Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:26

Nazirlərin aprel tezisləri


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası
-
«İki azyaşlı uşağımla iki il yarımdır Azərbaycanda qanun axtarışındayam, hələ də onu tapa bilmirəm».

Gədəbəyin Söyüdlü kəndinin sakini Aidə Abbasovanın aliment və mülk məsələsi ilə bağlı döymədiyi qapı, yazmadığı ünvan qalmayıb. Son ümid yeri kimi prezidentə, onun həyat yoldaşına, bölgədən seçilən deputata da yazdığı çoxsaylı məktublar kara gəlməyib. Baş prokurora müraciətlərinin də sayını xatırlamır.

«BAŞ PROKURORDAN SORUŞACAĞAM Kİ...»

Çoxillik cavabsızlığa son qoymaq ümidi ilə Aidə Abbasova aprelin 5-də Zakir Qaralovla görüşə hazırlaşır. Bir gün əvvəl rayon prokurorluğuna gedib qeydiyyata da düşüb.
O, bir görüşlə probleminin həllinə inanmasa da, şikayətini baş prokurora üzbəüz demək istəyir:

«Ümid olsa da-olmasa da, üz tuturuq baş prokurorun qəbuluna. Zakir Qaralovla üzbəüz oturub soruşacağam ki, görüm, onun mənin çoxsaylı məktublarımdan xəbəri var, ya yox».

Aprel ayında azı 20 nazir bölgə səfərinə çıxır. Məqsəd yerlərdə əhalini qəbul edib, şikayətlərini dinləmək, problemlərinin həllinə yardımçı olmaqdır. İlk səfəri aprelin 5-də baş prokurorla iki nazir reallaşdıracaq. Zakir Qaralov Ağstafada, Nəqliyyat naziri Ziya Məmmədov Qubada, Kənd Təsərrüfatı naziri İsmət Abbasovsa Salyanda şikayətçilərlə görüşəcəklər.

GÖRÜŞƏ QEYDİYYAT BAŞLANIB

Zakir Qaralovun səfəri ilə bağlı martın 28-dən Gədəbəy və Şəmkir rayon prokurorluqlarında qeydiyyat başlanıb. Gədəbəydə 4 nəfər görüş istəyini rəsmiləşdirib.
Şəmkir rayon prokurorunun müavini İlham Səlimov müraciətlərin elə də çox olmadığını deyir. Üstəlik, bəzi şikayətlərin əsassız olduğunu bildirir:
Zakir Qaralov
Zakir Qaralov
«Elə adam var ki, oğlunun ölüm işi açılmayıb, dəfələrlə Baş Prokurorluqda müzakirə olunub, amma həmin adam deyir ki, mən baş prokurorun qəbuluna düşmək istəyirəm. Eləsi də var ki, onun işi bütün məhkəmə mərhələlərini keçib, qərarlar qəbul edilib, amma heç bir qərarla razılaşmır və baş prokurorla görüşmək istəyir. Hər ikisini də qəbula yazmışıq».

Zakir Qaralov Qazax, Tovuz, Şəmkir və Gədəbəydən olan şikayətçiləri Ağstafada qəbul edəcək. Adamların ətraf rayonlardan Ağstafaya aparılması adıçəkilən rayon prokurorluqlarına tapşırılıb.

BİRGÜNLÜK GÖRÜŞ VƏ ÇOXİLLİK PROBLEMLƏR

Deputat Novruz Aslanov məmurların təşəbbüsünü müsbət dəyərləndirir. Düşünür ki, birgünlük də olsa, belə görüşlərlə vətəndaşların problemlərini həll etmək mümkündür:

«Hansısa bir nazir bölgələrə gedirsə və orada 5-10 min nəfərlə görüşürsə, demək, yaxşı bir təşəbbüs var. Deputat kimi mənə müraciətlərin təxminən 70 faizini həll edirəm və bu, mümkün məsələdir».

«QUŞ QOYMAQ XƏTRİNƏ KEÇİRİLƏN TƏDBİRLƏR»

İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova nazirlərin bölgələrə səfərini təşəbbüs kimi müsbət dəyərləndir. Amma il ərzində yığılıb qalan problemlərin birgünlük görüşlə həll olunacağına az inanır:
radə Cavadova
radə Cavadova
«Təşəbbüs kimi yaxşıdır. Nazirlər çox sağ olsunlar. Bu görüşlər müsbət nəticə verərsə, sevinərəm. Amma nazir Bakıdan durub rayonlara gedəcək və mövcud problemlər həll olunacaq – mən bunun hər hansı mexanizmini görmürəm. Misal üçün, həmin görüşdə bir nəfər istintaqın düzgün aparılmamasından şikayət etsə, o məsələni necə çözəcəklər? Deyəcəklər ki, bunu nəzarətə götürün, amma yenə də əvvəlki kimi araşdırma aparılmayacaq. Bu görüşlər quş qoymaq xətrinə keçirilən tədbirlərdir».

YA CANIYANANLIQ, YA DA SEÇKİ NARAHATLIĞI

Hüquq müdafiəçisi bu görüşləri həm də seçki ilində bölgələrdə artan narazılıqların qarşısının alınmasına yönələn addım sayır:

«Əslində, insanların şikayətləri, problemləri bir gün yox, ilboyu həll olunmalıdır. Özü də hər hansı görüntü və hər hansı hesabat xatirinə yox. Yoxsa bu il seçki ildir, noyabradək sakitlik olsun, problemlər olmasın – belə olmaz».

İradə Cavadova hesab edir ki, qanunlar normal işləsə, hər məmur üzərinə düşən vəzifəni yerinə yetirsə, baş prokurorun və ya da nazirlərin bölgələrə gedib şikayətçiləri qəbul etməsinə ehtiyac qalmaz.

Nazir və komitə rəhbərlərinin aprelin 5-də başlayan bölgə səfərləri aprelin 25-dək davam edəcək. Ən çox şikayətçi Səhiyyə naziri Oqtay Şirəliyevlə görüşə bilər, çünki o, aprelin 12-dək Bərdədə 12 rayondan gələn şikayətçini qəbul edəcək. Ən az bölgə payı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun payına düşüb. O, Sumqayıtda keçiriləcək qəbulda cəmi üç rayonun şikayətçilərini dinləyəcək.
XS
SM
MD
LG