Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:41

Qərb mediası İsmayıllıdan, Şahdənizdən və Mexikodakı heykəldən yazır


26 yanvar aksiyası
26 yanvar aksiyası
-
Son günlər Azərbaycanın İsmayıllı rayonunda baş verənlər və bunun paytaxt Bakıda əks-sədası bu həftəsonu Qərb mediasının diqqət mərkəzində olub.
Reuters agentliyi xəbər verir ki, polis şənbə günü Bakıda İlham Əliyev hökumətinin istefasına çağıran və İsmayıllı etirazlarına dəstək verən aksiyanı zorakılıqla dağıdaraq 40-dək nümayişçini həbs edib.
«100-dən çox etirazçı Bakının mərkəzinə toplaşmış, onlardan bəziləri «Azadlıq» şüarları söyləmiş və hakimiyyəti 2003-cü ildə atasından qəbul etmiş Əliyevin istefasına çağırmışlar», - yazır Reuters.
Agentlik yazır ki, Bakıda baş verən etiraza səbəb paytaxtın 200 kilometrliyində yerləşən İsmayıllı rayonunda baş vermiş hadisələr olub.
Orada ötən cümə axşamı yüzlərlə sakin yerli hakimiyyət başçılarının istefasını tələb edən aksiya keçirib.

İsmayıllıda baş verən hadisələr. Yandırılmış avtomobillər. Canlı yayımın təkrarı

İsmayıllıda baş verən hadisələr. Yandırılmış avtomobillər. Canlı yayımın təkrarı

Your browser does not support iframes.
Bu da qeyd olunur ki, İsmayıllıdakı etirazlar bir çox azərbaycanıların avtoritar hakimiyyətdən, korrupsiyadan və varlılarla yoxsullar arasındakı böyük haçalanmadan bezikdiyini nümayiş etdirib.
«Qərb hökumətləri və insan haqları qrupları Əliyevi seçkiləri saxtalaşdırmaqda və azad fikirin əzişdirilməsində ittiham edirlər. Onun hakimiyyətindən yorulmuş azərbaycanlıların narazılığına baxmayaraq, Əliyevin oktyabrda keçiriləcək seçkilərdə üçüncü müddətə prezident olacağı gözlənilir» – Reuters yazır.
«Bizim səbrimiz tükənib. Adamlar onun rejimindən çox narazıdırlar. Biz ölkəmizdə hakimiyyətin dəyişməsini istəyirik» – deyib nümayişçilərdən biri, Məlahət Nəsibova.
Reuters yazır ki, Azərbaycanda etirazlar adətən polis tərəfindən çevik şəkildə dağıdılır.
Agentlik bildirir ki, Azərbaycandan Avropaya enerji daşıyan Qərb neft şirkətləri bu ölkədə geniş yayılmış zorakılıq və qeyri-sabitlikdən narahat olmalıdırlar.
HÖKUMƏT QƏRBƏ YENİ NEFT-QAZ QARANTİYASI VERİR
Qərb neft şirkətklərinin narahatlığından söz düşmüşkən, Reuters eyni gündə başqa bir xəbər də yayıb.
Azərbaycan rəhbərliyi Şahdəniz qaz yatağı üçün məhsulun bölüşdürülməsi müqaviləsinin daha beş ilə artırıldığını elan edib.
Reuters yazır ki, bu xəbər hökumətin BP şirkəti ilə münasibətlərinin yaxşılaşdığını göstərir.
Agentlik xatırladır ki, dünyanın ən böyük qaz yataqlarından biri olan Şahdənizdə istehsalın birinci fazasında ildə 8 milyard kubmetr qaz hasilatı nəzərdə tutulub. 2018-ci ildə başlanacaq ikinci fazada isə istehsalın ildə 16 milyard kubmetrə çatacağı gözlənilir.
Lakin hökumət bəyənatında bundan da uzaq pespektiv barədə elan edib.
Arxiv foto
Arxiv foto
Reuters-in xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezident Əliyevi Davos forumunda müşaiyət edən vise-prezidenti Elşad Nəsirov bəyan edib ki, Şahdəniz yatağına dair Qərblə müqavilənin müddəti 2031-ci ildən 2036-cı ilədək uzadılır.
Agentlik ötən il prezident İlham Əliyevlə BP şirkəti arasında baş vermiş əsəbi qarşıdurmanı xatırladır.
Lakin cənab Nəsirov qeyd edib ki, hazırda Azəri-Çıraq-Günəşli yatağına dair kontraktın 2024-cü ildən sonrakı müddətə uzadılması üçün də danışıqlar gedir.
«NEW YORK TIMES» DA İSMAYILLIDAN YAZDI
«The Wasington Post» qəzetinin ardınca, ABŞ-ın daha bir aparıcı mətbu orqanı - «New York Times» da İsmayıllı olayları barədə yazıb.
Qəzet yazır ki, Azərbaycan hökuməti ölkənin bu şimal şəhərindəki etirazları yatırdığını elan edib.
Xəbər verilir ki, yerli və respublika polisinin birləşmiş qüvvələri etirazçı kütləni dağıtmaq üçün suvuranlardan, plastik güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər.
«New York Times» yazır ki, Azərbaycanda hətta kiçik küçə nümayişləri də polis tərəfindən aşırı zorakılıqla yatırılır.
Qəzet müxbirinin suallarına cavab verən hakim Yeni Azərbaycan Partiyasının liderlərindən Mübariz Qurbanlı cümə günü baş vermiş etirazların əhəmiyyətini kiçiltməyə çalışıb:
«Bu üsyan deyildi. Bu, yerli bir insident idi və Azərbaycandakı vəziyyətin tam mənzərəsini əks etdirmir».
Lakin İsmayıllı sakinləri tamam başqa qənaətdədirlər.
Qəzet yazır ki, İsmayıllı camaatı rayon hakimiyyətinin dostbazlığından və yerli əhali ilə paytaxtdan gəlmiş biznesmenlərin gəlirləri arasındakı böyük fərqdən artıq boğaza yığılıb.
«İsmayıllının yarısı icra başçısına və onun ailəsinə məxsusdur və onlar istədiklərini edirlər» - deyib 22 yaşlı şəhər sakini Leyla.
Qəzetə telefonla müsahibə vermiş Leyla bildirib ki, «şəhər hərbçilərlə doludur, sanki İsmayıllıda müharibə gedir».
«New York Times» ötən il Qubada baş vermiş oxşar hadisələri xatırladır və qeyd edir ki, həmin hadisələrin ardınca icra başçısı istefaya göndərilmişdi.
«Buna rəğmən, - yazır qəzet, - cənab Ələkbərov jurnalistlərə deyib ki, onun istefa vermək niyyəti yoxdur».
«İki nəfərin avtomobil qəzasına görə mübahisəsi siyasiləşdirilməməlidir» – başçı deyib.
20 yaşlı İradə Abdullayeva qəzetə bildirib ki, qardaşı oğlu Ceyhunun həbs xəbərini eşidəndə, İsmayıllıya getməyi qərara alıb.
Mexikoda Heydər Əliyevin heykəli
Mexikoda Heydər Əliyevin heykəli
O bildirib ki, həbs olunanlarla görüşə buraxılanların içəriyə mobil telefon aparmasına yol verilmir. Bu ona görə edilir ki, içəridə heç bir audio və video çəkiliş aparılmasın.
«İçəridən qəribə çığırtılar eşidilir, - Abdullayeva deyib, - Məncə onları döyürlər. Mən onları təhqir edən səslər eşidirdim».
HEYDƏR ƏLİYEVİN HEYKƏLİNİ ANBARA APARDILAR
Bu arada Associated Press dünyanın başqa ucundan xəbər verir ki, Meksika paytaxtının rəhbərliyi keçmiş Azərbaycan liderinin çoxdan bəridir qalmaqala səbəb olmuş heykəlini Mexikonun əsas bulvarından götürüb.
«Sənin heykəlin Meksika paytaxtının Paseo de La Reforma adlı böyük bulvarından götürüləndən sonra, indi görək, meksikalılar sənin DTK keçmişini, fırıldaqçı seçkilərini və insan haqlarını pozmağını müzakirə etmək üçün hara gedəcəklər?»
Bu kinayəli sualı «Los Angeles Times» qəzetinin müxbiri Richard Fausset verir.
Müxbir yazır ki, Azərbaycana 1993-2003-cü illərdə rəhbərlik etmiş Əliyevin bürünc heykəli şənbə günü, gecəyarısının qaranlığında parçaya bükülərək yük maşınına qoyulub və aparılıb.
Bu da yada salınır ki, Azərbaycan hökuməti bu heykəlin Mexikonun mərkəzi parkında qoyulmasına və onun ətrafının abadlaşdırılmasına külli miqdarda xərc çəkmişdi.
«Bu heykəl bir çox mexikolu üçün təbii sual doğururdu: «Heydər kimdir?» - qəzet yazır.
Bir icma fəalı isə bu heykəlin bu parkda ucaldılmasını İdi Amin-ə Vaşinqtonun Ticarət Mərkəzində heykəl qoyulması mümkünlüyü ilə müqayisə etmişdi.
«Los Angeles Times» yerli «Milenio» qəzetinə istinadən yazır ki, heykəl, hələlik yeri bilinməyən anbara aparılıb, lakin hökumət onun yeni məkanı barədə Azərbaycan tərəfi ilə danışıqları davam etdirəcək.
«Bununla belə, - Richard Fausset yazır, - Heykəllərlə zəngin Mexiko şəhəri hələ də barəsində şikayət edilə biləcək fiqurlarla doludur. Məsələn, anti-müstəmləkə fəalları buradaca Winston Churchill-in abidəsi qarşısında piket keçirə bilərlər. Sosializmin tənqidçiləri üçünsə yaxınlıqda keçmiş Yuqoslaviya prezidenti Broz Tito-nun abidəsi var».
XS
SM
MD
LG