Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:34

BMT: Suriya liderləri məhkəməyə verilməlidir


Suriya
Suriya
-

BMT təhqiqatçıları qətllər və işgəncələr üçün məsuliyyət daşıyan şəxslərin Haaqa məhkəməsi qarşısına çıxarılmasına çağırıb.

Təhqiqatçıların müraciətində bildirilir ki, Suriya rəhbərliyi hərbi cinayətlərlə bağlı Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) qarşısında cavab verməli olacaq.

Bununla belə, Avropa Birliyi Suriya münaqişəsinin hər iki tərəfi üçün qoyulmuş silah embarqosunu təzələyib.

Buna baxmayaraq, Britaniya Avropa Birliyinin digər üzvlərini üsyançıların əlində olan ərazilərə «ölümcül olmayan» avadanlıq və sursatın ötürülməsini, habelə təlim kurslarının keçirilməsini asanlaşdıran sazişi imzalamağa sövq edə bilib.

Hərçənd, Britaniya hökuməti vurğulayır ki, Brüsselin iddiasına rəğmən, London Suriyaya silah göndərilməsini tələb etməyib.

«Bu saziş bizə imkan verəcək ki, Suriyada mülki əhalinin həyatını qoruya biləcək geniş çeşiddə avadanlıq göndərək. Saziş həmçinin lazımı yardım və məşvərətçiliyi həyata keçirməyə imkan verir», Britaniyanın xarici işlər naziri William Hague deyib.

Nazir bildirib ki, əvvəllər bunun özü də qadağan edilmişdi. O deyib ki, qəbul olunmuş sazişi kompromis də hesab etmək olar.

CİNAYƏT TÖRƏTMİŞ SURİYA RƏSMİLƏRİNİN ADLARI BİLİNİR

William Hague
William Hague
Hazırda BMT-nin Suriyaya dair təhqiqatına rəhbərlik edən, BCM-in keçmiş baş prokuroru Carl del Ponte bəyan edib ki, artıq cinayət törədən yüksək vəzifəli şəxslərin adları bəllidir və onlar Haaqa məhkəməsinə gətirilməlidirlər.

Britaniya mətbuatı yazır ki, əvvəllər vəzifəli suriyalıların BCM-də mühakimə edilməsinə çağırışlar edilmirdi, çünki bunun üçün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün razılığı lazım gəlirdi.

Bununla belə, daimi beşlik hələ də parçalanmış vəziyyətdədir. ABŞ, Britaniya və Fransa Assad-in prezident postunu tərk etməsini tələb edir, lakin Rusiya və Çin rəsmi Dəməşqin cəzalandırılması əleyhinə çıxırlar.

BMT təhqiqatını aparmış braziliyalı Paulo Pinheiro münaqişə başlayandan bəri həlak olmuş 70 min insanın ölümü üçün cavabdeh olan vəzifəli şəxsləri müəyyən etməyə çalışıb.

Keçmiş Yuqoslaviya prezidenti Slobodan Milosevic-i Haaqa məhkəməsi qarşısına çıxarmış şəxs kimi tanınan del Ponte isə bildirib ki, təhqiqatçılar məsuliyyət daşıyan adamların konkret adlarını aşkar ediblər.

«Bu adamlar cinayətlərin yerinə yetirilməsi barədə qərarları hazırlayan və qəbul edən, onları planlaşdıran və cinayətlərin törədilməsinə təhrik və kömək edən şəxslərdir», xanım del Ponte belə deyib. Bununla belə o, konkret adlar çəkməyib.

DAİMİ BEŞLİK HƏLƏ DƏ RAZILIĞA GƏLƏ BİLMİR

Bu arada Paulo Pinheiro, Nyu-Yorkda yaranmış pat vəziyyətinin davam etdiyini təsdiq edib.

O deyib ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında dialoqlar davam edir, lakin həlledici razılıq əldə olunmayıb.

BMT Təhlükəsizlik Şurasının görüşü
BMT Təhlükəsizlik Şurasının görüşü
BMT təhqiqatçıları 6 aydır davam edən təhqiqat ərzində Suriyadan kənarda olan 445 nəfərlə söhbət edib, belə ki təhqiqatçıların ölkəyə daxil olmasına icazə verilməyib.

Kosmosdan çəkilmiş peyk görüntüləri əsasında hazırlanmış BMT hesabatında deyilir ki, Suriya hökumət qüvvələri dinc əhali üzərinə havadan zərbələr endirib, yaşayış məntəqələrini ağır toplardan atəşə tutub.

O da qeyd olunur ki, hökumət qüvvələri və onlara bağlı yaraqlılar qanunsuz edamlar həyata keçirib və bununla da beynəlxalq insan haqlarını kobud şəkildə pozublar.

MÜXALİFƏTİN DƏ CİNAYƏTLƏRİ VAR

Hesabatda bildirilir ki, qətllər dinc əhaliyə qarşı sistematik şəkildə həyata keçirildikdə bəşəriyyətə qarşı cinayətə çevrilir.

Sənəddə çörək mağazaları qarşısında növbələrə və yas mərasimlərinə zərbələr endirilməsinin məhz bu qəbildən cinayət olduğu göstərilir.

BMT hesabatında üsyançıların törətdikləri hərbi cinayətlər – qətllər, işgəncələr, girov götürmə və 15 yaşından aşağı uşaqların münaqişədə iştiraka cəlb edilməsi də yer alıb.
Bununla belə, sənəddə qeyd olunur ki, anti-hökumət qüvvələrinin törətdikləri cinayətlər miqyasına görə hökumətin törətdiyi cinayətlərdən qat-qat azdır.

Bu arada Suriya Milli Koalisiyası Livandakı Hizbullah şiə qruplaşmasını Dəməşq hökumətinə dəstək olaraq, Livan-Suriya sərhədindəki üç kəndə edilən basqınlarda ittiham edib.

Hizbullah bildirib ki, toqquşmalarda üç livanlı şiə həlak olub.

AB-nin bayrağı
AB-nin bayrağı

Brüsseldə Avropa Birliyi Suriyaya qarşı silah embarqosunun müddətini daha üç ay uzadıb, lakin bildirib ki, dinc əhalinin müdafiəsi üçün texniki yardımın miqyası artırılacaq.
Avropa Birliyinin əksər ölkələri narahatdır ki, Suriyaya qarşı silah embarqosunun ləğvi, silahların arzuolunmaz qüvvələrin əlinə keçməsi ilə nəticələnə bilər.

Onlar ilk növbədə cihadçı qruplaşmaları nəzərdə tuturlar.

RUSİYA DƏMƏŞQƏ SİLAH SATIŞINI DAVAM ETDİRİR

Bu arada Rusiyanın Suriya hökumətini müxtəlif silahlarla təchiz etməkdə davam etdiyi məlum olub.

Qərb diplomatları Kremli öz vədlərini pozmaqda ittiham edirlər.

Rusiya bildirib ki, Suriyaya silah satışına dair heç bir BMT qadağası yoxdur və Moskva sadəcə olaraq Dəməşqlə silah kontraktlarını yerinə yetirir.

«Rosoboronaexport» şirkətinin direktoru Anatoly Isaikin deyib ki, onlar Suriyaya yalnız hava hücumundan müdafiə sistemləri verirlər.

Lakin ekspertlər bildirirlər ki, məhz elə bu, Qərbin gələcəkdə Suriya üzərində - Liviyada olduğu kimi – «uçuşlarsız zona» yaratmaq cəhdlərini mümkünsüz edə bilər.

«The Independent» qəzeti xəbər verir ki, Rusiyadan Suriyaya havadan və dənizdən müdafiə sistemləri gətirilir və Yak-130 təyyarələrinin də bu siyahıya əlavə olunacağı güman edilir.

Bu təyyarələr yerdəki obyektləri vura bilən raketlərlə silahlandırıla bilir.

AVROPANIN SURİYA BARƏDƏ DƏQİQ PLANI YOXDUR

Arxiv foto: Suriyalı müxalif
Arxiv foto: Suriyalı müxalif
Amerika və Britaniya rəsmiləri bildiriblər ki, Rusiyanın Suriya ilə bağladığı 550 milyon dollarlıq kontrakta daxil 36 dəst Yak-130 rəsmən təlim təyyarəsi olsa da, onları kiçik bir dəyişikliklə döyüş təyyarələrinə çevirmək mümkündür.

Beləliklə, Assad rejiminin Rusiya və İran, həmçinin üçüncü ölkələr vasitəsilə silahlandırılması zamanı, üsyançılara silah yardımı təklifinin rədd edilməsi Londonu hövsələdən çıxarır.

Əvvəllər Paris Londonun mövqeyini bölüşürdüsə, Fransa qoşunları Maliyə yeridildikdən sonra, orada vaxtilə Liviya üsyançılarına göndərilmiş silahları islamçıların ixtiyarında gördükdən sonra fikrini dəyişib.

Hətta Avropa Birliyinin britaniyalı xarici işlər komissarı baronessa Ashton kinayə ilə bildirib ki, Suriyada silah qıtlığı yoxdur.

Almaniya və Skandinaviya ölkələri də Suriya qiyamçılarının silahla təchizatının əleyhinə çıxırlar.

Qərb rəsmiləri bildirirlər ki, Moskva Dəməşqlə silah müqaviləsinin detallarını açıqlamaqdan israrla imtina edir.

«The Independent» yazır ki, Britaniyanın mövqeyini bölüşməyən Avropa Birliyi özünün Suriya məsələsində dəqiq bir mövqeyə malik olmadığını nümayiş etdirir.
XS
SM
MD
LG