Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:12

ATƏT-in Bakı ofisinin «Layihə koordinatoru» ilə əvəzlənməsi təklif olunur


ATƏT
ATƏT
-
Azərbaycan Xarici İşlər Nazirliyinin bu təklifi martın 6-da ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kozhara-ya göndərilən məktubda əks olunub. AzadlıqRadiosu diplomatik qaynaqlardan həmin məktubun surətini əldə edib.

Məktubda qeyd olunur ki, 13 il keçəndən sonra ATƏT-in Bakı ofisinin mandatı ilə bağlı sahələrdə ciddi irəliləyiş əldə olunub, Azərbaycan da bütün çətinliklərə baxmayaraq, ciddi iqtisadi inkişaf qazanıb, yaxşı işləyən dövlət və mülki cəmiyyət qurumları yarada bilib:

«Biz ATƏT və onun prinsiplərinə tam sadiq qalırıq. Eyni zamanda, inanırıq ki, ATƏT və Azərbaycan arasında yaradılmış əməkdaşlıq mexanizmləri müasir reallıqlara uyğunlaşdırılmalıdır. Bu mənada, ATƏT-in Bakı ofisinin missiyasının Layihə Koordinatoru statusu ilə əvəzlənməsini təklif edirik…
Bu mənada, ATƏT-in Fəaliyyətdə olan sədri kimi sizdən ATƏT-in Azərbaycanda Layihə Koordinatorunun təsis olunması prosedurlarının asanlaşdırılmasını xahiş edirəm».

XİN-İN TƏSDİQLƏDİYİ LAYİHƏLƏR

Məktuba əlavə olunmuş Qərar Layihəsində qeyd olunur ki, Koordinator Azərbaycana ilkin bir müddətə (məktubda həmin müddətin yeri boş göstərilir - A.K.) təyin olunacaq. Daha sonra bu müddətin hər dəfə 6 ay uzadılması nəzərdə tutulur. Ayrıca o da göstərilir ki, Layihə Koordinatoru ATƏT-in Bakı ofisini əvəzləyəcək.

Başqa bir diqqətçəkən məqamda odur ki, Koordinator məhz Azərbaycan XİN-in təsdiqləyəcəyi layihələri gerçəkləşdirəcək. Məktubda belə

Elmar Məmmədyarovun ATƏT-ə məktubu

ELMAR MƏMMƏDYAROVUN ATƏT SƏDRİNƏ MƏKTUBU
deyilir:

«ATƏT-in Azərbaycandakı Layihə Koordinatoru Azərbaycan hakimiyyəti ilə ATƏT arasındakı, Xarici İşlər Nazirliyinin təsdiqlədiyi layihələri planlaşdırıb həyata keçirəcək».

ATƏT-in Azərbaycandakı Layihə Koordinatoru Bakıdakı həmin qurumun beynəlxalq və yerli əməkdaşlarına da rəhbərlik edəcək.

Ötən həftə – martın 14-də ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycan tərəfinin təklifindən narahatlığını bildirib.

Missiyanın yaydığı bəyanatda deyilirdi ki, ATƏT-in Bakı ofisinin hazırkı mandatı 2013-cü ilin əvvəlində yenilənib və ofisin öhdəliklərinə «Təhlükəsizlik və sabitliyin insani, siyasi, iqtisadi və ətraf mühit aspektləri daxil olmaqla bütün sahələrdə ATƏT prinsipləri və öhdəliklərinin yerinə yetirilməsini irəlilətmək» daxildir.

Sözügedən bəyanatdan daha 2 məqamın diqqətə yetirilməsinə dəyər:

- «Azərbaycan hökumətinin hər şeydən çox razılaşdırılmış mandatın şərtlərinin vicdanla və hörmətlə davam etdirilməsində maraqlı olduğuna inanırıq».

- «Birləşmiş Ştatlar dinamik mülki cəmiyyətin dəstəklədiyi güclü demokratik dövlətin qurulmasında Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı dəyərləndirir».

DETALLAR KONFİDENSİALDIR

ATƏT sözçüsünün müavini Frane Maroevic AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirib:

«Məktubda toxunulan məsələlər diqqətlə öyrənilir və iştirakçı Dövlətlərlə müzakirə olunur. Bu müzakirələr konfidensial olduğundan indi bu barədə şərh vermək mümkün deyil. Bakıya səfəri zamanı ATƏT-in baş katibi Lamberto Zannier məktubda qaldırılan məsələləri Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə edib».

Sorğuya cavabda daha sonra deyilir:

«ATƏT-in əməliyyatlarının mandatı ev sahibi olan ölkə ilə razılaşdırılır və ATƏT-in 57 üzv dövləti tərəfindən təsdiqlənir. Bu səbəbdən müzakirələr ATƏT-in bütün üzvləri ilə sürdürüləcək».

Koray Targay
Koray Targay
Azərbaycanda 2000-ci ildən bəri fəaliyyət göstərən ATƏT-in Bakı ofisinin illik mandatı dörd ay bundan əvvəl (2012-ci ilin noyabrında), büdcəsi isə ötən ay təsdiqlənib.

NİYƏ?

ATƏT-in Bakı Ofisinin seçkilərlə bağlı hesabatlarında seçki pozuntuları sadalansa da, qurumun fəaliyyəti yerli müşahidəçilər arasında tənqid olunub. Müxalifət və müstəqil dairələr ATƏT-i hakimiyyətə loyal münasibətdə qınayıblar. ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Targay da indiyə qədərki müsahibələrində Azərbaycan hakimiyyətini, bir qayda olaraq, tərifləyib və düzgün yolda olduğunu vurğulayıb.

Bu baxımdan ATƏT-in Bakı Ofisinin Layihə Koordinatoru ilə əvəzlənməsi ideyası necə və nədən yaranıb?

XİN-dən məsələyə dair əlavə şərh almaq mümkün olmadı.

Hafiz Həsənov
Hafiz Həsənov
«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənovun fikrincə, artıq yerli vətəndaş cəmiyyəti təşkilatları zəiflədilib və növbə beynəlxalq qurumlara çatıb. Ancaq indiyədək ATƏT-in hakimiyyətlə ciddi fikir ayrılığı yaranmadığından, bu qurumun mandatının layihə statusu ilə əvəzlənməsi ölkənin demokratik imicinə mənfi təsir göstərər. Ekspertin qənaətincə, məqsəd ATƏT-i sırf formal bir quruma çevirmək və gözlənilən üç seçki ərəfəsində beynəlxalq qurumların fəallığını önləməkdir:

«Belə olarsa və növbəti seçkiyə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu beynəlxalq müşahidəçi qismində dəvət olunmazsa, artıq bu seçkilərin demokratikliyi, şəffaflığı ilə bağlı məsələlər çox ciddi müzakirə obyektinə çevriləcək».

Azərbaycanın ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Eldar İbrahimov qurumun Bakı Ofisinin mandatına dair məlumatlardan xəbərsiz olduğunu deyir. Ancaq o, seçkilərdə hər hansı beynəlxalq müşahidə missiyasının məhdudlaşdırılmasını da mümkün saymır:
Vəfa Quluzadə
Vəfa Quluzadə

«Mən özüm ATƏT xəttilə 10-12 ölkədə seçkiləri müşahidə missiyasını həyata keçirmişəm. Türkiyədən tutmuş, Ukrayna və Belarusa qədər. ATƏT-dən gələn müşahidəçi ilə kimin nə işi var? O ki, qala Azərbaycanda ola. Biz kimə mane ola bilərik? O cəmiyyət demokratik olmaz, biz demokratik hərəkət etmiş olmarıq».

Ancaq keçmiş dövlət müşaviri Vəfa Quluzadə də ATƏT-in Bakı Ofisi ilə bağlı baş verənləri qarşıdan gələn seçkilərlə bağlayır və niyyətin ATƏT-i basqı altında saxlamaq olduğunu deyir:

«Söhbət indiki münasibətlərdən deyil, gələcək seçkilərdən gedir. İndidən proqnozlaşdırmaq çətindir ki, ATƏT seçkini tanıyacaq, ya yox. Ola bilər, bu baxımdan narahatlıq var və ATƏT-i ipə-sapa yatan bir quruma çevirmək istəyirlər».
XS
SM
MD
LG