Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:46

AYB-də yarpaq tökümü... ANAR: "AYB saflaşır"


Anar
Anar
-

“Azərbaycan Yazıçılar Birliyində demokratik prinsiplər pozulduğuna və Şərif Ağayar bu qurumdan çıxarıldığına görə mən AYB-dən istefa verirəm”. Bunu “Qafqazinfo”ya açıqlamasında gənc yazar Ayxan Ayvaz deyib.

A. Ayvaz bildirib ki, AYB-dən istefa qərarını çoxdan verib: “Sadəcə olaraq Şərif Ağayarın çıxarılması bu prosesi tezləşdirdi. AYB mənim üçün artıq əhəmiyyətini itirmiş qurumdur. Hətta oxucularımın çoxu da mənim AYB-də olmağımı yaxşı qarşılamırlar. Həm də bu səbəbdən istefa verirəm. Artıq AYB üzvü adı daşımaq istəmirəm”.

A. Ayvaz onu da əlavə edib ki, o, AYB-dən 2 ildir təqaüd alır və AYB-dən çıxmasından sonra bunu onun başına qaxınc etməsinlər: “Eyni zamanda ev növbəsində də mənim adım vardı. Mən inanmıram ki, həmin ev də mənə verilə”.

Gənc yazar, prezident mükafatçısı Mövlud Mövlud da AYB sıralarını tərk edib. Bu barədə yazar özü Qaynar.info-ya məlumat verib.

O bildirib ki, istefasıyla bağlı artıq birliyə də məlumat verilib: “İdarəçilikdə demokratik prinsiplər pozulduğu üçün AYB sıralarını tərk edirəm. Artıq biletimi və ərizəmi birliyə təqdim etmişəm.”

Ayxan Ayvaz
Ayxan Ayvaz
Yazıçılar Birliyində baş verən istefalarla bağlı AYB-nin katibi Rəşad Məcid qurumda akkreditasiya keçirilməsini təklif edib.

Rəşad Məcid “Qafqazinfo”ya açıqlamasında bildirib ki, AYB-də hazırda 1500-ə qədər üzv var: “Həmin üzvlərin 1300-ü istedadsız insanlardır. Mən təklif edəcəm akreditasiya keçirib 1300 nəfəri kənarlaşdıraq, 200 nəfər normal, səviyyəli yazıçı üzvümüz olsun”.

Mövlud Mövlud
Mövlud Mövlud
R. Məcid onu da əlavə edib ki, elə həmin şəxslərin AYB-dən çıxmağı yaxşıdır: “Bizim onları AYB-yə üzv qəbul etməyimiz səhv olub. Ayxan Ayvaz, Babək Göyüş, Elnaz Eyvazlı, Mövlud Mövlud bu kimi adamlar heç yazıçı adına layiq deyillər”.

Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB) yazıçı Anar Rzayev AYB-dən istefalarla bağlı Movqe.az-a eksklüziv açıqlama verib: "AYB-ə daxil olmaq da könüllüdür, çıxmaq da. Heç kəsi məcburi AYB-ə qəbul etmirik. Amma AYB-ə üzv olan elələri var ki, 1 il təqaüd alırlar, təqaüd müddəti başa çatan kimi bir bəhanə ilə AYB-dən uzaqlaşmaq istəyirlər. Yaşlı, qocaman bir yazıçını təhqir etmək hansı əxlaqa sığır, özünüz qiymət verin. Qocaman yazıçıların təhqir edilməsini alçaqlıq hesab edirik və belə insanların AYB-də yerini görmürük. Onların yaradıcılığı olmadığından bu cür təhqirlərlə gündəmə gələrək məşhurlaşmaq, yadda qalmaq istəyirlər. Qocaman bir insana "O, hələ ölməyib, yaşayır” deyə təhqir etmək hansı əxlaqa sığır? Belələrinin istefa verməsi AYB-ni təmizləyir, AYB saflaşır. Yaşlı yazıçıların ünvanına bu cür ifadələr işlədənlər tənqidlə, təhqiri biri-birindən seçə bilmirlər. Belələrinin AYB-də yeri yoxdur".

Xatırladaq ki, Şərif Ağayar AYB-nin katibi Fikrət Qocanı "təhqir etdiyinə görə" birlikdən uzaqlaşdırılıb.
XS
SM
MD
LG