Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:12

Sabiq prezident və baş nazirlər Bakıda toplaşırlar


Cənubi Qafqaz Forumu
Cənubi Qafqaz Forumu
-
Mayın 7-8-də Bakı Cənubi Qafqaz Forumuna ev sahibliyi edəcək.

Forumun təşkilatçıları Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubudur. Onun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Fondu və Gəncə şəhər İcra Hakimiyyətidir.

Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm Madrid Klubu barədə məlumat verir:

«Bu klub 60-dan çox ölkənin sabiq prezident və baş nazirlərinin üzv olduğu müstəqil təşkilatdır. Ötən ilin dekabrında təşkilatın Arkanzasda keçirilən toplantısında təşkilatın növbəti iclaslarından birinin Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu. Tallin, Doha və Tbilisinin də namizədliyi müzakirə edilsə də, İdarə Heyətinin üzvləri Azərbaycan paytaxtını dəstəkləyiblər».

60-dan çox ölkədən 400-dək mütəxəssisin, nüfuzlu elm, mədəniyyət xadimlərinin, eləcə də 50-dən çox keçmiş və indiki dövlət və hökumət başçısının Foruma qatılması gözlənilir.

ÖLKƏ VƏ REGİONA FAYDALI FORUM»

Wim Kok
Wim Kok
Madrid Klubunun prezidenti, Niderlandın keçmiş Baş naziri Wim Kok AzadlıqRadiosuna açıqlamasında forumda iştirakdan qürur duyduğunu dilə gətirib:

«Həqiqətən də bu forumda iştirak etmək qürurvericidir. Bu gün səhər prezident İlham Əliyev bizi qəbul etdi. Enerji, təhlükəsizlik və başqa mövzuları müzakirəyə çıxaracağıq. Güman edirəm ki, bu ölkə və regiona faydalı forum olacaq».

Forumun Bakı toplantısı ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev Madrid Klubunun prezidenti, Niderlandın keçmiş baş naziri Wim Kok-u, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Latviyanın keçmiş prezidenti xanım Vaira Vīķe-Freiberga-nı, Madrid Klubunun üzvü, İsveçrənin keçmiş prezidenti xanım Micheline Calmy-Rey-i və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru Ismail Serageldin-i qəbul edib.

Vaira Vīķe-Freiberga
Vaira Vīķe-Freiberga
AzərTac-ın məlumatına görə, görüşdə Birinci Cənubi Qafqaz Forumunun önəmi vurğulanıb, onun regionda və beynəlxalq aləmdə gedən siyasi, iqtisadi,​mədəni və başqa proseslərlə bağlı fikir mübadiləsinə yaxşı imkan açacağına əminlik ifadə olunub.

«KEÇMİŞ PREZİDENTLƏR... TƏCRÜBƏLƏRİNİ BÖLÜŞƏCƏKLƏR»

Latviyanın keçmiş prezidenti Vaira Vīķe-Freiberga da toplantı barədə fikirlərini AzadlıqRadiosuna açıqlayıb:

«Bu forum xeyli baxışları müsbətə doğru dəyişdirə bilər. Axı keçmiş prezidentlər, dövlət xadimləri öz fikir və təcrübələrini bölüşəcəklər. Biz nə etdiyimizi, nə edəcəyimizi dəqiqləşdirməli, bilməliyik ki, hansı istiqamətə getməliyik. Problemləri, qarşıda duran məsələləri birgə dartışmalıyıq. Məhz buna görə buradayıq».

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
ŞİRİN EBADİ DƏ BAKIDADIR

Foruma gələnlər arasında Nobel mükafatı almış hüquq müdafiəçisi Şirin Ebadi də var. O, AzadlıqRadiosuna qloballaşma yönümlü tədbirləri xoş qarşıladığını bildirib.

ZƏRDÜŞT ƏLİZADƏ: «QONAQLIQDIR»

Politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosunun forumun önəmi barədə sualını belə cavablandırıb:

- Bizim xalq qonaqpərvər xalqdır. Əcnəbilər Bakı və Azərbaycan mətbəxi ilə tanış olurlar, xoş ovqatla da gedirlər. Qonaqlıqdır da. Gəliblər, xoş gəliblər.

- Bəs bu forumun hansı siyasi önəmi var?

- Azərbaycanda siyasətdən danışanda, Leninin bir fikri yadıma düşür: «Rüşvət olan yerdə siyasət yoxdur». Azərbaycanda siyasət yoxdur.
XS
SM
MD
LG