Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Hüquqşünas Əlayif Həsənov: «Elə bil 37-ci ildir»


Rəşad Həsənov
Rəşad Həsənov
-
Martın 14-ü gecə saatlarında NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşad Həsənova ittiham elan olunub.

Vəkili Əshabəli Mustafayevin verdiyi məlumata görə, gənc fəala Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Haqqında üçaylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda o, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Əshabəli Mustafayev deyir ki, bütün bunları gecə saatlarında ediblər:

«Rəşad Həsənovun vəkili olsam da, nə ittihamın elan edilməsində, nə də məhkəmədə iştirak etmişəm. Çünki müstəntiq vəkilə məlumat verməyib. Bu da ciddi qanun pozuntusudur».

Rəşad Həsənovdan əvvəl - martın 7-də NİDA Vətəndaş Hərəkatının 3 üzvü – Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu həbs olunmuşdu.

Martın 9-da Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq onlarla bağlı məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, gənclər martın 10-da «Fəvvarələr» meydanında etiraz aksiyasında «Molotov kokteyli»ndən istifadə etməyə hazırlaşırmış.
Üzeyir Məmmədli
Üzeyir Məmmədli

«HAKİMİYYƏTDƏN HƏR ŞEY GÖZLƏYİRİK»

NİDA Vətəndaş Hərəkatı ittihamlarla razılaşmır. Hərəkatın İdarə Heyətinin üzvü Üzeyir Məmmədli deyir ki, bu, fəal gənclərə qarşı yönəlib, həbslər siyasi sifarişdir:

«Daha əvvəl 3 üzvümüz qondarma ittihamlarla həbs olunub. Onların evlərinə basqın edilib. Evlərinə narkotik maddələr və «Molotov kokteylləri» qoyulub. Artıq martın 9-da hakimiyyətin nəzarətində olan telekanallarda bu 3 gəncin təzyiq yolu ilə alınmış «etirafları» yayılmağa başladı. Fikirləşirik ki, bu, NİDA Vətəndaş Hərəkatına qarşı yönəlmiş kampaniyadır. Buna görə, Rəşad Həsənovun həbsi də gözlənilirdi. Daha sonra nələr olacağını bilmirik... Biz Azərbaycan hakimiyyətindən hər şey gözləyirik».

RAMİZ MEHDİYEV DƏ «MOLOTOV KOKTEYLİ»NDƏN DANIŞDI

Ramiz Mehdiyev
Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev martın 14-də «AzərTac» agentliyinə verdiyi müsahibədə gənclərin aksiyalarda iştirakı məsələsinə də toxunub:

«Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən, satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar, sadəcə, çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki «Molotov kokteyli», narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir».

Əlayif Həsənov
Əlayif Həsənov
«BU, SİYASİ ŞOUDUR»

Hüquqşünas Əlayif Həsənov deyir ki, gənclərin məhkəmə prosesi keçirilmədən Prezident Administrasiyası rəhbərinin belə fikri dilə gətirməsi siyasi xarakter daşıyır:

«Ölkədə sabitliyi pozmaq, yaxud silahlı dəstə hazırlamaq, çevriliş etmək istəyi varsa, bu, sırf hüquq məsələsidir. Dövlət bununla bağlı araşdırma aparmalıdır, məlumat verməlidir. Ancaq Ramiz Mehdiyevin bəyanatı sübut edir ki, bu, siyasi xarakterli şoudur. Telekanallar səhərdən axşamadək bu gənclərin ifadələrini nümayiş etdirir. Elə bil, 37-ci ildir. Cəmiyyətdə insanın əvvəlcədən cinayətkar obrazını yaratmaq ən yolverilməz məsələdir. Axı bu, ilkin başlamış cinayət işidir. Bu, gənclərin, etirazçı toplumun gözünü qorxutmaq məqsədi güdən bir addımdır».

Martın 14-də Nəsimi rayon Məhkəməsi İsmayıllı aksiyalarında iştiraka görə həbs olunmuş 16 nəfər haqqında həbs müddətini 2 ay uzadıb. Bu gün – martın 15-də Səbail rayon Məhkəməsi Binədəki etirazlara görə saxlanmış 10 nəfər haqqında da həbs müddətini 2 ay uzadıb. Ekspertlərin fikrincə, hakimiyyət bu yolla bütün etirazçıların cəzalandırılacağını göstərmək istəyir.
XS
SM
MD
LG