Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:08

Rüstəm İbrahimbəyov: «İstəməzdim vahid namizəd mən olum»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyov AzadlıqRadiosunun suallarına cavab verir.

- Rüstəm bəy, mayın 28-də Milli Şura gecə saatlarında elan olundu. Bu birliyin yaradılmasının həmin gün Novxanıda Məmməd Əmin Rəsulzadənin heykəli önündə elanını fikir ayrılıqları əngəlləmişdi?

- Yox, elə bir şey yox idi. Bir balaca mübahisələr vardı. Olmalıydı da, çünki çox mürəkkəb işdən söhbət gedir. Amma Milli Şuranın tərkibi məlum oldu. İndi oturub başqa təşkilatı məsələləri həll edirlər. Mənə elə gəlir ki, iyunun əvvəlində ilk yığıncaq keçiriləcək. Orada idarə heyəti seçiləcək. Sonra iki bəyanat qəbul olunmalıdır – biri bizim təşkilatın iş qaydaları, biri də beynəlxalq təşkilatlara müraciət barədə.

- Milli Şuranın hansı hədəfləri var?

- Başlıca məqsəd və hədəfimiz builki prezident seçkiləridir. Çalışmalıyıq ki, heç olmasa, bu seçki mümkün qədər şəffaf və ədalətli keçirilsin. Əsas məqsədimiz budur. Sonrakı keçid müddətində Milli Şuranın bir neçə vəzifəsi var. Onları həyata keçirməliyik. Düşünürük ki, namizədimiz qalib gəlsə, prezidentliyin iki ilindən sonra yeni seçkilər keçirilməlidir. Sonra biz yeni parlament seçkiləri aparmalıyıq. Bütün bunların hamısı bəyanatımda var.

- Bu günlər vahid namizəd məsələsindən yenə çox danışılır...

- Vahid namizəd məsələsinə gəlincə... hələ, az da olsa, vaxtımız var. Müzakirələr keçiriləcək. Mənim də öz namizədim var. Müzakirə edəcəyik. Ümid edirəm ki, vahid namizəd mütləq seçiləcək. Mən bunun olacağını düşünürəm.

- Bilmək olarmı namizədiniz kimdir?

- Xeyr, hələ tezdir. Bir müddət sonra deyərəm.

- Belə söyləntilər də var ki, Milli Şuranın vahid namizədi siz olacaqsınız.

- Bir neçə adam mənim namizəd olmağımı istəyir. 5-6 səbəb var ki, istəməzdim vahid namizəd mən olum. İndi bu barədə danışmaq tezdir. Vaxtı gələndə səbəblərini açıqlayaram. Amma mən deyirəm bir neçə səbəbə görə, buna razılıq vermək mənim üçün çox çətindir.

- Əli Həsənovu məhkəməyə vermisiniz. Məhkəməyə iyunun 3-ə təyin olunub.

- Çoxdan vermişəm – bir il qabaq. Cürbəcür bəhanələrlə qəbul etmirdilər. İndi, deyəsən, ayın 3-də baxacaqlar.

- Məhkəmədən nə gözləyirsiniz?

- Bizim məhkəmələrdən nə gözləmək olar? – Heç nə. Etirazımı bildirmək üçün onu məhkəməyə vermişəm. Amma inanmıram ki, Azərbaycan məhkəməsi ədalətli bir qərar çıxarsın.
XS
SM
MD
LG