Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:28

İmişli rəsmiləri AzadliqRadiosunun müxbirini ittiham edirlər


Azər Əli
Azər Əli
-
AzadlıqRadiosunun Aran rayonları üzrə müxbiri Azər Əli buraxılıb. Məhkəmə prosesi mayın 11-i saat 15:00-a qədər təxirə salınıb. Azər Əlidən başqa yerə getməməklə bağlı iltizam alınıb.

Azər Əlinin saxlanması məsələsi beynəlxalq təşkilatlara çatdırılıb. Onlar bu məsələni araşdırıb diqqətdə saxlayacaqlarını bildiriblər.

AZADLIQRADİOSUNUN MÜXBİRİ İMİŞLİDƏ SAXLANIB

AzadlıqRadiosunun Aran rayonları üzrə müxbiri Azər Əli mayın 10-da İmişlidə keçirilən aksiyanı çəkmək istəyərkən saxlanılıb. Polisdən məhkəməyə aparılan müxbir bunları deyib.

- Azər, səni niyə saxlayıblar?

- Mən xəbər aldım ki, mal-qaralarını otarmağa yer tapmayan rayonun «Depo» məhəlləsinin sakinləri 150 baş mal-qara ilə birgə İmişli rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəklər. Mən rayon mərkəzinə çatanda, artıq həmin etirazçılar Heydər Əliyev prospekti ilə icra hakimiyyətinə yaxınlaşırdılar. Həmin yerə yaxınlaşıb maşından düşmək istəyəndə, rayon polis şöbəsinin rəis müavini Etibar Babayevin göstərişi ilə məni saxladılar. Çəkiliş aparmağa belə imkan vermədilər, dərhal kameramı və mobil telefonum əlimdən alındı. Mülki adamlar məni mülki maşınla polisə gətirdilər. Məndən izahat aldılar. Protokol tərtib olundu ki, guya həmin aksiyanı mən təşkil etmişəm.

- İndi haradasan?

- Polis şöbəsində 5 saat saxlandıqdan sonra indi məni rayon məhkəməsinə gətiriblər. Hazırda məhkəmənin qarşısında işə baxacaq hakimin gəlməsini gözləyirik. Polisdə saxlandığım müddətdə dəfələrlə vəkillə təmin olunmamı, mobil telefonla danışmaq imkanı yaradılması üçün etdiyim xahişlərə məhəl qoyulmadı.

- İndi necə, danışa bilirsən?

- Burda tanıdığım bir nəfərin telefonudur. Mənim mobil telefonumu, kameramı, hətta şalvarımın kəmərini saxlanan kimi alıblar.

- Polisdə saxlandığın müddətdə sənə qarşı hansısa təzyiqlər olmadı?

- Təzyiqlər olmadı, amma təhqiramiz hərəkətlər oldu mənə qarşı.

- Nədən ibarət idi o təhqiramiz hərəkətlər?

- Polis rəisinin müavinləri, sonradan öyrəndim ki, onlardan biri də İmişli məhkəməsinin hakimidir. O, AzadlıqRadiosunun ünvanına təhqiramiz ifadələr işlətdi. Mənimlə yanaşı, polisə xeyli mülki adamlar tutulub gətirilmişdi. Onu da deyim ki, mən saxlanan vaxt ətrafda rayon icra hakimiyyətinin müavinləri və digər vəzifəli şəxsləri gördüm.

- Azər, niyə adamlar mal-qara ilə etiraz etməyə qərar vermişdilər?

- 2010-cu ildən İmişlinin «Depo» məhəlləsi ilə Otuzikikənd kənd sakinlərinin arasında örüş üstündə mübahisə gedir. Bu işə məhkəmə də baxıb. «Depo» məhəlləsinin sakinləri deyir ki, o torpaqlar onlara məxsus olsa da, öz heyvanlarının otarmağa yer tapmırlar. Onlar 150-dən çox mal-qaranı icra hakimiyyətinin qarşısına gətirməklə rayon rəhbərliyinin diqqətini məsələyə cəlb etmək istəyiblər. Adamlar əslində istəklərinə nail olublar. Heydər Əliyev prospekti ilə icra hakimiyyətinə doğru hərəkət edəndə yollarda avtomobillərin hərəkəti dayanıb, hamı küçəyə çıxıb baş verənlərlə maraqlanmağa başlayıblar. Mal-qaranın qarşısını almağın mümkün olmadığını görüb adamları saxlayıblar.

- Saxlananda polisə AzadlıqRadiosundan olduğunuzu dedinmi?

- Əlbəttə dedim, vəsiqəm də üstümdə idi. İzahatlarımda da bunu qeyd etdim.

- Bəs nə dedilər?

- Doğrusu, buna heç bir reaksiya vermədilər. Artıq məni prosesə çağırırlar....

AzadlıqRadiosunun Azərbaycan redaksiyasının rəhbəri Kənan Əliyev hüquq mühafizə orqanlarına müraciət edərək jurnalistin sərbəst buraxılmasını istəyib.
XS
SM
MD
LG