Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:42

Ofşor: Dünyanı böhrana yuvarladan 10 dəqiqəlik şirkətlər


Foto: Arxiv
Foto: Arxiv
-
Cəmi 10 dəqiqə vaxtınızı xərcləyib, elə evinizdəcə özünüzə şirkət aça bilərsiniz. Necə? Bundan ötrü internetə çıxış, şəxsiyyətinizi təsdiqləyən məlumat və kredit kartı yetər.

Məsələn, Seyşel adalarına getmədən orada şirkət yaratmaq üçün kredit kartınızda bu qədər pul olmalıdır:

- 690 avro – şirkətin yaradılması - bura sertifikatın əldə olunması, şirkətin yaradılması ilə bağlı idarə heyətinin iclası haqda sənədlər, ofis kirayəsi üçün qətnamə və direktorların qeydiyyatı daxildir;

- 390 avro əlavə ödəyib, şirkətə sahibliyin gizliliyinin qorunması qalxanı;

- Əlavə 390 avro ödəyib ofşor şirkət üçün bank hesabı açmaq olar;

Daha bitmədi... Cəmi 49 avro ödəyib şirkətin daha nüfuzlu və cəlbedici görünməsi üçün logo, möhür də əldə etmək olar.

İnternetdə digər bu kimi əməliyyatları da reallaşdırmaq olar. Təxminən 2000 avroya qədər xərc çəkib şirkətin real şirkət imici yaratmasına nal olmaq mümkündür.

İnternetdə şirkət yaratmaq bu virtual şəbəkədə təyyarə bileti sifariş etməyə bənzəyir. Dağa-daşa düşmədən, başqa sözlə, cüzi ödənişlə və ya heç vergi ödəmədən, fəaliyyətinizlə və əldə etdiyiniz gəlirlə bağlı hesabat vermədən işləyə biləcəksiniz. Belə şirkətlər «offshore» (ofşor), bu şirkətlərin yaradılmasına imkan verən ölkələr isə «ofşor zona» adlanır.

«Ofşor zonanın mahiyyəti vəsaitin mənbəyini və gəlirləri gizli saxlamaqdır» - iqtisadçı Azər Mehtiyev həmin şirkətlərin mahiyyətini belə açıqlayır

offshore

Ofşor

– vergidən tamamilə və ya qismən azad, nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotikdən, silah alverindən və qanunsuz gəlirlərin yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.
və əlavə edir ki, bu zaman bir məqsəd də təsisçilərin adının açıqlanmamasıdır. Bu növ şirkətlər özlərini, adətən, xarici investor kimi tanıdırlar:

«Xarici şirkət adı onlara əlavə güzəştlər qazandırır. Cəmiyyətə belə təqdim olunur ki, xarici şirkət öz investisiyasını Azərbaycana yatırmaqla ölkə iqtisadiyyatının inkişafına yardım edir. Reallıqda ölkədən oğurlanan vəsaitlər ofşor şirkətlərə yatırılır, xarici investisiya adı ilə yenidən ölkəyə qaytarılır və bu zaman «çirkli pullar» yuyulur».

PREZİDENT AİLƏSİNİN OFŞORLARI

Aprel ayında Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ofşor zonada qeydiyyatdan keçən şirkətlərlə bağlı araşdırma aparıb. Həmin araşdırmada Azərbaycan prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın və qızlarının da ofşor şirkətlərindən bəhs edilir. Beləcə, ofşor şirkətlər vasitəsilə ölkədə dəyəri milyonlarla ölçülən layihələrin arxasında prezident ailəsinin gizləndiyi üzə çıxıb.

Azərbaycanın 6 bölgəsində (Tovuz, Gədəbəy, Daşkəsən, Göygöl, Zaqatala və Naxçıvan) qızıl mədənlərinin istismarı ilə bağlı 30 illik saziş prezident qızlarının Panamada qeydiyyatdan keçən ofşor şirkəti ilə bağlanıb. Mədənlərin istismarından əldə olunan gəlirin 30 faizi Azərbaycan hökumətinin, qalan 70 faizi isə konsorsiumun payına düşür. Ölkənin mobil rabitəsini, bank, tikinti, sığorta və digər sahələri birləşdirən «AtaHoldinq»in təsisçiləri prezident qızlarının Panamadakı digər şirkətləridir.

MƏMURLARIN OFŞOR ŞİRKƏTLƏRİ

Azərbaycanın bəzi nazirlərinin də ofşor şirkətləri var. Məsələn, Bakıda taksi biznesi, sərnişindaşıma, yol tikintisi şirkətləri və digər müəssisələrin təsisçisi Birləşmiş Ərəb Əmirliyində qeydiyyata alınan bir şirkətdir. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahibi olan «Bakı XXI Əsr» MMC-nin təsisçisi də Vircin adalarında yaradılan «Trans European Leasing Group» LTD-dir.
İlham Əliyev yeni taksilərə baxış keçirir
İlham Əliyev yeni taksilərə baxış keçirir
Bu şirkətin təsisçilərindən biri Nəqliyyat nazirinin qardaşı, deputat Elton Məmmədovdur. O, bu şirkətin niyə Azərbaycanda yox, ofşor zonada yaradıldığını belə izah edir:

«Ofşor zonada şirkət qanun çərçivəsində qeydiyyata alınıb. Burada qanundankənar hal yoxdur. Dövlətin vətəndaşı, özü bilər, harada şirkət yaradar. Beynəlxalq qanunlara da zidd deyil, hər şey qanun çərçivəsindədir».

Ofşor şirkətlərin yaradılması adi vətəndaşlar üçün qanunsuz sayılmır. Amma vəzifəli şəxslərin biznes qurması maraqlar konfliktinə ziddir və bu qanun pozuntusudur. 2008-ci ildə «Böyük 20»liyin sammitində dünyada iqtisadi böhranın səbəblərdən biri kimi ofşor şirkətlər göstərilib. Beynəlxalq ictimaiyyət bu şirkətlərlə əməkdaşlıq etməməyə çağırılıb.

KORRUPSİYA VƏ İNHİSARÇILIQ

Elə 2008-ci ildən sonra dünyada ofşor şirkətlərin sahibləri və fəaliyyətləri açıqlanmağa başlandı. Ofşor zonalar Azad İqtisadi Zonalara bənzəyir, amma Azad İqtisadi Zonada, az da olsa, şirkətlərə nəzarət var, ofşor zonalarda belə nəzarət yoxdur.

Əli Məsimli
Əli Məsimli
Deputat Əli Məsimli düşünür ki, qanunla tənzimlənməyən bütün hallar, eləcə də tənzimlənməyən, nəzarətsiz ofşor şirkətlər zərərlidir:

«2008-ci ilin maliyyə böhranına səbəb kimi xüsusilə ofşor şirkətlər göstərildi. Acgözlük böhranı dərinləşdirib ondan çıxmağı müşkül vəziyyətə salan bir şeydir. Ofşorlar dünya iqtisadiyyatında maliyyə ilə malın nisbətini fantastik surətdə dəyişərək disbalans yaradıblar».

İqtisadçı-ekspert Azər Mehtiyevin fikrincə, ofşor şirkətlərin ən zərərli cəhətlərindən biri korrupsiyadır. Azərbaycandakı ofşor şirkətləri misal göstərən ekspertin fikrincə, hazırda müxtəlif sahələr məhz bu şirkətlərin inhisarındadır. Belə şirkətlər Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı, rəqabət mühitini də pozub.


Просмотреть Ofşor zonalar на карте большего размера
XS
SM
MD
LG