Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:16

Boeing 777 qəzasında sərnişinlərin həyatını xilas edən bunlar oldu


San Fransisko hava limanına enərkən qəzaya uğrayan Boeing 777 təyyarəsi
San Fransisko hava limanına enərkən qəzaya uğrayan Boeing 777 təyyarəsi
-

Ötən həftəsonu San Fransisko hava limanına enərkən qəzaya uğrayan Boeing 777 təyyarəsi hələ də televiziya ekranlarından və qəzet səhifələrindən düşmür.

Şəkillərdən və süjetlərdən təyyarənin az qala külə döndüyü görünür.

Buna baxmayaraq Asiana Hava Yolları şirkətinə məxsus 214 nömrəli reysin 307 sərnişinindən yalnız ikisi həlak olub.

Son xəbərlərdə onların da çaxnaşmada yanğınsöndürən maşının təkərləri altında qalaraq həlak olduğu bildirilir.

Bu da xəbər verilir ki, pilotlardan biri «xam» imiş, daha doğrusu, şagird idi və hələ 777-də uçmaq üçün tam hazırlıqlı deyildi.

Bütün bu faktorlara baxmayaraq, təyyarə qəzaları baxımından bu hadisə minimal itki ilə sovuşub.

MÖCÜZƏ YARADAN TEXNOLOGİYA

Qəzetlərin başlıqlarında tez-tez «möcüzə» sözü işlənir. Hərçənd ekspertlər bildirirlər ki, heç bir möcüzə baş verməyib. Müasir təyyarə qəzaları getdikcə daha az təhlükəli olur və buna səbəb texnologiyaların inkişafıdır.

Ekspertlər deyirlər ki, təyyarələr quruluş baxımından indi daha xatasızdır. Göyərtədəki oturacaqlar döşəməyə daha möhkəm bağlanıb və zərbə zamanı qopub uçmur.

Qapılar etibarlı bağlansa da, asan açılır.

Təyyarə qəzalarının təbiəti də dəyişib. Kabinədəki texnoloji yeniliklər o deməkdir ki, təyyarələr indi dağlarla toqquşmur.

«İndi qəzalardan sağ çıxmaq şansı əvvəlki onilliklərlə müqayisədə qat-qat çoxdur. Biz keçmiş qəzalardan çox şey öyrənmişik», Uçuşların Təhlükəsizliyi Fondunun prezidenti Kevin Hiatt belə deyib.

Asiana təyyarəsinin qəza səbəbləri hələ də araşdırılır, lakin qəti şəkildə bunu demək mümkündür ki, aviasiya qəzalarında indi daha az adam həlak olur.

NİKBİN STATİSTİKA

Associated Press agentliyi ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (National Transportation Safety Board ) sənədlərini araşdırıb və maraqlı nəticələrə gəlib.

Bəlli olub ki, 1962-ci ildən 1981-ci ilədək ABŞ-da baş verən təyyarə qəzalarında sərnişinlərin 54 faizi həlak olub. 1982-ci ildən 2009-cu ilədək bu rəqəm artıq 39-a enib.

Həm də nəzərə almaq lazımdır ki, bu rəqəmlər yalnız azı bir sərnişinin həlak olduğu qəzalara aiddir.

Halbuki, heç bir sərnişinin həlak olmadığı başqa ciddi qəzalar da olub.

Arxiv foto
Arxiv foto
Əgər əvvəl təyyarə qəzaları barədə xəbərlərdə «bütün sərnişinlər həlak olub» ifadəsi işlənirdisə, indi «hamı salamat qalıb» ifadəsinə daha tez-tez rast gəlirik.

Bu hadisələrdən ən məşhuru 2009-cu ilin yanvarında baş verib.

O vaxt ABŞ Hava Yolları şirkətinin Aerobus 320 tipli təyyarəsi qaz dəstəsi ilə toqquşmuş, pilot Chesley B. «Sully» Sullenberger təcili qaydada Hudzon çayına enməli olmuşdu. 155 sərnişinin hamısı «Hudzon möcüzəsi» adlanan bu qəzadan sağ-salamat çıxmışdı.

2008-ci ildə British Airways şirkətinin təyyarəsi Hitrou hava limanının enmə zolağına çatmadan «qonmuşdu». Yenə də Boeing 777 təyyarəsinin 152 sərnişininə heç nə olmamışdı.

Ötən aprel ayında İndoneziyanın Lion Air şirkətinə məxsus Boeing 737 Bali hava limanına çatmamış dənizə düşmüşdü və 108 sərnişinin hamısı salamat qalmışdı.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sədri Debora Hershman deyir ki, «sərnişinləri əksər təyyarə qəzalarının ölümcül olmadığına inandırmaq lazımdır».

Ekspertlər bildirilər ki, bütün bunlar təyyarələrin texnoloji baxımdan təkmilləşməsi ilə bağlıdır.

İndi oturacaqlar nəinki qopmur, onlar cazibə qüvvəsindən 16 dəfə güclü qüvvəyə tab gətirir.

Oturacaqların örtükləri və döşəmədəki xalılar çətin yanan materiallardan hazırlanır və yanarkən zəhərli qaz buraxmır.

Döşəmədəki işıqlar sərnişin çıxışa yaxınlaşdıqca ağdan qırmızıya çevrilir. Bu isə o deməkdir ki, sərnişin qapıya yaxınlaşdığını hiss edir.

ƏVVƏLLƏR BELƏ DEYİLDİ

Halbuki, 1980-ci illərdə vəziyyət tamam başqa cür idi.

Arxiv foto
Arxiv foto
1983-cü ildə Air Canada şirkətinin təyyarəsi Sinsinnati hava limanına enə bilmişdi, lakin ayaq yolunda baş verən yanğın sərnişinlərin yarısını, pilotlar da daxil olmaqla 43 nəfəri öldürmüşdü.

Bundan iki il sonra British Airtours şirkəti Mançester hava limanından uğursuz qalxmadan dərhal sonra, mühərriklərdən birində baş vermiş yanğına görə qəza enişi etmişdi.

Göyərtədə olan 137 nəfərdən 54-ü toksik qazlarla zəhərlənmədən həlak olmuşdu.
İndi hava limanlarının yerüstü xilasetmə xidmətləri də xeyli yaxşılaşdırılıb və təlimləndirilib.

Xilasedicilər – yanğınsöndürənlər, həkimlər və nəqliyyatçılar arasında daha mükəmməl koordinasiya var.

Ekspertlər bildirirlər ki, belə olmasaydı, ötən şənbə San Fransisko hava limanında daha böyük itki baş verərdi.

Yeni texnologiyalar təyyarələrin göydə toqquşmasını və dağlara toxunmasını demək olar ki, mümkünsüz edib.

İndi hava limanlarının enmə zolaqları təyyarəni enişə səmtləndirir, enmə sürəti az olduqda və ya təyyarə tələb olunandan daha az hündürlükdə uçduqda pilotları xəbərdarlıq edir.

Bu texnologiyalar 1974-cü ildə olsaydı Trans World Airlines şirkətinin təyyarəsi Vaşinqtonun Dalles Hava limanına enərkən Vircinayadakı 500 metrlik təpəyə çırpılıb, 92 sərnişinin hamısını öldürməzdi.

Airbus A350 XWB
Airbus A350 XWB
Müasir cihazlarsa artıq pilotları yaxınlıqdakı digər təyyarələrlə bağlı xəbərdar edir.

Belə texnologiya 1960-cı ildə yox idi və onda TWA və United şirkətlərinin iki təyyarəsi Nyu York üzərində toqquşmuş, göyərtədəki 128 nəfərin hamısı həlak olmuşdu.

Ən dəhşətli qəza isə 1977-ci ildə baş vermişdi. Tenerif hava limanından havaya qalxan KLM təyyarəsi enməkdə olan Pan Am təyyarəsinə çırpılmışdı.

Hər iki təyyarədə 583 nəfər həlak olmuş, yalnız 63 nəfər sağ qalmışdı.

Müasir texnologiyaların tətbiqi nəticəsində hazırda dünya boyunca hər 100 milyon sərnişindən yalnız ikisi həlak olur.

Cəmi on il əvvəl Amerika təyyarələrində uçan sərnişinlər üçün təhlükə bugünkündən 10 dəfə çox idi.

1962-1971-ci illər arasında hər 100 milyon sərnişindən 133-ü həlak olurdu.

Aviatorlar bəzən deyirlər ki, indi avtomobillə hava limanına gələrkən qəzaya düşmək ehtimalı daha çoxdur, nəinki havada olarkən.

Bu inamın arxasında real statistika dayanır.

Təkcə ABŞ-da avtomobil yollarında hər il 30 mindən artıq insan həlak olur.
XS
SM
MD
LG