Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:33

Mənsizliyin əl izi


-

"Ədəbi Azadlıq-2013" şeir Müsabiqəsinin şeir 20-liyindən


Xuraman Hüseynzadə


Nə vaxtsa qarşılaşsaq...

nə vaxtsa qarşılaşsaq
qarşılaşmamış olaq
elə o saf gözlərin
dibində unudulaq

üzünü tut göylərə
ya da ki adamlara
və yaxud ağaclara...
hara tutursansa tut
mən keçmişdə ölmüşəm
sən məni indi unut

burax baxışlarımı
gözünü çək gözümdən
görməsin qoy el-aləm
ürəyin mənim deyil
baxışını neynirəm

xoşbəxtsənmi bilmirəm
ya köz qalar, ya da kül
külək əssə ocaqda...
külək söndürür indi
səni başqa yataqda
məni başqa qucaqda

sən evli bir kişisən
mənsə ərli bir qadın
sakitcə öt yanımdan
nə mənim ərim bilsin
nə də sənin arvadın

nə vaxtsa qarşılaşsaq...


Mənsizliyin əl izi

Bircə kəlmə sözə bəndəm
De, imana, dinə gəlim.
Yenə özümdən çıxmışam,
İcazə ver, sənə gəlim.

Yuxu deyil, eyvana çıx,
Gör üzümü, duy səsimi.
Getmədən geri dönmüşəm,
İllərin yorğunu kimi.

Yetim qalıb mən gedəndən
Pəncərəndəki çiçəklər.
Mənsizliyin əl izinə
Sığal çəkir hörümçəklər.

Nə ayrılıq, nə qadınlar
Unutdurar sənə məni.
Qəlbindəki tənhalıqla
Qısqandırma yenə məni.

Bircə kəlmə sözə bəndəm
De, imana, dinə gəlim.
Yenə özümdən çıxmışam,
İcazə ver, sənə gəlim.
XS
SM
MD
LG