Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:17

Taksi biznesi «london»laşır


Niyaməddin İmranov
Niyaməddin İmranov
-
Qarabağ müharibəsi əlili, 40 yaşlı Niyaməddin İmranov ailəsini dolandırmaq üçün 10 ilə yaxındır taksi sürür. Deyir ki, əvvəllər evinə çörəkpulu aparsa da, son 2 ildə nəinki çörəkpulu qazana, heç işləyə də bilmir. Səbəb – Nəqliyyat Departamentinin işçilərinin yaratdığı əngəllərdir. Məsələn, taksinin rəngi. Niyaməddin İmanovun maşını göy rənglidir, amma tələb edirlər ki, taksi ağ rənglə boyanmalıdır. Beləcə, o, lisenziya ala bilmir. Lisenziyası olmadığına görə də departamentin işçiləri onun öz maşınından taksi kimi yararlandığını görüncə, cərimələyir:

«Əvvəl dedilər ki, sovet istehsalı olan maşınlar yığışdırılmalıdır. Ondan sonra da maşınların rəngini bəhanə edib lisenziya vermirlər. Lisenziya ala bilmək üçün tək şərt maşının rəngi deyil. Maşında sayğac olmalı, naviqatorlar quraşdırılmalıdır. Bunlar haradasa 1000-1500 manat edir. Sürücü bu qədər pulu necə tapsın? Bir sözlə, özləri bilərəkdən şərtləri belə sərtləşdiriblər ki, adi taksi sürücüləri işləyə bilməsin. Məqsəd – «London taksiləri» üçün şərait yaratmaqdır».

«NƏ LİSENZİYA VERİRLƏR, NƏ DƏ İŞLƏMƏYƏ İMKAN»

Bakıya 2010-cu ilin sonundan Londonda istehsal olunan bənövşəyi rəngli, el arasında «badımcan» deyilən taksilər gətirilib. Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda Bakıda icazəli fəaliyyət göstərən 1200 taksidən 1000-i «London taksiləri»dir.

Bakıda taksi sürməyin çətinliyi az deyil. Sürücülərdən kimi tıxacların çoxluğundan, kimi sərnişinlərin azlığından, kimi də Nəqliyyat Nazirliyindən gileylənir:
Taksi
Taksi
– Təxminən 3-4 il əvvəl taksi sürücüsü olmaq asan peşə idi. Amma indi çox çətindir. Demək olar ki, işləmək mümkün deyil...

– Taksi sürücüsü necə işləsin ki, lisenziyanın verilməsi şərtlərini sərtləşdiriblər. Lisenziyanı versələr, biz də arxayın işləyərik. Nə lisenziya verirlər, nə də işləməyə imkan. Nə edək, beləcə, qalmışıq çarəsiz.

– Səhərdən işə çıxmışam. Cəmi iki müştərim olub. Qazandığım pul də elə budur – cəmi 11 manat. Bu pulun da 5 manatı benzinə, 2 manatı lisenziyaya gedəcək, mənə cəmi 4 manat qalacaq.

– Bu gün taksi sürücülərinin ən böyük problemi lisenziyadır. Deyirlər maşının rəngi ağ olmalıdır. Maşın təzə olmalıdır. Şəxsən mənim onların dediyi şərtlə maşın almağa pulum yoxdur. Vəziyyət belədir ki, biz işləyə bilmirik.

«İNHİSARDAN SÖHBƏT GEDƏ BİLMƏZ»

Bakıda taksi işlətmək üçün lisenziya verilməsi şərtləri 2011-ci ildən bəri dəyişdirilib. Şərtlərdən narazı qalan taksi sürücüləri bir neçə dəfə Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib.
«London taksiləri»
«London taksiləri»
Bundan sonra şərtlər bir qədər sadələşdirilib. «London taksiləri» gətiriləndən, yəni son iki ildə Bakı küçələrindən sovet istehsalı olan taksilər yığışdırılıb. Elə sürücülər də deyirlər ki, lisenziya verilməsi şərtlərinin bu qədər sərtləşdirilməsi «London taksiləri»nin taksi biznesini inhisara alması ilə bağlıdır.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov lisenziya şərtlərini sərt saymır. Onun fikrincə, sadəcə, sərnişinlərə daha yaxşı və daha yüksək keyfiyyətli xidmət göstərə bilmək üçün standartlar müəyyənləşdirilib:

«Nəqliyyat sahəsində tam şəffaflıq, rəqabət mühiti var. Heç bir inhisardan söhbət gedə bilməz».

«MƏQSƏDİMİZ «LONDON TAKSİLƏRİ»NİN ÜSTÜNLÜYÜDÜR»

«London taksiləri»ni «Bakı Taksi MMC» gətirib və elə həmin şirkət də bu onların fəaliyyətini idarə edir. Bu taksilərin rəngini və modelini prezident İlham Əliyev seçib. «Bakı Taksi MMC»nin direktoru İlqar Qasımov belə deyir. Daha sonra bildirir ki, Nəqliyyat Nazirliyinə müraciətə
İlham Əliyev «London taksiləri»nə baxır
İlham Əliyev «London taksiləri»nə baxır
müsbət cavab alaraq həmin taksiləri gətirib istismara buraxıblar. Direktor ölkənin başqa şəhərlərində də «London taksisi»ndən yararlanacaqlarını söyləyir:

«Növbəti planlarımız Bakıda bu taksilərin sayını artırmaq, taksi fəaliyyətində bizim taksilərin üstünlüyünü təmin etməkdir. Şirkətimizin bir məqsədi də «London taksiləri»nin satış və servisi ilə məşğul olmaqdır».

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları təşkilat komitəsinin ilk iclasında Nəqliyyat naziri Ziya Məmmədov daha min taksi maşınına ehtiyac duyulduğunu bildirib. Prezident İlham Əliyev olimpiya oyunlarınacan yeni taksilərinin gətirilmə zərurətini vurğulayıb.

«MƏN 6 NƏFƏRLİK AİLƏMİ NECƏ DOLANDIRIM?»

Taksi sürücülərinin cərimə meydançası
Taksi sürücülərinin cərimə meydançası
Bakı Nəqliyyat Departamentinin qarşısına, adətən, çox adam yığışır. Yaxınlıqda yaşayanlar deyirlər ki, tez-tez sürücülərlə departament işçilərinin mübahisəsinə şahid olurlar. Elə biz də orada olarkən təngnəfəs və tələsik departamentə gələn sürücü Vüqar Musayevlə rastlaşdıq. Sərnişinlər taksidən düşərkən onu departamentin işçiləri saxlayıb, sənədlərini əlindən alıblar. İndi gəlib sənədlərinin dalınca:

«Ailəmi, uşaqlarımı dolandırmaq, evə 5-10 manat çörəkpulu aparmaq üçün bir maşın aldım. «Mercedes Vito» markalı. Ya taksi sürücüsü, ya da fəhlə işləməkdən başqa əlacım yoxdur. Bir neçə saat öncə Nəqliyyat Departamentinin işçiləri sərnişinləri düşürdüyüm andaca məni tutdular, sənədlərimi əlimdən aldılar. Mən də qanuni taksi fəaliyyəti göstərmək istəyirəm. Lisenziya üçün dəfələrlə üz tutsam da, hər dəfə bir bəhanə ilə lisenziya verməkdən imtina ediblər. Bəs 6 nəfər ailəmi necə dolandırım? Nə ilə keçinək? Bu dəqiqə sənədlərimi alıblar əlimdən, qalmışam sənədsiz. İcazəsiz taksi sürdüyümə görə azı 100 manat cərimə yazacaqlar. Haradan alıb bu cəriməni ödəyəcəyəm?».

Vüqar Musayevin dediyinə görə, eyni halla digər sürücülər də üzləşirlər. İndi onun bircə dərdi var, indi bircə suala tez cavab tapmalıdır: Cəriməni ödəmək üçün tələb olunan məbləği haradan və necə tapsın?
XS
SM
MD
LG