Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:30

26 iyun – kişilərə təbrik düşürmü?


İzolda Ağayeva
İzolda Ağayeva
-
Yazar Dilqəm Əhməd 26 iyun - Silahlı Qüvvələr Günündə kişilərin təbrik edilməsinin tərəfdarıdır. Jurnalist İzolda Ağayeva isə əksinə. «Flashmob»un 26 iyun buraxılışının mövzusu elə həmin günlə bağlı oldu. Kimlər təbrik edilməlidir? Qonaqlar bu sualı müzakirə etdilər.

İzolda Ağayevanın fikrincə, Azərbaycan kişiləri müharibəni uduzmuş kişilərdir, ona görə də, bu gün onların hamısının təbrik edilməsinə ehtiyac yoxdur:

«20 ildir Qarabağ problemi var. Başqa bir günü kişilər günü kimi qeyd etmək olar, amma Silahlı Qüvvələrin yarandığı günü kişilər günü kimi qeyd etməyi doğru saymıram. Bu bayram hazırda hərbi sahədə çalışanlara aiddir. Hər il bu gün təkcə Hərbi Dəniz Qüvvələrinin orkestrında çalışan qardaşımı təbrik edirəm».

Yazar Dilqəm Əhməd bu fikirlərlə razılaşmır:

«Mahiyyətinə varanda, 8 Mart - Beynəlxalq Qadınlar Gününü Azərbaycan qadınının keçirməsi mövzusunda da müzakirə açmaq olar. Əslində qeyri-rəsmi müharibə davam edir və tarix üçün 20-30 il çox qısa müddətdir. İndidən demək düzgün deyil ki, müharibəni uduzmuşuq, əsgərlərimiz uduzub, buna görə də kişilərə bayram düşmür və s. Müharibəni bütün xalq uduzur, ona qalsa gərək toy, şadlıq etməyək. Bu yanaşma yanlışdır».

«İNSANA PUL QOYULMALIDIR, DƏMİRƏ YOX»
Dilqəm Əhməd
Dilqəm Əhməd

İzolda Ağayeva əsgərlərin gündəlik yaşayışından və yaranmış statistikadan narahatdır:

«Hər il deyirlər bizim hərbi büdcə Ermənistanın büdcəsindən çoxdur, amma mən buna başqa tərəfdən baxıram. Təbii ki, ordu güclü olmalıdır, amma mən bu büdcənin əsgərlərə qoyulmağının tərəfdarıyam, silaha yox. Yanvardan indiyə kimi 50-dən çox əsgər ölüb, halbuki bu büdcə ilə əsgərlərin vəziyyətini yaxşılaşdırmaq olar. Dəmirə nə qədər pul verilsə də, insana pul qoyulmursa, dəyər verilmirsə, xeyri yoxdur bunun».

Dilqəm Əhməd əsgərlik həyatı haqqında təəssüratlarını da paylaşdı:

«Bütün ölümlər pisdir, amma ən pisi də əsgər ölümüdür. Əsgər ölümü ən pis halda düşmən silahından olmalıdır, amma bizdə, təəssüf ki, başqa səbəblərdən ölürlər - xəstəlik, yıxılıb ölmə, təsadüfən silahdan güllə açılması və sair. Mən özüm 2007-2008-də Dövlət Sərhəd Xidmətində əsgərlikdə olmuşam. Əsgərlikdə olanlar bilir ki, orda bir çox hisslər məhv olur, ancaq bəzi xüsusi günlərdə əsgərlərə yaxşı baxılır - əlavə şirniyyat, ənənəvi olmayan yeməklər bişirilir».

Verilişi tam olaraq burdan dinlə:

XS
SM
MD
LG