Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:05

Əli Əmirli. İki aktrisa üçün baş rol


Əli Əmirli
Əli Əmirli
-


Əli Əmirli


Azərbaycan teatrının var olmasında,
inkişafında xidməti olmuş bütün
aktyorların, xüsusilə adları əfsanəyə çevrilmiş
korifey sənətkarlarımızın xatirəsinə ithaf edirəm



“İKİ AKTRİSA ÜÇÜN BAŞ ROL”

(İki hissəli teatral komediya)



İştirakçılar:

ADEL
RUFA
REJISSOR
DRAMATURQ

Bütün iştirakçıların yaşı əllidən yuxarıdır, amma konkret
heç kəsin yaşı məlum deyil.


Bakı – avqust, 2011.

I h i s s ə

Səhnə. Hansı tamaşanınsa dekorasiya qalıqları. Ortada iri, taxta bənzəyən geniş kreslo var, kreslonun yanında dairəvi kiçik masa, orda-burda bir neçə kətil. Daha bir element: harada bitdiyi məlum olmayan pilləkən.
Dramaturq pilləkənin aşağı pillələrinin birində oturub dizi üstündə tutduğu kitabı oxuyur. Rufa kresloda oturub. Rejissor qəlyan çəkir, hərdən qəlyanı alışqanla yandırmağa çalışır və bəzən buna nail də olur.

Rufa. Biz görəni onlar görməyiblər. Biz televiziyasız, internetsiz, sarı mətbuatsız da populyardıq. Bizi küçədə barmaqla göstərirdilər. Dalımıza düşüb izləyirdilər, saxlayıb kompliment deyirdilər.
Dramaturq. Adam geriyə baxmağa qorxur.
Rufa. Əlbəttə, onda bizim maşınımız yoxdu, amma istedadımız, sənətə məhəbbətimiz vardı. Teatr eşqi vardı canımızda.
Rejissor. Elə gözəl olan da odu! SSRİ xalq artisti Ələsgər Ələkbərov trolleybusda gəlirdi teatra. Hələ Barat Şəkinskaya! Onlar şöhrət dənizinin ortasında üzürdülər. İndi nə elə aktyorlar var, nə də elə tamaşaçılar.
Dramaturq. (Kitabdan oxuyur). Çexovun qəhrəmanı Şamrayev də yüz il bundan qabaq sizin kimi düşünürdü: min səkkiz yüz yetmiş üçüncü ildə bilirsiniz o yarmarkada necə oynayırdı? İnsanlar qəşş edirdi. İndi belə aktyorlar yoxdur! Səhnə ölüb, teatr can verir. Əvvəlki aktyorlar qollu-qanadlı palıd ağacı kimi əzəmətli idilər, indikilər isə həmin ağacların kötükləridir, qurumuş kötükləri. Necə deyərlər, no comment!
Rufa. Bəs mən nə deyirəm? İndi bizi bəyənmirlər! Vidite li, biz pafosla danışırıq, qışqırırıq.
Dramaturq. Mən bu Çexovu heç başa düşmədim!
Rufa. Bəs siz ki belə yaxşı, təbii, nə bilim səmimi danışırsınız, hanı sizin tamaşaçınız?
Rejissor. Ona da hazır cavabları var.
Rufa. Hah! Bunları tamaşaçı maraqlandırmır! (Teatral qəhqəhə ilə gülür). Bir soruşan da yoxdu ki, tamaşaçı rəyi sizi maraqlandırmırsa nə atılıb-düşürsünüz? Gedin evinizdə ailənizin qabağında oynayın, nənəniz də desin bərəkallah!
Rejissor. İndi maraqsız, duzsuz tamaşalar müasirdir, moderndir. Maraqlı tamaşalara isə ənənəvi, köhnə teatr deyib ağız büzürlər. Ta demirlər ki, gələn elə ənənəvi teatr dediklərinə baxır.
Dramaturq. (Kitabı qatlayır) Axı bu komediya deyil!
Rufa. Müasirlik də, yenilik də yaxşı keyfiyyət deməkdir.
Rejissor. Əzizim Rufa, giley-güzar, deyinmək zəiflik əlamətidir. İş görməliyik! Biz elə bir tamaşa hazırlamalıyıq ki, mənəm-mənəm deyən inkir-minkirin ağzı açıla qalsın.
Rufa. Hah! Mən neçə ildir dəyərli bir şey oynamamışam. Bir tamaşa hazırlanmır ki, bizim talantımıza, yaşımıza, aktyor potensialımıza uyğun olsun! Hanı Şekspir, Molyer, Ostrovski, Çexov? Heç olmasa Qorki! Necə oynayardım Vassa Jeleznovanı! Yaş da gözləmir, axır gedir. Mən bu il oynaya biləcəyim rolu beş il, on il sonra oynaya bilməyəcəm axı.
Rejissor. (Hövsələsizliklə). Rufa, sizi elə belə qeybətə çağırmamışam bu müqəddəs səhnəyə. (Dramaturqa.) Dostum, sən də aralan o kitabdan! Mənim konkret təklifim var. Biz elə bir tamaşa hazırlamalıyıq ki, Əbdürrəhim bəy demiş, hamı qəşş eləsin.
Rufa. Yaxşı tamaşa üçün yaxşı pyes lazımdır. Dramaturgiyamız pis gündədir. (Dramaturqa.) Sən incimə, bir güllə bahar olmaz. Elə rejissuramız da bərbaddır. Sənət kriteriyası itib.
Rejissor. Rufa, sən çox bədbin notdasan. Əziz dramaturqumuz, deyin görək siz bizə elə bir pyes təklif edə bilərsinizmi ki, orda iki böyük aktrisa üçün baş rol olsun?
Rufa. Bizdə iki böyük aktrisa var?
Rejissor. Bu nə sualdır, Rufa xanım? Razve vı ne velikaya aktrisa? Bildiyimə görə bu cənab (Dramaturqa işarə edir.) telefonunda sizin nömrənin qabağına Rufa deyil, Velikaya aktrisa yazıb.
Rufa. (Əzilir.) Nu... dopustim, on prav, ya velikaya aktrisa! Bəs ikinci kimdir?
Rejissor. İkincisi də var, Rufa xanım.
Rufa. Hah! Kimdi? Mən niyə tanımıram?
Rejissor. Sən onu çox yaxşı tanıyırsan.
Rufa. Mayestro, zəhlətökənlik eləmə!
Rejissor. Yaxşı düşün, yaxşı... həmişə, yumşaq desək, qibtə etdiyin, hətta qorxduğun aktrisanı yadına sal.
Rufa. Sən nə çərənləyirsən? Mən kimə qibtə edirəm? Hələ qorxuram da! (Qıcanır onu vursun.)
Rejissor. ( Zərbədən yayınıb qəhqəhə ilə gülür.) Bu da sübut!
Rufa. (Əsəbi və qəti) O gəlməz!
Dramaturq. Axı bu komediya deyil, tragediyadır! (Kitabı örtüb yaşarmış gözlərini silir). Məgər Nuna Zareçnayanın gəlişi gülməlidir?
Rejissor. (Dramaturqa.) Bağla o kitabı, söz danışırıq axı! Həm də söhbətin hamıdan çox sənə dəxli var, elə gələn adamın da.
Rufa. O gəlməz! Mən bunu hamıdan yaxşı bilirəm.
Rejissor. Deməli, bilmirsən! (Teatral əda və təntənə ilə) Həzarat! Mən təntənəli şəkildə bəyan edirəm: Adel teatra qayıdır!

Dramaturq diksinib təəccüblə Rejissora baxır və tez də gözünü
aşağı salır.

Rufa. Hah! Heç vaxt! Adel heç vaxt nə teatra, nə də kinoya qayıdandı!

Rejissor. Rufa, sənin qəzetlərdən, saytlardan , intervülərdən xəbərin yoxdu.
Rufa. İntervü? Hah! Dedim gəlməyəcək. Əgər pressaya məlumat ötürübsə dəqiq gəlməyəcək. Onun şakəridir vaxtaşırı qəzetlərə özü haqqında informasiyalar atmaq. Televiziya verlişlərinə də söz verir, amma heç vaxt getmir. Özünü yada salır. Unudulmaqdan qorxur, çünki içində hələ sənətə qayıtmaq ümidini tamam dəfn eləməyib.
Rejissor. Rufa, insaflı ol, onun unudulmaq təhlükəsi yoxdur. Biz ikicə il təzə rol almayanda unuduluruq, amma o...
Rufa. Sən də rol alırsan?
Rejissor. Biz deyəndə mən səni nəzərdə tuturam, əzizim! O isə iyirmi ildir teatrdan gedib...
Dramaturq. (Öz-özünə.) İyirmi beş il!
Rufa. Bəli, yirmi yox, iyirmi beş il!
Rejissor. Bəs mən nə deyirəm?! İyirmi beş ildir səhnədə, sənətdə deyil, kinoya çəkilmir, teleekrana çıxmır, amma gəlin etiraf edək ki, o bizim hamımızdan məşhurdur, hamımızdan da artıq sevilir.
Dramaturq. Treplyov niyə özünü vurdu?
Rejissor. Sən Çexovun o duzsuz pyesini əlli dəfə oxumaqdansa Kama-Sutranı oxu, bir şey öyrən, arvadlar səni qoyub qaçmasınlar. (Öz sözünə bərkdən gülür.)
Dramaturq. Sən ki qaçmırsan!
Rejissor. Elə şey deyib çaşdırma camaatı. (Gülür). Yaxşısı budur, bizə iki aktrisa üçün baş rolu olan bir pyes tap gətir. Axı sən aktyor olmaqdan başqa həm də dramaturqsan. Söz verirəm, ən yaxşı kişi rolunu da sənə verəcəm, təmənnasız, amma sən canın, öz pyesin olmasın.
Dramaturq. Mən elə pyeslə tanış deyiləm.
Rejissor. Adi aktrisa üçün yox aaa... Dahi aktrisa üçün. İkisi də eyni dramatik qüvvədə.
Dramaturq. Dedim mən elə pyes oxumamışam.
Rejissor. Adelin adını eşidən kimi düşdü mandraja. Sənə neçə pyes adı çəkərəm ki, görkəmli dramaturq, orda iki yox, lap üç qadın üçün baş rol var. Elə indicə yamanladığın Çexovun “Üç bacı”sı.
Dramaturq. (Donquldanır) Çexov pyeslərinin dramaturgiyaya dəxli yoxdur!
Rejissor. İndi səninlə danışmaq mənasızdır. Unut də keçmişi! Nə olub olub! Əslində heç olmayıb da! O şeyi ki dəyişə bilməzsən deməli, olmayıb da. Bu gün var, bu günlə yaşa! Sabaha bax... bəlkə açıldı.
Dramaturq. Yaman coşmusan!
Rejissor. Mən sənə deyirəm iki dahi aktrisa üçün baş rol lazımdır mənə, sən də... Ah! (Əlini alnına şappıldadır.) “Mariya Stüart”! İki baş rol, ikisi də koroleva. Yenə də klassika! Bəlkə sən heç eşitməmisən belə pyes haqqında? Şiller də sənə tanış deyil, Stendal da, Brodski də! Elə öz pyeslərini oxuyursan, onu da yazanda?
Dramaturq. Mən heç nə yazmıram! Kitabı çoxdan bağlamışam.
Rejissor. Bilirsənmi ki, Şekspir əsərlərinin müəllifi əslində bizim Mariya Stüart olub?
Dramaturq. (Deyinir). Həri, Frensis Bekon, qraf Oksford, qraf Darbi, lord Strenc, hətta sizin Mariya Stüart da dramaturqmuş, bir bədbaxt Şekspir yaza bilmirmiş.
Rejissor. Bilirəm, bu sənin də yaralı yerindi.
Dramaturq.Teatrşünas, rejissor, direktor, aktyor, jurnalist, tamaşaçı, qapıçı, bir sözlə hamı əla bilir pyesi necə yazmaq lazımdır, bircə dramaturq bilmir.
Rejissor. (Əlini yellədir.) Nə deyirsiz, Rufa xanım, biz “Mariya Stüart”ı hazırlasaq teatr aləminə səs sala bilərik ya yox? Afişaya fikir verin: sağda İnglis kraliçası, necə deyərlər, bakirə Yelizaveta – Rufa xanım, solda Şotland kraliçası, sevgi-məhəbbət xiridarı, jritsa lyubvi Mariya Stüart – Adel xanım! Bu əsil sensasiya deyilmi?
Dramaturq. Sən də sensasiya dalınca qaçdın bu yaşında?
Rejissor. Niyə də yox, biz əlli yaşında da zamanın ritmini tuta bilərik.
Rufa. İndi sensasiya, şok, populyarlıq sənətdən öndədir.
Dramaturq. Bir addım öndə!
Rejissor. Xeyr, cənab dramaturq, bir addım yox, lap yüz addım öndə! Hə, Rufa xanım, mənim sənət muzam, ilham pərim, nə dersən?
Rufa. O gəlməyəcək !
Rejissor. Sən elə bilirsən mən havayı söhbət eləyirəm? O həqiqətən gəlir, bəlkə də artıq teatrdadır (Saatına baxır.) Əlbəttə gecikir.
Rufa. Sən onu tanımırsan, istəyirsən dostundan soruş...
Rejissor. Dostum nə yatdı nə yuxu görə!
Dramaturq. (Ciddi və incik) Rica edirəm məni o qadınla bağlamayın!
Rufa. Mən dünən danışmışam onunla. Gəlsəydi mənə deyərdi. Siz bilmirsiz, ona mane olan səbəb çox dərindir.
Rejissor. Əzizim Rufa, o keçmişdə idi, indi biz hamımız qocalmışıq, altmış yaşımız var. Bu yaşda qadını əri səhnəyə qısqanacaq? Yavrum, sən bu qədərmi sadədilsin?
Rufa. Əvvəla, məsələ heç yaşda deyil.
Rejissor. (Gülümsəyir) İkincisini sən heç vaxt demirsən.
Rufa. İndi deyəcəm! Ərin də bura dəxli yoxdur. İndi səbəb özgədir, dediyim kimi daha dərindir.
Rejissor. Bəlkə açasan o dərin səbəbi?
Rufa. (Pıçıldayır). O qorxur.
Rejissor. Adel qorxur? Kimdən?
Rufa. Hah! Kimdən! O səhnədən qorxur.
Rejissor. Azərbaycan teatrının sonuncu kraliçası... Özü deyib sənə?
Rufa. Dəxli yoxdur, kim deyib? O gəlməyəcək! (Yamsılayır.) Azərbaycan teatrının sonuncu kraliçası!
Rejissor. Amma mənim intuisiyam məni heç vaxt aldatmır.
Rufa. Axı kimdi sənə tamaşa verən, özü də “Mariya Stüart”ı? Eşitmişəm səndən canlarını qurtarmaq istəyirlər.
Rejissor. Elədir! Mən də dedim gedirəm, səssiz, şikayətsiz, pressasız, nazirliksiz, infarktsız, insultsuz... bir şərtlə, istədiyim aktyorlarla, istədiyim əsəri tamaşaya qoyuram, axırıncı dəfə və premyera günü ərizəmi yazıram. Necədir?
Rufa. (Gülür) Sən də az aşın duzu deyilsən.
Rejissor. Sən ki bunu hamıdan yaxşı bilirsən.
Rufa. Mən heç nə bilmirəm, ikibaşlı da danışma, hamı bilir ki, sən adnalyubsan.
Rejissor. Adnalyub idim! İndi mən arvadsız-ailəsiz subay, bəlkə də yetim kişiyəm.
Dramaturq. Ölüm onun üzünə gülümsəyirdi, o isə bu təbəssümü görmürdü.
Rejissor. Yaxşı nə deyirsən, Rufa, mən dahiyəm ya yox?
Rufa. Hah! (Gülür.) Dahi! Sən hiyləgərsən! Çox primitiv hiyləgər!
Rejissor. Qoy olsun! Mən işləmək istəyirəm? Bu mənim taqsırımdır?
Rufa. Sən bunu çoxdan düzüb qoşmusan, yoxsa ekspromtom?
Rejissor. Birdən gəldi ağlıma, elə bil tale əlimdən tutub özü aparır məni. İnan, Adelin gəlməyi də təsadüf deyil, onu da Allah göndərir mənim üçün.
Rufa. Bəlkə o heç sənin tamaşanda oynamaq istəmədi?
Rejissor. “Mariya Stüart”dan imtina eləyən aktrisa?
Rufa. O gəlməyəcək!
Rejissor. İşin gedişi göstərir ki, o mütləq gələcək. İlk dəfədir fortuna mənim əlimə oynayır. Amma sən narahat olma, Rufa, mən qoymaram o səni tank kimi əzib keçsin.
Rufa. Mən nə narahat oluram, nə də qorxuram! Əksinə, çox istərdim o gəlsin, axı biz rəfiqə olsaq da, heç vaxt səhnədə tərəf-müqabil olmamışıq.
Rejissor. (Dramaturqa.) Bəs sən nə deyirsən, cənab?
Dramaturq. O çox arxaik əsərdir. İndi tamaşaçı elə şeyləri yeyə bilmir, indi fas-fud dövrüdür.
Rejissor. Bizə bu dəfə tamaşaçı lazım deyil, bizə bomond lazımdı, elita. Biz bizi sevməyənlər üçün oynayacağıq. Lap elə o Gertruda Stayn üçün.
Rufa. Hah! (Gülür) Nə yaxşı ad qoymusan ona. Getdikcə həqiqətən ona oxşayır, bir gümüş dəstəkli çəliyi çatmır.
Rejissor. Bəlkə “Qaynana”nı qoyaq? Orda da iki baş rol var: gəlin – qaynana?

Hər üçü gülür.
Dramaturq. Yox, “Qaynana”ya sizin gücünüz çatmaz, mənim ayrı təklifim var. Mariya Stüart mövzusunda daha bir pyes var: “Sizin bacınız və əsiriniz”. Xeyli çevik, daha müasir.
Rejissor. “Sizin bacınız və əsiriniz”? İlahi, hər şey necə üst-üstə düşür. Yox, bu layihə mənim deyil, Yaradanın özünündür, Allahındır... Əstafurullah! (Qorxu ilə ağzını tutur, sonra əlini ağzından çəkir). Rufa, bəlkə pyesin adını dəyişib qoyaq “Sizin rəfiqəniz və rəqibəniz”?
Rufa. Sən nəyə işarə eləyirsən?
Rejissor. Burda bir mistika var, Rufa. Nə qədər üst-üstə düşən anlar, əcaib paralellər.
Rufa. Elə baxma mənə, gözündən cin çıxır.
Rejissor. Fikir ver, Yelizaveta ilə Mariya bacıdırlar, siz də Adellə rəfiqə, guya onlar bir-birlərini sevirlər, siz də guya bir-birinizdən ötəri əldən gedirsiniz.
Rufa. Nə demək istəyirsən?
Rejissor. Mən səni həssas qadın bilirdim.
Rufa. Həssas olsaydım çoxdan ölmüşdüm bu teatrda.
Rejissor. Yaxşı replikadır. (Dramaturqa) Qeyd elə, lazımın olar. (Rufaya tərəf dönür və qəfildən) Amma onlar bir-birlərini heç vaxt görməmişdilər, yalnız bir-biri haqqında eşitmişdilər. Siz də heç vaxt səhnədə görüşməmisiniz.
Rufa. Nə sarsaq paralel!
Rejissor. Hələ harasıdır? Onlar bir-birlərinin paxıllığını çəkirdilər. Siz də!
Dramaturq. (Kinayə ilə.) Bəlkə tamaşanın ali məqsədini hələ açmayasan?
Rufa. Biz niyə bir-birimizə paxıllıq etməliyik? Motiv! Dramaturgiyada hər əməlin bir motivi olmalıdır. Elə deyilmi, əziz dramaturq?
Rejissor. Motiv də var! O sənə paxıllıq edir ona görə ki, sən səhnədəsən, onun yerini tutmusan.
Rufa. Əvvəla mən heç kimin yerini tutmamışam, öz yerimdəyəm.
Rejissor. Mən əminəm ki, o sənin oynadığın rolların hamısını öz üstünə biçir.
Rufa. Bu mənim taqsırım deyil.
Rejissor. Bir dəfə hansı bir xatirə gecəsindəsə onunla yanaşı oturmuşdum, ekranda səni bir rolda göstərdilər. Əynində qara nazik zolaqları olan gözəl bir platya vardı. Sənə çox yaraşırdı. Təbii ki, mən özümü saxlaya bilməyib vəcdlə “Rufa!” dedim. O dərhal əyilib qulağıma pıçıldadı ki, sterva mənim platyamı geyib.
Rufa. (Diksinir) Yalan deyir! Mən onun platyasında üzərəm.
Rejissor. Onda sizin həqiqi dostluğunuzun qiymətini bildim.
Rufa. (Ehtiyatla.) Bəs mən nəyin paxıllığını çəkməliyəm?
Rejissor. Sənin məsələn daha mürəkkəbdir, Rufa, hətta dramatikdir.
Rufa. Hah!
Rejissor. Adel iyirmi beş ildir gedib səhnədən, unudulmur. Hamı, bilən də, bilməyən də dahi aktrisalardan söz düşəndə onun adını çəkir, amma daima səhnədə olan sən hər tamaşada, hər rolda böyük aktrisa olduğunu sübut etməlisən. Qəribə taledir, deyilmi? (Rufa ilə üz-üzə dayanır) Necə təhlildir?
Rufa. Əla! (Yaxşı bir şillə vurur). Bravo!

Rejissor və Dramaturq gözlənilməz şillədən diksinir.

Rejissor. (Şaşırıb) Hı! Hı-hı-hı... Yaxşı elədin! Lap əcəb elədin!
Rufa. Ona görə sən rejissor ola bilmədin.
Rejissor. (Pərtlikdən gülməyini davam edir) Hı-hı-hı... Nəyə görə?
Rufa. Nəyə görə? Çünki axmaqsan! (Siqaret çıxardıb kənara çəkilir və tədricən kulisdə itir).
Rejissor. (Onun dalınca qışqırır) Uzağa getmə, lazım olacaqsan. (Dramaturqa baxır, pərtliyini gizlətməyə çalışır və şillə yerini ovcalayır) İxtiyarı var!
Dramaturq. Sən heç vaxt Ofaya xəyanət eləməmisən.
Rejissor. Bunun “Mariya Stüarta” heç dəxli yoxdur, bəxtsiz cavan. Sən təcili o pyesi tap, doğma dilimizə çevir, redaktə elə, işlə. Özü də təcili!

Rejissorun telefonu zəng çalır. O bir xeyli axtarandan sonra telefonu tapıb
cavab verir.

Rejissor. Bəli! Gəlib? (Telefonu bağlayıb cibinə qoyur və heyrətlə pıçıldayır). Mən inanmırdım o gələcək... (Dizləri üstdə döşəməyə düşür və teatral əda ilə.) O madonna! (Xaç çevirir.)
Dramaturq. (Biganə kədərlə.) Eduardo de Filippo!
Rejissor. Pərvərdigara!
Dramaturq. (Eyni kədərlə.) Bu artıq Əbdürrəhim bəydir!
Rejissor. (Bir növ dua edir.) Pərvərdigara, bu işarədir, Ofadan xəbərdir... (Gözlərindən yaş axır). Orda da məndən nigarandır, fikri daima yanımdadır, mənə görə orda da rahat ola bilmir, ya Rəbbim! Mən gecə-gündüz onun dualarını eşidirəm. Öləndə dedi ki, necə yaşayacaqsan mənsiz, əzizim? Lənət şeytana! (Ayağa qalxır.) Bu möcüzədir, ya yox?
Dramaturq. Bəs dedilər gəlməyəcək?
Rejissor. Sakit ol, dostum, sakit ol! O vaxtdan illər keçib.
Dramaturq. Axı... bu-bu... Mən təzədən gedim bu teatrdan?
Rejissor. Hara gedirsən, niyə gedirsən? Ölkə balaca, fərli teatr da bir, iki i vsyo! Əgər ortada günah varsa , onundur!
Dramaturq. Axı onun nəyinə lazımdır iyirmi beş ildən sonra teatra qayıtmaq?
Rejissor. O bizə lazımdır, dostum! Şəxsən mənə! Mən axırıncı şapalağı möhkəm vurmalıyam. (Şillə yerini sığallayır və təbəssümlə.) Rufa kimi.
Dramaturq. (Qətiyyətlə) Gedəcəm! (Getmək istəyir, tez də dayanır.) Hara gedəcəm? Bu yaşda, bu insafsız, qəddar zamanda... Məndə elə güc yoxdur.
Rejissor. Axı sizin ittifaqınız çox çəkmədi, dostum. Final birdən oldu.
Dramaturq. Elədir, o vəhşi, qana möhtəris məxluq teatra gələn kimi qamarladı onu.
Rejissor. Mən bilən əksinə oldu, qamarlayan Adel özü oldu.
Dramaturq. Onda mən təzəcə yazmağa başlayan gənc bir dramaturq, evsiz-eşiksiz statist aktyor, hamıdan asılı, sevgi-məhəbbətdə təcrübəsiz... O isə talelərlə oynayan, üzü üzlər görmüş şöhrətli Mayestro! Yox! Mayestro yox, Monstr! Mənim param yox, altunum yox, fəqət bunlara qarşı mənəvi varlığım, döyünən ürəyim, yorulmaz qollarım, nəhayət saf məhəbbətim vardı.
Rejissor. (Ona açıq təəccüblə baxır). Bu saydıqlarınla arvad saxlamaq olar? Özü də Adel kimi arvadı?
Dramaturq. (Rejissoru eşitmir.) Mən bir aslan kimi çarpışarkən, o yırtıcı çıxdı da, onların hamısını çeynədi, qırdı, tapdadı. (Əlləri ilə başını tutur.)
Rejissor. Bu Aydının monoloqu deyil? Özündən de də!
Dramaturq. Mən komediya yazıram, komediyada belə monoloq olmur.
Rejissor. (Əlini onun çiyninə qoyur və qulağına bir növ pıçıldayır) Bu sənə təsəlli ola bilərsə deyim ki, o çox dəyişib, qocalıb. Əvvəlki Adeldən heç nə qalmayıb.
Dramaturq. O qocala bilməz!
Rejissor. Pah! Görməmisən onu bu yaxınlarda?
Dramaturq. Yox, gedəndən sonra mən onu görməmişəm.
Rejissor. Bu necə ola bilər? Axı o bir premyeranı da buraxmır.
Dramaturq. Mən məğlubiyyətimin gözünə baxmaqdan utanmışam.
Rejissor. Boşanmaq məğlubiyyətdir?
Dramaturq. Bu boşanmaq deyildi, atılmaqdı.
Rufa. (Gəlir.) Nədi, gəlmədi sizin Adelya xanım!
Rejissor. Bu saat gəlir, Rufa. İndi qapı açılır və əzəmətli Adelya xanım daxil olur.
Rufa. Səhviniz var, mayestro, o qapı açılmayacaq. İndicə telefonla danışmışam. O gəlməyəcək!
Rejissor. Bəs ooo?.. Odur! (Kulisi göstərir.)
Hamı Rejissor göstərən səmtə baxır. Adel qaranlıqdan çıxır. Yaşa dolmuş, amma keçmiş gözəlliyin xeyli əlamətlərini saxlamış boylu-buxunlu qadındır.Əynində qara atlasdan və ya muardan ətəyi klyoş tikilmiş, uzunluğu dizdən xeyli aşağı platya var. Başına kənarları enli, üzünü rəmzi şəkildə yarıyacan örtən qara vuallı şlyapa qoyub. Hərəkətləri iddialı, danışığı kəskin, hökmlü, maneraları çevikdir. Rufa çox pərt və gərgin olsa da gülümsəyir. Rejissor sevinc dolu heyrət içindədir. Dramaturq biganə görünməyə çalışır. O üzünə bacardığı qədər sərt ifadə vermək istəsə də, buna nail ola bilmir.

Adel. (Onları diqqətlə süzüb vəziyyəti öyrənir) Nə qədər tanış simalar! Bir vaxt şöhrətin zirvəsində olmuş, bu gün aşağı yuvarlanmış nimdaş xalq sənətkarlarını bir yerdə görməyimə... (Kiçik pauza edir.) şadammı deyim?
Rejissor. İyirmi beş il keçib, çox şey dəyişib, amma dilin dəyişməyib: zəhrimar kimi acı, bıçaq kimi iti! Sevmədin həmkarlarını, madam, sevmədin!
Adel. Sizdə sevməli bir şey tapsaydım qaçmazdım ki, burdan. (Guya Rufanı indicə görür). Mənim əziz rəfiqəm... inciməyə haqqın var, amma öpməliyəm səni (Yaxınlaşıb öpür). Bu teatrda əsl sevgiyə layiq bircə adam varsa, o da sənsən.
Rufa. (Onun öpüşünə sərin cavab verir) Mən yenə də səni başa düşmədim.
Adel. Elə bilirsən mən başa düşürəm? “Yox” dedim, amma gəldim, yenə də gəldim “yox” deməyə, “hə” dedim. İnan, mən indicə qərar qəbul elədim. (Artıq pilləkəndə yerini tutmuş və kitaba baxan Dramaturqa yaxınlaşır.) Bu mənəm, vəfasız dost, tanımadın?
Dramaturq. Sənin kim olduğun mənə yaxşı məlumdur.
Adel. Belə qəddar olma, əziz dost. Neçə illərdən sonra. Mən buna dözə bilmərəm. Ərim öləndən sonra çox kövrək olmuşam.
Dramaturq. (Diksinir) Ərin öləndən sonra?

Hamı təəccüblə Adelə baxır.

Adel. Bu barədə danışmaq istəmirəm. Ümumiyyətlə, mənim yanımda keçmişdən söz salmayın. Məni bu gün və gələcək maraqlandırır, o da əgər gələcəksə!
Rejissor. Sənin birdən-birə teatrda peyda olmağın onu şoka salıb.
Dramaturq. Rica edirəm mənim əvəzimdən danışmayın!
Adel. Mən siqnal verə-verə gələ bilməzdim ki! Bir tərəfdən də bu sırtıq media? Elə əyri xəbər axtarırlar.
Dramaturq. Media hələ maraqlanır səninlə?
Adel. Sən o vaxtlar çox yumşaqdın, mərhəmətli idin.
Dramaturq. Səndən fərqli olaraq.
Adel. Mən səni həmişə yumşaq xasiyyətli, mülayim, bir az da utancaq kişi kimi xatırlayıram.
Dramaturq. Bunlar hamısı sənə lazım olmayan keyfiyyətlərdir.

Uzun çəkən pauza. Hamı bir-birinə baxır.

Adel. Lənət şeytana! Piyada gəldim teatra. Qəsdən maşına minmədim, ərimə dedim ki, piyada gedəcəm.
Rejissor. Ölən ərinə?
Adel. Əlbəttə! Mənim neçə ərim var ki?! Əgər teatra qayıdıramsa, bilməliyəm də tamaşaçılarım qalıbmı bu şəhərdə, əgər mən ölməmişəmsə, yəqin onların da çoxu sağdır, əlli yaşda hamı qırılmır ki!
Rufa. Heç altmışda da hamı ölmür.
Adel. Bu millət elə bil küçəyə çıxıb məni gözləyirmiş. O saxlayır ki, Siz Adel xanımsız, bu saxlayır ki, indi ölərəm, bu birsi deyir gedərəm özümdən, o birisi də dalımca pıçıldayır, az qala bütün şəhər Adel deyib pıçıldaşırdı. Çoxu da cavanlar, gənclər, məni səhnədə görməmiş adamlar.
Rejissor. Səni unutmaq çətindir.
Adel. (Barmağı ilə öpüş göndərir.) Bilirsiz nə düşdü yadıma? Çoxdandır ayrılmışam teatrdan, Anna kimi cəmiyyət içinə çıxmıram, heç yerdə görünmürəm, bəlkə bir on il olar. Ərim gəldi ki, operaya metso-soprano gəlib Rumıniyadan, adı hələ də yadımdadır, Yelena Çerney, bəs “Aida”da Amnerisi oxuyacaq. Əvvəl bir tərəddüd elədim, sonra dedim kimdi məni operada tanıyan, ora çox vaxt rusdillilər gedir, bu şəhərdə yaşasalar da onların Azərbaycan teatrından xəbərləri yoxdur. Nəysə, keçdim litr lojaya. İlahi, tamaşaqabağı arı pətəyi kimi uğuldayan salona elə bil daş atdın, şübhəli, bəlkə də qorxulu bir sükut çökdü ətrafa.
Rufa. (Təbəssümlə) Mən bilirəm sən lojaya necə çıxmısan.
Adel. (Bir qədər sərt). Əlbəttə, mən aktrisayam! Doğrusu nə baş verdiyini mən dərhal anlamadım, amma elə ki bu mübhəm sükutu alqış səsləri titrətdi, türkün sözü, şaşırdım. Hamı ayaq üstə qalxıb mənim lojama baxır, məni alqışlayırdı. Mən çaşıb qalmışdım, amma bu uzun çəkmədi, qalxdım ayağa, gözlərimdən yaş axa-axa baş əydim. Cavan, çox yaraşıqlı bir gənc əlindəki gül dəstəsini elə aşağıdan, parterdən uzatdı mənə... Onun ala gözlərində elə bir heyranlıq vardı ki...
Dramaturq. Niyə Treplyov vurdu özünü?
Adel. Bütün gecəni ağladım. Mən sənətimə, tamaşaçılarıma xəyanət eləmişdim, onlarsa məni unutmamışdılar. (Əlini Rufaya uzadır və üzünə baxmadan.) Dəsmal!
Rufa. Nə dəsmal?

Dramaturq cəld qalxıb cibindən ağappaq dəsmal çıxarır, Adelə uzadır.
Adel dəsmalı yaşarmış gözlərinə sıxır, sonra burnuna tutur.

Adel. Tanış qoxu! (Təəccüblə.) Sən hələ də “Saşa” odekolonu ilə ətirlənirsən? (Gülümsəyir.) Sənə vurulmağımda bu ətir az iş görməmişdi. (Dəsmalı bir də iyləyib pıçıldayır.) Mən səni xatırlayanda, dərhal bu qoxu gəlir burnuma.

Dramaturqun təsirləndiyi hiss olunur. O qadından aralanıb həmişəki yerində,
pilləkəndə oturur. Adel də pilləkənə yaxınlaşır, Dramaturqun yanında özünə yer
eləyib yanında əyləşir, bir növ ona söykənir. Rufa və Rejissor aralıdan onları süzürlər.

Rejissor. (Heyranlıqla) Hiyləgər, məkrli qadın!
Rufa. Oynayır, fikir vermə, artıq məşq eləyir. Yoruldum. (Gedir).
Rejissor. (Dalınca) Evə getmə, bu gün çox işlər olacaq. (Əks istiqamətə gedir.)
Adel. İyirmi beş ildən sonra mənə xoş bir söz demək istəmirsən? (Gözündə quruyub qalmış yaşı dəsmalla silir).
Dramaturq. Sən ağlaya bilirmişsən?
Adel. Sonralar öyrəndim. Anam deyərdi qadının həqiqi dostu yoxdu, hətta əri də onun düşmənidir, bəlkə də ən qəddar düşməni. Çalış hisslərini gizli saxla, deyərdi.
Dramaturq. Bəs dediklərinə özü niyə əməl eləmirdi?
Adel. Sən bunu nədən bildin?
Dramaturq. Mənə olan açıq nifrətindən! Hətta mənə elə gəlirdi ki, o gülümsəyə bilmir, amma Mayestro deyilən o monstrla danışıb güləndə, hətta qəhqəhə çəkəndə, hər şey mənə aydın oldu.
Adel. (Gülür.) Ahhh... O Mayestronun aşiqiydi. Bütün arvadlar kimi mama da vurulmuşdu ona. (Dramaturqun qoluna girib üzünü çiyninə söykəyir.) İndi bu sözlərin mənası nədir, onların hər ikisi o dünyadadır.
Dramaturq. Allah rəhmət eləsin, mənə çox dəyib yaxşılıqları.
Adel. (Bir qədər əsəbi) Dedim keçmişə əl vurmayaq, bu sənin xeyrinə olmaz! Heç kəsdə də günah axtarmayaq. Biz çox fərqli adamlardıq. (Bayaqdan əlində tutduğu dəsmalı qatlayıb onun döş cibinə qoyur). Bir həftədir səni görəndə nə deyəcəyimi düşünürdüm, çox şeylər fikirləşdim, hələ bir mətn də əzbərləmişdim, sonra buraxdım başına.
Dramaturq. Sənin qəfil gedişin qəddimi elə əydi ki, o vaxtdan düzəldə bilmirəm.
Adel. Amma komediya yazırsan.
Dramaturq. Göz yaşlarımı gizlətmək üçün yazıram.
Adel. Mən çox təəssüf edirəm, hətta vicdan əzabı çəkirəm, amma onda mən özümə hesabat verəcək halda deyildim. Onun adamı alov kimi qarsan baxışları məni hipnoz elədi, qabağında dayana bilmədim. Heç bir qadın onun magik cazibəsinə tab gətirə bilmirdi. Səndə taqsır yoxdu, rəqibin çox güclü idi.
Dramaturq. Bəsdir, ondan danışma...
Adel. Əlbəttə bütün bunlar mənə bəraət qazandırmır, amma bu həqiqətdir.
Dramaturq. Bəs nə oldu? Onun baxışları, magik cazibəsi nə tez tükəndi?
Adel. Mənim onu saxlamağa gücüm yetmədi, mən tez yoruldum, ona nifrət elədim. O heç bir yönnü kişi də deyildi. Ümumiyyətlə kişi sarıdan mənim baxtım gətirmədi.
Dramaturq. Təşəkkür edirəm!
Adel. Ahhh... (Gülür). Mən heç vaxt ağıllı qadın ola bilmədim. (Qəfil üzündən öpür.)
Dramaturq. (Diksinir) Mənə yazığın gəlir?
Adel. Yox, yazığım gəlmir, ürəyim yanır sənə. Bir axmaq qadına görə həyatını puç elədin. Mən bütün pisliklərimə görə səndən üzr istəyirəm. Mənim evdən ingilissayağı getməyim hər yadıma düşəndə, necə ürəksiz qadın olduğumu düşünüb üzülürəm.
Dramaturq. Onda mən necə çətin vəziyyətə, yox, çətin yox, rüsvayçı vəziyyətə düşdüm. Heç kəsdən səni soruşa bilmirdim. Mən kimə deyə bilərdim ki, arvadım gecəni evə gəlməyib, yerini də bilmirəm. O qoca quldur səhərisi mənə zəng eləyib deyəndə ki, təlaş etmə cavan oğlan, Adel mənim yanımdadır, mən heç nə istəmədim, nə qisas, nə nifrət, nə mərhəmət... Mən ölmək, yox olmaq istədim. Qoca iblis nəfəsimin kəsildiyini hiss edib incimə dedi, oğlan, onu mən yaratmışam, onu mən Adel eləmişəm, sənin ona haqqın yoxdur... (Səsi titrəyir.) Mən iyirmi beş ildir bu sözləri sənə demək istəyirdim. (Gözündən axan yaşı silmir.)
Adel. Onda mən ona yalvardım ki, sənə zəng eləsin. O çox qəddardı... (Dramaturqun başını sığallayır). Eqoistdi, heç kimi sevmirdi, sadəcə istifadə eləyirdi. Mən bunu çox tez bildim, amma peşman deyildim. (Dramaturqun döş cibindən tanış dəsmalı çıxarıb onun göz yaşlarını silir). Hətta sənin intihar etmək istədiyini eşidəndə də.
Dramaturq. Onu da bacarmadım, güllə gicgahımdan sürüşüb keçdi, dərinə işləmədi. Xəstəxanada ayılıb biləndə ölməmişəm, yer yarılsaydı yerə girərdim.
Adel. Çapığı qalıb?
Dramaturq. Belə də!
Adel. Göstər görüm! Sağ tərəfdir?
Dramaturq. Sağ tərəfdə necə ola bilər, mən sağ əllə güllə ata bilərəm?
Adel. Ax, da! Sən solaxaysan axı, yadıma düşdü. Göstər! (Dramaturqun ləng hərəkətinə hövsələsi çatmır və sol tərəfdən saçını qaldırıb baxır) Aman... nə gözəl çapıqdır. Sənə çox yaraşır, niyə gizlədirsən? Bu ki məhəbbət yarasıdır. (Çapığı öpür). Bilirsən bu hadisəni eşidəndə nə dedim? (Gülür.) Dedim ölsəydi bu olardı faciə, indi isə oldu yazdığı komediyalardan biri.
Dramaturq. “Duzsuz” sözünü buraxdın.
Adel. Elədir, dedim indi oldu yazdığı duzsuz komediyalardan biri, hətta fars deyərdim buna, məni isə əfv edin, mən komediya aktrisası deyiləm, mənim ampluam faciədir.
Dramaturq. (Qeyri-ixtiyari məhəbbətlə) Bilmirəm nə deyim sənə?
Adel. Onda mənim ürəyim yox idi.
Dramaturq. İndi var?
Adel. Təəssüf ki, var, mənə rahat yaşamağa mane olur.
Dramaturq. Yadındadı ilk yaxınlıq məqamında mənə nə dedin?
Adel. (Sərt) Xeyr, yadımda deyil! Mən sənin həyatından gedəndə hər şeyi unutdum. Axı dedim gəl keçmişi qurdalamayaq. Bu günə baxaq, indiyə. Teatrın əsas prinsipi nədir?
Dramaturq. İndi və burda?
Adel. Bəli, indi və burda!
Dramaturq. Mən eşidəndə ki, sən qayıdırsan teatra, pis oldum, hətta qorxdum. Axı sən gedəndən sonra mən səni görməmişdim, bəlkə də görmək istəməmişdim...
Adel. Mənim zavallı Şekspirim!
Dramaturq. Yox, mən Şekspir ola bilmədim. Bu dünyada iki şeyi çox istəmişdim: yaxşı ailə qurmağı, evlənməyi və bir də yaxşı dramaturq olmağı. Hər ikisi yarımçıq oldu.
Adel. Hər şeyə çox ciddi yanaşırsan. Səndə heç yumor da qalmayıb, hamısını komediyalarına xərcləmisən. (Qalxır.) Gəl dost olaq, incitməyək bir-birimizi.
Dramaturq. (Dəsmalla gözlərini silir.) Necə asan, necə sadə!
Adel. Mən hələ sənin komediyalarında oynamaq istəyirəm. Bilirəm sənin muzan mənim əziz rəfiqəm Rufadır... (Arxaya baxır.) Hanı, hara getdi? Bunlar necə oldular? (Çağırır) Rufa, burdasan?
Rufa. (Gəlir) Mən burdayam, hər şeyi də görürəm.
Adel. Biz naməhrəm deyilik, Rufa! Mən bizim dramaturqun pyeslərində oynamaq istəyirəm. Qısqanmırsan?
Rufa. Əlbəttə qısqanıram!
Adel. Ax tı zlyuçka! Sən əsl rəfiqəsən. (Qucaqlayıb öpür.) Çox istərdim səninlə tərəf-müqabil olum, amma qorxuram.
Rufa. Kimdən? Burda hamı sənə dostdur.
Adel. Rufa, səhnədən qorxuram!
Rufa. Hah! Səhnədən qorxur! Bu nəsə təzə motivdir.
Rejissor. (Gəlir.) Qızlar! Vəziyyət necədir?
Rufa. Deyəsən şad xəbər var?
Rejissor. Vallah, bu direktor qızıl adammış, xəbərimiz yox.
Rufa. Həri, özü qızıl, dili almaz, gözləri şəvə!
Rejissor. (Qələbə ahəngi ilə.) Həzarat! Biz “Mariya Stüart”ı tamaşaya qoyuruq!
Adel. Əcəb!
Rufa. (Rejissora) Sən əjdahasan! (Qəfil onu qucaqlayır) Sən akulasan, timsahsan!
Adel. Rufa, bu vəhşi heyvanları bura niyə yığırsan?
Rejissor. Ayn moment! Bu gözəl bir projedir, Adel! Dövlət sifarişi! Hər şey yüksək səviyyədə! Siz ikiniz baş rollarda! Azərbaycan teatrının iki dahi aktrisası səhnədə üz-üzə gəlir. Özünü göstərmək üçün bundan gözəl meydan?! Bu bir ilahi layihədir. Bu mənim yox, Allahın... Əstafurullah! (Ağzını əli ilə qapayır). Sss... (Pıçıldayır) Necədir, Adel? Gələn kimi rol hazır, özü də necə rol! Şotlandiya kraliçası Mariya Stüart – Adelya xanım! Yermolovanın, Tarasovanın oynadığı rol. Mən dəli oluram.
Adel. Sən dəli olursan, mən də səhnədən qorxuram.
Rejissor. Bunu Rufa saldı ağlına?
Rufa. Hah!
Rejissor. (Rufaya.) Adel səhnədən qorxur?
Rufa. O uzaqda deyil, özündən soruş!
Adel. Qorxuram, mayestro, dəhşət qorxuram. Axı iyirmi beş ildir teatrdan ayrıldığım. İndi durum... Haqqımda yaranmış mifi dağıtmaqdan qorxuram, Rufa. Burdan da Mariya Stüart! Birdən birə! K stati, niyə Yelizaveta yox?
Rejissor. (Qətiyyətlə.)Yelizaveta Rufanındır.
Rufa. Sizə bir sirr açım. Mən beş ildir Yelizavetanı oynamaq istəyirəm, amma bu istəyi dilimə gətirməyə qorxurdum.
Adel. Mən sənə paxıllıq eləyirəm.
Rufa. Hah! Mənim sənə paxıllıq eləməyə əsasım daha çoxdur.
Rejissor. Eləyin, qızlar, paxıllıq pis hiss olsa da sənətə xeyiri var. Siz bu tamaşada rəqabətdə olmalısınız, tet-a-tet!
Adel. Qorxuram sizi məyyus edim.
Rejissor. Nə demək istəyirsən, Adel?
Adel. Mən bu tamaşada oynamayacam, bir müddət ümumiyyətlə səhnəyə çıxmayacam. Mənə adaptasiya üçün vaxt lazımdır.
Rejissor. Sən məni öldürmək istəyirsən, Adel?
Adel. Mən bizim dramaturqun yüngül bir pyesində oynamaq istərdim, lap elə Rufa ilə. Onun bir yaxşı komediyası var, gərək ki, melodramadır.
Rejissor. (Dramaturqa) Nə susub oturmusan?
Dramaturq. Çexovun pyesləri simfoniya kimidir, onu hər kəs bir cürə çalır.
Rejissor. Mənim gözüm aydın! Başa düşün, bu mənim teatrda axırıncı işimdir.
Rufa. Optimist ol, mayestro!
Rejissor. Sən gözəl getdiyin kimi, gözəl də qayıtmalısan, Adel. Sən səhnəyə kraliça kimi çıxmalısan.
Adel. Niyə siz məni başa düşmürsünüz? Mən bir aktrisa kimi köhnəlmişəm. Uzun illərin o tayında qalmış, çoxdan rəvayətə çevrilmiş Adelin şöhrətinə kölgə salmaq istəmirəm! Bir az vaxt verin mənə.
Rejissor. Vaxt nədi, Adel? Burax onu, unut. Qoy rədd olsun köhnə Adel! Dəfn elə onu dərin bir yerdə. Sən bugünki Adeli göstər. Acığa lap elə özüm də oynayacam bu tamaşada. Bir tərəfdə mən, o biri tərəfdə Rufa, ortada Dramaturq... Hamımız bir yerdə olacağıq.
Rufa. Sən də oynayacaqsan? Qraf Lesteri?
Rejissor. (Qımışır.) Bəli, Rufa xanım, tərəf-müqabil olacağıq. Hər bir yaxşı rejissor hərdən səhnəyə də çıxmalıdır, aktyor kimi.
Dramaturq. Belə ki sən başlamısan, qorxuram pis qurtarasan.
Rejissor. Pisniyabət! Elə ona görə Adel səni qoyub qaçdı də! (Qəhqəhə ilə gülür)

Heç kəsin gözləmədiyi halda Dramaturq ona yaraşmayan bir cəldliklə
Rejissorun üstünə atılıb yaxasından yapışır. Qadınlar qışqırışır.
Rejissor gözləmədiyi hücumdan şaşırır, hətta qorxur.
Rejissor. Neynirsən? Dəli olmusan?
Dramaturq onu buraxıb sakitcə aralanır və kulisdə görünməz olur.
Rufa. O hələ də sevir!
Rejissor. Sən dedin ərin ölüb?
Adel. Dəxli yoxdur! Axar çaya ikinci dəfə girmək mümkünsüz. Altmış yaşında, o özü demiş, məhəbbət haqqında deyil, hasarın o üzü haqqında düşünmək lazımdır. Yaman qorxdun! (Qəhqəhə ilə gülür.)
Rejissor. Gicgahına güllə sıxan adamdan qorxmaq məsləhətdi. Nəysə, qızlar, məsələ çox ciddidir. Adel, bütün teatr bilir ki, sən mənimlə işləyəcəksən. Əgər mənim təklifimi qəbul eləməsən özümə bir güllə vuracam. Özü də o zavallı kimi əlim əsməyəcək, mən solaxay deyiləm.
Adel. Deyəsən burda hamının başı xarab olub.
Rejissor. Başa düşün, bu mənim axırıncı şansımdır. Direktor rol bölgüsünü gözləyir ki, əmr versin. İndi söz sənindir, Adel. (Kəskin.) Hə - yox?!

Pauza. Rufa Adelə baxır, gülümsəyir. Dramaturq sakitcə
gəlir, pilləkəndə oturur və əlindəki kitabı oxuyur.

Dramaturq. (Ortalığa.) Dedilər direktor səni çağırır.
Rejissor. Eşitdiniz? O məni gözləyir. Adel, eşidirsən?
Adel. Yaxşı canım qurtarmışdı bu dəlixanadan! (Getmək istəyir).
Rejissor. (Dəli kimi yüyürüb qabağını kəsir) Dayan! Bircə kəlmə: hə - yox?
Adel. (Qışqırır) Yox!
Rejissor. Yox? (Şalvarının arxa tərəfindən tapança çıxardır). Ofanın goru haqqı, əgər “hə” deməsən bir güllə sənə, bir güllə ona (Rufanı göstərir)...
Rufa. Hah!
Rejissor. ... bir güllə hələ iyirmi beş il əvvəl ölmək istəyən bu zavallıya (Kitab oxyuyan Dramaturqu göstərir.), birini də özümə vuracam!
Adel. Sən doğrudan dəli olmusan, ya Sərvəri məşq eləyirsən? Hələ yazıq Səkinəni də qatırsan bura.
Rejissor. Adel, bu butafor tapança deyil. Bu mənim son istinadgahım, xilas yolumdur! (Atəş açır. Çoxsaylı sofitlərdən birinin şüşələri çilik-çilik olub hardasa yerə tökülür. Qadınlar qışqırışır).
Dramaturq. (Yerindən sıçrayır.) Sən dəli olmusan? İndi aləm töküləcək bura.(Tapançanı əlindən almaq istəyir).Ver bura!
Rejissor. (Tapançanı Dramaturqa tuşlayır). Yaxın gəlmə! Sən ki bilirsən Ofa öləndən sonra həyat mənim üçün heç nədir! Mən hər gün intihar haqqında düşünürəm. Əgər bu tamaşa baş tutmasa, məni həyatda saxlayan yeganə bağ da qırılacaq! (Qışqırır.) Başa düşürsən?
Adel. (Günahkarcasına) Axı mən yox demədim, mən... Rufa, bura dəlixanadır!
Rejissor. Bəlkə sən dəli deyilsən? Bir farmazon kişiyə, nə bilim ailəyə, uşağa görə teatra xəyanət eləyən, Allahın verdiyi istedadı iyirmi beş il dustaq saxlayan sən deyilsən? Kim qaytaracaq o illəri, kim o illəri bərpa eləyəcək? Sən tək dəli yox, həm də cinayətkarsan!
Adel. (Sarsılmış vəziyyətdə) Sus, Allah xatirinə, sus! Gizlət o zəhrimarı, mən razıyam.
Rejissor. (Hədə ilə) Sən razısan?
Adel. Karsan, dedim razıyam də!
Rejissor. O razıdır! Çox sağ ol, Adel! İcazə ver öpüm əllərindən! (Əlində tapança üstünə yeriyir). Adel!
Adel. Gizlət o zəhrimarı! Açılar, ölərik durduğumuz yerdə.
Rejissor. Ah, tapança! (Tapançanı çox asanlıqla arxadan şalvarının qayışına keçirdir və gödəkçəsi ilə üstünü örtür. Sonra qalant əda ilə Adelin qabağında diz çöküb əlindən öpür və elə o vəziyyətdə də danışır). Çox sağ ol, Adel, sən indicə məni ölümdən xilas elədin, elə hamımızı! Həqiqətən ölüm gözlə qaş arasındadır. (Adeldən aralanır, heysiz hərəkətlə dəsmalını çıxarıb tər basmış alnını silir və ortalığa). Çox sağ olun! (Bir növ təzim edir.)
Adel. Mən razı olmaram ki, daha bir kişi mənə görə özünü güllələsin.
Dramaturq. Nə qədər humanist addım! (Gedir).
Rejissor. Gedim direktoru sevindirim. (Gedir).

Pauza. Adel Rufa ilə yanaşı oturur.

Adel. Sən ağıllı qadınsan, Rufa, düzünü de, mən qayıtmaqda səhv eləməmişəm?
Rufa. Mən səni yenidən səhnədə görməkdən həyəcan duyuram, hətta mənə elə gəlir ki, mən də uzun ayrılıqdan sonra qayıdıram səhnəyə, səninlə birgə.
Adel. Səninlə rəqib olacağıq səhnədə, həyatda rəfiqə, səhnədə Rejissor demiş, rəqibə.
Rufa. Qorxutma məni. ( Pauza.) Sən doğrudan işləyəcəksən teatrda?
Adel. Nədi, sən də tapança çıxardacaqsan? (Gülür).
Rufa. Mənə elə gəlir ki, sən məşq eləsən də səhnəyə çıxmayacaqsan. Bu, Adelin növbəti oyunudur.
Adel. (Tutulur). Mənim oyuna nə ehtiyacım?
Rufa. Aktrisa həmişə oynamalıdır. Ya səhnədə, ya da həyatda. Bu onun həyat tərzidir.
Adel. Siz çox həssasmışsınızmış! (Hər ikisi gülür). Yoruldum boşuna oynamaqdan, Rufa, səhnəyə çıxmaq istəyirdim. Bu istək bütün həyatımı zəhərləyirdi. Hər şeyim vardı, ərim, uşaqlarım, hörmətim, bütün ömrümə bəs eləyəcək şöhrətim! Amma xoşbəxtliyim bütöv deyildi, sınıqdı. İçimdə, bax burda, sinəmin altında bir boşluq vardı. O məni rahat olmağa qoymurdu. Daima teatr xəbərlərini izləyir, təzə qoyulacaq tamaşalar haqqında eşidir, bütün yaxşı qadın rollarını üstümə biçirdim. Boynuma alım ki, bu iyirmi neçə ildə sənə qibtə eləmişəm, heç kimə yox, sənə. Hər premyerandan sonra teatrdan qövrlə çıxırdım. Niyə o səhnədədir, mən yox? Əslində mən səndən üzr istəməliyəm.
Rufa. Hah! Mən də aydan arı, sudan duru deyiləm. Sənin bu səmimi etirafından sonra da susmağa ixtiyarım yoxdu. Həmişə məni düşündürür ki, istedadda tən gəldiyim bu qadın iyirmi beş ildir səhnədən gedib, amma unudulmur. Nəinki unudulmur, şöhrəti daha da artır, populyarlığı da, ona olan tamaşaçı sevgisi də. Nədən? Boynuma alım ki, bu mənim heysiyyətimə toxunur, məni incidir, ən çoxu isə təəccübləndirirdi.
Adel. Cavabını tapa bildin?
Rufa. Tapdım!
Adel. Maraqlıdır.
Rufa. Əvvəl elə bildim səbəb taledədir, amma sonra başa düşdüm ki, səbəb bu deyil, başqadır. O səbəbi başqa kiməsə demək istəməzdim.
Adel. Mənə də?
Rufa. Sənə heç olmaz! Bir onu deyə bilirəm ki, sən mənə çox lazımsan, teatrda olsan da, olmasan da! Sənin tamaşa salonunda olmağın məni səfərbər edir. Birdən hiss eləyirəm ki, zal tamaşaçı ilə dolu olsa da mən sənin üçün oynayıram. İndi isə qorxuram, amma nə qədər qorxsam da, mənə sənin kimi tərəf-müqabil lazımdır. Səni itirsəm, bədənimin bir hissəsini itirmiş olaram.
Adel. Sizin bacınız və əsiriniz?
Rufa. (Gülümsəyir). Yox, sizin rəfiqəniz və rəqibəniz! İcazə ver bir dəfə də mən öpüm səni... (Sərin öpüşür və aralanırlar).
Hər ikisi ayaq üstə, üz-üzədir. Gərgin musiqi yavaş-yavaş artır. Musiqi səsi güclənib daha da gərginləşdikcə qadınlar da gərilir və üz-üzə dayanmış iki kobra kimi şahanə görkəm alırlar. Guya iki rəqib kraliça – Yelizaveta və Mariya üz-üzə dayanıb. Bir növ saspens vəziyyətdir. İşıq getdikcə azalır və sönür.

I hissənin sonu

II h i s s ə

Birinci hissənin sonundakı gərgin musiqi səslənir. Səhnə ala qaranlıqdır.
Rejissor səhnənin bir küncündə kiçik masa arxasındakı iki stuldan birində
oturub. O zala qışqırır.

Rejissor. Musiqini artır, səsini... (Musiqi səsi bir qədər artır). Belə! Mariya danışmağa başlayanda bir ton aşağı sal. Adel gəlir!
Adel. (Gəlir. Uzun qara məşq yubkasındadır. Əyninə kip oturmuş sinəsi bağlı, çiyinləri açıq qara kofta geyinib. I hissədəkindən cavan və yaraşıqlı görünür). Pərvərdigara, mən məhv oluram... Bilmirəm onu necə saxlayım, bilmirəm... Neynirəm, nəyimə lazımdır bu seçmək azadlığı... (Fikirləşir). Necə oldu? Replika verin!
Rejissor. Hanı mənim köməkçim, pomrej harda qaldı? Yenə qarnı gedir?
Düzəlməyəcək, Allah da gəlsə bu teatrda nizam-intizam olmayacaq! Dəftəri tez atmısan də, Adel. (Qarşısındakı pyesə baxır).
Adel. Mən dəftərlə oynaya bilmirəm. Pomrej burda oturmalıdır, tualetdə yox!
Rejissor. Yaxşı, qızışdırma özünü! (Pyesə baxır). Davam elə! Axı mənim iradəm, azadlığım...
Adel. (Davam edir) Axı mənim iradəm, azadlığım nəyimə lazımdır? Belə mətn olar, bu nə tərcümədir? “Mənim iradəm, azadlığım nəyimə lazımdır?” Adamın dili sınır? Hanı Dramaturq?
Rejissor. Demə o sözləri, Adel, istəmirsən burax o cümləni.
Adel. Axı mən demişdim düzəltsin mətni! (Deyinə-deyinə səhnədən gedir).
Rejissor. Yenə getdi! (Dalınca qışqırır.) Hara gedirsən, Adel? Bu dəli arvad məni öldürəcək! (Pyesi stolun üstünə çırpır). Denən a heyvan, sənə deyirlər çıx get bu teatrdan, get də! Atanın başını basdırıblar burda? Get otur də bulvarda, kaktuslar arasında, domino oyna də! Yox, bu sensasiya eləyəcək teatrda! Bu vaxtacan eləyə bilməyib, indi eləyəcək. Ala, elədin! (Qışqırır.) Dramaturq hanı, harda veyillənir Çexovla?
Dramaturq gəlir və sakitcə Rejissorun yanındakı
boş stulda oturur.

Dramaturq. Başlamısınız?
Rejissor. Hardasan? (Günahkarı tapmış kimi). Onun mətninə əl gəzdir də! Necə istəyir elə də düzəlt. (Zala) Kəs bu musiqini, başımız getdi.
Dramaturq. Mən özgə müəllifin mətnini dəyişə bilmərəm!
Rejissor. Kim deyir dəyişə bilməzsən? Dəyişərsən, lap gözünü də çıxardarsan.
Dramaturq. Bəs özü hanı?
Rejissor. Nə bilim? Küsüb yarımçıq getdi məşqdən. Sən də otuz ildir dərd çəkirsən! Mən belə arvadın qaçmağına görə dərd çəkmək nədi, sevinərdim, qurban kəsərdim.
Dramaturq. Yaxşı, qızışma! Bəlkə başqa səhnəni məşq eləyək, Rufa ilə sənin yerini?
Rejissor. Rufa bir saaatdan gələcək. Ondan nigaranlığım yoxdu, o professionaldı. Bunun elə adı varmış!
Dramaturq. Sss... gəlir.
Adel əlində rol dəftəri görünür.
Adel. (Peşman səslə) Başlayaq! (Kulisə çəkilir).
Rejissor. Başladıq! (Dramaturqa pıçıldayır). Zırı icazə alıb, toyu var, onun replikalarını sən ver, bu hissəni birtəhər yola verək.
Dramaturq. Teatrı yıxan elə yola verməkdir.
Rejissor. Mən olüm, etiraz eləmə! (Əlini əlinə vurur) Adel, gəldik!
Adel. (Ləng addımlarla gəlir və səhnənin önündə dayanır) Pərvərdigara, mən məhv oluram... Mən bilmirəm onu necə saxlayım, bilmirəm. İlahi, yəni bu mənəm, məsum, sadədil Mariya? Hanı o ürəyi təmiz, ruhu saf, qəlbi sakit, günahlardan azad Mariya? Mən özümü tanıya bilmirəm. İblislər varlığımı əsir etdilər, ruhumu satın aldılar. Məni bütün varlığımla cəhənnəm əzablarına doğru sürüklədilər...
Rejissor. (Dramaturqa) Tez çıx ora, Zırının yeridi, səhnənin dib tərəfindən gəlirsən, mizanı bilirsən. Yeri!

Dramaturq səhnəyə qalxır və lap dibə çəkilir. O, alaqaranlıqda
dərhal görünmür.

Rejissor. Adel, sən dahi aktrisasan, sözüm yox, amma daxili təlatümü mən hələ hiss eləmirəm. Hiss eləmirəm ki, sən hər şeyini Bosuelə qurban verməyə hazır qadınsan. Bir qədər temperamenti, daxili titrəyişi artır. Yerişinə də fikir ver, az qala aşa-aşa yeriyirsən, sən vaqon bələdçisi deyilsən, daraqaya, kraliçasan.
Adel. Başa düş, ay adam, ayaqlarım ağrıyır.
Rejissor. Səhnədə aktyorun heç yeri ağrımaz. Aktyor özü diaqnozdur.
Adel. Həri, ağlı başında olan aktyorluq eləməz!
Rejissor. Yadına sal, Adel, ledi Maqbeti, Gertrudanı oynadığın vaxtları! İlahi sən necə yeriyirdin səhnədə? O ədalar, şahanə yeriş, asanka! İndi nə olub?
Adel. Heç nə olmayıb, onda yeriməyi mənə sən yox, Mayestro özü öyrədirdi.
Rejissor. (Pərtdir) Neynək, biz öyrədə bilmirik, buyur, o öyrədən kimi yeri!
Adel. Dedim ayaqlarım ağrıyır, ay... tupoy!
Rejissor. Adel, sən məni incitmək istəyirsən?
Adel. Yox, yadına salıram.
Rejissor. Yaxşısı budur, sən səhnədə necə yeriməyi yadına sal. Hər şeyi unutmusan.
Adel. Unutmuşam, unutmayanı tap o oynasın! Burda qabağımda diz çöküb əllərimi yalayan sən deyildin?
Rejissor. (Pərtliyindən qaralır və iki əli ilə başını tutur) İlahi, mənə səbr ver!
Adel. Sən elə bilirsən mən tamaşa vaxtı, dediyin kimi, aşa-aşa yeriyəcəm?
Rejissor. Yaxşı, necə istəyirsən elə də yeri. İstəyirsən lap axsaya-axsaya gəl! Başladıq! Musiqi! Mətn səslənəndə bir ton aşağı, İzik, yatma!

Musiqi səslənir. Adel gəlir.

Adel. Pərvərdigara!
Rejissor. Bir az qabaqdan! Səhnəni təzədən oynayırıq.
Adel. Pərvərdigara, mən məhv oluram... Bilmirəm onu necə saxlayım, bilmirəm. Yəni bu mənəm, məsum, sadədil Mariya? Hanı o ürəyi təmiz, ruhu saf, qəlbi sakit, günahlardan azad Mariya? Mən özümü tanıya bilmirəm. İblislər varlığımı əsir etdilər, ruhumu satın aldılar, məni bütün varlığımla cəhənnəm əzablarına doğru sürüklədilər.
Rejissor. Bosuel, bir az irəli çıx, işığa!
Adel. Bosuel! (Yüyürüb Dramaturqun boynuna sarılır, ehtirasla elə qucaqlayır ki, sanki içində ərimək, ona hopmaq istəyir). Sən hardan çıxdın?
Dramaturq. Zırının toyu var, rayondadı.
Rejissor. (Qışqırır). Bosuel, nə donub qalmısan, replikanı ver!
Dramaturq. (Həyəcanlı, titrək, qırılan səslə) Ülya-hhəəzrət, məni aaarvadım gözləyir.
Adel. Sənin arvadın var? Bəs dedilər sən məndən sonra evlənməmisən?
Dramaturq. Elədir, evlənə bilmədim.
Rejissor. Adel, nə danışırsınız orda, bu söhbətin yeridir? Razborka üçün yer tapmadınız?
Adel. (Gülür). Axı bu Bosuel deyil! Hara baxıram bu adam çıxır qabağıma. Bu tamaşada bütün kişiləri Dramaturq oynayacaq?
Rejissor. Adel, yalvarıram, burax bu ulduz kaprizlərini! Mənim altmış yaşım var.
Adel. Guya mən uşağam? Rejissorsan, tələb elə hər kəs məşq vaxtı yerində olsun! (Hirslə Dramaturqa.) Sən də replikanı de!
Dramaturq. (Rol dəftərinə baxır.) Ülyahəzrət, məni arvadım gözləyir.
Adel. Arvadınız? (Özünü gülməkdən güclə saxlayır).
Dramaturq. (Adelin gülmək istəyi ona da keçir.) Mən evliyəm, ülyahəzrət. Yadınızda olmalıdır, Şotlandiyanın ən gözəl, ən gənc ledisini siz özünüz seçdiniz mənim üçün.
Rejissor. Ürəkli danış! Sən Bosuelsən. Hündürboy, güclü, qüdrətli, özünə inamlı erkək! Ölkənin kraliçası ovcunun içindədir. O sənin üçün hər şeyə hazırdır.
Dramaturq. Bunları sən Zırıya deyərsən, Bosueli o oynayacaq tamadalıqdan macal tapsa.
Rejissor. (Gülür) Ciddi olun! Bosuelin replikası!
Dramaturq. Mən evliyəm, ülyahəzrət. Yadınızda olmalıdır, Şotlandiyanın ən gözəl, ən gənc ledisini siz özünüz seçdiniz mənim üçün.
Adel. Bu kraliçanın sizə olan rəğbətinin təzahürü deyilmi?
Dramaturq. Deməli, mən mürəxxəs ola bilərəm? (Təzim edib getmək istəyir).
Adel. (Qışqırır) Bosuel! Dayanın! (Rəsmi.) Ceyms Xepbörn, qraf Bosuel, mənim sayəmdə siz Şotlandiyanın birinci zadəganı rütbəsinə çatdınız. Mən sizə verdim ordunu, ölkəni, xalqı. Mən öz təhlükəsizliyimi, həyatımı və namusumu sizə etibar elədim. Amma siz... canisiniz, Bosuel. Siz hiyləgərliklə, güclə məni yatağınıza saldınız. Siz tərəddüd etmədən mənim qadınlıq ismətimi, analıq ləyaqətimi, hökmüdar şərəfimi tapdadınız. İndi mən sizin kölənizə, malınıza, çəkmənizin... tozuna çevriləndən sonra siz məni atmağa, mənə xəyanət etməyə hazırsınız bir... (Susur).
Rejissor. Burda nəfəs alırsan, o sözü deməyə tərbiyən yol vermir... Həm də qorxursan! Sən Bosueli itirməkdən qorxursan, ona görə də özünü alçaldırsan, bəlkə də bu alçalmaqdan gizli bir ləzzət də alırsan, mazoxistlər kimi. Davam elə, Adel, hər şey əladır!
Adel. (Gözucu dəftərə baxır.) Mən daha nəyi atmalıyam sizin ayaqlarınız altına? Sizin doymaq bilməyən xislətiniz daha nə istəyir? Həyatımı? O sizə lazım deyil! (Dəftəri əsəbiliklə tullayır). Tacımı? Gülürsən... Əlbəttə sənə mənim tacım lazımdır. Hakimiyyət! Yaxşı, de görüm mən nə etməliyəm ki, onu sənə verə bilim? Axı onun sahibi var! Henri Darnley mənim ərim, oğlumun atasıdır, nəhayət kraldır!
Rejissor. Adel, bu yerdə Bosuel sənə elə baxır ki, sən hər şeyi başa düşürsən. Əslində sən bilirdin, o sualı verəndə cavabını da bilirdin, amma sən oynayırsan. Axırıncı replikanı bir də.
Adel. Axı onun sahibi var! Henri Darnley mənim ərim, oğlumun atasıdır, nəhayət, kraldır! (Pauza).
Rejissor. Bax də, Bosuel! Nə dayanmısan mal kimi? Elə bax ki, o sənə “Yox” deyə bilsin.
Dramaturq. Gəl özün bax! Mən ancaq replika verə bilərəm, baxmaq Zırının işidir.
Rejissor. Həri, Zırı o çəp gözü ilə yaxşı baxar! Saya gələndə nə qədər aktyor var ştatda, amma rol böləndə həm talantı, həm də fakturası olan normal bir kişi tapa bilmirsən.
Dramaturq. Çıxa bilərəm roldan?
Rejissor. Guya girmişdin?! Çox gözəl alınır, Adel! Əla! Mən yavaş-yavaş otuz il qabaqkı Adeli görürəm.
Adel. Yox bir qırx il! Guya Adelin yetmiş yaşı var!
Rejissor. (Gülə-gülə) Fasilə! Rufa hardadır? On beş dəqiqədən sonra səhnədə olmalıdır! Adel, sən istəsən gedə bilərsən.
Rufa. (Gəlir. O da uzun məşq yubkasındadır, amma koftası yaşıl rəngdədir.) Hah! Burdasız! Necə gedir? (Adellə öpüşürlər). Alışırsan səhnəyə yavaş-yavaş?
Adel. Hələ ki, cənab rejissorla didişirik.
Rufa. Bu artıq yaxşı əlamətdir.
Rejissor. On beş dəqiqə fasilə! (Əlindəki kitaba baxan Dramaturqa.) Anton Pavloviç, bəlkə gedək bir çay içək?
Dramaturq. Treplyov niyə özünü vurdu?
Rejissor. Treplyov? Səbəb çox sadədir. O da sənin kimi nə aktyordu əməlli-başlı, nə də dramaturq. (Gülür). Onu da sevgilisi atıb başqasına qoşuldu, səni də! O da özünə bir dəfə uğursuz qəsd elədi... (Birdən susur, gülüşü üzündə donur, əli ilə ağzını qapayır. Bir növ dediklərindən qorxur.) Nə çox paralel var... Dostum, bu mistikadır!
Dramaturq. Bəlkə trillerdir, sən də Hiç-Kok?!

Rejissor qoluna girib onu aparır. Adellə Rufa ikisi qalır .

Rufa. Nə olub, kefin yoxdur, yoruldun?
Adel. Rufa, teatrın sehri qalmayıb. Nəsə bir boşluq, mənasızlıq var. Hanı o qaynar həyat? Ehtiraslı baxışlar, toqquşan maraqlar, intriqalar?
Rufa. Çox şey dəyişib, Adel. İndi sənət adicə peşəyə çevrilib. Hər şey var, gözəl bina, əla texnika, hər şeyin də yaxşısı, amma ruh yoxdur. Teatra olan eşq itib. Eşqsiz də hər şey ölüdür, mənasızdır.
Adel. Tale elə gətirdi ki, doğulub boya-başa çatdığım evimizdən, gözəl bağ-baxçamızdan çox erkən ayrılası oldum. Uzun illər ora yolum düşmədi, amma həmişə yaddaşımda o yerlərlə bağlı kövrək xatirələr yaşayırdı. Nəhayət, bəlkə bir otuz ildən sonra o yerlərə qayıtmaq imkanı yarandı. Rufa, reallıq o qədər bəsit, adi oldu ki, ora getməyimə peşman oldum. O əziz xatirələrin əsrarəngizliyini itirdim. Kaş ki heç getməyəydim oralara. İndi mən yenə də o vəziyətdəyəm. Gərək teatrla bağlı o sehirli xatirələri dağıtmayaydım.
Rufa. Çox şişirdirsən, Adel.
Adel. İyirmi beş il qabaq teatrdan getmiş Adel qayıdır, bir adam maraqlanmır ki, görək bu kimdir, neynir burda? Küçədə məni saxlayırlar, dayanıb baxırlar, teatrdan başı çıxmayan, məni səhnədə heç vaxt görməyən jurnalistlər sarsaq informasiyalar yazırlar... Teatrda isə bir adam gəlib məşqə baxmır. Opera teatrında mən lojaya çıxanda, Rufa, hamı bir nəfər kimi ayağa qalxıb alqışladı məni... Danışmamışam sənə?
Rufa. (Gülür). Danışmısan, hələ o vaxt! O gün də danışdın burda.
Adel. Gülmə, altmışdandır.
Rufa. Hah! Sərf eləməyəndə qocadır.
Adel. Yadındadı o staruxaların məşqlərinə baxmaq üçün biz yırtıq-deşik axtarardıq?
Rufa. Hər şey elə o staruxa, starik dediyimiz aktyorlarla getdi. Çox şey dəyişdi, teatr da dəyişdi, ona münasibət də. Teatrın sehrini onlar apardılar özləri ilə.
Adel. İlahi, kimlər vardı burda, necə aktyorlar, aktrisalar... Hamısı xatirimdədir. Biz gələndə teatra onlar elə biz yaşdaydılar, əlli-altmış arasında. Biz o qədər cavandıq ki, onlara “teatrın staruxaları” deyirdik öz aramızda, amma heyranlığımız azalmırdı. Hökümə xanım! Canlı əfsanə, jivaya legenda...
Rufa. Hah!
Adel. ...dayanırdı səhnənin dibində, ağ işıq altında mərmərdən yonulmuş ağ heykəl... yox, heykəl nəsə kobud çıxır, ağ... statuya kimi. Tərpənmir, qımıldanmır, elə bil nəfəs də almırdı. Adamlar o tamaşaya dəfələrlə gəlirdilər onun şahanə duruşuna, əzəmətli görkəminə, təkrarsız məlahətinə baxmağa.
Rufa. Çox adam elə bilirdi ki, o həqiqətən heykəldir.
Adel. Elə ki, o tərpənir, mərmər statuya Qalateya kimi canlanır, zaldan necə heyrət dalğası keçirdi. Hökümə xanımın sehirli səsi eşidiləndə isə salon ovsunlanırdı... Hayıf ki, o məni sevmədi.
Rufa. Heç sən də ölmürdün ondan ötəri.
Adel. Yox, Rufa, mən onu sevirdim, ölürdüm onun qəribə cingiltisi olan səsi üçün. Onun kübar maneraları necə gözəldi, amma içimdə gizlədirdim bu heyranlığı, nəsə ona münasibətdə tərbiyəsizlik, stervalıq eləyirdim. İçimdə həsədlə heyranlıq daima mübarizə aparırdı. Hər axmaq əməlimdən sonra da həmişə bir peşmançılıq dəbərirdi içimdə, məni narahat eləyirdi. İndinin özündə də yadıma düşəndə elə bil canımda mənə tanış olmayan bir xəstəlik baş qaldırır.
Rufa. Hah! O bir gün yuxudan oyanıb özündə qəribə, ona tanış olmayan bir xəstəlik aşkar elədi və bərk təəccübləndi: bu vicdandı-nədi?
Adel. Ax tı zlyuçka! Bu teatrda bir səndən çəkinirəm, hətta qorxuram...
Rufa. Hah! (Gülür.) Yenə nə olub məşqdə? İndicə pıçıldadılar mənə.
Adel. (Gülür) Zırının yerinə replikaları yenə sənin sevimli dramaturqun verirdi.
Rufa. Deyəsən bu tamaşada bütün kişi rollarını Dramaturq oynayacaq.
Adel. (Bərkdən gülür) Elə mən də onu dedim də! “Bosuel!” deyib onun boynuna sarılanda yazıq necə titrədisə özüm peşman oldum hərəkətimə. Rəngi ağardı, səsi dəyişdi. “Ülyahəzrət, məni arvadım gözləyir” deyəndə gülmək tutdu məni. Dedim sənin arvadın var? Bəs deyirlər sən məndən sonra evlənməmisən? (Uğunur. Rufa da gülür.) O da deyir ki, elədir, evlənə bilmədim... (Daha bərk gülür).
Rufa. Gülmə, Adel!
Adel. Onun otuz ildən sonra da özünü məhəbbət qurbanı kimi aparması məni əyləndirir. Mən onun yerinə olsaydım, heç vecimə almazdım Adeli!
Rufa. Axı sən onu sevirdin.
Adel. Rufa, onda mən elə yaşdaydım ki, qabağıma kim çıxıb göz eləsəydi seviləcəkdi!
Rufa. Bəs necə oldu, heç bir ay keçməmiş qaçdın? Axı bir aya məhəbbət bitməz.
Adel. Bitər, əzizim, bitər!
Rufa. Adel, mən uşaq deyiləm.
Adel. Sevgi məsələlərində uşaqsan, mənim əziz rəfiqəm. (Ciddiləşir.) Sizin aranızda doğrudan nəsə olub, ya şayiədir?
Rufa. Hah!
Adel. Sən səhnədə də “hah!” eləyəndə bilirəm ki, vaxt qazanırsan. Olub?
Rufa. (Müəmmalı gülümsəyir). Ola bilərdi, olmadı.
Adel. Səbəbini demək istəmirsən?
Rufa. Dedi qüsura baxmayın...
Adel. Türkcə konuşurdunuz? (Gülür).
Rufa. Gülmə ona, Adel, o çox yaxşı insandı.
Adel. Sən onu sevirsən? Düzünü de, halal eləyirəm!
Rufa. Sevə bilərdim.
Adel. Hə, qüsura baxmayın dedi, sonra?
Rufa. Dedi qüsura baxmayın, mən elə bildim Adeldən sonra kimisə sevə bilərəm. (Adel qəfil qəhqəhə çəkib gülür). Sən gülürsən, amma bu çox kədərli məhəbbətdi.
Adel. (Gülməkdən yaşarmış gözlərini silir) Qoy elə olsun!
Rufa. Adel, mənim ona rəhmim gəlir...
Adel. Mənim də! Gəl bağlayaq bu söhbəti, tamaşadan danışaq.
Rufa. Danışmaq nədi, Adel, biz oynamalıyıq. Bu tamaşa ilə teatrı sikələməliyik. Biz mütləq cavanları, gənc həmkarlarımızı heyran etməliyik. Qoy onların bizə yazığı gəlməsin, onlar bizi sevməsələr də, inansınlar, bizə heyran olsunlar, necə ki, sən sevmədən heyran ola bilirdin.
Adel. Sən lap monoloq dedin. İndinin cavanları çox sayğısızdır, Rufa.
Rufa. Həmişə belə olub. Cavan – qoca, nə bilim atalar-oğullar, min illərdir bu mübarizə davam edir. Cavanlar sayğısız, qocalar gileyli.
Rejissor. (Gəlir) Qızlar, bütün teatr bizim tamaşadan danışır. Dostlar sevinir, düşmənlər qan ağlayır. Necə bilirsiniz, biz qalib gələ biləcəyik bu mücadilədə?
Rufa. Qələbəyə mənim şübhəm yoxdur!
Adel. Bəs proval olsa?
Rufa. Proval olsa mən teatrdan gedəcəm! Əgər bizdə hələ bircə damcı teatr eşqi qalıbsa, mütləq getməliyik, hamımız getməliyik!
Rejissor. (Ciddi) Premyera günü cibimdə tapança olacaq.
Rufa. Yenə tapança?
Adel. Nədi, bizi öldürəcəksən?
Rejissor. Nə edəcəyimi son məqamadək heç kəs bilməyəcək. Ancaq tapança açılanda sirr də açılacaq.
Adel. Mənə deyən gərək ki, iyirmi beş il yaşadın teatrsız, indi nə işin var burda, a qəh... lənət şeytana!
Rufa. Qorxma Adel, tapança atmağa kişilik lazımdır.
Rejissor. Sağ ol, Rufa xanım! Bizim kişiliyimizə sizin şübhənizmi var?

Dramaturq əlində kitab sakitcə gəlir və arxası onlara tərəf oturur.
Rufa. Bilirsiniz, mayestro, qadın aktrisa adi qadından bir az çox qadındır, aktyor kişi isə adi kişidən bir qədər az kişidir.
Rejissor. İzah eləyə bilərsinizmi bu... sillogizmi, Rufa xanım?
Rufa. Səni yəqin ki, sillogizmin ikinci hissəsi maraqlandırır.
Rejissor. Düz tapmısan.
Rufa. Kişilik və artistizm, litsedeystvo və mərdlik bir-birini inkar edir... bir qədər. Ona görə aktyor kişi adi kişidən bir qədər az kişidir.
Dramaturq. (Öz-özünə danışır kimi) Qadın kişiyə uğursuzluğu bağışlaya bilmir.
Rejissor. Onda Rufa, bu bütün kişilərə aiddir, çünki bu dünyada istisnasız olaraq hamı oynayır, yəni, hamı aktyordur.
Rufa. Əgər Şekspirin sözləri sizə təsəlli gətirirsə, onu tez-tez təkrar edin.
Rejissor. Bəli, Rufa xanım, dünya özü böyük bir teatr, insanlarsa bu teatrda oynayan aktyorlardır.
Dramaturq. Hayıf ki o teatrda rollar çox pis bölünüb.
Adel. Onu da Şekspir deyib?
Rejissor. Kim deyibsə, doğru deyib!
Rufa. Çalış özünü oyna, qalan rolların çoxdan yiyəsi var.
Adel. Rufa, bu iyirmi beş ildə çox irəliləmisən. (İstehza ilə) Hələ pyes yazmırsan? Aktrisanın intellektual səviyyəsi artanda ya pyes yazır, ya da Hamleti oynamaq fikrinə düşür.
Rufa. Hamleti oynamaq istəməzdim, amma pyes yazmaq haqda düşünürəm. Adını da təzəcə tapmışam: “İki aktrisa üçün baş rol”.
Rejissor. Mən elə bildim təkcə bizim Dramaturq Şekspir ənənəsini davam etdirir, həm yazır, həm oynayır.
Rufa. Bizim dramaturq Şekspirin yox, Molyerin davamçısıdır, komediya yazır.
Rejissor. Ağalar, fasilə bitdi, məşqə davam edirik. Rufa, sən incimə, mən proqramda kiçik bir dəyişiklik elədim. Bizim yerimizi sonraya saxlayıram, na desert! İndi Mariya ilə Darnleyin səhnəsini təkrar məşq edəcəyik. O səhnədən çox nigaranam. Adel, etiraz eləmirsən?
Adel. Qələt eləyərəm, tapançan var.

Hamı gülür.

Rejissor. Axır məndən qorxan arvada rast gəldim.
Adel. Qorxmazdım, mayestro, məni qorxudan Çexovun xəbərdarlığıdır: səhnədə tüfəng varsa, o mütləq açılmalıdır.
Dramaturq. (Qaranlıqdan səsi gəlir) Çexovun komediyalarında kişilər özünü öldürür.
Rejissor. Hardan gəlir onun səsi? Hara getdi bizim Molyer? (Çağırır). Darnley! Hardasan, əlahəzrət? İşığa çıx!
Dramaturq. (Görünmür, səsi gəlir.) Burdayam.
Rejissor. Pərvərdigara, necə mücərrəd söz! O “burda” haradır? Həmişə Ofeliya maşının arxa oturacağından deyərdi, burdan dönürük o tərəfə. Deyirdim, Ofa, bura haradır, hardan dönürük, o tərəf nədi? Sağ var, sol var! Ya da deyərdi qabaqda saxla! Qabaq haradı, Ofa, burdan o yana hamısı qabaqdı, bir kilometr də, on da, yüz də, min də! O da deyərdi, saxla maşını, mozqadyor! (Xoş təbəssümlə, məhəbbətlə gülümsəyir). Yaxşı yumoru vardı Ofanın. (Başını bulayıb gülür).
Dramaturq. (Qaranlıqdan çıxır və gülə-gülə.) Mən olsaydım hələ bir qapaz da vurardım, arxadan.
Rejissor. Sən vurarsan. Ofa mülayimdi, ipək kimi yumşaqdı. Axı o adi insan deyildi, xeyirxah mələkdi. Bir dəfə bir astroloq var , alnında xal, baxdı Ofaya, dedi mən baxıram sizə, heyran qalıram. Sizin kimi insan, qadın demədi, məhz insan dedi, milyondan bir gəlir dünyaya, sizin yer üzündə xüsusi missiyanız var. (Səsi titrəyir. Cəld və kəskin hərəkətlə şalvarının cibindən dəsmal çıxardıb gözlərinə sıxır və bir müddət eləcə qalır).
Adel. (Rufaya pıçıldayır) Elə bildim tapança çıxardır.

Rufa gülməyini güclə saxlayır.

Rejissor. ( Dəsmalı üzündən ayırıb acıqla qışqırır.) Başladıq! Mariya Stüartla Henri Darnleyin səhnəsi! (Əlindəki pyesə baxır). Darnley xəstədir, yataqdadır, Mariyanın gəldiyini görüb hirslə qışqırır. Yerini tut, Darnley, hesab elə ki, o kreslo çarpayıdır. Özün də çiçək çıxartmısan, ospa. Başladıq! Mariya gəlir. Birnəfəsə oynayırıq, xahiş edirəm ciddi olun. Məndən göstəriş gəlməyəcək. Musiqi!

Dramaturq kresloda oturur və yaxınlaşan Adeli görüb qışqırır.

Darnley. O kimdir? Onu mənim yanıma buraxmayın! Rədd ol! O çəngini qovun burdan! Nə var, nəyə gəlmisən? Rədd ol!
Mariya. (Ona yaxınlaşır). Henri, əzizim... Mən səndən üzr istəməyə gəlmişəm.
Henri. Baxma mənim yaralı üzümə! (Üzünü qapayır). İyrəndinmi?
Mariya. Henri, sənsiz özümü yaxşı hiss eləmirəm, əzab çəkirəm. Qayıt geri, axı bizim körpəmiz var... Henri...

Henrinin çiyinləri hönkürtüdən titrəyir.

Ağlama, əzizim? Sakit ol, mənəm, sənin sevimli Merin. Mən yenidən səninləyəm, Henri.
Darnley. (Göz yaşları ilə) Niyə gəldin? Mən ki, bilirəm, sən özün demişdin...
Mariya. Əzizim, mən səni görməyə gəldim. Axı bilirsən, mən səni necə sevirəm.
Darnley. Yalandır! Mən sənə inanmıram!
Mariya. Sən öz sevgilinə inanmırsan, Henri? Toydan sonrakı ilk günlərimizi yadına sal, əzizim, mən səni pişik kimi yalayırdım.
Darnley. (Təsirlənir). Sus, danışma!
Mariya. Sən o qədər də sığal sevən deyildin, sən əsl kişi kimi hisslərində simicdin, dözümlü idin, amma mən sevgidən və istəkdən şam kimi əriyirdim.
Dramaturq. (Pıçıldayır) Şam mən idim, Adel... Sən niyə gəldin, mən artıq səni unudurdum... Gəldin, hər şey yenidən başladı...(Gözündən yaş çıxır).Mən yenə zəiflik elədim, sevdim səni.
Mariya. Sən qayıtmalısan, Henri! Vəziyyət bunu tələb edir.
Dramaturq. Hansı vəziyyət? O murdar Mayestronu tərk edən kimi başqasının ağuşuna atıldın!
Rejissor. Yığışdırın improvizəni! Mayestronun bura nə dəxli var, Darnley? İtalyaşkanı deməlisən, Riççonu!
Adel. (Pıçıldayır) Özünü ələ al, qurtaraq bu zibili, yorulmuşam.
Rejissor. Nə pıçıldaşırsınız orda, davam eləyin!
Darnley. (Dəftərə baxır) O murdar italyaşkanı bitirən kimi böyürdən heyvan Bosuel çıxdı.
Mariya. (Hirsini gizlətməyə çalışır). Heyvan dediyin Bosuel o qudurğan zadəganları, ordunu və xalqı ovcunda saxlayır. Kimsə bu ölkəni idarə etməlidir ya yox?
Darnley. Mən qanuni kralam!
Mariya. Bəs onda niyə sarayında, taxtında, paytaxtında deyilsən?
Darnley. Çünki sənin o üfunət iyi verən paytaxtında heç kəs mənimlə hesablaşmır.
Mariya. Şotlandiyanın kralı Henri Darnley! Mən sənə yalvarıram, nəhayət bu ölkənin kraliçası kimi tələb edirəm: qayıt vəzifə borclarını yerinə yetir!
Darnley. (Ümidlə) Bəs Bosuel?
Mariya. Bosuelin adını çəkmə!
Darnley. Gəl onu bir yerə səfir göndərək.
Mariya. Henri siz axmaqsınız!
Darnley. (Qızarır) Meri!
Mariya. Nahaq yerə sizə vaxt sərf edirəm. Mən elə bildim siz xəstəlikdən sonra ağıllanmısınız, heç olmasa dəyişmisiniz.
Darnley. (Yalvarışla). Meri!
Mariya. Aciz, maymaq! Həmişə sarsaq və miskin olmusan! Sən nə dövləti idarə edə bilirsən, nə də arvadını!
Darnley. (Qışqırır) Sus, Meri, sus!
Mariya. Sizin heç vaxt öz fikriniz olmayıb! Siz həmişə qeybətlərə, dedi-qodulara qulaq asmısınız. Sizə Riççonun ölümü bəs eləmədi, indi də Şotlandiyanın yeganə dayağının məhvini istəyirsiniz? Elə isə bilin, Henri Darnley! Bosuelin bir tükünü sizin bütöv başınıza dəyişmərəm!

Dramaturq ildırım vurmuş kimi dayanıb, nitqi quruyub.

Dramaturq. (Pıçıldayır) Qadınlar kişilərə uğursuzluqlarını bağışlamırlar.
Rejissor. (Dəli kimi qışqırır) Nooldu? Niyə dayandınız? Adel, replikanı təkrar elə!
Dramaturq. Yox! Lazım deyil, istəmirəm!
Rejissor. Davam elə dedim! Özünü ələ al və davam elə! (Daha bərk qışqırır). Mən bu tamaşanı bitirməliyəm, başa düşün, unudun şəxsi problemlərinizi! Mariya replikanı ver, qaldığın yerdən!
Mariya. Elə isə bilin, Henri (Henrini xüsusi qüvvətlə tələffüz edir), Bosuelin bir tükünü sizin bütöv başınıza dəyişmərəm!
Rejissor. Darnleyin burnu qanayır!
Darnley. (Əliylə burnunu tutur) Dəsmal! Mənə dəsmal verin!
Rejissor. (Təqdir edir.) Yaxşı!
Mariya. Qan? (Təşvişlə) Sənə nə oldu, Henri? (Dəsmal verir).
Pauza. Darnley başını geri qanırıb dəsmalı burnuna sıxır.
Bağışla məni, Henri... Mən nə dediyimi bilmirəm. Gəl hər şeyi yenidən başlayaq...
Darnley. Mən böyük səhv elədim, məqsədim kraliçaya evlənməkdi, amma qadın kimi sevdim onu.
Mariya. (Gözlərində yaş parıldayır). Henri, mən həqiqətən səni sevirdim. Həmişə də ancaq səni sevmək istəmişəm... Pərvərdigara, indi mən nə edim?
Darnley. Gözümə bax, Mariya... Sən gəlmisən məni... öldürməyə?
Mariya. Yox...
Darnley. Bəs niyə qorxdun? Mən sənə inanıram.

Pauza.

(qüssəli və ümidsiz) Gəl baş götürüb gedək, Mariya...uzağa... Oğlumuzu da aparaq... Axı niyə biz gedə bilmərik?..
Mariya. (Ayağa qalxır və yuxulu adamlar kimi harasa baxır və elə bil öz-özünə deyir) Elədir, Henri, biz getməliyik... Demişəm sənin şeylərini arabaya yığsınlar... (Hirslə deyinir). Yenə də Bosuel yoxdur, mən havaya oynayıram. Hanı o Zırı dediyiniz?
Rejissor. Sakit! Sakit! (Sıçrayıb səhnəyə çıxır.) Tutaq ki mənəm Bosuel. Mariya uzaqdan görünən Bosuelə tərəf gedir. (Adelə).Gəl, gəl... Eyni vaxtda Darnleyin çarpayısı qaranlığa qərq olur. Bosuel, yəni allah qoysa bizim tamada Zırı köpək oğlu gəlib çıxsa, Mariyanın saçlarını biləyinə dolayıb başını geri əyəcək və dodaqlarından öpəcək... Bax belə! (Adeli asanlıqla qucaqlayıb başını geri əyir və guya dodaqlarından öpür.) Bu vaxt kimsə arxadan çarpayısı qaranlığa qərq olan Darnleyə yaxınlaşıb onu boğur. Darnley müqavimət göstərir, onun sinəsindən qırıq səslər, boğuq xırıltı qopur. Mariya Bosuelin əlindən çıxıb ona yardım etmək istəsə də, Bosuel onu daha möhkəm saxlayıb mənim kimi öpməkdə davam edir. Bu öpüş Darnleyin hərəkətsizləşməsinədək davam edir. Vəssalam! (Adeli buraxır.) Çox razı qaldım! Amma sizə yalvarıram, xahiş edirəm, məni yarıyolda qoymayın, oynayın! Bu bizim hamımıza lazımdır. Bizim ayrı işimiz, sənətimiz yoxdur!
Dramaturq. (Rejissorun üzünə baxmadan) Mən bu roldan çıxıram, imtina edirəm! Yerimə adam tapın!
Rejissor. Sən zarafat eləyirsən, məni qorxutmaq istəyirsən.
Dramaturq. Başa düş, mən oynaya bilmirəm! Nəhayət istəmirəm! (Getmək istəyir).
Rejissor. (Dəli kimi qışqırır) Dayan!!! (Səhnəyə yüyürür və onun yaxasından yapışır). Necə yəni istəmirəm? Sən özbaşınasan? Bəlkə... bəlkə... (Qışqırır). Cəhənnəmə istə! Gora istə! İstəmirsən, qovaram səni teatrdan iti qovan kimi? Elə bilirsən ta aktyor tapmayacam mən? Dedim axı, unut keçmişi! Geriyə boylanıb palan içi tökmə! Bu günlə yaşa! Tüpür o Adelə! (Adel diksinir). Səni ailəsiz-uşaqsız qoyan o vəfasız, ürəksiz qadını unut! O keçmişdə qaldı. Qarşındakı artıq o Adel deyil, bu başqa Adeldi, altmış yaşında qoca arvaddı!
Dramaturq. Sus! Yum ağzını! (Əlləri ilə ağzını qapamaq istəyir).
Rejissor. (Dramaturqa müqavimət göstərir və danışmaqda davam edir.) Qanmırsan ki, sən Henri Darnley deyilsən, Mariya da Adel? Mayestro da çoxdan gorbagor olub? Mariya “Aciz, avara, miskin” sözlərini sənə demir, kəlləsinə dəfələrlə buynuz qoyduğu bədbaxt əri Henri Darnleyə deyir. Qandın? (Yaxasını buraxır). İndi hara gedirsən cəhənnəm ol, get!
Dramaturq. (Sakit, amma gərgin səslə) Mənim tapançam yoxdu, amma şapalağım var! (Rejissora möhkəm bir şillə vurub sürətli addımlarla gedir).
Adel şillə dəymiş sifətini əli ilə tutub mat qalmış Rejissora yaxınlaşır.
Adel. Təəssüf, mənim də tapançam yoxdu! (Rejissorun o biri üzünə şillə vurur və hikkəli addımlarla gedir).

Rejissor aldığı zərbələrdən şaşırıb, əlləri ilə hər iki yanağını tutub
yavaş-yavaş səhnənin önünə gəlir və işıq düşən yerdə oturur. Özü görünməsə də

Rufanın qəhqəhəsi eşidilir. O,qaranlıqdan çıxıb Rejissora yaxınlaşır, yanında çömbəlir.

Rejissor çönüb Rufaya baxır, hiss olunur ki, o hələ situasiyanı tam dərk edə bilməyib.
Rejissor. Rufa, məni döydülər? (Yanaqlarını ovcalayır). Hı! Doğrudan gülməlidir. Gör rejissoru necə urvatsız elədilər bu teatrda. Aktyorlar onu səhnədə döyürlər. (Əlinin arxasını yanağına toxundurur).Yanaqlarım lökküldəyir.
Rufa. Çox efektli səhnəydi. (Gülümsəyir və əlini onun yanağına toxundurur, bir növ sığallayır). Eybi yox, premyerayacan keçib gedər.
Rejissor. Bunlarla mən premyera verə biləcəm, Rufa?
Rufa. Premyera da olacaq, uğur da! Biz qalib gələcəyik! Sən teatrda qalacaqsan.
Rejissor. Yəni onlar qayıdacaqlar?
Rufa. Əlbəttə qayıdacaqlar, səhnədən başqa onların harası var hara da getsinlər? Lökkültü keçir? (Yanaqlarını sığallamaqda davam edir).
Rejissor. Əllərin necə sərindir, Ofanın əlləri kimi yumşaqdır. (Gözündən yaş çıxır).
Rufa. (Əlinin yaş olduğunu hiss eləyir). Sən ağlayırsan?
Rejissor. Yox, ağlamıram... mən... mən... (Riqqətdən danışa bilmir).
Rufa. Qəribədir, mən həmişə arvadına sədaqətli kişiləri xoşlamışam.
Rejissor. (Rufaya baxır. Gözündə yaş parıldayır). Olar səni öpüm?
Rufa. Hah!.. (Ayağa qalxır). İstəyirsən öp. (Gözlərini yumub dodaqlarını öpüş üçün rahatlayır).

Rejissor ayağa qalxıb qadınla üz-üzə dayanır və bir müddət onun
öpüş gözləyən dodaqlarına baxsa da əyilib ehtiyatla yanağından öpür.

Rufa. (Gözlərini açır və səmimi təəccüblə) Elə bu?
Rejissor. Qüsura baxma, Rufa, Ofadan sonra heç bir qadını öpə bilmirəm.

Rufa qeyri-ixtiyari qəhqəhə ilə gülür.

Bu gülməlidir?
Rufa. (Ciddi). Məni öpmək istəyən kişilərlə mənim aramda həmişə bir qadın dayanır. Özü də fərqi yoxdur o qadın Ofeliya kimi vəfalıdır, yaxud Adel kimi vəfasız. (Gedir).
Rejissor. (Rufanın arxasınca baxır və tez də baxışlarının səmtini dəyişib harasa məchul bir yerə zilləyir, elə bil orda kimisə görmək istəyir.) Bağışla məni Ofa, zəiflik elədim. (Əks tərəfə gedir).

İşıq sönür.

Yelizavetanın musiqi motivi səslənir. Rufa – Yelizaveta əlində
açıq məktub ləng addımlarla gəlir, kresloya oturur. Kreslonun yanında
üstündə şam yanan kiçik dairəvi masa var. Məktubu şam işığına tutub oxuyur.
Səhnədə olmasa da Adel – Mariyanın səsi eşidilir.

Mariya. Məni nə məhəbbətin qayıtması, nə də nifrət qorxudur. Mən düşmənlərimdən qaçdım, sənə pənah gətirdim, sənə sığındım, sənsə əvəzində məni əsir elədin, zindana atdırdın. İyirmi ildir mən nə ölüyəm, nə diri. Ömür bitəndən, gənclik sovuşandan sonra daha məni heç nə qorxutmur. Qəlbimə hakim olan yalnız Rəbbimə olan məhəbbətimdir. İngiltərə kraliçasına bacı salamımı göndərir və deyirəm, qoy vicdanınız sizi incitməsin. Mən çoxdan öz ölümümü sizə halal etmişəm...
Yelizaveta. (Məktubu əlindən yerə salır). O həmişə mənə mane olub, anadan olduğu gündən. Bir həftəsi tamam olmamış onu Şotlandiyanın kraliçası elan etdilər, məni isə, on yaşını tamam eləmiş qızcığazı həbsə alıb Tauerə atdılar. O Parisdə həyatın ləzzətlərindən zövq ala-ala əylənəndə mən hər gecəni qorxu içində ölümümü gözləyirdim. On altı yaşında o Fransa kraliçası oldu, mən isə hələ də zindan sakiniydim. Pərvərdigara, mən onu necə sevmək, bir bacı kimi onunla necə dost olmaq istəyirdim. Onun gözəlliyi haqqında gəzən əfsanələri heyranlıqla dinləyirdim. İyirmi altı yaşımda mən, utancaq, kövrək bakirə qız təsəvvürümdə onun xoşbəxt surətini yaradır, bizi dəniz sularının ayırmasına baxmayaraq onu bir ilahə, füsunkar varlıq kimi görürdüm. Onda böyük ümid və həyəcanla ona birinci məktubumu yazdım. Mən, Səkkizinci Henrixin qızı ona öz dostluq əllərimi uzatdım. Bəs o neynədi əvəzində? Artıq mənə mənsub olan İngiltərənin gerbini öz gerbinə saldırdı. (Əsəbiliklə qalxıb səhnənin önünə gəlir). Elə o vaxtdan da başımda gəzən romantik-sentimental duyğuları birdəfəlik ləğv elədim! Anladım ki, bu dünyada mənim yaxın adamım, simsarım olmayacaq. Ehtirasa və məhəbbətə möhtac qəlbimin qapıları heç kəsin üzünə açılmayacaq.

Sakit və ağır addımlarla gedib yenə də kresloda oturur. İşıq
azalır və sönür. Elə o dəm də qaranlıqda Rejissorun səsi eşidilir.

Rejissor. İşıq yanmır, səhnə davam edir. Lesterin səsi eşidilir. Rufa, elə ki, Lesterin səsini eşidirsən əvvəlki əhvalın yüz səksən dərəcə dəyişir. (Üzünü zala çevirib işıqçılar tərəfə qışqırır) Qraf Lesterin səsi eşidilən kimi işıq yavaş-yavaş artmağa başlayır. Başladıq! Rufa, sən mizanları bilirsən, çalışaq birnəfəsə oynayaq. İşıq! (İşıq yavaş-yavaş artmağa başlayır, Rejissor Lesterin mətnini deyir və oynayır. Onun səsi kulisdən gəlir).
Lester. Qloriya! Qloriya! Hardasan, Qloriya?

Yelizaveta Lesterin səsini eşidib uşaq cəldliyi ilə qalxır və
kreslonun arxasında gizlənir, sonra isə baş verəcək gizlənpaç oyununda
pərdələrdən, künc-bucaqdan istifadə edir. Lester qızğın gənc ədası
ilə qaçaraq gəlir, ətrafa boylanır.

Lester. Qloriya, Qloriya... Axı bu nə deməkdir, Qloriya, niyə mənə əzab verirsən?
Yelizavetanın gülüş səsi eşidilir. Lester səsin dalınca qaçır.
“Gizlənpaç” oyunu başlayır. Gah orda, gah burda
Yelizavetanın gülüşü eşidilir. Bu gülüşlərə Lester çox həssaslıqla
reaksiya verir. Nəhayət “sevgililər” birləşir və Lester yorulmuş kimi
Yelizavetanın ayaqlarına düşür.

Lester. Qloriya, bu nə oyundur, Qloriya?
Yelizaveta. Qloriya? Bu adı hardan çıxartdın? (Yamsılayır) Qloriya!
Lester. Bilmirəm, birdən ağlıma gəldi, düşündüm ki, bəlkə bu sənin gizli adındı, əsl adın...
Yelizaveta. Belə de!
Lester. Qloriya, mən səni istəyirəm, axı bilirsən, Qloriya, niyə məni məhv edirsən, hiyləgər qadın?
Yelizaveta. Hiyləgər? Mənəm hiyləgər? (Qəhqəhə ilə gülür). Amma düz deyirsən, mən həqiqətən çox hiyləgər qadınam...
Lester. Bəsdir, Qloriya, sən məni ələ salırsan. Hamı bilir ki sənin çoxlu sevgililərin olub, vurğunların, pərəstişkarların, favoritlərin...
Yelizaveta. Məgər mən səni onlardan az sevmişəm, mənim kifir meymunum? Bəlkə qraf rütbəsini mən verməmişəm sənə? Hələ layiq görüldüyün imtiyazlar! Sarayda hamı sənin paxıllığını çəkir, rəqiblərin ortasından çatlayır...
Lester. Mən onları demirəm, Qloriya.
Yelizaveta. Bu onları demir! Bəs nəyi deyirsən?
Lester. Sən özün hər şeyi bilirsən məkrli Qloriya! Mənə sənin məhəbbətin, özün lazımsan. Bax mənim vəziyyətimə, gör nə haldayam... Bu dözülməzdir, Qloriya.
Yelizaveta. Axı mən səni sevirəm, Lester, mənim... göyçək meymunum.
Lester. Yox, Qloriya, bunlar sözdür. Mən istəyirəm sən mənim olasan bir qadın kimi, bütövlükdə. Mən tac gəzdirən bu geniş, nəcib alnın, imzası ilə talelər həll edən şümşad barmaqların, şahanə gərdənin sahibi olmaq istəyirəm, Qloriya... İlahi, mən ehtirasdan dəli oluram.
Yelizaveta. Dayan, mənim meymunum, tələsmə... dayan, saçımı qarışdırma...
Lester. Cəhənnəm olsun sənin...
Yelizaveta. Sən mənə güclə sahib olmaq istəyirsən, hücumla?.. Yavaş... yaxşı, əlimi öpə bilərsən, ancaq öpüş, burdan... vəssalam, axmaq, ərköyün oğlan...
Lester. (Daha da qızışır) Düz tapmısan, Qloriya, mən səni hücumla ram edəcəm, işğal edəcəm sənin gözəl... (Qulağına pıçıldayır) Mən səni zorlayacam, bax belə, bax...
Yelizaveta. (Qəhqəhə çəkir) Dayan, Lester, pozğun, tərbiyəsiz oğlan...
Lester. (Daha da qızışır) Bu gün, bu saat, indi mənim olacaqsan...
Yelizaveta. (Buz kimi soyuq səslə əmr edir) Qraf Lester!

Lester komandanı dərhal qəbul edib bir sıçrayışla
Yelizavetadan aralanır və əl-əlüstə dayanır.

Yelizaveta. (Onun qorxudan ağarmış sifətinə baxıb cır səslə qəhqəhə çəkir.) Yenə qorxdu! Həmişə qorxur. Axı nədən qorxursan, Robi, mən ki xortdan deyiləm.
Lester. (Titrək səslə) Ülyahəzrət, mən...
Yelizaveta. Dayanın, qraf Lester, məni yordunuz, özünüzü ələ alın! Sizə ciddi sözüm var.
Lester. Ülyahəzrət! (Təzim edir).
Yelizaveta. Qraf Lester, mənim əziz dostum, mən dünyəvi həyatdan ayrılmaq qərarına gəldim. Sözümü kəsməyin, məni dilə tutmağa da təşəbbüs göstərməyin, bu mənim qəti qərarımdır. Məsələ artıq həll olunmuşdur. Siz bilirsiniz ki, mən bacım ledi Stüartın oğlunu öz varisim kimi görmək arzusunda olmuşam... həmişə! Amma nə etməli, İakov çox kiçikdir, uşaqdır, anfan... Anasının qarşısında da özümü günahkar hiss edirəm... (Dəsmalı quru gözlərinə sıxır). Elədir! Siz məni düzgün başa düşdünüz. Mən Mariyanı ingilis taxtında görmək istəyirəm. Buna sizin sözünüz, qraf Lester?
Lester. Ülyahəzrət, mənim nitqim quruyub. Mən şaşırmışam desəm azdır.
Yelizaveta. Elədir, qraf, mən sizi başa düşürəm. Mən də axır dəqiqəyədək özümdən belə alicənablıq gözləmirdim. Amma adamın bir ayağı qəbirdə olanda...
Lester. Aman allah, mən bu gün nə qəribə sözlər eşidirəm! Kimin ayağı qəbirdədir, ülyahəzrət?
Yelizaveta. Mənim, əziz dost, mənim ömrümün sonuna az qalıb.
Lester. Bunu kim dedi sizə?
Yelizaveta. Bilirəm, vəssalam! Bu barədə danışmayaq! Yaxşısı budur dirilər haqqında danışaq. Mən istərdim Mariya taxta ərli qadın kimi çıxsın. Yoxsa ərsiz kraliça üstündə nə həngamələr baş verdiyini hər gün görmürükmü?! Hamı onu ələ almağa çalışır, dövlət işləri də qalır bir tərəfdə. Bacım da ki... Nə deyim, siz məndən yaxşı bilirsiniz. Nəysə, qraf, mən çox ehtiyatla gəlirəm əsas mətləbə. Allah qarşısında mənə düzünü deyin, qraf Lester, siz Mariyanı sevirsinizmi?
Lester. Mən?.. (Tələsik və sevincək) Əlbəttə! Bütün qəlbimlə, mənim kraliçam!
Yelizaveta. (İyrənir kimi qeyri-ixtiyari üzünü qırışdırır) Axı siz... Qraf, bu çox ciddi məsələdir...
Lester. And içirəm!
Yelizaveta. Ah, qraf, and nədir ki? Quruca söz!
Lester. Mən incilə and içə bilərəm, ülyahəzrət.
Yelizaveta. İncilə? Bu yaxşı, amma istərdim görünən bir şey olsun, qraf: dəlil, sübut.
Lester. (Pıçıldayır) Var, ülyahəzrət! Məndə Şotland kraliçasının öz əli ilə yazdığı məktub var.
Yelizaveta. Bu xeyli maraqlıdır. Nə yazır o sizə, qraf Lester?
Lester. (Haradansa bir kağız çıxardıb Yelizavetaya verir) Budur! Yazır ki, əgər onun əsirlikdən qaçırılmasına nail ola bilsəm, özünü mənə təslim edəcək taxt-tacı ilə birlikdə.
Yelizaveta. (Məktubu oxuya-oxuya) Siz də razılaşdınız?
Lester. Əlbəttə, ülyahəzrət! (Gülür).
Yelizaveta. Siz necə uzaqgörənsiniz, qraf? Bəs qaçış günü nə vaxtdır?
Lester. Orada yazılıb, gələn həftənin çərşənbə günü.
Yelizaveta. Siz, səhv etmirəmsə... məni də sevirdiniz, Lester. Bir az qabaq məni zorlamaq da istədiniz.
Lester. (Nəsə anlamış kimi) Ülyahəzrət! Mən sizi...
Yelizaveta. (Qeyzlə) Susun, qraf Lester! Susun! Sizə təşəkkür edirəm bu məktuba görə. (Qələbə ruhunda). İndi Şotlandiya kraliçasını eşafota göndərmək üçün əlimizdə təkzibolunmaz sənəd var!
Lester. Siz məni aldatdınız? Sizin bayaqdan bəri dedikləriniz yalandı?
Yelizaveta. Sizin yaşınızda bu qədər sadəlövh olmaq, qraf, axmaqlıqdır.
Lester.(Diz üstə düşür) Siz məni məhv etdiniz!
Yelizaveta. (Ayağa qalxıb ona yaxınlaşır, bir əlcəyini çıxardıb yanağını yüngülcə sığallayır). Zavallı, meymunum... Mən həqiqətən bir vaxt uymuşdum sizə... bir balaca!
Lester. (Titrək səslə) Qloriya...
Yelizaveta. (Tez əlini çəkir və soyuq səslə) Kifayətdir, qraf! Güman edirəm Tauerə artıq hay-küyə yol vermədən getməyə ləyaqətiniz çatacaq.
Lester. (Nalə çəkir) Qloriya!..
Yelizaveta. (Hövsələsizliklə əlini qaldırır). Axı dedim ləyaqətli olun!
Lester. (Ayağa qalxır) Əlvida, ülyahəzrət! Böyük Yaradan bilir ki, mən yalnız sizi sevmişəm.
Yelizaveta. (Qışqırır) Nə-ə? Rədd ol! Rədd ol, yaramaz! İtil!
Lester. (Sakit səslə) Nə istəyirsən de, Qloriya, mən səni sevirəm!
Yelizaveta. (Hikkəsindən səsi çıxmır) Sus! Yoxsa elə bu gecə boğdurram səni! İtil gözümdən, itil!

Lester gedir. Yelizaveta kresloya düşüb zığıltılı səslə ağlayır.

Rejissor. (Əvvəl səsi, sonra özü gəlir) Bravo, Rufa, bravo! Heç bir qeydim yoxdur, sən nəinki velikaya, sən dahi aktrisasan! Genialnaya! Bravo! (Diz üstdə qabağına düşüb əllərindən öpür). Mən belə oyun görməmişdim.
Rufa. (Qalxır, gözlərinin yaşını silir və gülümsəyir). Heç sən də pis deyildin. Elə bil uzun illərdi səhnədəsən.
Adel. (Qaranlıqdan çıxır) Bravo, Rufa, mən səni öpməliyəm.
Rufa. Hah! Sən burdasan?
Rejissor. Bəs məni öpmək istəmirsən?
Adel. Elə səni də! Dul kişini öpmək savaba yazılır. (Əvvəl Rufanı, sonra Rejissoru öpür).
Rejissor. (Adelə) Rufa məşqlərdə həmişə yarımgüclə oynayır, əsas sürprizlərini premyeraya saxlayır.
Adel. Rufa həmişə rasionalist olub, hisslərini qənaətlə xərcləyir.
Rufa. Mən rasionalistəmsə, sən də praqmatiksən.
Rejissor. Bu çox yaxşıdı ki, siz iki bacı səhnədə rəqib olduğunuz kimi, həyatda da rəfiqə və rəqibəsiniz.
Rufa. Hah! Rəqibə! Bizim şərikli malımız yoxdu rəqibə olaq.
Adel. Hər kəs öz rolunu oynayır.
Rejissor. Sizin şərikli malınız səhnədir.
Adel. Ah, bu şərikli maldan kimlərə pay çatmayıb, burdan kimlər gəlib keçməyib? Bizlər də keçəcəyik, sonra gələnlər də... Pisi odur ki, gedən qayıda bilmir, qapı birdəfəlik bağlanır arxasınca. Elə deyil, əziz aktyor-dramaturq?
Rejissor. O hardadır, görmürəm.
Adel. Burdadır, mən onu görməsəm də, kürəyimlə hiss edirəm.
Dramaturq. (Qaranlıqdan çıxır) Siz çox həssasmışsınızmış.

Hamı gülür.

Rufa. Teatrın ən universal sözü! Həmişə yerinə düşür.
Adel. Mən elə bildim bu sənin sözündü, Rufa.
Rufa. Yox, bu sözün müəllifi o özüdür. Bir neçə əsərində işlədir.
Adel. Qəribədir! Dediniz bu iki kraliça həyatda heç görüşməyib, hə?
Rejissor. Amma siz görüşəcəksiniz, biz tarix yazmırıq, tamaşa hazırlayırıq. Bizim əziz dramaturqumuz hər şeyi təzədən işləyib, bu olacaq xəyali bir görüş.
Rufa. Şillədən sonra yaman mehribanlaşmısınız Dramaturqla.
Rejissor. Tək onunla yox!

Adel qəhqəhə ilə gülür.

Bu tamaşada iki yağlı şillə yemişəm.
Rufa . (Gülür) Birini də mən vurmuşam, hələ Adel gəlməmişdi.
Rejissor. Qapazaltı eləmisiniz rejissoru, əvvəllər biz qışqırardıq, söyərdik aktyorları. İndi rollar dəyişib.
Adel. Mayestronu görəndə əsim-əsim əsərdik, amma bu qorxunun özündə bir ləzzət vardı. (Dramaturq onlardan aralanıb pilləkəndə oturur.) Onun kimi nə rejissor gördüm, nə aktyor! Səsini eşidəndə cərəyan keçirdi içimdən. İlahi, neçə illər ötüb, ayrı kişiyə ərə getmişəm, uşaqlarım da olub, nə gizlədim, qocaldım, elə hamımız, amma səsi yadıma düşəndə elə bilirəm otuz il qabaqkı Adeləm.
Rufa. Belə ki sevirdin, niyə atdın onu?
Adel. Nədi, istəyirdin o atsın məni? Nə lazımdı aldım ondan. Böyük sevgi yaşadım, səhnədə də, həyatda da. Mən özümü xoşbəxt qadın hiss elədim. Sən isə, mənim əziz rəfiqəm və rəqibəm, yalnız səhnədə xoşbəxt ola bilərsən, səh-nə-də!
Rufa. Hah!
Rejissor. Tamaşa haqqında düşünək, qızlar! Bütün biletlər satılıb, teatr aləmində bir ajiotaj, həyəcan var. Mətbuat marığa yatıb. Hamı bilir ki, bu tamaşa hər şeydən əvvəl iki böyük aktrisanın duelidir. Böyük sənət böyük rəqabətdən doğur.
Adel. Bunu da Şekspir deyib?
Rejissor. Xeyr! Bu mənim sözümdür.
Rufa. Sən niyə bizi hökmən üz-üzə qoymaq istəyirsən?
Adel. Hə də! Mən elə bilirəm səhnəyə yox, rinqə çıxıram.
Rejissor. Bu rinqdən də qorxuludur.
Rufa. Sənin doğrudan da altmış beş yaşın var!
Rejissor. Xərifləyirəm?
Adel. Rufa çox yumşaq dedi. (Rejissorun qulağına nəsə pıçıldayır və hər ikisi bərkdən gülür.)
Rejissor. Xuliqanka! Sən həmişə sterva olmusan. Bu sözdən sonra məşq bitməlidir. İşıq sönür !
İşıq sönür


Səhnə ala-qaranlıqdır. Orta əsrlər ingilis hərbi geyimində olan səhnə işçiləri tərtibatın əgər-əskiyini tamamlayırlar: səhnənin ortasındakı kreslonun üstünə parlaq örtük salınır, dairəvi kiçik masanın üstünə rulon kimi bükülü ağ kağız, yazmaq üçün içərisinə lələk qoyulmuş inkrustasiyalı mürəkkəbqabı qoyulur. Səhnə geyimi qaradır. Tərtibat işi qəsdən ləng gedir. Arada Dramaturq gəlib səhnədən keçir, dayanır, fəhlələrdən birinə nəsə deyib yoluna davam edir. Rejissor gəlir. Onun əynində Lesterin kostyumundan nəsə bir element var. Səhnənin ora-burasına baxır, kiçik masanın yerini bir balaca dəyişir.

Rejissor. Gərək hər şeyi özün yoxlayasan, heç kəsə etibar yoxdu. (Dramaturqun gəldiyini görür). Hə, burdasan? Paltarını niyə dəyişmisən?
Dramaturq. Mənim yerim bitdi, paklona da çıxmayacam.
Rejissor. Başın xarab oldu yenə? İşləmişik, bu pyesi, demək olar ki, sən yazmısan, o cür rol yaratmısan, nə qədər əl çaldılar sənin yerindən sonra. İndi də sən mənə badalaq vuracaqsan? Bilmirsən paklon tamaşanın bir hissəsidir? Bu saat get geyin, hələ vaxta var.
Dramaturq. Bu uğur da, alqışlar da onlarındı, bizlik bir şey yoxdur.
Rejissor. Uğur varsa hamınındır, dostum! Teatrda xırda, əhəmiyyətsiz heç nə yoxdur. Özün də tamaşa bitməmiş uğurdan danışma! Final səhnəsini də verək...(Səhnəni bir də panoram baxışla süzüb dizləri üstə düşür). O madonna!
Dramaturq. Olmadı!
Rejissor. Pərvərdigara! (Xaç çevirir).
Dramaturq. Xaç niyə? Salavat çək, dua elə!
Rejissor. (Nəsə pıçıldayıb üzünə salavat çevirir və qalxır. Əllərinin işarəsi ilə hamını səhnədən qovur). Çıxdıq! Səhnədə qalır iki kraliça – iki düşmən!

Hamı səhnədən çıxır. Rejissor da gedir.
Səhnənin işığı dəyişir.
Yelizaveta görünür. Başında kürən parik, əynində çox enli, uzun şleyfi yerlə sürünən təmtəraqlı zəngin xalat var. O, ləng addımlarla gəlir. Əlində şamları yanan şamdan tutub. Yaxınlaşıb şamdanı kreslonun yanındakı kiçik masanın üstünə qoyur, rulon kağızı açıb baxır, hirslə kənara itələyir və kresloya oturur. Mariya gəlir. Onun əynindəki xalat nisbətən sadədir.Əslində hər iki qadını yüz kilometrlərlə məsafə ayırır. Onların bu görüşü xəyalidir.

Mariya. Nə qəribə görüşdür, bacım! Həqiqətən insanlar bir-birləri ilə ağılagəlməz tellərlə bağlıdırlar, ulduzlar bir-birləri ilə bağlı olduqları kimi...
Yelizaveta. Siz filosofluğu da bacarırsınız...
Mariya. Sizə bir yaxınlıq hiss edirəm. Biz axı sizinlə birik, bir bütövün paralarıyıq. Orda, gor evində də...
Yelizaveta. (Onun sözünü kəsir). Hər şeyi görən və bilən Allah şahiddir ki, mən sizi öldürmək istəmirəm.
Mariya. Öldürməyi heç kəs istəmir, bacım, mən bunu yaxşı bilirəm.
Yelizaveta. Əlbəttə! Siz bunu təcrübədən keçirmisiniz, madam.
Mariya. İstəyirsən bu ağır işi sənin yerinə bir başqası eləsin.
Yelizaveta. Təəssüf ki, elə axmağa mənim sarayımda rast gəlmək mümkün olmadı. Bu boyda İngiltərədə sizin Bosuel kimi bir yaramaz, qaniçən qatil tapılmadı. Hər şeyi özüm etməyə məcburam... (Pauza).
Mariya. (Sakit) Mənim ömür günəşim sönməkdədir, bacım. Bəlkə siz bir qədər gözləyəsiniz?
Yelizaveta. Mən iyirmi il gözlədim, ledi Stüart, nəhayət qərar qəbul olunmalıdır. Nə qədər ki, siz sağsınız, dinc oturmayacaqsınız. Deməli, öz ölkəmdə mənə rahatlıq olmayacaq!
Mariya. Mənim etiraz etməyə sözüm yoxdur, amma altıncı hökmü unutmayın!
Yelizaveta. Ah, “Ne ubiy!” – “Öldürmə!” Ledi Stüart, əgər tərəzinin bir gözündə dövlətin mənafeyi, o biri gözündə sizin həyatınızdırsa? Onda necə olsun?
Mariya. Kifayətdir, özünüzü üzməyin, bacım. Mənim qətlimi dünya sənə bağışlayacaq, necə ki, bütün qətlləri, zülümləri unudur da, bağışlayır da.
Yelizaveta. Əlbəttə dünya bağışlayar! Bəs O necə? Bizi bağışlayacaqmı? Axı siz də qatilsiniz. Siz orda bağışlanacağınıza ümid edirsiniz?
Mariya. Rəbbimiz mərhəmətlidir... Mənim tənha ruhumun dustaq edildiyi qalanın pəncərəsindən qəmli həyatımın yeganə sirdaşı olan səma ulduzlarını seyr etmək necə xoşdur! Şəhvani istəklər məni çoxdan tərk edib, əvəzində canımda bir asudəlik, hisslərimdə tarazlıq yaranıb. Mən bu vaxtadək mənə məlum olmayan yeni zövq mənbələri kəşf etmişəm, tanrının mərhəməti sayəsində.
Yelizaveta. Deməli, siz zindanda da xöşbəxtsiniz? Sizin qəribə xarakteriniz var, madam! Cəza da sizin üçün səfaya çevrilir. Hətta az vaxtdan sonra görəcəyiniz qanlı eşafot da mane ola bilmir bu xoşbəxtliyə... Pərvərdigara, bəs mən niyə xoşbəxt ola bilmirəm? Niyə mənim qəlbim donub, niyə ağrıyır, niyə əzilir? Məgər mənim xoşbəxtlik demirəm, rahat olmağa da haqqım çatmır?
Mariya. (Pıçıldayır) Bosuel... İlahi, onun şəhvətinin istisi qarsdı bədənimi...
Yelizaveta. (Heyrətlə) Siz ölümqabağı nəyi xatırladınız, ledi Stüart?
Mariya. ... o dünyaya mən sənin ehtirasının istisini, odunu-alovunu aparacam. Sönmüş ocağın külü qırmızı alov dillərinin istisini yadında saxladığı kimi, mənim də yanıb külə dönmüş bədənim sənin ehtirasının hərarətini xatırlayır, Bosuel... bu hərarəti qəbirdə də hiss edəcək mənim sümüklərim...

Yelizavetanın gözlərindən yaş axır.

Yelizaveta. Bəs mən nəyi aparacam gor evinə? “İngiltərə” adlı torpaq haqqında xatirələrimi?
Mariya. (Pıçıldayır) Bosuel...
Yelizaveta. (Pıçıldayır). İngiltərə...
Mariya. (Diz üstə düşür). Pərvərdigara, bütün aləmlərin sahibi, sənin elə bir hökmün, ehkamın yoxdu ki, onu öz əməllərimlə pozmamış olum. Öldürmüşəm, zina etmişəm, yalan danışmışam... Yalnız sənin sonsuz mərhəmətin və məhəbbətin mənim günahlarımı əridə bilər. İlahi, özünə əyandır ki, mən heç kəsi mühakimə etmədim, düşmənlərimi belə bağışladım, hətta ölümümü belə halal edirəm...
Yelizaveta. (Diz üstə düşür). Pərvərdigara, sən özün bilirsən, ona olan paxıllığım hədsizdir, dərindir, gəncliyimdən bu hiss qəlbimi gəmirir. Hətta sənin hökmün belə o hissi qəlbimdən qazıyıb çıxara bilmədi. İndinin özündə də, edamına sayılı dəqiqələr qaldığı vaxtda da mən onun paxıllığını çəkirəm. Onu da bilirəm ki, bütün ədalət qanunlarına rəğmən Sən onun günahlarını bağışlayacaqsan, o yenidən Sənin ilahi mərhəmətin və məhəbbətinlə əhatə olunacaq. Bu dünyada məhəbbətin və təsəllinin nə olduğunu bilməyən mən isə qəbirə də yetim və dilənçi paxıllığından başqa bir şey apara bilməyəcəm!
Mariya və Yelizaveta eyni vaxtda dua edirlər.

Mariya. Xilas et, pərvərdigara! Mənə nifrət edən, məni incidən bacım kraliça Yelizavetanın qəlbini xilas et! Qoyma o bu dünyadan günahkar bəndə kimi köçsün.
Yelizaveta. Pərvərdigara, məndən fərqli olaraq daha çox mərhəmət göstərib himayə etdiyin bacım kraliça Mariyaya olan paxıllıq hissini çıxar qəlbimdən...
Mariya. Ya Rəbbim, dünyasını dəyişmiş qullarını – Fransa kralı Frantsiski, qətlə yetirilmiş şotland kralı Henri Darnleyi və mənim sevgili ərim Ceyms Bosueli mərhəmətində saxla.
Yelizaveta. Ya Rəbbim, yer üzündə bir insan tapılacaqmı sənin günahkar kölən Yelizavetaya dua etsin?
Mariya. Bağışla onların bilərəkdən və bilmədən etdikləri günahlarını...
Yelizaveta. Pərvərdigara, nəhayət, bunun sonu olmalıdır!
Mariya. ...onları unutma...
Yelizaveta. Ya Rəbbim, Sən özün görürsən ki, mən istəmirdim. Baltanı əlimə sən özün verdin.
Mariya. ...sənin mərhəmətin sonsuzdur...
Yelizaveta. Sənin iradənlə endirirəm baltanı! (Ayağa qalxıb masa üzərindəki kağız rulonu açır, lələyi mürəkkəbə batırır və oxuyur). İngilis kraliçası Yelizavetanın adından! Taxt-tac oğrusu və dövləti cinayətlərdə taqsırlandırılan şotland kraliçası Mariya Stüartın boynu... vu-rul-sun! (Hökmü imzalayıb qəşş edir).

Mariya dua etməkdə davam edir. Musiqi güclənir, işıq yavaş-yavaş
sönür. Qaranlıqda getdikcə artan alqış səsləri. “Əhsən!”, “Bravo!” və
sair nidalar eşidilir. İşıq yanır və alqışlar birdən kəsilir. Rejissor, Rufa və
Adel qucaqlaşırlar, öpüşürlər, hiss olunur ki, qadınlar sevincdən ağlayırlar.

Rejissor. Bu qələbədir qızlar, təmiz qələbə! Dadını hiss edirsinizmi? Mən bu dadı çoxdan unutmuşdum... (Ağlayır). Direktor birinci hissədən sonra dedi ki, səni heç yerə buraxmaram!
Rufa. Bəs Dramaturq hanı? O heç paklona da çıxmadı.
Adel. İndicə gördüm onu, kulisdə, mənə nəsə dedi, tələsik də getdi. Heç başa düşmədim nə dedi.
Rejissor. İdiotdu də! Paltarını dəyişib oturub ki, paklona çıxmayacam. (Telefon çıxarıb zəng edir.) Cavab vermir. Qızlar! Sürprizin vaxtıdır! (Ciblərinə baxır.) Hanı? (Bir də tələsik ciblərini, üst-başını yoxlayır və qışqırır.) Hanı mənim tapançam?!
Rufa. Tapançanı neynirsən? Proval olmadı ki, öldürəsən bizi.
Rejissor. (Həyəcanla) Bəs səhnədə silah varsa aşılmalı deyil?
Atəş səsi eşidilir. Hamı səksənir.
Rejissor. (Həyəcanla) Mənim tapançamdı! (Qaçaraq gedir).
Qadınlar donub qalıblar. Hər ikisi Rejissorun qaçdığı səmtə baxır.
Kiçik pauzadan sonra Adel, onun dalınca Rufa əyinlərindəki xalatı soyunurlar,
daha doğrusu, xalatlar hər ikisinin əynindən bir növ sürüşüb düşür. Onlar məşq
paltarında qalırlar və işıq sönənə qədər yerlərindən tərpənmirlər.

İşıq yavaş-yavaş sönür.

P ə r d ə

Avqust, 2011.

Axırıncı redaktədən sonrakı variant
25.12.2011.
XS
SM
MD
LG