Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:16

«Yusif və Züleyxa» poemasının surəti İstanbuldan Bakıya gətirildi


-
MEA-nın Füzuli adına Əlyazmalar İnstitutu İstanbulun Mərmərə Universiteti Fənn-Ədəbiyyat fakültəsi kitabxanasından XVI əsr Azərbaycan şairi Əhmədi Təbrizinin «Yusif və Züleyxa» poemasının surətini əldə edib.
Xəbəri Əlyazmalar İnstitunun direktor əvəzi Paşa Kərimov AzadlıqRadiosuna verib.
Əhmədi Təbrizinin indiyədək 1479-cu ildə yazılmış «Əsrarnamə» adlı əsəri məlum idi.
Hər iki əsəri müəllif Ağqoyunlu hökmdarı Sultan Yəqubun (1478-1490) dövründə əmirül-üməra olan və “atabəy” təyin olunan Xəlilullaha təqdim edib.
Ağqoyunlular sarayında yüksək vəzifə tutan Xəlilullah, həm də təsəvvüfə meyilli bir şəxs kimi ad çıxarıb, elm-sənət adamlarını himayə edib.
Əsərdə Əhmədi Təbrizi qeyd edir ki, Xəlilullahın sifarişi ilə 4035 beytdən ibarət bu əsəri Təbrizdə 57 günə yazıb.
Poemanın Mərmərə Universiteti Fənn-Ədəbiyyat fakültəsi kitabxanasında saxlanan 102 vərəqlik nüsxəsi cəmi 2990 beytdən ibarətdir.
“Yusif və Züleyxa” ana dilində, məsnəvi şəklində yazılıb.
Əsərin içindən bir çox vərəqlər düşüb.
Təzkirələrdə və orta yüzilliklərə aid digər qaynaqlarda Əhmədi Təbrizinin həyatı və yaradıcılığı haqqında məlumat yoxdur.
Şair “Əsrarnamə”də özünü yalnız Əhmədi kimi təqdim edir. Bununla belə, bəzi tədqiqatçılar əsərin Təbrizdə tamamlandığını nəzərə alıb onu Əhmədi Təbrizi və Təbrizli Əhmədi adlandırıb.
Türk tədqiqatçısı Nihat Əzəmət isə onu Ağqoyunlu Əhmədi kimi təqdim edib.
“Əsrarnamə” də şair əsl adının Kamal olduğunu yazıb.
Paşa müəllimin bildirdiyinə görə, gələcəkdə “Yusif və Züleyxa” poemasının mükəmməl nüsxəsi aşkar edilərsə, müəllif haqqında daha geniş bilgi əldə etmək mümkün olar.
XS
SM
MD
LG