Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:45

Qış nağılı – mücərrədlik


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Əlişirin Şükürlü


qış nağılı – mücərrədlik

(şeir-esse)

X1. 2013-cü il yanvarın biri. gözlənilmədən üz alıram təbiətə
bakı – astara şossesi boyu. asta-asta sürürəm avtomobili.
yavaş-yavaş yaşayıram sakitlik içində. sükunətdən
zaman sızır varlığıma yenə də. çoxluqdan azlığa qaçıram.
amma azlığın da çoxluq olduğunu bilirəm. elə nöqtənin də.
hər şey nöqtədir əslində, nöqtədir – çoxluq şəklində.

X2. rayonun girişində plakat cəlb edir diqqətimi. doğrusu,
əvvəlcə gölgəsi dəyir gözümə iri bir nöqtə şəklində.
hər şeyin təsviri var. bəzən görünür, bəzən gizlənir
qeyri-müəyyənlikdə. görünür, hər şey kölgədir həm də. necə ki.
ölənlər yox olur kölgə şəklində ölüm adlı qeyri-müəyyənlikdə.

X3. dayanıram istisu yolundakı məzarlığın yanında. Sarəngi ziyarət
edirəm. Mir Kazım Bəy Aslanlı (1912 – 1975). unudulan şair, alim,
bəstəkar. əslində tamam unudulmayıb deyəsən. ağ büstün önündə
solmuş çiçəklər. ağ büstlü, qara taleli şair – kəlməsi qaçır dilimdən.
büstün önündəki solmuş çiçəklər yayındırır fikrimi. bir də məzar daşına
həkk olunmuş misralar:

ey yolçu, demə bu məzar kimindir,
ya bir məhkumun, ya hakimindir,
ölüm qabağına vüqarla çıxan,
sənin tanıdığın bir həkimindir.

X4. dolanbac yollardan keçirəm asta-asta. meşəni yaran yollardan.
yarıb əyilən yollardan. əyilib enən, enib sıçrayan yollardan. sonu
olmaz yolların, başlanğıcı da. sadəcə, qırılar hardasa. sonsuz uzanmaq
istəsə də düz xətt boyunca sınar hansısa nöqtədə. sındığı nöqtədə yeni
yol başlar. dağ, meşə, çay, dərə başlar. “geriyədönmə” ümidi yaşayar
keçilən yolların taleyində.

X5. dağların ətəyinə səpələnmiş ağaclar, ağaclar arasına səpələnmiş qar.
ağaclar – darıxmaq. “darıxmaq” çoxluq şəklində - meşə. qar dənələri – fanilik.
“fanilik” çoxluq şəklində - bəyazlıq. həsrət dilində danışır ağaclar, fanilik
dilində qar. həsrət və fanilik çox gözəl görünür buralarda. dayanıb qibtəylə
baxır sonsuz uzanan yollara ağaclar. ağaclar arasında əriyir qar, qoşulub
yollara gedir yenidən yağmur olmağa.

X6. çayın səsinə qulaq asıram. balaca bir körpü ayırır sudan
ayaqlarımı. çay axır, bir istiqamətli gedişlərdən xəbər verir.
“geriyədönməzlik” yazılıb taleyinə. balaca körpü – ayırır adamı
biristiqamətli gedişlərdən. əsil ayrılığın fəlsəfəsini açır aydınca.
çay axır şırıltıyla, nəsə söyləyir qaçaraq. ayrılığa tələsir sanki.
əbədi qəriblik – sürətlə ötüb keçən qatarın pəncərəsindən havaya
dağılan sədalar canlanır gözlərim qarşısında nədənsə.
dayanıb körpünün üstündə baxıram bir-birinin bənzəri, bir-birinin
təkrarı olmayan gedişlərə. nisgil dilində danışır körpü, vida dilində çay.

X7. bir neçə gün sonra ayrılıram qış nağılından.
azlıqdan çoxluğa üz alıram yaddaşımda X-ların
doğurduğu suallar. ağlımda sonsuz sualların cəmi -
vahid məchulluq: X = X1 + X2 + X3 + ...

X. vahid məchulluqdan doğar bütün suallar.

... – 10.01.2013



gölməçə, ağ çiçək, bəyaz kəpənək və gün işığı

yağışdan sonra doğulan gölməçədə
çirkaba bulaşmış ağ çiçək üzür;
olduqca gözəl mənzərə.

köçürüb ağ vərəqə çirkli gölməçəni
salasan dairə şəklinə: içində füsunkar
ağ çiçək, çiçəyin üstündə bəyaz kəpənək.

dairə - qapalı görünsə də,
içi dərindən dərin.

xəyal qırıqlığına uğrayıram burada:
bir maşın
gölməçəni tapdayıb keçəcəkdi az qala.

gölməçə yerindədir hələ,
çiçək də üzür gölməçədə.

böyüyür gölməçə xəyalımda
dənizə dönür, çiçək ağ yelkənli gəmiyə,
kəpənəksə bəyaz libaslı adama.

dəniz sonsuzluğu yaşayır,
gəmi azadlığı,
adam
sonsuzluğa qərq olmuş azadlığı.

budur, gün çıxır.
quruyacaq gölməçə,
solacaq ağ çiçək.

gün çıxır...
“gölməçə, ağ çiçək və bəyaz kəpənək” nağılı
yaddan çıxır.

havada vərəq uçur.
vərəqdə şəkil;
gölməçə - qara halqalı dairə,
içində füsunkar ağ çiçək,
çiçəyin üstündə bəyaz kəpənək.

şəkildə
günəş görünmür nədənsə.

... – 24.12.2012



yoxluqların sevgisi -
yuxu da gerçəklikdi


toxunuram O-na. sevirəm O-nu.
əlimdən tutub bərk-bərk. üzümə gülümsəyir
və sevir məni.
bu məkan və zaman kəsiyində
başqa heç nə və heç kim yox düşüncəmdə
O-ndan savayı.

nə ayrılıq barədə düşünürəm,
nə başqa biri ağlımda.

bu məkan-zaman kəsiyində
bir mənəm, bir O, bir də sevgi.

məkan – haradı,
zaman neçədi,
mən, O və sevgidən başqa
hadisələr
hara qeyb olub - hardadı?

oyanıram yuxudan. çoxalır hadisələr.
mən varam, O yoxdu.
daha doğrusu,
indi mən olan yerdə
O yoxdu.

mən öz evimdə,
O öz evində.
O var olan yerdə mən,
mən var olan yerdə O yoxdu.

bəs bir az əvvəl yaşadıqlarım –
necə toxuna bilərdim yoxluğa,
yoxluq necə sevə bilərdi məni?

başqa necə ola bilər –
eyni vaxtda
həm eyni, həm də
ayrı-ayrı müstəvidə?

bir az əvvəl gecə idi;
mən öz evimdə, O öz evində.

bir az əvvəl
yoxluğumuz sevişirdi
mən və O olmadığı yerdə.

... – 12.12. 2012



gələcəyin şəkli

fotoda yeddi nəfər:
atam, anam,
mən, qadınım
və üç uşaq.

atam, anam yaşlıdı,
qadınım və mən cavan,
uşaqlar körpə.

iyirmi beş il əvvəl çəkilib foto.

atam, anam həyatda yoxdu artıq,
mən və qadınım ortayaşlı,
uşaqlar cavan.

keçmiş zamandı şəkillər.

gələcəkdə çəkilsəydi bu şəkil,
təxminən iyirmi beş il sonra:
uşaqlar yaşlanıb,
atam və anam cavan,
mən və qadınım körpə.

fotoda yeddi nəfər:
keçmiş zamandı şəkillər,
xəyallar – zaman maşını.

... – 27.12.2012



sıfır zaman

“0 zaman” məsələsini
həll etmək istəyirdi neçə illərdi:
zamana sığmayan sürət, yerdəyişmə - hərəkət.

başqa yol görmürdü
yad planetə,
qəribliyi yaşayırdı daima.

məsələni həll edib,
özgə planetdədir artıq.

varlığı iki dünya arasında hələ də,
arzu adlı istəkləri
solur tədricən, yox olur
hər şeyin mövcud olduğu aləmdə.

əbədi, dəyişməz dünyada
zaman yoxdu,
məxluqlar gözəl, sevgilər azad.
nə ölən var, nə də doğulan.

əbədi, dəyişməz gözəlliyə
qərq olmuş aləm – bu da illərdi
vaxt sərf etdiyi məsələnin həlli.

varlığı iki dünya arasında hələ də.

dəyişməz gözəlliklər içində
istəkləri solmuş varlığı –
heç nə istəyə bilmir
füsunkar, əbədi, zamansız
arzuya qənim aləmdə.

hara üz alırsa
eyni nöqtəyə qayıdır yenə.


diksinir.
“0 zaman” məsələsinin həlli
sürüşüb əlindən düşür.

varlığı iki dünya arasında, -
dəyişən və əbədi.

yeni məsələ barədə düşünür
və qəribliyi yaşayır hələ də.

... – 28.12.2012
XS
SM
MD
LG