Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:35

Xanımlıq arvadlığa çevriləndə pis olur... (Şeirlər)


Fərid Hüseyn
Fərid Hüseyn
-

Fərid Hüseyn


Nə istəyirsiz?

Nə istəyirsiz,
zəncirlərə vurulsun köpəklərimiz?
Yoxsa qandallara aşiq olsun qolumuz?

Bizim yuxusuzluğumuz
“yara-duz” məsələsi deyil.
Yaramız dənizdi, duzsa duz.
Bəsdi, allahı sevirsiz.

Şüşə üzərinə çıxarmısız yalın ayaqlı həqiqətlərmizi,
Unutmayın, hər həqiqət bir pəhləvandır.

Ədalət, Sokrat demiş,
qızılgül misalıdı, budadıqca
daha sərt tikanlarla boy atır,
Siz bu naqqal bağbanlıqdan usanmadıqca.
biz kürəyimizi taleyimizə sultan taxtı kimi söykəyirik.


Mikayıl Müşfiqin ölümünə...

Sonda ölümümüz,
Ömrümüzdən çox olur,
əbədiyyətin varlığına inandırır bizi həyat.

Ərəb çöllərində orucunu yediyinə,
“Hökümət” sözünü cansız dediyinə görə:
Nə çox bəhanə varmış: şair ölümünə

İnsan taleyinin hamısını yaşamır,
Yüz il sonralara qalır ömür bəzən,
Qalır ki, düşmənlər də
sənə dost olsun - ansın.
Saqqalı ağsız da dərk etmək olur bunları,
Təki qolun qandal,
canın ağrı,
alının güllə tanısın.

Tale acımır, amma Allah mərhəmətlidi,
Bax ömrün orasında dayanmışıq.
Güzgülər bizi göstərir: ikimiz də özümüzük.

Kölgədəsə bir yaralı qadın dayanıb
Bütün ömrü bir "nakam" sözünə dəyməz.
dilinin altında mızıldanır: verin ağrınızı çəkim.


Nexlyudovun Katyaya dedikləri

.İndi hakim səni katorqaya göndərəcək,
mənisə sənin yanına,
Katya, “səni sevirəm deyəndə” allanan yanaqları itirmisən,
Utanıb yerə baxan gözlərini itirmisən,
Məni görüb gizlənməyini itirmisən,
Mənlə taleyinin qan davasın aparma.
Bacarırsansa yenə gizlən,
Yenə yerə bax,
Yenə yanaqların allansın.
Katya, sonumuz haqqı, bircə onu bilirəm ki,,
xanımlıq arvadlığa çevriləndə pis olur,
İgidlik də şöhrətə.
XS
SM
MD
LG