluruq. O, dənizdə olan balıqçı qayığını göstərib deyir ki, onlar yaxın ərazidə olan torları yoxlayırlar. Hava proqnozlarına görə güclü külək əsməli idi. Buna görə də balıqçılar uzağa getməyiblər. Sabir İsayev deyir ki, qış fəslində balıq dərinlikdə olur. Bunun üçün 30-40 kilometr dərinliyə getmək lazım gəlir. O, dənizə nəzər salıb, balıqçı peşəsi çətindir, çörəkləri sudan, fırtınadan çıxır:

ÇÖRƏYİ FIRTINADAN ÇIXANLAR...

«Çətindir, bəli. Ona görə ki, külək var, onun böyük-böyük dalğaları var. Torları zay edir, «katolları» yıxır yerə. Küləyin sürəti yüksəkdir. Biz də otururuq, özümüzü veririk günə. Torumuz da zay olur. Hava bizi aldadır. Biri deyir ki, 3 metr olacaq, digəri deyir 5 metr, başqası da 8 metr olacağını bildirir. Havalar bizi çox aldadır».

Sabir İsayev balıqçılar arasında bədbəxt hadisələrin də olduğunu deyir. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl dənizə gedən iki balıqçı geri qayıtmayıb. Sabir İsayevin sözlərinə görə, belə çətin peşədə işləyən balıqçılar heç də yaxşı yaşamırlar:

«Belə yaşayırıq da, ölüm-zülmlə. İndi ki, bizim cavanlar bekardır. Heç yerdə iş yox. Bu uşaqlar gəlir bura, başlarını qatıblar balıqçılıq sənətinə. Ona da imkan vermirlər. Özümüz də qalmışıq avara, nə edək bilmirik?».

TUTULAN BALIQLARDAN KİMLƏRƏ PAY DÜŞÜR?

Astarada atılmış vətəgə
Astarada atılmış vətəgə
Balıqçı İranın sərhəd sularını göstərərək, deyir ki, orda həmişə balıq ovu gedir. Onun bildirdiyinə görə, qonşu İranda balıqçının üstündə bu qədər nəzarət yoxdur. Sabir İsayev deyir ki, onları Ekologiya və Təbii Sərvətlər Nazirliyin əməkdaşları, su polisi, sərhədçilər, yaxınlıqda fəaliyyət göstərən hərbi limanın zabitləri, yerli sahə polisi və icra orqanları həmişə narahat edirlər. Balıqçı qeyd edir ki, tutulan balıqla bu insanları yola vermək çətindir. Sabir İsayev vətəgələrin bağlanmasının bir səbəbini də bunda görür. Digər səbəblərin olduğunu da deyir:

«Qoymurlar, ümumiyyətlə qoymurlar. Balıq da yoxdur dənizdə. Balıq olar fevralın 15-dən o yana. Balıq başlayır qırağa gəlməyə. Balıq dərindədir. Ora gedən yoxdur. Kim ki risk edir, gedir ya tutur ya da əliboş qayıdır. Havayı yerə benzin işlədirlər».

Yaxınlıqda durub bizi dinləyən digər bir balıqçı söhbətə qoşulur:

«İNDİ TORA DÜŞƏN ZİYADDIR, ÇƏKİDİR, KÜLMƏDİR...»

«Havalar imkan vermir. Bundan sonra Allahın köməkliyi ilə bəlkə bir şey çıxa. İndi tora düşən ziyaddır, çəkidir, külmədir, belə də olur...».

Balıqçıların şikayətləri tükənmək bilmir. Dənizin ləpələri kimi.

Astara rayon İcra Hakimiyyəti başçısının müavini Xanverdi Şirinov isə deyir ki, ərazidə 12 vətəgə var. Balıqçılar da bu vətəgələrdə birləşiblər. Onun sözlərinə görə, İranla su sərhədi Astara rayonu ərazisindən keçdiyinə görə, yerli balıqçıların üzərində ciddi nəzarət var. Xanverdi Şirinov deyir ki, balıqçılar sərhəddən 10-15 kilometr aralıda ova çıxa bilərlər. Buna görə də balıqçılar bəzi ərazilərdən köçüblər. Müavinin sözlərinə görə, balıqçılara heç kim «haqq» qoymur. O ki, qaldı balıq zavoduna, Xanverdi Şirinov deyir ki, həmin müəssisə şəxsi adama satılıb.
XS
SM
MD
LG