Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

Milli Məclisdə İTV müzakirəsi


Milli Məclis
Milli Məclis
-

YAYIM ŞURASINA 3 YENİ ÜZV SEÇİLDİ

Milli Məclisin iclasında İctimai Televiziya və Radio (İTV) Yayımları Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə edilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov namizədlərin adlarını açıqlayıb:

İdman federasiyaları tərəfindən Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Yusif Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Validə Ağayeva, dini konvensiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Zemfira Qafarova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Ələddinov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Ziyadxan Əliyev və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şahin Babayevin namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra məsələ səsə qoyulub. Yusif Babanlı, Fuad NurullayevZemfira Qafarova Yayım Şurasına yeni üzv seçiliblər.

«HEÇ OLMASA HƏFTƏDƏ 1 VƏ YA 2 SAAT...»

Aprelin 19-da Milli Məclisdə İctimai Televiziya və Radionun Yayım Şurasının tərkibinə dəyişikliklərlə bağlı məsələnin müzakirəsi zamanı deputatlar televiziyanın fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Fazil Mustafa İctimai TV-nin fəaliyyətini yüksək qiymətləndirdiyini deyib:

«Bu televiziya müxtəlif tərəflərə efir verməklə müsbət addımlar atır, amma bu tərkibdə dəyişiklik edilirsə, heç olmasa həftədə bir dəfə 1 və ya 2 saat Milli Məclisin iclas ilə bağlı veriliş verilsin».

«MƏN DƏ HESAB EDİRƏM...»

Fərəc Quliyev İctimai televiziyanı Azərbaycanın milli maraqlarını müdafiə edən bir televiziya kimi qiymətləndirib:

«Bu TV Qarabağla, Cənubi Azərbaycanla bağlı məsələləri həmişə işıqlandırır. Amma mən də hesab edirəm ki, siyasi qurumlara da həftədə bir dəfə vaxt verilməlidir».

SİYAVUŞ NOVRUZOV: «YAXŞI OLAR AŞIQLARA AYRILAN VAXT BİR AZ AZALDILSIN...»

YAP-çı deputat Siyavuş Novruzov deputatların İctimai TV-yə az hallarda dəvət olunduğu və barələrində az məlumatlar verildiyi fikirləri ilə razılaşmayıb:

«Mən həmkarım Fazil Mustafanı hər gün efirdə görürəm. Kimlərsə az görünürsə, az dəvət edilirsə, bu mövzu ilə bağlı ola bilər. İctimai TV heç vaxt YAP-ın tədbirlərini işıqlandırmır. İstəyərdim ki, yeni tərkib gələcəkdə siyasi partiyalarla, parlamentin iclaslarının işıqlandırılması ilə bağlı, bu məsələləri nəzərə alsın. Mən hesab edirəm ki, İctimai TV aşıqların çıxışlarını, onlara ayrılan vaxtı bir az azaldıb, müəyyən sosial verilişlərə yer versə yaxşı olar».

«AZTV BÜTÜN AZƏRBAYCAN TELEVİZİYALARI ÜÇÜN MƏKTƏBDİR»

Hadı Rəcəbli İctimai TV ilə bağlı çıxışında AzTV-ni bütün televiziyalar üçün örnək adlandırıb:

«AzTV bütün Azərbaycan televiziyaları üçün məktəbdir. Qaldı ki, İTV-yə, bu, siyasi partiyaların televiziyası deyil ki, bunu çox işıqlandırdı, onu az. TV bütün cəmiyyətin problemlərini işıqlandırmalıdır. Yaxşı olar ki, İTV qanunların şərhinə aid verilişlər hazırlasın».

İTV-DƏ AZƏRBAYCAN DİLİ DƏRSLƏRİ OLSUN

Qənirə Paşayeva İctimai TV-ni, hamının ailəliklə oturub baxa biləcəyi TV adlandırdı. Bu TV-nin həmişə mənəviyyata uyğun verilişlər yayımladığını qeyd etdi:

«Hesab edirəm ki, Yayım Şurasına dəyişikliklər olandan sonra da bu xətti davam etdiriləcək. Təklif edirəm ki, xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili verilişi açılsın. Dünyada azərbaycanlıların sayı 50 milyonu keçir, amma onlardan 9 milyonu latın qrafikasında yazıb-oxuya bilir. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımız istəyir ki, Azərbaycan TV-lərində Azərbaycan dilini öyrədən proqramlar olsun ki, onunla öz dillərini öyrənə bilsinlər».
XS
SM
MD
LG