Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:24

Saakashvili-nin Rusiya xəbərdarlığı


Mikheil Saakashvili
Mikheil Saakashvili
-
Martın 4-də AzadlıqRadiosunun «İşdən Sonra» verilişində politoloqlar Rasim Ağayev, Vəfa QuluzadəZərdüşt Əlizadə Gürcüstan prezidenti Mikheil Saakashvili-nin Azərbaycana Rusiyadan gələn təhlükə barədə xəbərdarlığını müzakirə ediblər.

Politoloq Rasim Ağayevin sözlərinə görə, Saakashvili-nin bu bəyanatı daha çox özünün düşdüyü vəziyyətə hesablanıb. Politoloq deyir ki, Gürcüstan prezidenti anlayır ki, o, artıq öz ölkəsində nüfuz sahibi deyil:

«Gürcüstanda vəziyyət gərgindir. Cavaxetiya artıq faktiki olaraq Gürcüstandan ayrılıb və bu parçalanma bütün Gürcüstanda gedə bilər. Ermənilərin muxtariyyət almaq tələbi ilə bağlı isə deyə bilərəm ki, ermənilər deyirlər ki, harada erməni yaşayır, orada onlara muxtariyyət verilsin».

Rusiyanın Azərbaycanda və Gürcüstanda parçalanma siyasəti yeridəcəyi ilə bağlı Saakashvili-nin dediklərinə gəldikdə isə, Rasim Ağayev qeyd edib ki, Rusiyanın hal-hazırda kifayət qədər problemi var və indiki halda Qafqazda da problem yaranmağını istəməz:

«Amerika ilə Rusiya öz sərhədlərini, nələri edib, nələri etməmələrini çox gözəl bilirlər və Rusiya hal-hazırda Qafqazda parçalanma edəcək qədər gücə sahib deyil».

«SAAKASHVİLİ-NİN BƏYANATI ÖZ MARAQLARINA HESABLANIB»

Gürcüstanla Azərbaycan Bakı-Tbilisi-Qars kimi bir layihə həyata keçirirlər, bu layihə geosiyasi cəhətdən çox mühümdür, çünki bu layihə Rusiyanı kölgədə qoyacaq.

Vəfa Quluzadə
Vəfa Quluzadə
Politoloq Vəfa Quluzadənin sözlərinə görə isə Saakashvili-nin bu bəyanatı özünü təmizə çıxarmaq üçündür :

«Mən hesab edirəm ki, Saakashvili-nin bəyanatı onun öz maraqlarına hesablanmışdır. Bu bəyanat Saakashvili-nin öz vəziyyətini möhkəmləndirmək, seçkiyə qədər vəzifəsində qalmaq və İvanishvili-nin Rusiyaya işlədiyini təsdiqləmək üçün hesablanmış bir şeydir».

Vəfa Quluzadə hesab edir ki, Rusiyanın Gürcüstana, Azərbaycana qarşı olan münasibəti məsələsində isə Saakashvili haqlıdır.

«Rusiya bizim ölkələrə qarşı daima işğalçı mövqe tutmuşdur. Lakin, indi Rusiyanın bütün maraqları Azərbaycanda yerinə yetirilir, buna görə də Rusiya Azərbaycana toxunmaz».

RÜŞVƏTƏ GÖRƏ ELİTANI NARAZI SALIB...

Vəfa Quluzadə Gürcüstanda Saakashvili-yə qarşı olan narazılığa münasibət bildirərək qeyd edib ki, Saakashvili Gürcüstan elitasını narazı salıb, çünki rüşvətin kökünü kəsib. Onun sözlərinə görə əgər, Saakashvili də Shevardnadze kimi siyasət yeritsəydi, sona qədər hakimiyyətini saxlaya bilərdi.

Politoloq Zərdüşt Əlizadənin fikrincə isə, Saakashvili-nin bütün siyasəti Rusiyaya qarşı mübarizəyə həsr olunub, o, Qərb meyilli siyasət yeridir. Buna görə də, o, növbəti addımını da Rusiyaya qarşı atıb:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«Rusiya artıq Azərbaycandan istəyini alıb, Azərbaycan onsuz da artıq parçalanıb, düşünmürəm ki, Rusiya Azərbaycanda yenə parçalanma siyasəti aparacaq. Ona görə də bu bəyanatın indiki gerçəkliklə əlaqəsi yoxdur».

BU ZÜLÜMDƏN HAMI ƏZİYYƏT ÇƏKİR

Saakashvili-yə qarşı xalqda olan narazılıqlarla bağlı isə Zərdüşt Əlizadə deyib ki, cəmiyyətin onsuz da nə fikirləşdiyi mühüm deyil, bütün güc hakimiyyətin əlindədir, silah da ondadır, ordu da ondadır, polis də ondadır, nə istəsə edə bilər.

«Vaxtilə Azərbaycanda milli azlıqları üsyana qaldırmaq istəyən qüvvələr var idi, amma indi bizə edilən zülm milli deyil, ictimaidir. Bu zülmdən ləzgi də, talış da, tat da eyni əziyyəti çəkir».

Zərdüşt Əlizadənin fikrincə Saakashvili-nin bəyanatı populist, özünə bəraət qazandırmaq üçün olan bir çıxışdır.

«Düzdür, Gürcüstanda korrupsiya məsələsi kifayət qədər yığışdırılıb, amma bu kifayət etmir. Azad media, azad məhkəmə və s. olmalıdır, Gürcüstanda Azərbaycandan daha çox siyasi məhbus var».

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG