Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:27

Əli Əhmədov: «Abbas Abbasov ciddi nəticələr çıxarmalıdır»


Əli Əhmədov
Əli Əhmədov
-

«Abbas Abbasovun Azərbaycanla bağlı çirkli işlərdə iştirak etməsi ilə bağlı fikirlər səslənməkdədir. Əgər bu faktlar həqiqətə uyğundursa, biz buna böyük təəssüf edirik».

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov Abbas Abbasovun son günlər yaydığı bəyanatına münasibət bildirərkən deyib.

A. Abbasovun Azərbaycanda uzun müddət yüksək dövlət vəzifələrini icra etdiyini xatırladan Ə. Əhmədov qeyd edib ki, Heydər Əliyev ona böyük etimad göstərib:

«Ondan sonra Azərbaycan prezidenti İlham Əliyev də ona böyük etimad göstərib. Əgər bütün bu etimadlardan sonra o, Azərbaycanda Heydər Əliyev xəttinin həyata keçirilməsinə qarşı çıxan hərəkətlər edəcəksə, Azərbaycan vətəndaşları bunu qəti şəkildə pisləyəcəklər. Ona görə də hesab edirəm ki, Abbas Abbasov bundan ciddi nəticələr çıxarmalıdır. Azərbaycan adını daşıyan, azərbaycanlı olan hər kəs hansı ölkədə yaşamasından asılı olmayaraq, milli maraqları qorumalı, buna uyğun hərəkət etməlidir».

YAP-ın V qurultayında İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürüldüyünü xatırladan Ə. Əhmədov bildirib ki, Azərbaycan seçicilərinin böyük əksəriyyəti İlham Əliyevi birmənalı olaraq dəstəkləyəcək:

«Təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da İlham Əliyevin namizədliyini Azərbaycanın inkişafına təkan verə biləcək, təmin edəcək zəruri hal hesab edirlər. Bütün bu reallıqları nəzərə alaraq hesab edirəm ki, buna qarşı gedənlər əslində Azərbaycana qarşı durmuş olurlar. Azərbaycan vətəndaşları da buna qarşı sərt mövqe bildirəcəklər».

Baş nazirin sabiq birinci müavini, Rusiyadakı azərbaycanlıların «Azerros» Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov iyunun 11-də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı son bir neçə ayda gedən prosesləri tənqid edən bəyanatla çıxış edib.
XS
SM
MD
LG