Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:53

Rasim Qaraca. Yüksək meqapikselli şeirlər


Rasim Qaraca
Rasim Qaraca
-

Bizim şairlər öz oxucularından çox da fərqli şeylər görə bilmirlər.

Onların əsas bacarığı cümlələri və ya fikirləri dombaltmaqdan, yəni arxasını önünə və ya önünü arxasına gətirməkdən ibarətdir ki, bunun da geniş anlamda poeziyaya dəxli yoxdur.



Rasim Qaraca


YÜKSƏK MEQAPİKSELLİ ŞEİRLƏR


Ən praqmatik heyvan qurbağalardır – yalnız hərəkətdə olan şeyləri görürlər. Məcazi anlamda, bu xasiyyət insanda da var.

Genəl olaraq, insan reaktiv varlıqdır, daha çox ətrafındakı şeylərə reaksiya verməklə məşğuldur, alt şüur sürəkli olaraq şeyləri faydalı olanlara və olmayanlara bölür.

Bunun özü pis deyil, yaxşıdır. İnsanoğlu faydalı olanı seçə-seçə gəlişib, gəlib bu günə çıxıb.

Ancaq burda bir məsələ var: aya, hardan biləsən faydalı olan nədir və faydalı olmayan nədir? Bəzən faydalı bildiyin bir şeyin faydasız olduğunu anlamaqdan ötrü onillərin keçməsinə ehtiyac var. Məsələn, uzağa niyə gedək, ağıllı adam başqalarının, ağılsız adamsa öz təcrübəsindən öyrənir.

Bizdən əvvəl yaşamış insanların təcrübəsini əks etdirən sonsuz sayda kitablar yazılıb, hər sahədə mükəmməl sayılacaq çox sayda əsər var, buyur oxu, öyrən, səndən əvvəl yaşamış insanların səhvini təkrar etmə. Ancaq və lakin, bizim orta statistik azərbaycanlımızın kitaba baxışı təqribən belədir: “oxuyub beynini boş-boş şeylərlə doldurma”. Bu baxışın bir bəraəti də var: insan nə qədər axmaq olsa o qədər xoşbəxt olar. Ancaq belə deyil. Bizim, bir insanın ömür boyunca topladığı təcrübəni 2 gündə və ya bir kitabı oxuyub bitirmə müddətində əldə etmək imkanımız var.

Nəysə. Başqa şey demək istəyirdim, haralara gəldim. Fotoaparatların ildən ilə artan meqapiksellərinə baxdıqca ağlıma görün nə gəldi. Gəlişən texnika sayəsində həyatın daha incəliklərini “görən” bu makina kimi, əsrlər boyunca toplanan və artan biliklər və sənət əsərləri sayəsində biz daha çox şeyləri görür, fərqinə varır və dolayısıyla, aşağı meqapikselli insanlardan fərqli olaraq daha çox şeyi görür və həyatdan daha artıq zövq alırıq.

Mən bilavasitə şeir yaradıcılığıyla məşğul olduğuma görə, bu əyləncəli baxış bucağından çağdaş poeziyamızın mənzərəsini necə gördüyümü anlatmaq istəyirəm. Çağdaş poeziyamızdakı mənzərə təqribən ucuz telefonlara quraşdırılmış oyuncaq kameralarda əks olunanlara bənzəyir.

Çünki, bizim şairlərin təsvirlərində həyat demək olar ki görünmür, orada yalnız həyatın qeyri-dəqiq kölgələri əks olunub. Qulağa xoş gələn və beyinə doymuşluq siqnalı göndərən nələrsə var, ancaq həyatın ayrıntıları, detayları yoxdur. Daha doğrusu, bizim şairlər öz oxucularından çox da fərqli şeylər görə bilmirlər. Onların əsas bacarığı cümlələri və ya fikirləri dombaltmaqdan, yəni arxasını önünə və ya önünü arxasına gətirməkdən ibarətdir ki, bunun da geniş anlamda poeziyaya dəxli yoxdur.

Dolayısıyla, hər kəs öz sahəsində “meqapiksellərini” artırmaq qayğısına qalmalıdır, o cümlədən bizim şairlər. Başqalarının təcrübəsindən öyrənərək.

Nərmin Kamaldan yüksək meqapikselli bir şeirilə bu yazını bitirirəm:


Novxanı qəbirstanlığında
evcik-evcik oynayır uşaqlar
Hər qəbrin üstü birinin evidi
Lotu Bəxtiyarın qəbri
ən gözəl malikanədir onlar üçün
Ətraf qəbirlərin üstündəki əşyaları
və gülləri
daşıyırlar "ev"lərinə
Silirlər güzgü dedikləri başdaşlarını
Qonaq gedirlər bir-birinin "ev"inə
Mən qoyunlarımla keçəndə gördüm onları
qoyunlarıma da təəccüblü gəldi
çəmən olmayan yerdə dayanmaq
Qəbirlərin içindəki keçmiş insanlar
gülürdülər yəqin buna
Özlərini güclə saxlayırdılar
qalxmaqdan
qucaqlayıb oxşamaqdan "ev sahibləri"ni...

qaynar.info
XS
SM
MD
LG