Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:41

«Hakimiyyət repressiv vasitələrə əl atıb»


Beynəlxalq ictimaiyyət Azərbaycanda sərbəst toplaşma və ifadə azadlığına görə həbs edilənlərin azad edilməsini tələb etməlidir.

Bu barədə 30-dan çox beynəlxalq təşkilatın birgə bəyanatında deyilir.

Bəyanatı Article 19, Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna), Demokratiyanın inkişafı və İnsan Hüquqları Mərkəzi (Rusiya), İnsan hüquqları üzrə Helsinki Fondu (Polşa), İnsan Hüquqları Klubu, Human Rights House Foundation (HRHF), Senzura İndeksi, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Media Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-klub, Sərhədsiz Reportyorlar, Ümumdünya Qəzet və Xəbər Nəşriyyatçıları Assosiasiyası və başqa təşkilatlar imzalayıb.

Bəyanatda bildirilir ki, «ilin əvvəllərindən hakimiyyət tənqidi səsləri, o cümlədən, nümayişçiləri, jurnalistləri və vətəndaş fəallarını susdurmaq üçün repressiv vasitələrə əl atıb».

AŞPA-da azadlıqların məhdudlaşdırılmasını və məhkəmələrin ədalətsizliyini pisləyən qətnamənin qəbulundan bir neçə gün sonra, hakimiyyət İsmayıllı şəhərində və Bakıda korrupsiyaya etiraz edən 70 dinc nümayişçini saxlayıb.

Saxlanılanlar arasında bloqqer Emin Milli, hüquq müdafiəçisi Məlahət Nəsibova, vəkil İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova da olub. Daha bir neçə müxalifətçi 13 gün müddətinə həbs edilib, 20-dən çox nümayişçi isə icazəsiz aksiyalarda iştiraka görə ümumilikdə 3000 manat cərimə olunub.

Fevralın 4-də məhkəmə REAL hərəkatının sədri İlqar Məmmədovu və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunu həbs edib.

Fevralın 12-də Xaçmazda Avropa Birliyi, USAİD və NDİ tərəfindən maliyyələşdirilən layihənin iki iştirakçısı saxlanılıb.

Jurnalistlərin, yazıçıların və bloqqerlərin təqibi davam edir. Prokuror jurnalist, «Xural» qəzetinin redaktoru Əvəz Zeynallını vergi ödənişindən yayınma və rüşvət alma ittihamı ilə mühakimə etməyə çalışır və o, 11 il müddətinə həbs oluna bilər.

«Daş yuxular» romanının nəşrindən sonra 75 yaşı yazıçı Əkrəm Əylisli və onun yaxın qohumları təqibə məruz qalır.

Bəyanatda qeyd olunur ki, sonuncu həyəcanverici hadisə fevralın 14-də hakimiyyətin nəzarəti altında olan Mətbuat Şurasının veb-saytlarda «etik normaların pozulması» və haker hücumları haqqında şikayətlərə baxılması üzrə komissiya yaradılması olub.

Hakimiyyətin İnterneti tənzimləyən orqan yaratmaq fikrinin, İnternetdə ifadə azadlığının pisləşməsinə doğru addım olacağını hesab etmək üçün əsas var.

Bu, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin İnternet-televiziyanın lisenziyalaşdırma vasitəsilə tənzimlənməsi zərurəti haqqında bəyanatının məntiqi davamıdır. Bəyanatda bildirilir ki, bu, İnternetdə senzura yaranmasına səbəb olacaq.
XS
SM
MD
LG