Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:27

Rusiya və Azərbaycanın Avropa dəyərlərini gözdən salması


Arxiv foto
Arxiv foto
-

«Carnegie Europe» təşkilatının İnternet saytına yazan Judy Dempsey həm də «International Herald Tribune» qəzetinin sütun yazarıdır.

O, bu məqaləsində Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (İCİJ) ötən həftə açıqladığı sənədlərdən bəhs edir.

Müəllif yazır ki, bu sənədlər Qərb mətbuatında geniş işıqlandırılsa da, bu, Rusiya və Azərbaycan kimi yarımdemokratik ölkələrdə baş verməyib.

J. Dempsey yazır ki, belə sənədlərin açıqlanmasını prezidentlər PutinƏliyev, əlbəttə ki, arzulamırlar.

Müəllif qeyd edir ki, bu iki lider arasında başqa bənzərliklər də var. Onların hər ikisi hakimi-mütləq olaraq qalmaq üçün QHT-lər üzərinə ciddi hücuma keçiblər. Onların ikisi də seçkilərə nəzarət edən ATƏT-dən narazıdırlar.

Judy Dempsey-in fikrincə, hər iki lider öz iqtisadiyyatlarını enerji üzərində quraraq inanır ki, Qərb investor və siyasətçiləri enerji ehtiyatlarına çıxış qazanmaq naminə Rusiya və Azərbaycanda insan haqlarının bərbad vəziyyətinə göz yumacaqlar. Müəllifə görə, əslində, Avropa Şurasında son vaxtlar elə bu baş verir.

AZƏRBAYCAN VƏ RUSİYA AVROPANI İÇƏRİDƏN SARSIDIR

O yazır ki, Azərbaycan və Rusiya Sovet İttifaqının çökməsindən sonra AŞ-yə üzv olarkən demokratik dəyərlərə sayqı göstərəcəklərini vəd etmişdilər:

«Ancaq Rusiya və Azərbaycan, uyğun olaraq, 1996 və 2001-ci illərdə bu təşkilata daxil olandan bəri Avropa Şurasını içəridən sarsıtmaq üçün əllərindən gələni edirlər. Onlara tez-tez şuranın digər üzvləri – İspaniya, Türkiyə, Böyük Britaniya, Fransa, Macarıstan və Polşa da dəstək verir».

Judy Dempsey daha sonra xatırladır: «Almaniya sosial-demokratı, Şuranın Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strässer bildirib ki, baş verənlər onda ikrah hissi doğurur».

Christoph Strässer Azərbaycanı müdafiə edən deputatların, adətən, bu ölkəyə dəbdəbəli səfərlərə dəvət edildiyini də bildirirdi.

Almaniyalı məruzəçinin Azərbaycanda siyasi məhbuslara dair qətnamə layihəsi AŞPA səsverməsində məğlub olandan sonra o, Carnegie Europe təşkilatına belə demişdi:

«Biz öz dəyərlərimizi qoruya bilmədik».

AŞPA-da Britaniya mühafizəkarlarını təmsil edən Robert Walter cənab Strässer-i Azərbaycandakı həbsxana və məhbuslara baş çəkmədiyinə görə qınamışdı. Halbuki Azərbaycan hökuməti ölkəyə gəlmək üçün məruzəçiyə viza verməkdən imtina etmişdi.

Sözügedən səsvermədə Almaniya hökuməti və müxalifəti tərəfindən tam dəstəklənən Strässer demişdi ki, Avropa Şurasının nüfuzu onun öz içindən zəiflədilir.

AVROPA BİRLİYİNƏ DƏRS

Judy Dempsey bunu «Avropa Birliyi üçün də mühüm dərs» sayır və soruşur: «Avropa Birliyi və Avropa Şurası Avropanın demokratik dəyərlərini qorumalıdırsa, onda nədən bu dəyərlərə hər hansı üzv ölkə zərbə vurur?».

Müəllif Avropa Birliyinin çoxsaylı problemlərini də yada salır: Rumıniya və Bolqarıstanda korrupsiya, Macarıstanda ədliyyənin işinə müdaxilə, Çexiya və Slovakiyada milli azlıqların hüquqlarının tapdanması və sair:

«Lakin bunlardan heç biri Azərbaycanın və Rusiyanın törətdiyi pozuntularla müqayisəyə gələ bilməz», deyə müəllif yazır.

Cənab Strässer-in fikrincə, ən ideal variant hər iki ölkəyə sanksiya tətbiq etməkdir, amma bunun üçün gərəkli yekdil dəstək heç vaxt əldə olunmaya bilər.

AVROPA AZƏRBAYCAN VƏ RUSİYAYA QARŞI QƏTİYYƏTLİ OLMALIDIR

Strässer belə düşünür ki, Azərbaycan və Rusiyaya qarşı tənqidi mövqe tutmaq üçün Avropa Birliyinin lazımi vasitələri var. Axı Azərbaycan Avropa Qonşuluq Siyasəti çərçivəsində Brüssellə daha yaxın münasibətlərdə olmaq istəyir və Rusiya da Avropa ilə vizasız gediş-gəliş rejiminə can atır. Strässer-in bu fikrini QHT-lər də bölüşür.

Judy Dempsey 1975-ci ildə Helsinki Yekun Aktının qəbulunu xatırladaraq yazır ki, kommunist bloku və Qərb arasında anlaşmanı hədəfləyən bu sənəd Şərqi Avropa və keçmiş Sovet İttifaqında dissident hərəkatlarına psixoloji stimul verdi. Onlar inandılar ki, Qərbi Avropa və Birləşmiş Ştatlar onlara mənəvi kompas verib:

«Bu gün bənzər kompasa Avropada və onun hüdudlarından kənarda həmişəkindən daha çox ehtiyac var. Avropa Birliyi, Avropa Şurası və ATƏT, nəhayət ki, Avropa dəyərlərini sarsıtmaq və hətta məhv etmək istəyən üzvlərə qarşı açıq çıxış etməlidir».
XS
SM
MD
LG