Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:35

"Amerikada yazıçılar adətən ədəbiyyata dal qapıdan gəlirlər"


John Simmons Barth
John Simmons Barth
-

Amerikalı oğlan və qızlar "Mən gələcəkdə yazıçı olacam" düşüncəsi ilə böyümürlər.

Bilmirəm bu yaxşıdı, ya pis, amma mənim romançı kimi yaradıcılığım da elə həmin o aranjemançının işinə bənzəyir.



Postmodernizmin canlı klassiki, Amerika yazıçısı John Barth-ın (təv. 1930) "Paris review" jurnalına müsahibəsindən (bundan əvvəl çap etdiyimiz parça). Müsahibəni George Plimpton götürüb.


JURNALİST

Yazmaq istəyi sizdə nə vaxt baş qaldırıb? Peşənizin yazıçılıq olacağını konkret olaraq nə vaxt anladınız? Ümumiyyətlə, belə bir an olubmu?

JOHN BARTH

Amerikalı yazıçıların həyatında bu, adətən avropalılara nisbətən gec baş verir. Amerikalı oğlan və qızlar "Mən gələcəkdə yazıçı olacam" düşüncəsi ilə böyümürlər. Yəni bu bizlərə anladılan yolla baş vermir: guya ki Flaubert təqribən 12 yaşında qərara gəlib ki, böyük fransız yazıçısı olsun və günlərin bir günündə, Corcun himayəsi altında, doğrudan da olub.

Bizim ölkədə yazıçılar, xüsusən də romançılar adətən ədəbiyyata hansısa dal qapıdan gəlirlər. Mənim tanıdığım yazıçıların, demək olar ki, hamısı, əvvəlcə başqa peşə sahibi olmaq istəyiblər, amma sonra həvəsdən düşərək yazıçılığa keçiblər.

Şəxsən mən əvvəlcə musiqiçi olmaq istəmişəm. Amma sonra anlamışam ki, məndə həvəskar səviyyədə qabiliyyət olsa da, peşəkar istedadı yoxdur. Beləliklə, mən nəsə başqa bir məşğuliyyət tapmaq üçün Johns Hopkins Universitetinə üz tutmuşam. Orada hekayələr yazmağa başlamışam - yazıçı kimi ilk addımlarını atanlar hansı səhvlərə yol verirlərsə, onları mən də eləmişəm. Bir roman həcmində dəyərsiz şeylər yazdıqdan sonra başa düşmüşəm ki, bu işi yaxşı bacarmasam da, dalınca gedəcəyim peşə elə bu olacaq.

İndi yadımda deyil, bu, içimdə ani baş verdi, yoxsa təcrübə topladıqca həvəsləndim, amma bir şeyi dəqiq xatırlayıram ki, axırının necə olacağını bilməsəm də, məndə bütün ömrümü bu işə həsr edəcəyimə tam əminlik vardı.

Bəxtim onda gətirmişdi ki, Johns Hopkins-də çox gözəl bir müəllimim vardı. Əslən İspaniyadan olan qocaman şair-müəllim Pedro Salinas. Don Kixotu birlikdə oxuduq. Düzdü, onun Don Kixot haqqında dediklərindən yadımda heç nə qalmayıb, lakin Franco İspaniyasından qaçmış, indi artıq həyatda olmayan qocaman Pedro Salinas mənim məsum, təmiz gözlərimi ona acdı ki, insan ömrünün cümlə qurmağa və hekayətlər danışmağa həsr olunması da nəcib və şərəfli bir iş ola bilər. Mənim yaratdığıma, gördüyüm işə ləyaqətli və nəcib deməyin mümkün olub-olmaması bir ayrı söhbətdir, amma düşünürəm ki, mənim təcrübəm müstəsna hal sayıla bilməz. Sən skripkaçı, heykəltaraş, yaxud rəssam olmaq istəyirsən, lakin axırda romançı olursan.

JURNALİST

İlk musiqi alətiniz hansı olub?

BARTH

Mən barabançıydım. Ümid edirdim ki, axırda orkestrator olacam - o vaxt buna
John Simmons Barth
John Simmons Barth
aranjemançı deyirdilər. Aranjemançı o kəsdir ki, kiminsə melodiyasını götürüb öz məqsədinə uyğun olaraq dəyişir. Bilmirəm bu yaxşıdı, ya pis, amma mənim romançı kimi yaradıcılığım da elə həmin o aranjemançının işinə bənzəyir. Mənim təxəyyülüm köhnə ədəbi ənənələr, epistolyar roman və ya klassik mif müstəvisində daha sərbəstdir. Melodiyasını ordan götürür, sonra, əgər belə demək olarsa, mən o melodiyanı öz məqsədimə uyğun olaraq aranjeman edirəm.

JURNALIST

Romana başlamaq üçün sizdən ötrü ən vacib olan nədir? Epistolyar romandakı kimi forma, yoxsa obraz, yaxud süjet?

BARTH

Fərqli kitablar fərqli də başlanır. Bəzən düşünürəm ki, kaş mən də o yazıçılardan olaydım ki, əsərə hansısa obraza oxucuda böyük maraq yaratmaqla başlayır, sonra da - bunlar başqa yazıçıların dedikləri haqda eşitdiklərimdi - həmin obaza meydan verir və onun nə edə biləcəyini düşünür. Mən bu tip yazarlardan deyiləm. Əksər hallarda mən roman yazmağa hansısa fiquru, yaxud formanı, məsələn şəkli təsəvvürümdə canlandırmaqla başlayıram. “Üzən opera” üçün əsas şəkil olmuş teatrgöstərən gəmi əslində mənim uşaq vaxtı gördüyüm və xatırladığım belə bir gəminin fotoşəkli idi. Həmin gəminin adı Kapitan Adamsın Analoqu olmayan Orijinal Teatrgöstərən Gəmisi idi. Əgər təbiət amiranə tərzdə sənə belə bir şəkil verirsə, sənin görəcəyin yeganə vicdanlı iş bundan roman yaratmaq ola bilər. Ola bilsin ki, bu, romana başlamağın ən parlaq üsulu deyil. Məsələn, Aleksandr Soljenitsın nəsr meydanına yüksək mənəvi dəyərlər aşılamaq məqsədi ilə girir, o, hərfi mənada, romanı ilə dünyanı dəyişməyə çalışır. Mən belə niyyətə həm hörmət edirəm. həm də heyranlığımı gizlətmirəm. Amma eyni zamanda bir çox böyük yazıçıların roman yazmaqla Sovet hökumətinin əsaslarını sarsıtmaq istəyi qədər ali məqsəd güdmədiyini də bilirəm. Henry James qum saatı formasında kitab yazmaq istəyirdi. Flaubert isə heç nə haqqında. Mənim öyrəndiyim budur ki, ilham pərisinin cuşa gəlməsi sənin məqsədinin nə dərəcədə ali olmasından asılı deyil, o cuşa gələndə buna baxmır.

JURNALİST

Qarşınıza elə şeylər çıxıbmı ki, sizi yolunuzdan sapdırsın?

BARTH

Qarşıma nə çıxıb? Çexov həmişə məktublarında təriflədiyi qardaşına yazır: “Aristokratların müftə sahib olduğu şeyləri əldə etmək üçün biz gəncliyimizi qurban verməli oluruq". Mən də ədəbiyyat adamı olmağın bədəlini belə ödəmişəm.

Mən Maryland-in cənub-şərq sahilində yaşayan çox sadə bir kəndli ailəsindən çıxmışam. Ənənələri baxımından "ən cənub" bölgədən. Ortabab bir ictimai məktəbdə oxumuşam (sevə-sevə). Yaxşı bir institutda təhsil almışam - tələbə təqaüdü ilə. Və onda anlamağa başlamışam ki, sən demə bu dünyada sivilizasiya, ədəbi proses deyilən şeylər varmış. Bu məsumluq Vladimir Nabokov kimi yazıçıların ədəbiyyata gəlişinin təmtəraqlı mürəkkəbliyi ilə təzad təşkil edir: sanki onlar ədəbi mühiti əvvəldən beş barmağı kimi bilir, əvvəldən onun içindədirlər. Amma bu da var ki, mənim kimi yazıçıların adlamalı, qurtulmalı olduqları məsumluq - əlbəttə əgər bu yolda məhv olmasalar - bir növ onları bərkidir. Sən öz həşəmətli sələflərindən, dünyadan köçünü çəkmiş dahilərdən çəkinmirsən. Ədəbiyyata yanaşmada özünəinamın olur və bu özünəinam da səni hələ ədəbiyyatda təzə adam olduğun, hələ nəyəsə nail olmadığın üçün heç kəsin səni öymədiyi mərhələdən adlada bilər. Həmin mərhələdə özün üçün hər dəfə nəsə kəşf edirsən. Mən Mark Twain-in "Huckleberry Finn"ini hardasa 25 yaşımda oxumuşam. Əgər 19 yaşımda oxusaydım, zəhmi məni basardı. Eyni sözü Dickens və başqa böyük romançılar haqda da demək olar. Düşünürəm ki. bu mənada mənim əgər belə demək mümkünsə, "məğlubedilməz məsumluq" kimi bir silahım olub, deyəsən, katoliklərin işlətdiyi sözdü, və bəxtinə yazılan həmin o "məğlubedilməz məsumluq" hətta sonrakı təcrübədən və dolanbac yollardan da salamat çıxa və səni son məqsədinəcən aparıb çıxara bilər.

"Paris review", 1985
İngiliscədən Zülfüqar Rüfətoğlu çevirib.

(Ardı olacaq)

Həmçinin oxu
QİSMƏT. John Barth: Tükənmişliyin ədəbiyyatı
XS
SM
MD
LG