Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:31

İdmanda milliləşdirmə: görünənlər və görünməyənlər


Əlövsət Əliyev
Əlövsət Əliyev
-
«Azərbaycan idmanında təmsil olunan 15 əcnəbi idmançı qanunauyğun milliləşdirilməyib».

Mayın 2-də açıqlanan və «Azərbaycanda idmana qoyulan sərmayə və şəffaflığın təmin edilməsi» adlanan hesabatda belə deyilir.

Dörd qeyri-hökumət təşkilatının açıqladığı bu hesabatda 7 idman növündə təmsil olunan əcnəbi idmançıların pasport bilgiləri verilib. «Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin sədri Əlövsət Əliyevin fikrincə, vətəndaşlıq alan bu idmançılar nə yaşayış yerində qeydiyyatı, nə də şəxsiyyət vəsiqəsi var.

ƏCNƏBİ İDMANÇILARA AZƏRBAYCAN PASPORTU NECƏ VERİLİR?

Əlövsət Əliyev deyir ki, əcnəbi idmançıların milliləşdirilməsi barədə ayrıca qanun olmasa da, vətəndaşlığın sadələşdirilmiş qaydada verilməsi bir neçə qanun və prezident fərmanı ilə tənzimlənir. Onun fikrincə, bəzi qanuni imkanlar olsa da, bunlar gözardı edilib. Birlik sədri düşünür ki, əcnəbi idmançıların milliləşdirilməsi prezident səviyyəli məsələdirsə, onların hər biri haqqında da ayrı-ayrılıqda prezident sərəncamı olmalıdır:

«Azərbaycan prezidentinə səlahiyyət verilir ki, idmanda yüksək nailiyyətlər əldə etmiş əcnəbi idmançılar sadələşdirilmiş qaydada ölkə vətəndaşlığı alsın. Amma onların heç birini prezident təsdiq etməyib. Hamısı qanunsuz olaraq Azərbaycan pasportu alıb».

PREZİDENTƏ TƏKLİF

Əlövsət Əliyevə görə, prezident bu məsələdə öz səlahiyyətlərindən istifadə edərsə, mövcud problemlər aradan qalxar və qeyri-şəffaflığa da aydınlıq gətirilə bilər:

«Təklif edirik ki, prezident bu səlahiyyətindən yararlansın. Düzdür, əcnəbi idmançıların idman sahəsində böyük nailiyyətlər qazanması da sübuta yetirilməlidir. Yalnız bundan sonra həmin şəxslərlə bağlı hazırlanmış sənədlər prezidentə təqdim olunmalı və
London Olimpiadasında Azərbaycana qızıl medal qazandırmış Şərif Şərifov
London Olimpiadasında Azərbaycana qızıl medal qazandırmış Şərif Şərifov
o da öz növbəsində əcnəbi idmançıların hər biri haqqında sərəncam imzalayaraq həmin şəxslərə vətəndaşlıq verməlidir».

Hesabatda əcnəbi idmançıların milliləşdirilməsinin heç də həmişə səmərəli olmadığı vurğulanır. Bir əcnəbi idmançının milliləşdirilməsinə 500 min manat vəsait xərcləndiyi qeyd edilir. Deyilir ki, həmin vəsait hər hansı yerli idmançının maddi təminatının, fiziki və texniki göstəricilərinin yaxşılaşdırılmasına xərclənsə, bu, daha çox fayda gətirə bilər.

İDMANA AYRILAN 360 MİLYON MANAT

Hesabatın ikinci bölümündə 2006-2011-ci illərdə dövlət investisiya xərclərindən idman sektoruna 360 milyon manat vəsait ayrıldığı xatırladılır və bu vəsaitin böyük hissəsinin olimpiya mərkəzlərinin, stadion və digər idman komplekslərinin tikintisinə yönəldildiyi vurğulanır. İdmana ayrılan maliyyənin illər üzrə müqayisəsi də bu sənəddə əksini tapıb. Bildirilir ki, idman sektoruna ən çox vəsait prezident seçkisi keçirilən 2008-ci ildə ayrılıb –105 milyon manat.

Hesabatda idman sektoruna ayrılan büdcə vəsaitlərinin səmərəliliyinə də toxunulur. Vurğulanır ki, iri idman komplekslərinin tikintisinə çox vəsait xərclənsə də, 2007-2011-ci illərdə həmin komplekslərdə idmanla məşğul olanların sayı ümumilikdə ölkə əhalisinin 5 faizini keçməyib. Rusiyada bu göstəricinin 12, Qazaxıstanda 13 faiz olduğuna diqqət çəkilir.
Sumqayıt Olimpiya İdman Kompleksi
Sumqayıt Olimpiya İdman Kompleksi

Daha çox sərmayə ayrılan olimpiya idman komplekslərinin tender keçirilmədən tikildiyi, bu sahəyə ayrılan xərclərin şəffaf olmadığı, ictimaiyyətin maliyyə mənbələrindən məlumatsız qaldığı bildirilir.

SİYASƏTSİZ İDMAN

Hesabatın hazırlanmasına qatılan «Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin eksperti Salman Nəcəfova görə, idmanda əldə olunan nəticənin ilbəil artan investisiyalara uyğun gəlməməsi idman siyasətinin olmaması ilə bağlıdır:

«İdman siyasəti adlı dəqiq bir sənəd yoxdur. Dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə idman müxtəlif məqsədlər üçün inkişaf etdirilir. Misal üçün, bir ölkədə əhalinin sağlamlığını, o biri ölkədə professional idmanı gəlişdirirlər. İdman kompleksləri tikiləndə də bu məqsədlər nəzərə alınır. Amma biz bu qədər pul xərcləsək də, idmanı kütləviləşdirə bilmirik. Söhbət 360 milyon manatdan getmir, bu, az da ola bilər, çox da – ortada dəqiq və işlək proqram yoxdur. Təqribən 10 ildir ölkədə idman kompleksləri tikilir və bu müddətdə əhalinin 5 faizi həmin komplekslərdə idmanla məşğul olursa, demək, istənilən nəticə əldə olunmayıb»
London Olimpiadasının qalibi Toğrul Əsgərov, 11 avqust 2012
London Olimpiadasının qalibi Toğrul Əsgərov, 11 avqust 2012
.

«12 İL ÖNCƏ DƏ 2 QIZIL, 12 İL SONRA DA»

Salman Nəcəfov başqa məqama da diqqət çəkir:

«Götürək olimpiadalarda qazanılan medalları. 2000-ci olimpiadasında da Azərbaycan 2 qızıl medal qazanıb, 2012-ci il olimpiadasında da. Yəni o qədər pullar xərclənir, amma qızıl medalların sayı artmır».

İDMANI YÜKSƏLDƏCƏK TÖVSİYƏLƏR

Hesabatın sonunda büdcədən idmana ayrılan vəsaitlərin səmərəliliyinin artırılmasına yönəlik tövsiyələr irəli sürülür. İlk növbədə ayrılan vəsaitin xərclənməsinə nəzarətin gücləndirilməsi tövsiyə edilir. Bundan başqa, idman komplekslərinə, əsasən də üzgüçülük hovuzlarına tətbiq olunan yüksək aylıq ödənişlərin aşağı salınması istənilir. Üzgüçülük hovuzlarında aylıq ödənişin 50 manat olduğu vurğulanır və qeyd edilir ki, bu, orta aylıq əməkhaqqının 12 faizi deməkdir. Tövsiyələr sırasında idman məşqçilərinin maaş artımı məsələsi də var.
Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə
Bildirilir ki, kommunal xərclərin 100 manat olduğu halda 200 manat məvacib alan məşqçinin yaxşı idmançı hazırlaması şübhəli görünür. Bundan başqa, əcnəbi idmançıların sayına da hədd qoyulması arzulanır. İdman federasiyalarını ayrı-ayrı nazirlərin himayəsindən çıxarmaq da tövsiyə edilir. Hesabat müəlliflərinin fikrincə, həmin ənənə ölkə idmanını geriyə atır.

«SÖHBƏT TƏKCƏ QIZILDAN GETMİR»

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hesabatda yer alan məsələlərlə razılaşmır. Deyir ötən illərlə müqayisədə Azərbaycanın idman uğurları xeyli artıb:

- Nəticələri nə ilə ölçürlər? Azərbaycanın komandalarının beynəlxalq yarışlarda və olimpiadalarda göstərdiyi nəticələrlə ölçürlərsə, burda çox gözəl nəticələr var.

- Hesabatda deyilir ki, xeyli vəsait ayrılsa da, 2000-ci olimpiadasında da 2 qızıl olub, 2012-ci ildə də...

- Söhbət təkcə qızıldan getmir axı, medalların ümumi sayından gedir.

Mahir Rüstəmli
Mahir Rüstəmli
Çingiz Hüseynzadə olimpiya idman komplekslərinin qeyri-şəffaf fəaliyyəti barədə fikirlərlə də razılaşmır və deyir ki, həmin komplekslər hamının üzünə açıqdır.

«GƏLƏN İDMANÇININ QİYMƏTİ 200 MİNDƏN ÇOX DEYİL»

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli əcnəbi idmançıların milliləşdirilməsinə dair hesabatda əksini tapan fikirləri bölüşür. Amma onların birinin 500 min manata başa gəlməsi barədə deyilənləri inandırıcı saymır:

«500 min manat məsələsi inandırıcı görünmür. Bəlkə də sənəd üzərində nə isə yazılır. Amma Azərbaycana gələn idmançıların qiyməti 200 mindən artıq deyil».

İlbəil artan yatırımlar müqabilində idmanda nəticələrin aşağı olmasına gəlincə, Mahir Rüstəmli hesabat müəlliflərinin bu iradlarını çox da bəyənmir və deyir ki, uğurdan uğura fərq var. Sadəcə, əcnəbi idmançıların milliləşdirilməsi o qədər çoxalıb ki, bu da, istər-istəməz, cəmiyyətdə narazılıq doğurur. Baş redaktor idmanda korrupsiya və qeyri-şəffaflıq halları ilə bağlı fikirlərlə razılaşır və özəlliklə futbolda belə halların mövcud olduğunu deyir.
XS
SM
MD
LG