Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:52

David Cameron: «Şimali Koreya Britaniyanı vura bilər»


Britaniya baş naziri David Cameron
Britaniya baş naziri David Cameron
-
O bildirib ki, Pxenyandan gələn mümkün təhlükə Birləşmiş Krallığın Trident nüvə müdafiəsi sisteminin saxlanmasını tələb edir.
Əsasən sualtı qayıqlarda qurulmuş Trident ballistik raketlərinə əsaslanan bu sistemin ölkənin silah cəbbəxanasından çıxarılmasını müxalif Leyborist Partiyası tələb edir.
Şotlandiyada hərbi sənaye işçiləri qarşısında çıxış edən David Cameron bildirib ki, o, Şimali Koreyanın «son dərəcə təhlükəli olan nüvə texnologiyalarından və silahlarından narahatdır».
«İndi artıq Şimali Koreya Amerika Birləşmiş Ştatlarına çata bilən raket texnologiyalarına malikdir, - baş nazir deyib, - əgər onların raketləri ABŞ-a çata bilirsə, deməli Avropaya da çata bilər, bizə də çata bilər. Əsil narahatlıq bundandır».
BAŞ NAZİR DÜZ DEYİR, AMMA BİR O QƏDƏR DƏ YOX
Beynəlxalq Strateji Təhqiqatlar İnstitutunun Nüvə Silahının Yayılmaması və Tərksilah bölümünün direktoru Britaniyanın İTV telekanalına müsahibəsində bildirib ki, cənab Cameron-un Pxenyan barədə qeyd etdiyi təhlükələr mövcuddur.
Lakin o əlavə edib ki, Şimali Koreya Britaniyanı vura biləcək raket qüdrətinə malik deyil və Pxenyanın Britaniyanı hansı şəraitdə vurmaq istəməsini təsəvvür etmək olduqca çətindir.
Millət vəkili, keçmiş hərbçi Lord Ramsbotham isə deyib ki, Şimali Koreyanın Avropanı və əlbəttə, bizi vurmaq üçün lazımı silaha malik olduğunu göstərən sübutlar yoxdur.
Bununla belə, Şimali Koreyanın Cənubi Koreya və Birləşmiş Ştatlar üçün təşkil etdiyi təhlükə Britaniya mətbuatında geniş müzakirə olunur.
Buna səbəb ABŞ müdafiə naziri Chuck Hagel-in az əvvəl vəziyyətin gərginliyi barədə verdiyi bəyanatdır.
Cənab Hagel elan etmişdi ki, ABŞ ballistik raketlərdən təkmil müdafiə sistemlərini Quama göndərir.
MÜHARİBƏ PXENYAN REJİMİNİN SONU OLACAQ
Kim Jong hərbiçilərlə müzakirə zamanı
Kim Jong hərbiçilərlə müzakirə zamanı
Bununla belə, «The Daily Telegraph» qəzetinin aparıcı təhlilçisi David Blair bildirir ki, Pxenyan tammiqyaslı müharibənin başlanmasında maraqlı deyil.
«Əgər o, bunu edərsə, uduzacaq, - yazır müxbir, - o birdən-birə ABŞ və Cənubi Koreya ilə müharibədə olacaq. Elə təkcə Cənubi Koreyanın öz silahlı qüvvələri son dərəcə güclüdür və nəticə Şimal üçün yalnız məğlubiyyət ola bilər».
«Bu, Kim Jong-un-un məğlubiyyəti olacaq və onun məğlubiyyəti böyük bir ehtimalla onun rejiminin və özünün məhvinə gətirib çıxaracaq», - yazır David Blair.
Müxbir belə bir nəticəyə gəlir ki, «Şimali Koreya lideri intihar etmək istəmirsə, çətin ki, tammiqyaslı qarşıdurmaya getsin».
Bununla belə, David Blair bildirir ki, iki Koreya arasında toqquşma təhlükəsi mövcuddur.
Bundan əvvəl Cənub, Şimalın sərhəd boyunca bir çox təxribatlarına baş qoşmayıb, lakin bu dəfə həm Seul, həm də Vaşinqton istənilən təcavüzü cavabsız qoymayacaqlarını bildirib.
XS
SM
MD
LG