Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:46

Elif Şafakı dinləmək və... Azərbaycan stendinə baxmaq (Nərmin Kamal Londondan yazır)


Elif Şafak London Kitab Sərgisində
Elif Şafak London Kitab Sərgisində
-

Nərmin Kamal London kitab sərgisindən yazır:

Azərbaycan köşkünü tapıb ora yaxınlaşıram...

Stendə düzülən kitablara üç dəqiqə nəzər salıram. Azərbaycan ədəbiyyatından Anar, Elçin, Çingiz Əlioğlunun əsərləri, dövlət təbliğat kitabları və bir neçə Quran kitabı görürəm.


Nərmin Kamal


LONDON KİTAB SƏRGİSİNDƏ GƏZİNTİ

Aprelin 15-də üç günlük London Kitab Sərgisi başlandı.

London metrosunun “Earl’s Court” stansiyasından çıxıb ensiz yolun o biri üzündəki sərgi salonuna çatana qədər əlimə on dənə reklam vərəqəsi yığıldı; “Pul ver, kitabını çap edək” tipli nəşriyyatlar salonun ətrafında müştəri axtarırlar. 42 min kvadrat metrlik sərgi salonu isə ciddi ədəbiyyat sənayeçiləri arasında bölüşdürülüb.

Ənənəvi kitab sərgilərində gördüyümüz məşhur nəşriyyatların iri köşklərindən, kiçik nəşriyyatların kiçik stendlərindən ibarət cığırlardan, elektron kitab pavilyonlarından əlavə, burada 250-dən çox mövzuda mühazirələr, konfranslar, seminarlar keçirilir. Hərəsi bir saat, iki saat. Həmin seminarlar bir-birindən divarlarla, qapılarla ayrılmayıb. Sadəcə əlli-altmış adam bir nöqtədə, bir neçə mühazirəçinin başına yığışıb, on metr aralıda başqa bir belə toplantı.

Mövzuların və mühazirəçilərin siyahısına bax, sənə maraqlı olanları seç, get birində çox otur, birində on dəqiqə otur ki, o birilərdən də xəbərdar olmağı çatdırasan. Çağdaş ədəbiyyat, tərcümə, kitab dizaynı, müəlllif hüquqları, ümumiyyətlə, kitabın nə problemi varsa, hamısına aid tədbirlərdir bunlar. Elə problemlər var ki, bizə elə gəlir, bu dərdimizi heç kəs bilmir. Amma bu kiçik konfranslara, seminarlara qatılanda görürsən ki, burda onlardan danışılır.

London Kitab Sərgisinin bir gözəl xüsusiyyəti də var

Burda hər il bir qonaq ölkə və hər il üç nəfər Günün Yazıçısı olur. Builki Günün yazıçıları britaniyalı William Boyd, türk Elif Şafak, ingilis uşaq yazıçısı Liz Pichondur. Bu ilki qonaq ölkə Türkiyədir. Ona görə də sərgi salonunda hara baxırsan, Türkiyəyə aid nə isə var. Yuxarıda Türkiyə sözü yazılmış plakatlar yellənir, sağda-solda Türkiyənin nəşriyyatları öz kitablarını nümayiş etdirir, türk dili ingilis dilinə qarışıb. (ardı aşağıda)

Sərgidə Türkiyə nəşriyyatlarının köşkləri
Sərgidə Türkiyə nəşriyyatlarının köşkləri


15 apreldə günün yazıçısı William Boyd olduğuna görə, yüzlərlə adam toplaşıb onu dinləyir, suallarını verirlər, mənim kimi gecikənlərə adamları aralayıb bu yazıçının üzünü görmək nəsib olmur. Növbəti günün– 16 aprelin yazıçısı Elif Şafak olacaq...

Elif Şafakdan söz düşmüşkən

Salonda “Ədəbi tərcümə mərkəzi” adlı bir qaynar nöqtə var. Orda gün ərzində bir və iki saatlıq sessiyalar – təlimlər, debatlar bir-birini əvəz edir. Hərəsi ədəbi tərcümə sənəti və biznesinin bir başqa tərəfinə işıq salır. Hali olmaq istəyirsənsə, sadəcə, yaxınlaş qulaq as. Onlardan birinə yaxınlaşıram.

2013-cü il “Independent Foreign Fiction” mükafatının qısa siyahısını seçən üç münsifin toplantısıdır. Münsiflər Elif Şafak, Gabriel Josipovici, Boyd Tonkin bu mükafatın uzun və qısa siyahılarını hazırlayarkən nələrə diqqət etdiklərindən danışdılar. Qeyri-ingilisdilli yazıçılar üçün olduğuna görə, özlərilə yox, özgələrin səsilə, - dünyanın uzaq yerlərində yaşayıb-yazan yazıçılarla maraqlananlar bura yığışıblar. Elif Şafak deyir ki, onun ölkəsində və dünyanın başqa qeyri-ingilisdilli ölkələrində elə orijinal, elə heyrətamiz, eksperimental, hamımızın əlimizdə çıraqla axtardığımız elə fərqli səsi olan əsərlər yazılır ki, ingilisdilli dünya onlardan xəbərsizdir, ona görə ki, onlar ingilis dilində yazılmayıblar, tərcümə olunmur, yaxud da pis tərcümə olunurlar. Bu mükafatı verərkən yalnız ingiliscə təqdim olunan romanlar arasında seçim edirlər. (ardı aşağıda)

"İndependent Foreign Fiction" mükafatının münsifləri danışır
"İndependent Foreign Fiction" mükafatının münsifləri danışır


Hər üç münsif bu məsələnin üstündə xeyli dayanır. Tərcümə problemindən irəli gələn, ingilisdilli ədəbiyyatla başqa, kiçik xalqların dilləri arasında qalın sərhədlər olmasından danışılır.

Qeyri-ingilis dilində yazılan romanlara verilən ən böyük ingilis mükafatı olan “The Independent Foreign Fiction Prize”-ın bu ilki siyahısına gəlincə, orda çox maraqlı əsərlər var, ancaq bu işdə sərt qızıl qayda olmadığına görə, biz subyektiv zövqlərimizə görə rəy verib, uzun və qısa siyahıları seçmişik, - deyirlər. Dinləyənlərdən biri sual verir ki, biz elə bilirdik ki, bu siyahıda ərəb inqilablarını qələmə almış müəlliflər də olacaq, ancaq yoxdur. Münsiflər həmişə tarixi hadisələrlə ədəbiyyat arasında uzun zaman məsafəsi olduğunu deyirlər.

Bu sessiyadan çıxıb ədəbiyyatın başqa problemlərini müzakirə edən qrupların yanından ötürəm. “Naşirlər nə istəyir?”, “Tərcümədə innovasiyalar”... Türkiyə mövzuları çoxdur. “Türkiyədə hansı kitablar satılır?”, “Türkiyədə poeziya və cinayət”, “Türkiyədə romanlar, filmlər və tele-seriallar arasında çoxölçülü əlaqə”, “Ədəbiyyat tərcüməçiləri və redaktorlar Türk ədəbiyyatı haqqında”, “Türk ədəbiyyatında qadın”...

Sonuncuda bir az ayaq saxlayıram.

Sən demə, Azərbaycanda orda-burda “Qadın roman yaza bilməz, amma şair olar”, - deyildiyi kimi,

Türkiyədə də “Qadın şair ola bilməz, getsin roman yazsın”, - deyimi məşhurdur

“Türkiyədə çox böyük kişi şairlərimiz var, amma doğrudan da bir dənə də qadın şairimiz yoxdur. Əvəzində onlarla məşhur romançımız var ki, qadındır. Bunun səbəbi tarixən şeir dilinin “yar, aşk, endam, buse” sözlərindən hörülməsi, bu sözləri işlətməyin qadınlar üçün ayıb sayılması, qadınların şeir yazarsa, hələ 19-cu əsrin sonlarında onu öz adıyla deyil, “Bir hanım” imzasıyla nəşr etdirməsidir. Romanda isə şeirdən fərqli olaraq, qadınlara birbaşa öz hislərilə deyil, başqa-başqa adamların arxasında gizlənərək daha soyuq dillə danışması mümkün olur,” - deyir yazıçı Canan Tan. Bu sözlərin türk dilindən ingilis dilinə tərcüməsi başlananda bu sessiyadan aralanıram və salonun ucqarlarına doğru gedirəm.

Burda adam azdır. Hərəsi iyirmi müstəqil nəşriyyatla təmsil olunan ölkələrdən başqa, bu sərgidə elə ölkələr var ki, nəşriyyatla yox, dövlətin özülə təmsil olunur. Bunlar ya kasıb ölkələrdir, yaxud da kitaba, ədəbiyyata qol-qanad verməyən ölkələrdir. Məsələn, Livan bir stendlə təmsil olunur, onun da üstündə “Livan Mədəniyyət Nazirliyi” yazılıb. On-on beş dənə kitab düzülüb və ortada bir yaşlı kişi oturub kalkulyatorda nəsə hesablayır. Belələri az deyil. Axşam düşəndə dükanı bağlayıb içəridə oturan baqqalı xatırladırlar.

Və nəhayət, Azərbaycan.

Elə ordaca London Kitab Sərgisinin saytına girib Azərbaycan sözünü axtarışa verirəm. Yazılır ki, Azərbaycan bu sərgidə Mədəniyyət və Turizm Nazirliyi ilə təmsil olunur, növbəti cümlə: “Azərbaycanda nəşr Mədəniyyət və Turizm Nazirliyinin nəzarətindədir” (Publishing in Azerbaijan is under the control of the Ministry of Culture and Tourism).

Azərbaycan köşkünü tapıb ora yaxınlaşıram. Azərbaycanı bu sərgidə nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, nazirliyin başqa bir nümayəndəsi Çingiz Əlioğlu təmsil edirlər. Stendə düzülən kitablara üç dəqiqə nəzər salıram. Azərbaycan ədəbiyyatından Anar, Elçin, Çingiz Əlioğlunun əsərləri, dövlət təbliğat kitabları və bir neçə Quran kitabı görürəm.

Kiçik bir qəlyanaltı edib türk yazıçısı Adalet Ağaoğlunun sessiyasına qatılmağı və orda onunla bir söhbət etməyi planlaşdırıram. Amma qəlyanaltı köşkündə aldığım sendviçin içində çoxlu soğan olduğuna görə, hər hansı söhbəti təxirə salıb London Kitab Sərgisini tərk edirəm...

(reportajlarımız davam edəcək)
XS
SM
MD
LG