Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:33

İTV: sazla caz arasında baş direktor seçimi?


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli
-
Aprelin 23-də Yayım Şurası İctimai TV-yə yeni baş direktor seçəcək. Dörd nəfər namizədliyini irəli sürüb. Onların arasında «Mədəniyyət» kanalının rəhbəri Cəmil Quliyev və RATİ-nin sədri Emin Hüseynov da var. Seçim öncəsində sosial şəbəkələr baş direktor kimi Cəmil Quliyevin adını hallandırmağa başlayıb.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli apa-ya bildirib ki, yeni baş direktor Yayım Şurasının iclasında seçiləcək. MTRŞ sədri əlavə edib ki, başçılıq etdiyi qurum «İctimai televiziya və radio yayımı haqqında» qanunda TV-nin fəaliyyəti üzərində hüquqi nəzarətlə bağlı ayrıca maddəyə dayanaraq seçimə hüquqi nəzarəti həyata keçirirlər.

Baş direktorluğa müsabiqəni də MTRŞ-nin açıqladığı diqqətə alınarsa, istər-istəməz, bir sualla üzləşirik: Bir dövlət qurumunun İctimai TV-yə nə aidiyyəti var? Bu sualın cavabına daha sonra qayıdacağıq.

NAMİZƏD DEBAT TƏKLİF EDİR

Namizədlər öz şanslarını necə qiymətləndirirlər? Emin Hüseynov AzadlıqRadiosuna müsahibəsində bildirir ki, o, iddiasını peşəkar kimi ortaya qoyub, amma indidən ədalətli seçimə böyük şübhəsi var:
Emin Hüseynov
Emin Hüseynov
- Ərizələrin qəbulu başa çatandan sonra namizədlərin siyahısı açıqlanıb. Bundan dərhal sonra MTRŞ bildirir ki, sabah seçkidir. Bu necə seçimdir ki, Yayım Şurasının üzvləri namizədləri tanımayacaq? Ən azından debat olmalı idi. Mən bununla bağlı həm Yayım Şurasına, həm də Avropa Yayım Şurasına müraciət etmişəm ki, debatlar təşkil edilsin və namizədlər öz proqramlarını açıqlasınlar.

Emin Hüseynov təklifində onu da səsləndirib ki, debat İctimai TV-də canlı yayımlansın və tamaşaçılar da SMS göndərməklə alternativ səsverməyə qatılsınlar.

DEBAT YOX, GÖRÜŞ OLACAQ

İctimai Teleradio Yayım Şurasının sədri Cahangir Məmmədli deyir ki, onlar seçim günü namizədlərlə görüşəcəklər:

- Namizədlərlə bağlı sənədlərlə bu gün tanış olacağıq. Sabah səsvermədən öncə onları dinləyib proqramlarını, fikirlərini öyrənəcəyik. Sonra da səsvermə olacaq. Məndən olsa, gizli səsvermə yaxşıdır.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Bəs namizədlərin sənədlərini niyə MTRŞ toplayır? Cahangir Məmmədli bunda qanunazidd hal görmür. Onun dediyinə görə, Milli Teleradio Şurası namizədlərin yalnız sənədlərini toplayır, seçimi isə onlar aparacaqlar.

MTRŞ-NİN SƏLAHİYYƏT SƏRHƏDİ

Hüquqşünas Ələsgər Məmmədli xatırladır ki, İTV yeni yaradılarkən Milli Teleradio Şurası onlara texniki dəstək verdi:

- Amma daha sonra İctimai TV quruldu, öz binası oldu, amma bu «ənənə» dəyişmədi. Qanunda birbaşa göstərilib ki, baş direktorluğa sənəd qəbulunun aparılması, seçilməsi birbaşa İTV-nin Yayım Şurasının səlahiyyəti daxilindədir.

Nuşirəvan Məhərrəmlinin söykəndiyi «hüquqi nəzarət» məsələsinə gəlincə, Ələsgər Məmmədli deyir ki, müvafiq qanunvericilikdə MTRŞ yalnız ictimai yayımçının fəaliyyətinə nəzarəti həyata keçirir. Hüquq ekspertinin fikrincə, baş direktorluğa namizədlərin ərizələrini toplamaqla artıq MTRŞ-nin özü qanun pozuntusuna yol verir.

KADR DƏYİŞİR, BƏS İDARƏÇİLİK?

Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli
Sabir baş direktor İsmayıl Ömərovun namizədliyini üçüncü dəfə verməməyi sosial şəbəkələrdə çeşidli statuslar doğurdu. Onun 8 illik fəaliyyəti haqqında hesabatı da birmənalı qarşılanmadı.

Uzun müddət İctimai TV-nin fəaliyyətini araşdıran jurnalist Rövşən Hacıbəylinin fikrincə, hesabatda televiziyanın ictimai maraqları əks etdirməsi ilə reallıq arasında kəskin ziddiyyət var. O deyir ki, inzibati idarəçilik üsulları dəyişməsə, hakimiyyət İTV-yə müstəqillik verməsə, hər hansı kadr dəyişikliyi yalnız kosmetik xarakter daşıyacaq.

Sosial şəbəkələrdə İsmayıl Ömərovun vəzifədən getməsinə təəssüflənənlər də var, İctimai TV-də aşıq musiqisinin rokla əvəz olunacağını düşünənlər də. Məsələn, yazırlar ki, İsmayıl Ömərov aşıq mahnılarını xoşlayırdı deyə, İTV-də gecə-gündüz aşıqlar oxuyurdu. Təzə gələn baş direktor roku sevsə, deməli, efirdə rok musiqisinə geniş yer verəcək. Bir başqa sözlə, sazı caz əvəzləyə bilər...
XS
SM
MD
LG