Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:01

Naxçıvanda döyülən müsavatçı xəstəxanaya yerləşdirilib


Sabir Vəliyev
Sabir Vəliyev
-
Müsavat Partiyası Naxçıvan MR Təşkilatının sədri Sabir Vəliyev xəstəxanaya yerləşdirilib. Bu haqda AzadlıqRadiosuna onun qardaşı Hidayət Vəliyev məlumat verib. Qardaşının sözlərinə görə, Sabir Vəliyevin vəziyyəti ağırlaşdığından martın 15-i günorta saatlarında onu Naxçıvan Mərkəzi Xəstəxanasına aparmağa məcbur olublar:

“Xəstəxanaya aparmaq istəmirdik. Fikirləşirik ki, orda da nə isə pislik edə bilərlər. Gördük ki, vəziyyəti ağırlaşır, məcbur olub apardıq xəstəxanaya. Başını tomoqrafiya rentgenindən keçirdilər. Məlum oldu ki, beyin travması alıb, beyninə qan yığışıb. Vəziyyəti ağırdır. Gah ayılır, gah yenidən huşunu itirir. Ayılanda dedi ki, məni arxadan küt alətlə vurdular, başqa heç nə xatırlamıram. Onu da bildirdi ki, yerli hakimiyyətin göstərişlərini yerinə yetirmədi üçün onu siyasi sifarişlə vurublar. Biz bu məsələnin düzgün araşdırılacağına inanmırıq. Ona görə də demokratik ölkələrin Azərbaycandakı səfirliklərinə, beynəlxalq təşkilatlara müraciət edərək onlardan kömək istəyirik”.

Müsavat Partiyası isə Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Sabir Vəliyevin döyülməsi ilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda təşkilat sədrinə son vaxtlar artan təzyiqlərin siyasi xarakterli olduğu bildirilir. Müsavat Partiyası baş verən olayın diqqətlə araşdırılmasını, Sabir Vəliyevə xəsarət yetirən şəxslərin cəzalandırılmasını, müxalif partiya fəallarına təzyiqlərə son qoyulmasını da tələb edir.

Martın 14-də Hidayət Vəliyev AzadlıqRadiosuna qardaşı Sabir Vəliyevin Babək qəsəbəsində naməlum şəxslər tərəfindən vurulduğunu haqda məlumat vermişdi.

Babək rayon xəstəxanasının həkimi Elman Əliyev Sabir Vəliyevin döyüldüyünü, ikinci dərəcəli beyin silkələnməsi aldığını bildirmişdi.

Babək RPİ-ni rəis müavini Novruz Rüstəmov isə bu haqda məlumatsız olduqlarını bildirmişdi.

Sabir Vəliyevi cəmi 20 gün idi ki, Müsavat Partiyası Naxçıvan təşkilatına sədr seçilmişdi.
XS
SM
MD
LG