Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:30

Boris Akunin: “Putin Gürcüstanla imperator Kaliqula kimi davranır”


Boris Akunin
Boris Akunin
-

"Bütün həyatımı Moskvada yaşamışam, mən rusam, rus mədəniyyətinə mənsubam. Məndən Gürcüstan haqqında soruşmaq Aleksandr Dümadan Haitidəki siyasi vəziyyətə şərh verməsini istəmək kimi bir şeydir".


(“Liberation” qəzeti, Fransa)


Biz Boris Akuninlə onun Moskva ətrafındakı gözəl evində görüşdük.

Xeyli sayda xarici dilə çevrilmiş tarixi detektivlərin müəllifi artıq qorxduğunu etiraf edir.

Akuninin əsl adı Qriqori Çxartişvilidir, o, milliyyətcə gürcüdür, atası İkinci dünya müharibəsi dövründə Moskvada xidmət edən sovet zabiti olub. Kreml tərəfindən başladılmış yeni anti-Gürcüstan isteriyası onu dərindən narahat edir.

“Heç vaxt özümü gürcü kimi hiss etməmişdim, indi isə məni köklərimi yada salmağa məcbur edirlər. İndi hökm sürən ab-havada hətta hansısa axmağın durub mənim özümə ya da kitablarıma qarşı çıxış edəcəyini də gözləyirəm,” – deyə Akunin köks ötürür, çünki bu yaxınlarda hüquq-mühafizə orqanları onun naşirini dindirmək üçün idarəyə çağırıblarmış.


- Bu münaqişədə kimin tərəfini tutursunuz?

- Mən Gürcüstanda doğulsam da, orada həyatımın cəmi bir ayı keçib. Yaşa dolandan sonra isə bircə dəfə orda olmuşam. Bütün həyatımı Moskvada yaşamışam, mən rusam, rus mədəniyyətinə mənsubam. Məndən Gürcüstan haqqında soruşmaq Aleksandr Dümadan Haitidəki siyasi vəziyyətə şərh verməsini istəmək kimi bir şeydir. Məhz rus vətəndaşı kimi Moskvanın apardığı bu iyrənc siyasətdən necə narahat və nigaran olduğumu demək istəyirəm. Elə bil sehrli çıraqdakı ksenofobiya cinini buraxıblar, bundan sonra onu geri qaytarmaq çətin olacaq. Bu irqçilik mikrobunun və millətlərarası ayrı-seçkiliyin yayılmasının qarşısını almalı olan dövlət isə bu gün ancaq alovun üstünə yağ tökməklə məşğuldur. Rus polisinin, əlindəki bu kozırdan istifadə edərək ksenofobiyanın hesabına pul qazanmaq üçün, bazarlara hücuma keçib gürcüləri döyməsinə, onlardan bəxşiş qopartmasına tamaşa etmək insanın ürəyini bulandırır. Bu yolla faşizmə bənzər bir atmosfer yaranmaqdadır.
Akunin Moskvada müxalifət fəallarının təşkilatçılığı ilə keçirilən Yazıçı Marşında iştirak edir. 13 may 2012
Akunin Moskvada müxalifət fəallarının təşkilatçılığı ilə keçirilən Yazıçı Marşında iştirak edir. 13 may 2012

- Sizin üçün bu gözlənilməzlikdir?

- Bu günədək siyasətdən uzaq olmağa çalışmışam. Mən Nord-Ost teatrında baş verən insident zamanı da, “YUKOS” işi (Putinə qarşı çıxmağa cürət etmiş oliqarx Xodorkovskinin məhkəmə işi) zamanı da səsimi çıxarmadım. Bu məhkəmə prosesi artıq ölkədə qanuna hörmətin qalmadığını açıqca göstərdi. Putin Administrasiyası “YUKOS” işinin köməyi ilə bir müəssisəni necə talamaq mümkün olduğunu nümayiş etdirdi. O gündən bəri bu hal milli idman növünə çevrilib: hər bir sahədə sözə baxmayan iş adamlarının əmlakını ələ keçirmək məqsədilə aparılan qanunsuz reydlər müşahidə edilir... Ancaq bu dəfə susa bilmərəm, çünki millətlərarası konflikt baş qaldırmaqdadır. Tezliklə bütün qafqazlılara şamil ediləcək “iyrənc gürcü” obrazı yaradılır.

- Siz bu böhranı nəylə izah edirsiniz?

- Bədənin hansısa hissəsi kəsilib götürüləndən sonra belə insan həmin yerdə ağrılar hiss edir. Rusiya Gürcüstanın onun üçün itirildiyi faktı ilə heç cür barışa bilmir (1801-ci ildə Rusiya imperiyasına birləşdirilən Gürcüstan, 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqillik qazanıb). Heç Rusiya özü də artıq nə imperiya, nə də dünyanın iki ən güclü dövlətindən biridir. Putin özünü imperator Kaliqula kimi aparır. Eynilə Kaliqula kimi o da sevilməkdən daha çox nifrət edilməyi üstün tutur. Onun ən primitiv infantil “qabağından yeməyən kişi” duyğuları işə düşüb. Biz onların qazını kəsirik, yollarını kəsirik. . . bununla da gürcülərə və bütün dünyaya hamıdan güclü olduğumuzu sübut edirik! Faciə ondadır ki, bu davranışların nəticəsində Gürcüstan və qonşuluğumuzdakı başqa dövlətlər bizdən daha da uzaqlaşır. Bu cür siyasətlə Rusiyanın dostu olaraq ancaq Türkmənistan, Özbəkistan, Belarus kimi avtoritar respublikalar qalacaq.
Akunin müxalifət lideri Boris Nemtsovla
Akunin müxalifət lideri Boris Nemtsovla

- Gürcüstan prezidenti tərəfindən yol verilən hansısa fitnəkarlıq bu konfliktdə rol oynadımı?

- Deməzdim ki, gürcü siyasətinə xüsusi simpatiya ilə yanaşıram. Amma Gürcüstan Rusiyanın üzvü olduğu “böyük səkkizliyə” üzv olmağa, ya da dünya imperiyasına çevrilməyə can atmayan kiçik bir dövlətdir. Ölkə nə qədər böyük olsa, məsuliyyəti də bir o qədər olar. Təəssüf ki, Birləşmiş Ştatların davranışlarını da xoşməramlı hesab etmirəm. Çünki onlar dünya jandarmı rolunu üzərlərinə götürəndən bəri, Rusiya da özünü ortaya atıb ki: mən də şerif olmaq istəyirəm, bizim amerikanlardan nəyimiz əskikdir...

- Nəyə görə özünüzə məhz rus təxəllüsü götürdünüz?

- Romanlarımı Boris Akunin adı ilə yazıram, esselərimi isə Qriqori Çxartişvili adıyla. Yaxın zamanlara qədər Rusiyada gürcülərə yaxşı yanaşırdılar. Sovet dövründə yəhudilər, yaxud almanlar üçün yaşamaq çətin olsa da, gürcülərin heç bir problemi yox idi. Necə də olsa, bu ölkəyə otuz il ərzində gürcü mənşəlli Stalin rəhbərlik edib. Heç şübhəsiz, o ilk növbədə Böyük Rusiya ideyasının daşıyıcısı idi, ancaq onun əlinin altındakı bütün sovet təbliğatı, xüsusilə də o zamanlar çəkilmiş filmlər gürcüləri sevimli, şən, oxumağı və oynamağı sevən bir millət kimi təqdim edib. Mən hansısa gürcünün mənfi surət kimi göstərildiyi bircə klassik sovet kinosu da xatırlamıram: bu dərhal Stalinə qarşı hücum kimi başa düşülərdi. Gürcüstanın Rusiyanın tərkibinə keçməsini rəsmiləşdirən 1801-ci il müqaviləsi gürcülərə rus dvoryanlığının bir parçası olmaq imkanı tanıyırdı, bunun da nəticəsində Rusiyada çoxlu gürcü knyazları ortaya çıxmışdı... Rusiya ilə Gürcüstan arasında minlərlə tarixi bağ var ki, bu gün əbəs yerə qırılmaqdadır.

Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG