Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:47

Oginskinin melodiyası (Seçmə hekayələrdən)


Vahid Qazi
Vahid Qazi
-

“Şuşanın Üçmıx yüksəkliyindən üzüaşağı Cıdır düzünə sarı yüyürüb, ana qucağına atılırmış kimi dərin uçuruma tullanıb Vətən səmasında quş kimi süzməyin bəxtiyarlığı” – Demis Russos, “Souvenir”...


Vahid Qazi


OGİNSKİNİN MELODİYASI

Uşaqları ötən bazar onu əməlli-başlı sınağa çəkmişdilər. “Sənin musiqi duyumunu yoxlayacağıq. Çaldıqlarımıza qulaq asıb düşüncələrini yazacaqsan!” – demişdilər. Pianoda çaldıqlarını bir-bir dinləyib təəssüratını yazmalıydı.

Əlbəttə, bir-iki saatın içində ondan çox musiqi parçasını dinləyib hər birinə ayrıca köklənmək mümkün deyildi, odur ki, hiss və düşüncələrini bütünlüklə əhatə edə bilməyəcəyini bəri başdan söyləmişdi. “Olsun!” deyib, razılaşmışdılar. Dediklərinə görə, özlərinin də belə “test”ləri varmış, “cavablar” çox gülməliymiş.

***

Minə yaxın əhalisi olan Bürseridin protestant İsveç kilsəsi ətrafdakı neçə-neçə kənd, şəhər kilsəsindən ən qədimidi. 1752-ci ildə özülü qoyulan kilsənin tuncdan tökülmüş zəngi özündən də qədimdi, üstündəki tarix belə deyir: 1691.

Kilsə hündürdə tikildiyindən üstündəki xaç kəndin hər yerindən görünür. Dörd bir tərəfi qəbirlərlə cərgələnmiş Tanrı evi Akropolu xatırladır, dünya içində başqa bir aləmdi. Qəbirlərin ətrafına cürbəcür güllər, çiçəklər əkilib. Sanki qəbir yiyələri gül əkməkdə bəhsə giriblər. Sadə başdaşlarına ölənin adı, doğulduğu, bir də öldüyü il yazılıb. Kilsəyə yaxın olanlar daha qədimdi, aralandıqca qəbirlər “cavanlaşır”.

Qırx, əlli, hətta yetmiş il əvvəl ölənlərin məzarları üstündə çiçək əkilməsi, şam yanması onu göstərir ki, hələ də xatırlayıb ziyarət edənləri var.

Dünyada bütün məzarlıqlar yerli camaatın adət-ənənəsinə, dünyagörüşünə, mədəniyyətinə güzgü tutur. Məzar daşlarına yazılan rəqəmlər onların ömür yolundan xəbər verir. Bu şimal ölkəsinin adamları uzunömürlüdürlər. Ortalama səksən il yaşayırlar.

Burda ona doğma gələn yeganə şey palıd ağaclarıdı. Uşaq vaxtı qozalarına “stəkan-nəlbəki” dediyi palıdın biri də babasının qəbri başında bitmişdi. Böyüklər dua edəndə o, ciblərinə palıd qozaları yığırdı. Kilsəyə hər gəlişində uzaqda – zamanın və məkanın o üzündə qalan uşaqlığını xatırlayır, xəyalların qanadında uçub isti cənub ölkəsində uyuyan babasını ziyarət edirmiş kimi qəribə duyğular keçirirdi.

...Kilsənin iki giriş qapısı var. Yan qapı həmişə açıq olur. Baş tərəfdəki böyük alaqapı isə yalnız böyük dini mərasimlərdə camaatın üzünə açılır. Burda yalnız matəm deyil, nikah mərasimləri də keçirilir və kilsə hər mərasimə uyğun olaraq əvvəlcədən xüsusi bəzədilir. Qədim zəng, xeyli tarixi eksponat giriş otağında saxlanır. İkinci mərtəbəyə aparan on beş pilləli taxta pilləkən də burdadı. Pillələr kilsə musiqiləri çalınan orqanın yerləşdiyi eyvana və kilsə zənginə doğru aparır. Ziyarətçilər əsas zala bu otaqdan daxil olurlar.

İbadət zalına girişin ilk sırasında soyuq havalarda oturmaqdan ötrü döşəkçələr yığılıb, körpə uşaqlar üçün cürbəcür oyuncaqlar qoyulub. Divardakı rəflərdə iki yüzdən çox qırmızı üzlü “İncil” düzülüb. Hər birində səkkiz nəfərin rahat əyləşə biləcəyi on yeddi uzun oturacaq zalın sağ və sol yanları boyu sıralanıb. İbadət zalının uzunluğu otuz, eni on, hündürlüyü yeddi metr olar. Hər iki yandakı üç iri pəncərədən içəri gün işığı düşür, bu işıq yetməyəndə pəncərələrin sağ-solunda asılmış böyük şamdanlar yandırılır.

Girişin təqribən on addımlıq yerini tutan alçaq tavanın – daxili eyvanın üstündə kilsənin orqanı quraşdırılıb. O, orqan müsiqisini xoşladığından burdakı əksər mərasimlərə gəlir və adəti üzrə arxa cərgədə oturub dinləyir.

Tamaşaçı zalı kimi sırayla yerə bərkidilmiş oturacaqlardan sonra başlayan səhnəyəbənzər geniş podiumda pastorun moizə oxuduğu kafedra, körpələrin xaç suyuna çəkildiyi üstü tasa oxşayan dəmir lövhəli ağır girdə daş, ortasında bir iri, ətrafında iyirmi altı balaca şam düzülmüş dəmir barmaqlıqlardan hazırlanan yumru “qlobus şamdan” var. İbadətə gələnlər şam yandırıb oyuqlardan birinə qoyur.

Mərasim vaxtı “İncil”dən oxunacaq surələrin nömrələri yan divarlardan asılan lövhələrə yazılır. İbadət zalına girən hər kəs girişdəki rəflərdən müqəddəs kitabı götürüb oturur, oxunan surəni tapıb pastorla birlikdə dua eləyir, orqanda çalınan musiqini dinləyir və kilsə xoruna qoşulub mahnı oxuyur. Divarlarda yanan şam, kilsənin hündür tavanından sallanan çilçırağın toran işığı ibadət zamanı xüsusi fon yaradır.

Zalın başındakı divarda İsanın çarmıxa çəkilmiş böyük şəklidi. İki yüz yaşı olan bu böyük tabloda İsayla yanaşı çarmıxa çəkilən iki quldur, peyğəmbərin ayağı altında ürəyi getmiş Məryəm ana, at belində Ponti Pilat, dəhşət içində İsaya baxan müridləri əks olunub.

Şəklin önündəki yarımçevrə sürahı buranı zaldan ayırır.

Bu boş sahənin sağında səkkiz pilləli taxta minbər durur. Minbərin mühəccərində xristian müqəddəslərin şəkli çəkilib. Bura kilsənin ən qədim hissəsidi. Üstündə dualar latınca yazılsa da, tarix rum yox, ərəb rəqəmləriylədi – 1632. Görünür, minbəri bura daha qədim kilsədən hazır gətiribmişlər.

Bütün bu qədimliyin içində tək müasir əşya minbərin altındakı pianodu. Amma o da burda yad görünmür, sanki ilahi əl ona sığal çəkib. Piano ömrünü müqəddəs Ruha ibadətə həsr edən gənc rahibə kimi məsum görünür.

...Kəndə gələndə ilk işi uşaqlarına piano axtarmaq olmuşdu. Onlar aylardı pianodan uzaq düşmüşdülər, çalmağı yadırğamışdılar. Pastor mərasim keçirilməyən istənilən saatlarda çalmağa icazə vermişdi. Onlar da hər gün bura gəlir, saatlarla çalır, köhnələri təkrarlayır, yeni əsərlər başlayır, sanki böyük bir konsertə hazırlaşırdılar.

***

Əsərlərin nə adını dedilər, nə də müəllifini söylədilər. Dinləyib hər birinin onda oyatdığı duyğunu qısaca yazmağa başladı. Melodiyalar ona tanış idi, dəfələrlə
eşitmişdi. Amma indi musiqini sadəcə dinləmək yox, yaratdığı təəssüratı yazmaq üçün onu həm də yaşamaq lazım idi...

Kilsənin güllü-çiçəkli balaca məzarlığa, qəbirlər kimi səliqəylə sıralanmış yaraşıqlı evləri olan kəndə, yan təpədəki meşənin əksi düşən gölə açılan pəncərəsindən uşaqlıq, cavanlıq çağlarının, yaşanmış illərin ayrı-ayrı anları kino lenti kimi gəlib keçirdi. Baba evinin pilləkənindən uzanıb eyvanda çiçəkləyən armudun budağında səhər mehindən titrəyən ağappaq ləçəklərlə, baxışların yazdığı roman yerinə dilin bircə kəlmə sözünü istəyən ilk sevginin nigaran çöhrəsi boy-boya vermişdi. Səhərin erkən qatarından paytaxt vağzalına düşən sevgiylə günboyu şəhərin küçələrini dolaşan, parkların üstü xəzəlli oturacaqlarını isidən, dəniz ləpələrinin bulvar sahilinə pıçıltıyla oxuduğu nəğməsini dinləyən, axşam lampalarından qaçıb qaranlıqda nəfəs-nəfəsə dayanan, sonda metro vaqonunun şüşəsi arxasında qalan baxışları dünyayla vidalaşırmış kimi itənədək məsum kədərlə ötürən sevdalı əyalət gəncini görürdü.
Dünyanın ən zalım sərhədi tikanlı məftillər, qalın divarlar deyil, şəffaf pəncərə şüşəsidi. Şüşə arxasından baxıb, gördüyün və arzuladığın yerə keçə bilməməyin əzabı ayrı əzabdı. Qərib adamın yad ölkədə həyatı bax beləcə şüşənin o üzündə qalır. Gördüyün yeni dünyada həm varsan, həm də yox. Nə eləyirsən elə, bu yeni həyatla aranda şəffaf şüşə olacaq, xatirənlə arandakı həsrət qatı kimi. İstəsən də heç vaxt bu sərhədi keçə bilməyəcəksən!

Qəriblikdə adam işlək dəmiryolun yanında üstündən qatarlar keçməyən, relsləri paslanmış ehtiyat yol kimidi...

İnsan zamanın təsdiqidi. İnsansız zaman yoxdu! Çalınan musiqilər onu istədiyi məkana, zamana aparır, arzuladığı hər kəslə görüşdürürdü. Gah keçmişin dərinliklərində qalanlara baş vurur, gah da umudların qanadında gələcəyə uçururdu. O anların içində bu an yoxuydu, hamısı keçmiş həsrətli, gələcək arzuluydu.

İfalarını bitirən kimi uşaqları tələsik dəftəri əlindən alıb yazdığını oxumağa başladılar. Oxuduqca da qəşş etdilər. Kənardan baxan olsaydı, deyərdi, uşaqları onu məsxərəyə qoyub. Onları belə güldürən nəydi? Yazdıqlarını anlamamışdılarmı?

...Balalara özünü anlada bilməyəndə gülməli görünür böyüklər!

Uşaqları çaldıqları əsərlərin adını onun yazdıqları ilə birlikdə sırayla dəftərə köçürdülər. Biri dedi, o biri yazdı. Sonra “Bax gör necə alınıb” deyib dəftəri ona uzatdılar. Dəftərdə bunlar yazılmışdı:

“Seçdiyin Zamana səfər edən qatarın mənzil başına çatma an həyəcanı” – Mişel Leqran, “Şerbur çətiri”;

“Qonşu qızın “küsməyi” – pəncərədə tərpənən tül” – Stiv Uander, “I just called to say: I love you” (“Zəng etdim deyəm: “Səni sevirəm”);

“Uşaqlığın qapısını döyürsən, döyürsən, döyürsən... açan olmur” – Toto Kutunio, “Soli”;

“Görən mesajımı aldımı? Oxudumu?! Cavab yazacaq!...mı?...” – Pier Başle, “Emmanuel”;

“Əlvida!” deyib gedən xoşbəxtliyin qatar pəncərəsinə düşən silueti” – Co Dassen, “Salut”;

“Şuşanın Üçmıx yüksəkliyindən üzüaşağı Cıdır düzünə sarı yüyürüb, ana qucağına atılırmış kimi dərin uçuruma tullanıb Vətən səmasında quş kimi süzməyin bəxtiyarlığı” – Demis Russos, “Souvenir”;

“Gecə damda oynaşan yağış damlalarının xatirələrin qapısında əks-sədası” – Frederik Şopen, “Bahar. op. 74 № 2”;

“Ömrü sahilə yetməyən dalğanın qayalara çırpılmaq röyası” – İohann Sebastyan Bax, “Praludium”;

“Günəş şəfəqlərində rəqs edən bir cüt kəpənəyin qanadından qopan meh” – Yohan Ştraus, “Dunayın mavi valsı”;

“Düyün düşən fikirlərin açılmaq çabası” – Moris Moşkoviski, “Etüd. op.72 № 2”;

“Şıltaq gözəllərlə gizlənpaç oyunu” – Volfqanq Amadey Mosart, “26 saylı sonata. C-Dur”;

“Yenə deyə bilmədim...” – Vaqif Mustafazadə, “Bayatı Şiraz”dan parça;
“…” – Мixail Оginski, “Vətəndən ayrılma”;

“Sonuncu ümidi itirmək qorxusu...” – Frans Şubert, “Ekspromt 12”;

“53 il əvvəl ölmüş ərin qəbri üstə çiçək əkən qonşu Yevanın titrəyən barmaqları” – Tomaso Albinoni, “Adagio";

“Sənin suya buraxdığın kağız gəmidə gələn baxışların” – Feliks Mendelson, “Sözsüz mahnılar. Op.30 № 6”.

Oxuyub dəftəri geri qaytardı. Uşaqları güldürən sətirlər, əksinə, ürəyini sıxdı.
Kilsənin yağış döyəcləyən pəncərəsi ağzında oturub bu melodiyaları dinlədiyi gün ovqatı yalnız bir havaya köklənmişdi – siyahıda söz yerinə nöqtələr qoyduğu havaya, uşaqların “Bəs buranı niyə boş saxlamısan” sualına cavab yaza bilmədiyi musiqiyə.
O musiqi ki, qəlbinin astarını üzünə çevirmişdi. Rentgen aparatı kimi ürəyinin şəklini çəkib onun ən zülmət guşələrinə belə işıq salmışdı. İndi onu göynədən ağrının köklərinə baxır, rişələrin ən nazik ucunu belə aydın görürdü. Uzun illər öncə içində bitən, kökü ürəyinin alt qatlarınacan işləyən Ağrı ağacı qurumamışdı, üstü nisgil yarpaqlarla doluydu. Saralan iztirabla yan-yana tumurcuq kədər də vardı.
Onlar kilsədən çıxanda pəncərə şüşəsinin nəfəsdən tərləyən yerində barmaqla bir cüt söz yazılmışdı: “Həsrət nəğməsi”.

Bu, dəftərdə üç nöqtəylə cavablandırdığı melodiyanın insan qəlbindən qopardığı ahın pəncərəyə düşən iziydi.

***

Bayırda yağış yağırdı. Günorta çağı olsa da hava qaralmışdı. O, kəndə qayıdırdı. Üzü soyuqqanlı şimal insanlarının “qaranlıq ölkədə” qurduqları “işıqlı həyata” sarıydı. Qulaqlarında Oginskinin melodiyası, beynində qaranlıq ölkəyə çevrilmiş günəşli vətəni, ürəyində yalnız kədər yarpaqlayan Ağrıyla daş ayaqlarını... arxasınca sürüyürdü.

Qarşı gələn adamlar əlindən çətiri sürüşən, dodağında siqareti islanıb sönən, sifəti çarmıxını daşıyan İsanın üzünə bənzəyən bu qəribə adama maraqla baxırdılar. Küçəylə sanki daş heykəl yeriyirdi. O, yağışın soyuq damlalarını duymurdu. İndi yağış onun qəlbini yuyurdu, içində göyərən daşı döyəcləyir, Ağrı ağacının təşnəsini sulayırdı.

Özündən qabaqda qaçışan uşaqları yağışın altında bəxtəvər-bəxtəvər oynaşırdılar. Onlar daha atalarına gülmürdülər, hər şeyi unutmuşdular, öz dünyalarına getmişdilər...

...Havada isə qəribə atəşfəşanlıq vardı. Səkidəki dirəklərin lampalarından axan işıq seli ox olub yağış damlalarını milyon yerə parçalayırdı.

Gözqamaşdıran parlaqlıqda aydın seçilən iri bir işıq milyon-milyon şüanı yarıb göylərə üz tutdu. Ondan qopan bu işıq bir fənərlik şöləsiylə sanki bütöv bir səma qaranlığını nurlandıracaqdı.

Yanvar 2013
XS
SM
MD
LG