Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:52

Avropa Məhkəməsi Əli Kərimlinin pasport ala bilməməsini araşdırmağa başlayır


Əli Kərimli
Əli Kərimli
-
AXCP sədri Əli Kərimlinin vətəndaşlıq pasportu ala bilməməsi ilə bağlı Avropa Məhkəməsinə ünvanladığı şikayət üzrə kommunikasiyaya start verilib. Bu barədə AzadlıqRadiosuna Əli Kərimlinin hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində müdafiə edən İntiqam Əliyev məlumat verib.

AXCP sədri barəsində 1994-cü ilin sentyabrında cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanları Əli Kərimlinin cibində bomba tapıldığını bildirmişdilər. Bundan sonra barəsində o zaman qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsi (qanunsuz silah saxlamağa görə) cinayət işi başlanıb və həbs olunub. Yerli və beynəlxalq təşkilatların təzyiqi ilə bir müddət sonra həbsdən azad edilib. Həmin cinayət işi üzrə icraat 1995-ci ilin dekabrında dayandırılıb.

Əli Kərimli 2001-ci ildə aldığı ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyi üçün 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Ancaq vəkilin dediyinə görə, qurum yeni pasport verməkdən imtina edib.

MÜXALİFƏTÇİNİN MÜRACİƏTİ NƏTİCƏSİZ QALIB

«İmtina onunla əsaslandırılıb ki, 1994-cü ildə Əli Kərimli haqqında Cinayət Məcəlləsinin 220-ci maddəsinin birinci hissəsilə cinayət işi başlanıb. Ancaq keçən 12 ildə həmin işin nəticəsi barədə DİN-in mərkəzi məlumat və statistika idarəsinə məlumat daxil olmayıb. Ona görə də, PQİ həmin cinayət işinin nəticəsi barədə Əli Kərimlidən arayış tələb edib».

Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edib. Vəkil İntiqam Əliyevin sözlərinə görə, bu zaman məlum olub ki, cinayət işi 1994-cü ildə Nəsimi Rayon Prokurorluğu tərəfindən Baş Polis İdarəsindən götürülüb və 21 dekabr 1995-ci ildə icraatı dayandırılıb. Ancaq Ə. Kərimlinin həmin qərarın ləğvi barədə Baş Prokurora və Bakı Şəhər Prokurorluğuna müraciətləri nəticə verməyib.

Bundan sonra Əli Kərimli bununla bağlı məhkəməyə üz tutmalı olub. Nəsimi Rayon Məhkəməsi şikayəti rədd edib. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, Ə. Kərimli «Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Pasport Qeydiyyatı Şöbəsi tərəfindən ümumvətəndaş pasportunun alınması ilə əlaqədar hüquq və azadlıqlarının pozulması və ya hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçiliyin yaranması ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməyib».

HAKİMİYYƏTİN OPPONENTLƏRİNƏ MÜNASİBƏTİ

Əli Kərimlinin bununla bağlı sonrakı məhkəmə instansiyalarına müraciəti də nəticəsiz qalıb.

Buna görə də 2009-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib.

İntiqam Əliyev deyir: «O dövrdə CM-nin 220-ci maddəsi 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Məcəllənin 44-cü maddəsinə görəsə, şəxs 5 ildən çox olmayaraq azadlıqdan məhrumetmə təyin edilə bilən cinayət törətdiyi gündən 5 il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Əli Kərimli barədə cinayət işi 18 ilə yaxındır ki, davam edir».

Əli Kərimli 1995 və 2000-ci illərdə Milli Məclisin üzvü olub. O, 1996-2001-ci illərdə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsindən ümumvətəndaş pasportu alıb, 1998-2003-cü illərdə ona deputat kimi diplomatik pasport verilib. Həmin müddətdə o, onlarla xarici ölkələrdə səfərdə olub.

Vəkilə görə, bu iş Azərbaycan hakimiyyətinin öz opponentlərinə münasibətdə ən iyrənc formalardan istifadə etməkdən çəkinmədiyini göstərən nümunələrdəndir.
XS
SM
MD
LG