Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:47

Alber Kamünün son romanı Bakıda çap edildi


Çöküş
Çöküş
-

"Qanun" nəşriyyatı görkəmli fransız yazıçısı Alber Kamünün "Çöküş" romanını Azərbaycan dilində çap edib.

Romanı fransızcadan Cavanşir Yusifli çevirib.

“Çöküş” Nobel mükafatlı yazarın çap edilən son romanıdır.

Romanın süjeti günah və günahsızlıq, azadlıq və insan varlığı kimi məsələlər kontekstində inkişaf edir.

Bütün bu təsvirlərin, mühakimə və mülahizələrin son nəticəsi odur ki, həyat absurddan başqa bir şey deyildir.

Yazıçı bu məsələləri şüur axını metodundan istifadə edərək şərh edir.

O dövrün başqa bir böyük ədibi Jan-Pol Sartrın fikrincə, “Çöküş” Kamünün ən anlaşıqlı və ən gözəl romanıdır.

“Çöküş” romanını Kamünün şah əsəri olan “Yabançı”nın davamı kimi də oxumaq mümkündür.

“Çöküş”də insan malik olduğu bütün dəyərləri itirir və öz içinin dərinliyinə çökür.

Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə üzbəsurət, heç bir elementi gizlədilmədən ortaya gətirilir.

O dərəcədə ki, insan özü-özündən iyrənir.

Romanda əsas məqam – keçmiş vəkil Klamansın yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır.

Həyat, ölüm, varlıq, günah, azadlıq… kimi anlayışlar bir anda bütün mənasını itirir.

Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Bax bu – XX əsrin, insan həyatının ən böyük qüsurudur.
XS
SM
MD
LG