Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:33

Əgər polis cibinə nəşə atsa, nə edərdin? (İmtahan sualı)


Mətləb Muxtarov
Mətləb Muxtarov
-

- Qışqırma!!! Deməli, o bariqa sənsən?!

- Nə bariqa? Siz nə danışırsız?!

- Sox içinə! İndi gedərik bölməyə, başa düşərsən nədən danışırıq...



Mətləb Muxtarov


‘’İMTAHAN’’

Hekayə


(F.S.-nin ən gözəl mahnısına həsr olunur)


Süpürgəçi qadınların qarğış səsi onu yuxudan oyatdı.

Yəqin kimsə evdəki zibili pəncərədən küçəyə tullamışdı.

Süpürgəçilər də məhz elə buna görə hirslənmiş, əvvəlcə zibili tullayanın dirilərini, sonra da ölülərini qarğışa qonaq eləmişdilər.

O artıq bu arvadları səslərindən tanıyırdı. Demək olar ki, hər səhər qarğış səsi bütün məhəlləni bürüyürdü, heç kəs də səsini çıxarmırdı.

Süpürgəçi arvadların qarğışından sonra südsatan arvad - ‘’Süd var, süüüüd’’ , - deyərək məhəlləni oyadardı.

Bu dəfə isə evdə yatanlar (lap elə zibili pəncərədən çölə tullayanlar da) südsatan arvadın ölülərini qarğışa qonaq edərdilər.

Hələ də bir az yuxulu idi, gözlərini güc-bəla ilə açaraq saata baxdı. Doqquza on beş dəqiqə qalırdı. Fikirləşdi ki, daha on beş dəqiqə yataqda uzanıb, düz saat doqquzda qalxsın.

***

Gözlərini anidən açıb, saata baxdı. On birə iyirmi dəqiqə işləmişdi.

Guya on beş dəqiqəlik gözlərini yumub, saat doqquzda oyanacaqdı, amma artıq bir saatdan çox idi ki, yuxulamışdı.

Yataqdan qalxıb, ayaqyoluna getdi. Mətbəxdə anası nəsə bişirirdi və yağda qızardılmış soğan qoxusu bütün evə yayılmışdı.

Tualetdən çıxandan sonra hamamda əl-üzünü yuyub, dişlərini fırçalamağa başladı.

Dişlərini fırçalayarkən gözü işarət barmağına sataşdı. Sol əlinin işarət barmağına qələmlə çəkilmiş xaç işarəsi vardı. Bu xaçı barmağına nə üçün çəkdiyini xatırlamağa çalışdı, amma dişlərini fırçalayıb bitirənə kimi heç nə yadına düşmədi.

Hamamdan çıxmaq istəyəndə ayaqları kafelin üzərində irəliyə doğru sürüşdü və beli üstə yerə çırpıldı. Həmin an üzünü turşudub,’’İçini s…m’’ dedi və barmağına nə üçün xaç işarəsi çəkdiyini xatırladı:

Sabah imtahan vardı.

***

Artıq on dəqiqə idi ki, otağında Dünya Kino tarixi dərsinin mühazirə dəftərini axtarırdı.

Yadına müəllimin verdiyi söz düşmüşdü. Ondan ancaq İtalyan Kinosu haqqında soruşacaqdı.

Heç bir bilet çəkmədən, heç nəyə hazırlaşmadan, ancaq müəllimin verdiyi suallara cavab verməli idi. Dəftəri isə ortalıqda yox idi.

Kino tarixi dəftərindən başqa demək olar ki, heç bir dərsin mühazirə dəftəri yox idi. Müəllimə hörmət elədiyi üçün bu dərsin mühazirələrini hər dəfə yazardı. Bir az axtarandan sonra fikirləşdi ki, bəlkə dəftəri hansısa tələbə yoldaşına verib.Telefonu masanın üstündən götürüb, qrup yoldaşına zəng elədi.

- Alo!

- Alo, Murad? Necəsən? Səndən nə əcəb zəng vurmusan ?

- Yaxşılıqdı, Ayan. Sən necəsən? - cavab gözləmədən növbəti sualı verdi. - Bir şey soruşacaqdım, mühazirə dəftərimi axtarıram, tapa bilmirəm. Dedim bəlkə səndədi. Deyəsən axırıncı dəfə sən məndən almışdın ki, köçürdəsən.

- Mən axı sənə qaytardım. Yadında deyil?

- Yadıma gəlmir. Yuxuluyam bir az, bəlkə ondandı…

- Papa can,ı dəftərin məndə deyil.

Bir az gözlədi. Sonra anidən mövzunu dəyişdi.

- Ayan, səndən bir söz soruşum. Səncə, İtalyan kinosunda ən yaxşı rejissor kimdir?

- Nə bilim... Vaqif müəllim həmişə Fellinini deyirdi. Hər iki cümləsindən biri Fellini ilə başlayırdı.

- Fellini… Bəs Fellininin hansı filmləri var?

- Gözlə, dəftərə baxım…

- Aha, gözləyirəm.

- Yox, gözləmə, dəftər yanımda deyil. Tapan kimi özüm sənə zəng edərəm. Sən axı bu dərsi yazmışdın, nə əcəb yadında qalmayıb?

- Əşşi… ağıl qalıb ki, məndə? -dedi. Sonra da əlavə elədi - Yaxşı, gözləyirəm, zəng edərsən.

Fellini… Bir az fikirləşdi… Fellini… Dəftərini axtarmağa başladı. Beş dəqiqə keçməmiş telefona zəng gəldi. Ayan idi.

- Alo, Murad. Bir vərəq götür, yaz! Deyirəm.

- Aha, de gəlsin…

- Deyəsən, Vaqif müəllim Fellininin ən çox ‘’Şirin həyat’’ filmini sevir. Sonra ‘’Yol’’, ’’8 yarım’’ , ‘’Kabiriya gecələri’’ filmləri var...

- Elə bu qədər?

- Yox, çoxdur, amma deyəsən ən yaxşıları bunlardır.

- Hə…əla! Nəysə… bu qədər bəsdi. Mən bu filmlərin adını əzbərləyim.

- Niyə əzbərləyirsən ki?

- Sabaha imtahan var da... Vaqif müəllim demişdi ki, məndən ancaq İtalyan kinosunu soruşacaq.

- Aaa,yox! Sabaha Tarix imtahanı var. Kino tarixi ilə Tarix imtahanının yerini dəyişdilər. Xəbərin yoxdur?

- Yox?!

- Hə, deyəsən axı siz axırıncı dərsə girməmişdiz. Bizə də zamdekan gəlib dedi.

- Bəs mənə niyə xəbər eləməmisiz?

- Yadımdan çıxıb e, Murad.

- Nəysə…- dedi. Bir az gözləyəndən sonra əlavə elədi: - Yaxşı, Ayan, hələlik.

- Hələlik, sən canın xətrinə dəyməsin, yadımdan çıxmışdı.

- Nəysə… sağ ol.

***

- Salam, ala ’’şalvar adam’’ (Tələbə yoldaşı olan oğlanlar öz aralarında bir-birilərinə zarafatca ‘’şalvar adam’’ deyirdilər)

- Salam, belə beş də artıq. Nə əcəb səndən zəng eləmisən?

- Səsini eşitmək istəyirdim. Xəbərin var da, sabaha Tarix imtahanı varmış, Kino tarixi üç gün sonradı. İmtahanların yerini dəyişiblər…

- Hə, mən də dünən bilmişəm.

- Bəs mənə niyə xəbər eləmirsən,adə?

- Zəng eləyib,deyəcəkdim.

- Nəysə… bir şey soruşum. Sabah nə edəcəyik? Qiyməti neçəyə yazdıracağıq?

- Hələ ki, bilmirəm, Murad. Yəqin ən aşağısı iyirmi manat.

- İyirmi manat?! Dəlisiz?! Çox deyil?

- Yox. Biz keçən ilki uşaqlarla danışdıq, onlar da iyirmi manat veriblərmiş.

Bir az susdu, sonra söhbəti dəyişdi.

- Qulaq as, biz bir dəfə universitetdə bir filmə baxırdıq ha, qızlar on beş dəqiqə baxdılar, sonra durub çıxdılar bayıra. O film deyəsən təmiz porno idi. Adı nə idi? Yadına gəlir ?

- Gözlə, yadıma salım.

- Adə, kontur gedir. Tez ol!

- Adı şey idi… hm… ’’Salo’’!!!

- Hə. Onun rejissoru kim idi?

- Nə bilim, alə?

- İtalyan idi?

- Hə. Özü də deyirlər ki, ‘’petux’’ olub.

- Sən canı bu gün o rejissorun adını öyrənib, mənə de.

- Yaxşı… Murad, mənim işim var. İndi zəng gələcək. Hələlik.

- Hələlik…

***

Qapını açdı, soğan iyindən başqa, mətbəxi xəfif bir duman bürümüşdü. Anası onun tərəfə baxmadı, neçə gündür anası ilə aralarında küsülülük vardı. Bir-biriləri ilə qısa cümlələrlə danışır, üz-üzə gəlmirdilər. Bu dəfə o özü qısa cümlə ilə söhbətə başladı:

-Sabaha imtahan var.

- Lap yaxşı.

- İyirmi manat pul lazımdır.

- Niyə? Bəs deyirdin bu imtahanı pulsuz verəcəm.

- Yox, o imtahanı üç gün sonraya salıblar. Sabah başqasıdır. Tarix imtahanı…

- Məndə pul yoxdur.

- Bəlkə xalama zəng edəsən? Onda ola bilər…

- Xalan ilə bayaq danışdım, o özü məndən borc istəyirdi. Sən əmilərinə de, bəlkə onlar verərlər.

- Onlara ağız açmaq istəmirəm.

- Bəs nə yaxşı xalandan pul istəyirsən?

Heç nə demədi. Yenidən anası ilə mübahisə eləmək istəmirdi. Ayağa qalxdı, yavaşca:

- Yaxşı, mən bir dostlarımdan soraqlaşım. Bəlkə borc verdilər.

Anası heç nə demədi. Mətbəxdən çıxdı. Öz otağına girib, qapını bağladı.

***

Mətbəxin qapısını araladı, anası ilə göz-gözə gəldi. Fikirləşdi ki, uzun zamandır onun üzünə, gözlərinə, sifət çizgilərinə baxmadığı üçün anası birdən-birə qocalıb. İçində bir peşmançılıq keçirdi.

- Mən gedirəm. İsaya zəng elədim, ondan borc alacam. - dedi.

- Yaxşı.

Qapını bağlayanada fikirləşdi ki, bu qadına çəkdirdiyim əziyyətlərə görə bir vaxt cavab verəcəm. Hələ ki hər kəs mənlə yaxşı davranır, amma bir vaxt gələcək, bax elə o vaxt hamı məndən nəsə tələb edəcək, necə ki, mən indi ... Ayaqqabılarını geyinib, evdən çıxdı. Qapını qəsdən bərk çırpdı ki, anasına hirsli olduğunu bildirsin. Əslində hirsli deyildi, sadəcə bunu göstərmək üçün edirdi.

***

Yolda ağlına min cür fikir gəldi. Bəlkə sabahkı tarix imtahanına özü hazırlaşsın? Yox, pul verməsə olmurdu. Dərsdə baxdıqları bir filmi xatırladı. Fotoqraf oğlan haqqında olan film. Tez telefonu cibindən çıxardıb, Ayana zəng elədi.

- Alo, Ayan. Bağışla, narahat edirəm.

- Nə olub?

- Bir şey soruşacaqdım. Biz bir kinoya baxmışdıq ha, hardasa üç-dörd ay bundan qabaq idi. Fotoqraf oğlan haqqında olan italyan filmi… O filmin adı nəydi? Yadına gəlir?

- Hə, ’’Fotoböyütmə’’… Antonioni.

- Antoni?

- Yox, Antonioni. Rejissoru Antonioni idi.

- Filmin adı nə idi?

- Adı deyəsən ‘’Fotoböyütmə’’ idi… Niyə soruşursan ki?

- Heç, elə-belə, yadıma düşdü… Nəysə…

-Yaxşı, oldu… Hələlik.

- Hələlik - deyib, telefonu cibinə qoydu. Yenə də fikirləşməyə başladı. Antoni… yox, Antonioni.

***

Sabahkı imtahan. İyirmi manat. Ondan üç gün sonra yenə imtahan. Fellini, Antoni… yox, Antonioni.

Hardasa otuz dəqiqə idi ki, piyada gedirdi. Yorulduğunu hiss elədi. Piyada gəzdiyi bəs edərdi. Avtobusa minib, dostugilə getmək qərarına gəldi, amma anidən bir polis maşını qarşısında saxladı.

Maşından iki polis düşüb, cəld addımlarla ona yaxınlaşdı. İstədi ki, qaçsın. Sonra özünü şübhəli göstərməmək üçün bu fikrindən daşındı. Özünü elə apardı ki, guya polislərə fikir vermir və yoluna davam eləmək istədi, amma onlardan biri onun qolundan yapışdı. Qorxdu, sonra səsini yüksəltdi:

- Sizə nə lazımdır?

- Qışqırma!!! Deməli, o bariqa sənsən?!

- Nə bariqa? Siz nə danışırsız?!

- Sox içinə! İndi gedərik bölməyə, başa düşərsən nədən danışırıq.

Heç nə deyə bilmədi. Polislər maşının arxa qapısını açdılar. O da heç bir müqavimət göstərmədən maşına mindi. Qabaq oturacaqdakı polis çevrilib ona baxdı, sonra üzünü turşutdu. Tez qapını açıb, o biri iki polisi də yanına çağırdı. Hardasa on beş dəqiqə söhbət elədilər. O isə təəccüblə onlara baxır və heç nə anlamırdı. Bir müddətdən sonra polislərdən ikisi, hərəsi bir tərəfdən maşının arxa qapılarını açaraq onun yanına oturdular. Sol tərəfində oturan polis söhbətə başladı:

- Malış, bizi bağışla. Deyəsən, səni bir nəfərlə səhv salmışıq.

Sonra digəri söhbətə başladı.

- Burda bir oğraş var, bariqadır. Bariqa bilirsən nədir?

- Yox, bilmirəm.-dedi. Əslində bariqanın nə olduğunu bilirdi, amma qorxusundan təkzib elədi. Digər polis ona başa salmağa başladı:

- Bariqa nəşə satandır.

Həyəcanlandı, özü də bilmədən səsini titrədərək:

- Mən nəşə-zad satmıram axı…- dedi.

- Biz bilirik ki, sən nəşə satmırsan. Səhv salmışıq da…

Bu anda sol tərəfində oturan polis əlini onun cibinə soxdu.O bunu hiss elədi, amma susdu. Heç nə deyə bilmədi. Hiss elədi ki, cibinə girən əl, ora nəsə qoydu. O, nə olduğunu anlamadı. Bu anda bayaq qabaq oturacaqda oturan polis qapını açdı

- Nə durmusuz?! Buraxın uşağı getsin.

Sol tərəfdə oturan ona cavab verdi.

- Oldu, rəis. Danışdıq malışla. İndi buraxırıq.

Bu sözləri deyəndə rəisə göz vurdu. Rəis gülümsədi. Başını aşağı salıb mızıldandı:

- Yenə də nə hoqqalardan çıxırsız?

O, bu sözləri eşitdi. Həyəcanlı olduğu üçün heç nə demədi, əslində nəsə deyə də bilməzdi. Sonra sol tərəfdə oturan polis, maşının qapısını açaraq onun qolundan yapışdı. Özünə tərəf çəkib, maşından çıxardı.

- Hə, malış. Bizi bağışla, səni başqası ilə səhv saldıq. Özün görürsən də, bu boyda adamlar səndən üzr istəyir. Başa düşdün məni?

- Hə…-dedi. Çox qorxmuşdu. Bu qədər qorxduğu üçün özü-özündən utandı

- Lap yaxşı. Hara gedirdin? Bəlkə səni ora qədər aparaq?

- Yox, sağ olun. Çatmışam. Beş dəqiqəlik yolum qalıb – dedi. Rəis maşından düşdü, telefonda kimləsə danışmağa başladı. Onun qolundan tutan polis gülümsəyərək sakit səslə dedi:

- Yaxşı, malış… sağ ol.

- Sağ olun.

Üzünü çevirib, cəld addımlarla oradan uzaqlaşdı. Arxaya çevrilib baxanda, rəisin hələ də telefonda kiminləsə gülə-gülə danışaraq diqqətlə onu süzdüyünü gördü.

Yolu keçdi, qarşısında bir bina vardı. Binadakı keçidə girdi. Tez əlini cibinə atdı. Cibindəki kibrit qutusu idi. Qutunu açdı, içində ot vardı. Deyəsən, nəşə idi. Marixuana…

Bir anda əlləri əsdi. Dərindən nəfəs almağa başladı, sonra hər şeyi başa düşdü.

Deməli onu ilişdirmək istəyirdilər. Öz-özünə “Sakit ol, sakit ol!” dedi. Keçiddə bir az dayandı. Nəsə fikirləşdi. Beynində ”Marixuana, Marixuana” deyə təkrar elədi.

Yadına uşaqlığı düşdü. O vaxtlar o heç məktəbə də getmirdi. Məhlənin böyük oğlanları onlara “Marixuana” sözünü əzbərlətmişdilər və dönə-dönə tapşırmışdılar ki, əgər polislərin yanında bu sözü işlətsən, səni tutarlar.

Onlar da mikrorayonlarında olan polis idarəsinin yanından keçərkən, zarafata salaraq ”Marixuana” sözünü ,”Mariya-Xuana” deyə qışqırardılar.

Birdən yuxarıdan səs gəldi. Səs sanki onu ayıltdı. Kibrit qutusunu keçiddəki divarın üstündən keçən qaz borusunun arxasına sıxışdırdı. Diqqətlə baxdı. Kibrit qutusu görünmürdü.

Başını keçiddən çölə çıxardı. Binaların arası ilə gələn başqa bir polis maşını gördü. Deməli, rəis telefonda bunlarla danışırdı deyə fikirləşdi. Belə hadisələri çox eşitmişdi. Dostlarından birinin başına belə hadisə gəlmişdi. Atası dörd-beş min verib uşağı içəridən çıxarmışdı.

Cəld çevrilib, keçidə girdiyi tərəfdən başını çölə çıxardı. Digər polis maşını da yolun o biri tərəfində durmuşdu. Nə edəcəyini fikirləşməyə vaxtı yox idi. Kibrit qutusunu borunun arxasından götürdü. Fikirləşdi ki, bəlkə də səhv edir, sonra özü-özünə qırıq-qırıq cümlələr qurmağa başladı. ’’Başqa yolun yoxdu, başqa yolun yoxdu!’’ dedi.

Başını keçiddən uzadıb, bayaq onun önünü kəsən polis maşını tərəfə baxdı. Bu anda polis maşının düz qarşısında avtobus dayandı, sərnişinlər düşməyə başladı.Polis maşınını görmək olmurdu. Sonra avtobus yerindən tərpəndi. Bu əla fürsət idi. Tez keçiddən çıxıb qaçmağa başladı. Avtobusla paralel qaçırdı, belə qaçsaydı, maşındakı polislər onu görməyəcəkdilər.

Hardasa otuz metr avtobusla bərabər qaçdı, sonradan avtobus sürəti artırmağa başladı, o da bu anda özünü başqa bir binanın keçidinə atdı. Cəld keçiddən keçib, həyətə girdi. Qaçmağa başladı. Var gücü ilə qaçırdı. Binaların arasında gördüyü digər polis maşını onu görə bilərdi.

***

O qədər qaçmışdı ki, güc-bəla ilə nəfəs alır, beynində eyni sözləri təkrar edirdi: ”Düz elədim, düz elədim, düz elədim. Ən yaxşısı budur, ən yaxşısı...”

***

Telefonu cibindən çıxartdı. Bir az fikirləşdi, sonra qət elədi ki, zəng edəcək. Nömrəni yığmağa başladı.

- Alo. Salam, Adil.

- Oooo, salam, Murad. Necəsən? Hardasan?

- Məhləyə gəlirəm. İmkan varsa, görüşək. Sənə işim düşüb.

- Nə iş?

- Gələndə danışaram.

- Nə olub, alə. Elə bil təng-nəfəssən?!

- Gəlirəm. Söhbət edərik. İndi sən hardasan?

- Evdəyəm…

- On dəqiqəyə həyətə düş!

- Yaxşı… Nə olub e?

- Gəlirəm, danışarıq.

***

On beş dəqiqə idi ki, binanın tinində durub, Adili gözləyirdi. Nəhayət gəlib çıxdı.

- Yekə kişisən, Adil… səhərdən səni gözləyirəm.

- Nə olub, Murad? Nə məsələdi?

Söhbəti çox uzatmaq istəmədi, əlini cibinə atdı:

- Adil, bir buna bax - dedi. Sonra cibindən kibrit qutusunu çıxardıb, dostuna uzatdı. Adil qutunu açdı. Bir az baxdı, yoxladı, burnuna yaxınlaşdırıb iylədi. Sonra gülərək ona baxdı.

- Bunu hardan tapmısan?

- Bir dostum verdi - dedi. Gülümsədi. ”Bir dostu”… gözəl səslənirdi.

- Kimdir, o dostun?

- Əşşi sənə nə?! Tanışdı…

- Deyəsən dostun yaxşı bariqadır ha... Pis şeyə oxşamır. - dedi. Sonra Adil qutunu əlində tutub, ağırlığını yoxladı. Gözlərini qıyıb, qutuya diqqətlə baxandan sonra, cibindən siqaret çıxardı, birini də ona uzatdı. Adil elə bil onun ürəyini oxuyurdu. Tez siqareti yandırıb, ilk tüstünü aldı. O dəqiqə də öskürdü. Bu gün çox qaçmışdı. Söhbəti uzatmaq istəmədi:

- Qulaq as, Adil. Bunu neçəyə satmaq olar?

- Nə bilim? Gərək bir az çəkib, yoxlayaq. Sonra qiymət qoymaq olar. Normal şeydirsə, iyirmi beş-otuz manat, bəlkə də qırx manat qiymət qoymaq olar… Loxlar var ki, onlara əlli manata da satarıq. Keçən dəfə tələbələr gəlmişdi. Heç nədən başları çıxmırdı. Mən də tütünlə şeyi qarışdırıb, əlli manata satdım. Sonra zəng edib, dedilər ki, o şeydən varsa, yenə gətir.

İkisi də güldü. Sonra o söhbətə başladı:

- Yaxşı, indi gör nə deyirəm. Gəl, sən mənə iyirimi beş manat ver. Sən özün neçəyə satsan da, fərq eləməz. Baha satsan, halal xoşun. İyirmi beş manatdan aşağı satsan, sənə borclu olaram.

Dostu bir az fikirləşdi. Sonra üzünü ona tutub, başını yellədi:

- Yox... iyimi beş manat çoxdur axı. Yekə kişisən, mənə də pul qalsın…

- Yaxşı da… məzələnmə! Nə çoxdur?! Lap elə yaxşıdır. İstəyirsənsə, lap iki manat da aşağı düşürəm, iyirmi üç manat olsun.

- İyirmi üç manat? Bəlkə iyirmi verim? Məndə də pul azdı...

- Yox! İyirmi üç manat. Nə az, nə çox. Mənə sabaha iyirmi üç manat pul lazımdır…

- Neyləyirsən iyirmi üç manatı?

- Lazımdır…

- Nəyə lazımdır?

Cavab vermədi. Sonra dostu hirsli-hirsli onun qolundan yapışdı. Bu qolundan bu gün cibinə nəşə atan polis də tutmuşdu. Dostu qolunu azacıq silkələdi:

- Alə, de görüm! Məndən gizlədəcəksən?

- Sabah imtahanım var. Pul lazımdır. İyirmi manat imtahan pulu, üç manat da yol pulu.- dedi.

Dostu əlini cibinə saldı. O isə siqaretdən bir tüstü daha aldı. Elə bu anda telefonuna zəng gəldi. Qrup yoldaşı idi.

- Alo, Murad, ”şalvar adam”, necəsən?

- Yaxşıyam, adə.

- Murad, adını öyrəndim.

- Nəyin adını?

- O rejissor vardi ha… Porno film çəkən.

- Adı nədi?

- Pazolini…
XS
SM
MD
LG