Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:08

Tənha adam üçün şeir


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 20-liyindən


Fürqan Sadıq


MƏSƏLƏN

Bu nahaqq dünyada
adından göründüyütək
haqsızlıqlar çıxacaq qarşına,
dost...

Uzun bir “eeeeeeeh” deyib
ötəcəksən yenə də...
Döyməyəcəksən dizinə,
vurmayacaqsan başına, dost...

Məsələn, bəzi yerlərdə
özün olduğun halda
siyahıda adın görünməyəcək...
Arxa planda qalan
və yaxud unudulan
yenə sən olacaqsan...

Məsələn, üçrəngli bayraqdakı
bəyaz rəng olacaqsan...


TƏNHA ADAM ÜÇÜN ŞEİR

Nə qapın döyülür, nə də
bir gəlib gedənin var...
Bir beli bükülmüş ruhun,
bir köhnə bədənin var...

Ürəyin də səssiz vurur,
elə bil heç döyünmür...
Sevinməyə yolun yoxdu,
sanki mat olub ömür...

Həəə... Dünya şahmatdı elə,
sevinc ağ, kədər qara...
Gözünlə yolmu çəkirsən,
aparsın uzaqlara?!

Eeeh... Yollara da etibar yox,
sürətlidi maşınlar...
Gözlərini yığ yollardan-
avaralanmasınlar...
XS
SM
MD
LG