Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Milli Məclisdə həbsdə olan siyasi fəallar dələduzlarla müqayisə olundu


Milli Məclis
Milli Məclis
-

Milli Məclisin iyunun 13-də keçirilən iclası Heydər Əliyevin parlamentin rəhbəri seçilməsinin 20 illiyinə həsr olunub.

İclas zamanı Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə hakimiyyəti siyasi motivlərlə həbs olunmuş REAL hərəkatının lideri İlqar Məmmədovu, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunu, NİDA gənclər hərəkatının fəallarını azad etməyə çağırıb.

İqbal Ağazadə deyib ki, prezident seçkiləri ərəfəsində beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycanda gedən daxili siyasi proseslərə yönəlib:

«Siyasi və vicdan məhbuslarının həbsdə saxlanması ölkənin imicinə mənfi təsir göstərə bilər».

İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu
Yeni Azərbaycan Partiyasının sədr müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanda məhbuslar siyasi baxışlarına görə yox, konkret cinayətlərə görə cəza çəkirlər. Yalnız məhkəmə sözügedən vətəndaşların qanunazidd əməllərinə qiymət vermək hüququna malikdir:

«Bəzi dələduzların mühakimə olunması seçkiqabağı prosesə xələl gətirə bilməz. İmicin yaxşılaşdırılması görüntüsü ilə biz cinayətkarlığın çiçəklənməsinə yol aça bilərik. Müxalifətçilərin öz həmkarlarının azad edilməsi ilə bağlı xahişləri də müvəqqətidir və oktyabrın 16-da bitəcək».

İ. Məmmədov və Tofiq Yaqublu İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət) maddələri ilə ittiham irəli sürülüb. Hər ikisi ittihamları rədd edir.

Günahları sübuta yetirilərsə onları 3 ildən 7 ilədək həbs gözləyir.
XS
SM
MD
LG