Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

«İsmayıllı olayı»nda fikir ayrılığı


İsmayıllı, 25 yanvar 2013
İsmayıllı, 25 yanvar 2013
-
İsmayıllı hadisələrinin üstündən bir ay keçsə də, həbs olunanların istintaqı aparılmır. Həbs olunanların vəkil və yaxınları bu fikirdədir.

Hadisələrdə iştiraka görə həbs olunanlardan Səftər Ağamalıyevin vəkili Nizami Abbasov deyir ki, istintaq dondurulmuş vəziyyətdədir:

«Bizdə olan məlumata görə, demək olar, istintaq getmir. İkin sübutlar əsasında tutulanlar barədə həbs-qətimkan tədbiri seçiblər. Sadəcə, həbsin ev dustaqlığına çevrilməsi haqqında hər 10 gündən bir vəsatət verirəm. Məhkəmə də vəsatəti təmin etmir. Ondan da apellyasiya verirəm. Baş Prokurorluq və istintaqa da vəsatət vermişəm. Səftər Ağamalıyevin iğtişaşların qarşısının alınmasına kömək etdiyini dilə gətirən çoxsaylı şahid var. Vəsatət vermişəm ki, bu şahidlər dindirilsin, bu insanın günahının olmadığı müəyyən olunsun».

İsmayıllı sakinləri deyirlər ki, ötən bir ay ərzində rayonda elə bir dəyişiklik yoxdur. Dəyişən bir şey varsa, o da icra başçısıdır.

YENİ İCRA BAŞÇISI HƏBSDƏKİLƏRİN BURAXILMASI ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ EDƏCƏYİNİ DEYİR

Mirdaməd Sadıqovun yeni icra başçısı təyin edilməsi həbsdə olanların yaxınlarında ümid oyatmışdı. İsmayıllı hadisələrinə görə tutulan Elşən İsmayılovun atası Səməd İsmayılov bu günlərdə yerli prokuror və yeni icra başçısı ilə görüşüb:

«Bir həftə əvvəl İsmayıllı rayon prokuroru ilə görüşmüşəm. Ondan soruşdum, dedi ki, bu istiqamətdə iş gedir, istintaq davam edir. Dörd gün öncə yeni icra başçısı ilə də görüşdüm. Uşaqlarla bağlı sualı ona da verdim. Dedi ki, biz də uşaqların azad olunması üçün çalışırıq. Sözlərinə görə, əlindən gələni edir. Deyir ki, yuxarılarla əlaqə saxlamışam, hələ istintaq aparıldığını söyləyirlər. Arada konkret bir şey yoxdur. Vəkil də deyir, hələ heç bir istintaq getmir».

ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ DƏ SƏNGİYİB

Həbsdə olan Vasif İbrahimovun vəkili Nəvaid Abbasov da istintaq hərəkətlərinin aparılmadığını deyir. Vəkil son günlər şahidlərin dindirilmədiyinə də diqqət çəkir:

«Şənbə günü təqsirləndirilən şəxslərlə görüşdüm. Barələrində həbs-qətimkan tədbiri seçiləndən sonra, ümumiyyətlə, onların iştirakı ilə hər hansı prosessual istintaq hərəkəti aparılmayıb. Kənarda şahidləri dindirməklə, ya da başqa sorğularla qərar qəbul olunsa da, təqsirləndirilənlərin iştirakı ilə heç bir istintaq hərəkəti gerçəkləşdirilməyib.
Baş Prokurorluq
Baş Prokurorluq
Eşitdiyimə görə, bir müddət şahidləri İsmayıllı rayon Prokurorluğuna aparıb bir-bir, iki-iki dindirirdilər. Son günlər şahidlərin dindirilməsi də səngiyib».

İsmayıllı hadisələrinə görə həbs olunanların işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov istintaqın getmədiyi barədə müdafiə tərəfinin dediklərini qəbul etmir:

«Vəkillərin dediyi ilə razılaşmıram. Onlar deyirlər ki, cinayət işi üzrə istintaq aparılmır. Qeyd edilən cinayət işi üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir».

Ötən ay İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbi ilə keçirilən aksiyalara görə 16 nəfər tutulub. Onlar Cinayət Məcəlləsinin 186.2 (külli miqdarda əmlakı məhv etmə), 233 (kütləvi iğtişaşlar təşkil etmə və iştirak etmə) və 315.2 (polisə müqavimət) maddələri ilə ittiham olunur. Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
XS
SM
MD
LG