Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:26

Kimlər nələr yazdı ki qumlara...


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan


Aytən Nəsibbəyli


*******

Dalğaların yuyub apardığı
kiçik yazılar var hər sahildə.
Kimlər nələr yazdı ki qumlara
Kim bilir?!
Silinən yazılarmı oldu sadəcə?
Kim bilir?

Dimdiklərində qırmızı bayraqlar,
qanadlarında azadlıq çırpınışı.
Quşlar var idi
hər sahilə uçub gələn.
Quşlarmı daha gəlmədi
bizmi unutduq o sahili?
Kim bilir?!

Səsimizin yetdiyi qədər oxuduğumuz
mahnılar var idi.
Və güldüyümüz lətifələr
hər uçurum dibində.
Onlarmı dost deyildi
Bizmi lətifə olduq?
Kim deyər?!

Kimi evində yandırardı onu,
kimi gözlərində.
İşığımız var idi
hər nöqtədən boylanan.
Yoxsa neft söndürdü o işığı?
Kim deyər?

Yazan qələmlər var idi.
Düşünən başlar.
Başlar ayaq oldu
Qələmlər maşa.
Tərəzini kim pozdu?
Kim deyən?


****

İplər qırılır bir-bir
Qırılır düşür əllərə.
Düyün-düyün
Qanlı saçaqlı.

Ləkələr göylərdədi, əzizim.
Torpağa qədərdi
dərdimiz, üsyanımız.
Son mismar çaxılana kimi.
Bir tabut qədərdi azadlığımız.
Bir şillə qədər.

Körpülər uçur bir-bir.
Uçur, dağılır, əzizim.
Yollar yola gəlmir, neyləyəsən.
Vermir bizi yola, neyləyəsən.
Dəsmalını başına çal, əzizim.
Çal və sus!
Dinməyəsən!
XS
SM
MD
LG