Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:32

ABŞ kəşfiyyatına yardım etmiş 54 ölkə arasında Azərbaycan da var


CİA-in Lenqlidəki , Virginia ştatındakı qərargahı
CİA-in Lenqlidəki , Virginia ştatındakı qərargahı
-


ABŞ-da 11 sentyabr terror hücumundan sonra terrorda şübhəli bilinənləri tutmaq və dindirməklə bağlı məxfi Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) proqramına 54 xarici ölkə kömək edib. Bunlar arasında Azərbaycan da var.

Bu barədə ABŞ-da qərarlaşan Açıq Cəmiyyət təşkilatının yeni yayılan hesabatında qeyd edilir.

Ilk dəfə olaraq qeyri-hökumət təşkilatı CİA terrorda şübhəli bilinənləri məxfi tutmasını və dindirməsini, bunda CİA-ə hansı ölkələrin kömək etməsini mümkün qədər tam araşdırmağa çalışıb.


AZƏRBAYCANIN MKİ ÜÇÜN HƏBS ETDİYİ ŞÜBHƏLİ

Hesabatda Azərbaycana aid faktlar və hətta ayrıca bölmə var.

Sənəddə qeyd olunur ki, Səudiyyə vətəndaşı Ahmed Muhammed Haza al-Darbi 2002-ci ilin iyununda Azərbaycanda yerli hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həbs edilib.

Al-Darbinin verdiyi məlumata görə həmin ilin avqustunda onu gözləri bağlı, az qala boğa-boğa ABŞ xəfiyyələrinə təslim ediblər.

O sonradan Əfqanıstanın Baqram şəhərinə köçürülüb və orada səkkiz ayadək saxlanıb.

Al-Darbi bildirib ki, Baqramda olduğu müddətdə onu iki həftə müddətinə başına torba keçirərək ətrafdan təcrid ediblər.

Dindirilərkən ağrı verən vəziyyətlərdə saxlamaq, ekstremal temperaturlara məruz qoymaq, gözlərinə gur işıq salmaq və kamerasında fasiləsiz olaraq ucadan musiqi səsləndirməklə ona işgəncələr verilib.

2002-ci ilin dekabrında “Washington Post” qəzetində dərc olunmuş məqalədə deyilirdi ki, al-Darbi CİA-in nəzarəti altındadır.

O nəhayət 2003-cü ilin martında Quantanamo Körfəzinə köçürülüb. Burada al-Darbi yazılı şikayətində bildirib ki, Baqramda olarkən sıravi Damien M. Corsetti onunla aşağılayıcı tərzdə rəftar edib.

2006-cı ildə keçirilən hərbi tribunal istintaqçı yoldaşları tərəfindən “Vəhşi” və “İşgəncələr kralı” ayamaları ilə adlandırılan Corsettini məhkəmə zalından azad edib.

AVSTRİYA ÜZƏRİNDƏN AZƏRBAYCANA MƏXFİ REYSLƏR

Hesabatda deyilir ki, 2003-cü ilin yanvarında Avstriyanın qırıcı təyyarələri CİA-ə bağlı Hercules C130 təyyarəsini qeydə alıb.

Təyyarənin quyruq hissəsində N8183J nömrəsi yazılıbmış. Sonradan bu şübhəli “mülki” təyyarənin Frankfurtdakı ABŞ hərbi bazasından Azərbaycana uçduğu dəqiqləşdirilib.

Avstriya Hərbi Hava qüvvələrinin komandanı Erich Wolf sözü gedən təyyarə ilə yaxın təmas üçün öz təyyarələrini havaya qaldırıb.

O deyib ki, həmin vaxt heç bir şübhəli əməl hiss etməyib və buna görə də diplomatik nota verməkdən çəkinib.

Sonradan bəlli olub ki, həmin təyyarə məhbus daşıyırmış.

Avstriyadakı Amerika səfirliyi rəsmi Vyananı əmin edib ki, adı çəkilən təyyarənin Birləşmiş Ştatlarla bağlılığı yoxdur.

Lakin Avstriya kəşfiyyatı təyyarənin CİA-ə aid olduğunu öyrənib.

BAKI MKİ-NİN TRANZİT BAZASI OLUB

Hesabatın 6-cı – Azərbaycana aid bölümündə deyilir ki, rəsmi Bakı CİA-nın “fövqəladə etaplama” əməliyyatları ilə bağlı təyyarələrə ölkə aeroportlarından və hava məkanından istifadə icazəsi verib.

CİA-ə bağlı təyyarələr 2001-2005-ci illər arasında Azərbaycanda 76 dəfə yerə eniblər.
Hesasbatda bildirlir ki, Bakı fövqəladə məhbus köçürmələri üçün bir növ tranzit dayanacağı rolunu oynayıb, bu isə o deməkdir ki, təyyarələr və ekipajlar məhz burada körüşərək hazırlıq işləri aparıblar.

Sənəddə spesifik epizodlardan da söz açılır.

Xəbər verilir ki, ABŞ məhkəmə sənədləri Richmor aviasiya şirkətinə aid təyyarələrin CİA üçün məhbus köçürmələri reyslərini yerinə yetirirərkən 2004-cü ildə iki dəfə Bakıya endiyini göstərir.

Azərbaycanda ölkənin CİA-in məxfi əməliyyatlarında iştirakına dair heç bir təhqiqat işi aparılmayıb.

Keçən il də CİA-ın gizli həbsxanaları və orada məhbuslara işgəncə verilməsinə dair insan haqları təşkilatlarının hesabatlarında Azərbaycanın adı çəkilmişdi. Amma hələlik Bakıdan bu ittihamlara bir rəsmi reaksiya səslənməyib.

136 MƏHBUS

Beynəlxalq insan haqları təşkilatı olan Açıq Cəmiyyət CİA-in terrorda şübhəli bilib-tutduğu 136 məlum məhbusla bağlı vəziyyəti detallı araşdırıb. Təşkilat qeyd edir ki, insan haqları pozuntularına görə məsuliyyəti CİA ilə yanaşı bu işdə iştirak etmiş 54 ölkə də daşıyır.

Sənədə görə həmin məhbuslar tutularkən, və ya başqa ölkələrə verilərkən qanuni roseduralara riayət olunmayıb.

Bu məhbuslar işgəncələrdən istifadə edən xarici hökumətlərə verilib, ya da CİA-in öz düşərgələrinə göndəriliblər.

Açıq Cəmiyyətin hesabatına görə, başqalarına verərkən CİA-in məqsədi bu məhbusları elə yerləşdirmək idi ki, “onların əli qanuna çatmasın.” Məhbusların həmin yerlərdə insan haqları pozulurdu.

Hesabatın müəllifi Amrit Singh deyir ki, xarici hökumətlərin CİA-in məxfi proqramına cəlb olunması o deməkdir ki, insan haqları pozuntularına ABŞ-la yanaşı bu ölkələr də məsuliyyət daşıyır:

“Hesabat göstərir ki, 54 hökumət bu işə cəlb olunub. Həmin ölkələr CİA-in gizli həbsxanalarına yer vermək, məhbusları saxlamaq, bir yerdən başqasına köçürmək, onların həbsinə kömək edən informasiyalar verməklə SİA-ə kömək ediblər. Ümumiyyətlə bu hökumətləri dünya boyu işgəncələr əməliyyatlarında məsuliyyətli edən başqa yollarla CİA-ə yardım ediblər”.

HANSI ÖLKƏ, HANSI KÖMƏK

Nyu Yorkda mətbuat konfransında Singh deyib ki, bir sıra ölkələr şübhəli bilinənləri özləri tutub, CİA-yə veriblər. O, belə ölkələr arasında Azərbaycanın adını çəkib. Digər belə ölkələr Gürcüstan, İran, Makedoniyadır.

Bir sıra ölkələr CİA-yə icazə veriblər ki, məhbusları onların ərazisindən və ya ərazilərinin üstündən keçirsinlər. Bu ölkələr arasında yenə Azərbaycan var.

Digər belə ölkələr Bosniya Hersoqovina, Xorvatiya, Çexiya, Makedoniya, Ruminiya və Özbəkistandır.

Hesabata görə, şübhəlilərin tutulub CİA-yə verilməsində İran da iştirak edib.
İran 2002-ci ildə 15 adamı tutub Əfqanıstana verib, Əfqanıstan da ABŞ-a ötürüb.

Gizli CİA həbsxanaları olan ölkələr isə bunlardır: Əfqanıstan, Rumıniya.

Hesabata görə, Avropanın 25, Asiyanın 14 , Afrikanın 13 ölkəsi CİA-ə kömək edib.
Bunlardan əlavə, Avstraliya və Kanada da CİA-in məxfi əməliyyatlarına yardım göstərib.

ETİRAF ETMƏLİDİRLƏR

Singh deyir ki, ABŞ hökuməti və CİA əməliyyatlarına kömək edən hökumətlər çoxu nə elədiklərini hələ etiraf etməlidirlər.

Singh bu hökumətləri belə bir etirafa çağırıb və deyir ki, bu, onların mənəvi borcudur:

“Bu həm qanun məsələsidir, həm də mənəvi məsuliyyətdir. ABŞ və onun tərəfdaşı olan hökumətlər həqiqəti deməli, hansı pozuntulara getdiklərini etiraf etməlidirlər. Bu təkcə ədalət məsələsi deyil. Bu həm də belə hadisələrin gələcəkdə təkrar olunmayacağına təminatdır”.

CİA-in məxfi əməliyyatları ABŞ-ın özündə kəskin mübahisə mövzusudur.

İşgəncələrdə ittiham olunan keçmiş prezident Bush administrasiyasının rəsmiləri deyirlər ki, bu yolla əldə olunan informasiyalar ABŞ-ın təhlükəsizliyini təmin etdi.

Bushdan sonra gələn prezidenti Barack Obama isə işgəncə yoluyla dindirmə texnikasını qadağan etdi.

Ancaq Obama xüsusi komissiya yaradıb, olan faktları araşdırmaqdan imtina etdi. O, 2009-cu ildə dedi ki, “qabağa baxmaq istəyir, geriyə yox.”

ABŞ konqresinin özü də CİA-in məxfi əməliyyatlarını araşdırmaq üçün komissiya yaradıb.
XS
SM
MD
LG