Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:38

Naxçıvana qatıq buraxılmır


Foto: Arxiv
Foto: Arxiv
-
Culfa Gömrük Məntəqəsindən Naxçıvana qatıq gətirilməsinə məhdudiyyət qoyulub.

Naxçıvan sakinlərinin dediyinə görə, bir neçə gündür gömrük məntəqəsi adambaşına cəmi 1 kilodan artıq qatıq keçirməyə icazə vermir.

Babək rayon sakini Kamran Teymurbəyli deyir ki, ailəsi ilə birgə İrandan qayıdarkən ehsan tədarükü üçün aldıqları qatığın bir hissəsini Culfa Gömrük Məntəqəsində saxlayıblar:

«Üç nəfərə 8 kilo qatıq gətirirdik. Cəmi 3 kilosunu buraxdılar, 5 kilosunu əlimizdən alıb vermirlər. Dedilər ki, qatıqlar yarasızdır, aparıb yesəniz zəhərlənərsiniz. Necə olur 3 kilonu buraxır, onu yeyəndə zəhərlənmirik, yerdə qalan 5 kilo qatığı yeyəndə zəhərlənəcəyik? Biz nə etməliyik? 100 manat sosial yardımla ötüşə bilmirik. Naxçıvanda qatığın qiyməti İrandan 3 dəfə bahadır. Ucuzdur deyə, İrandan aldığımız ərzaqlarla dolanırıq. Niyə 3 litri buraxır, 5 litri saxlayır. Zəhərləyərsə, 3 litri də vermə də. Deyirəm verin, Araz çayına atacağam, onu da vermir. Həyat yoldaşım Kərbəladan gəlir, qatığı ehsan verməyə aparırdıq guya. Naxçıvanda hansısa məmur yeni qatıq istehsalına başlayıb, ona görə bizə maneə yaradırlar ki, gedib baha qiymətə onlardan alaq. Keçmiş polis zabitiyəm, vaxtilə Heydər Əliyevin yolunda can qoymuşam. İndi mənə 5 kilo qatığı da çox görürlər».

Culfa Gömrük Məntəqəsindən də hər nəfərə yalnız 1 kilo qatıq keçirməyə icazə verdiklərini təsdiqlədilər. Ancaq məntəqənin Əlizadə soyadlı əməkdaşı bunu hansı səbəbdən etdiklərinə aydınlıq gətirmək istəmədi.
XS
SM
MD
LG