Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

«Bakı-Tbilisi-Qars»ın gecikmə səbəbləri


Bakı-Tbilisi-Qars dəmiryolu
Bakı-Tbilisi-Qars dəmiryolu
-
«İnqilabi Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılması çox vacibdir. Mən ümid edirəm ki, ilin sonunadək bu layihə başa çatdırılacaq. Bu, hər iki ölkə üçün tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa qitəsinə çıxışımızdır».

Bunu Gürcüstan prezidenti Mikheil Saakashvili fevralın 27-də Bakıda deyib. O, əlavə edib ki, «bu layihənin həyata keçirilməsinə istənilən maneələrin törədilməsi bizim milli maraqlarımıza ziddir. Bu, bir fəlakət ola bilər. Ona görə də bu layihənin sual altına alınması bir cinayətdir. Hesab edirəm ki, bu layihənin heç bir alternativi yoxdur».

STRATEJİ ƏHƏMİYYƏTLİ LAYİHƏDİRSƏ...

Ötən ilin dekabrında Gürcüstanın Baş naziri B.Ivanishvili Bakıya səfərindən öncə layihəyə dair sualların olduğunu bildirsə də, səfərdən sonra heç bir problemin qalmadığını vurğulayıb.

İqtisadçılar da Bakı-Tbilisi-Qars dəmiryolunun Azərbaycan və Gürcüstan üçün strateji önəm daşıdığını düşünürlər. Onlar bir məqamı da vurğulayırlar ki, dəmiryolunda nəyin daşınacağı, yük dövriyyəsinin nə qədər artırılacağı barədə ictimaiyyətə, hələlik, dəqiq bilgi ötürülməyib.

«İqtisadi Təşəbbüslərə Yardım» Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, bəzi hallarda Dövlət Neft Fondundan bu yolun çəkilişi üçün nəzərdə tutulan vəsait geri qaytarılıb, yəni xərclənməyib. Bənzər yanaşma, bəzən bu yolun perspektivlərini şübhə altına almağa imkan ​verir:

«Bu, qeyd olunan qədər strateji əhəmiyyətli bir layihə idisə, yüklərin daşınması üçün real imkanlar bu qədər genişdirsə, dövlətlərin hər biri onun daha tez bir zamanda istifadəyə verilməsində maraqlı olmalıydı».

7 İLLİK GECİKMƏ

İqtisadçı ekspert İlham Şaban bildirir ki, 2007-ci ildə 2 ilə işə salınacağı deyilən xətt düz 7 il gecikib. Kommersiya reyslərinin 2014-cü ildə başlanacağı deyilir. O, yubanmanın Türkiyə hissəsi ilə bağlı ola biləcəyini düşünür. Halbuki Türkiyənin Avropa və Asiya hissəsini birləşdirən yolun 2008-də reallaşacağı bildirilmişdi.
İlham Şaban
İlham Şaban

Yükdaşımaların tərkibinə gəlincə, İlham Şaban diqqəti ona çəkir ki, Azərbaycan ərazisindən daşınan yüklərin 70-75 faizini neft və neft məhsulları təşkil edir:

«Yenəmi neft və neft məhsulu daşınacaq? Neft məhsulları ola bilər. Ancaq hətta tranzit yüklərlə birlikdə bu, ildə 2 milyon ton edər. Bu baxımdan yükdaşıma həcminin nə qədər olacağını demək çətindir. Nəqliyyat Nazirliyi deyir ildə 15 milyon ton yük olacaq, ancaq bu nədən ibarət olacaq?».

Bakı-Tbilisi-Qars dəmiryol xəttinə Qazaxıstan və Tacikistan qoşulmaq istəyir. Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bu yaxınlarda bildirib ki, ilin sonunadək Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan arasında BTQ ilə Qazaxıstan yüklərinin daşınması üzrə saziş imzalanması planlaşdırılır.

ÇİNDƏN AVROPAYA

İlham Şaban həmin ölkələrdən neft və neft məhsullarının Türkiyə üzərindən layihəyə cəlb olunmasını rentabelli saymır. Bunun ən optimal yolu boru kəməri və daha sonra tankerlərlə daşınmadır. Həmin daşınma Qara Dəniz vasitəsilə həyata keçirilir.
BTQ ilə rəqabət aparan bir dəhliz də var – Rusiya
BTQ ilə rəqabət aparan bir dəhliz də var – Rusiya
Burada, əsasən, Çindən Avropaya gedəcək yüklər, Bakı-Aktau arasında bərələrlə daşınan yüklər göstərilir. Loqistika, ölkələr arasında keçid məsələləri çevik işlənsə, həqiqətən, yüklərin həcmini artırmaq, nəqliyyat dəhlizinin bəhrəsini görmək olar. İqtisadçının fikrincə, bunun üçün də çevik siyasət aparmaq lazımdır, çünki bu dəhlizlə rəqabət aparan bir dəhliz var – Rusiya:

«İndi baxın, Rusiya, Qazaxıstan və Belarus bir ittifaqda birləşiblər. Düz Çinin sərhədindən Avropanın sərhədinəcən istənilən yükü bir yerdə yoxlamaqla çatdıra bilərlər. Biz də buna iddialıyıqsa, Çindən alınan yükü Avropa Birliyinə çatdırmaq istəyiriksə və indi olduğu kimi, hər ölkənin sərhədində o yüklər 3-5 saat qalacaqsa, Avropaya nə qədər müddətə çata bilər? Üstəlik, hansı tariflərlə çata bilər?».

ƏLƏT LİMANINA FAYDASI

İlham Şaban o üzdən bu dəhlizin Rusiyaya uduzacağını təbii sayır. Axı yük daşıyanlar onun imkanlarını qiymət və vaxt baxımından dəyərləndirəcəklər.

Azər Mehtiyev
Azər Mehtiyev
​İqtisadçı Azər Mehtiyev dəmiryolunun Azərbaycan üçün daha bir əhəmiyyətinə diqqət yönəldir:

«Yeni limanın Bakıdan Ələtə köçürülməsinə də vəsait ayrılır. Bu liman nəyə xidmət edəcək? Həqiqətənmi Orta Asiya və Çindən quru yoluyla böyük yüklərin daşınması gözlənilir? Bu, dəniz daşımalarının nə qədər artımına gətirib çıxaracaq? Dəniz daşımaları olarsa, bu, dəmiryolunun da hərəkətlənməsinə gətirib çıxarar».

BU VAXTADƏK 431 MİLYON DOLLAR

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinin təməli 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində qoyulub. Azərbaycanın ilk illərdə tranzitdən illik gəlirinin, ən azı, 50 mln. dollar olacağı gözlənilir. Bu layihə birbaşa Dövlət Neft Fondunun vəsaiti hesabına gerçəkləşdirilir. Fondun məlumatına görə, 2013-cü il yanvarın 1-dək Dövlət Neft Fondu Nəqliyyat Nazirliyinə ümumilikdə 431.3 milyon, o cümlədən 2012-ci il boyunca 151.5 milyon ABŞ dolları ayırıb. Bu vəsait «Marabda – Kartsaxi Dəmir Yolu» MMC-nin hesabına köçürülüb.

Qars-Axalkalaki xəttinin ümumi uzunluğu 105 kilometrdir. Bu yolun 76 km-i Türkiyə ərazisinə düşür. Həmin hissənin inşasını da Türkiyə maliyyələşdirəcək.
XS
SM
MD
LG