Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:42

Əlyetməzlidə seldən çıxıb susuz qalanlar


Əlyetməzli kəndi
Əlyetməzli kəndi
-

Aranın Kür çayı boyunca yerləşən kəndləri 2010-cu ildə baş verən sel və daşqınının yaratdığı şokdan hələ də ayılmayıb. Köhnə tikililər qəddini əyib, çoxillik meyvə ağacları quruyub, münbitliyini itirən torpaqlar daha əvvəlki kimi məhsul vermir. Bütün bunlar az imiş kimi, üstəlik əhali nə içməyə təmiz su tapır, nə də əkin sahələrini suvara bilir...

YOL ÇƏKƏNİN SEÇKİDƏ YOLU BAĞLANIB

İmişlinin Əlyetməzli kəndinin əhalisi uzun illər yolsuzluq problemindən əziyyət çəkib. Kəndi rayon mərkəzi ilə birləşdirən İmişli-Kürdəmir avtomobil yolunun 32 kilometrlik hissəsi son illər əsaslı təmir edilib. İndi sakinlər cəmi 3 manatla İmişli və ya Kürdəmir şəhərlərinə rahatca gedib-gələ bilirlər.

Magistral yoldan Əlyetməzliyədək olan məsafə heç 3 kilometr də deyil. Bizi kəndə aparan taksi sürücüsünün sözlərinə görə, əvvəllər bu yol o qədər bərbad vəziyyətdə olub ki, avtomobillərin çoxu bura girə bilmir, adamlar evlərinə piyada getmək məcburiyyətində qalırdı:

Əlyetməzli kəndi
Əlyetməzli kəndi
«2010-cu ildə parlament seçkiləri öncəsi namizədlərdən biri öz hesabına hamarlatdırdı, yola xeyli çınqıl tökdürdü. Amma o adamın öz yolunu bağladılar - seçkiyə buraxmadılar...».

ƏLYETMƏZLİ - ƏLİN ƏLİYƏ ÇATMADIĞI KƏND...

Hələ də çoxlarına elə gəlir ki, vaxtilə gözdən uzaq, əl çatmayan, ün yetməyən yaşayış yeri olduğundan bu kəndin adını «Əlyetməzli qoyublar. Əlyetməzlinin yaşlı sakinlərindən olan Malik Cəfərov bu toponimin yaranmağı barədə başqa versiyanın da olduğunu deyir:

«Kür çayı boyunca yerləşən kəndlərdə yaşayanların əksəriyyəti Muğanlı tayfasından olanlardır. Kiçik obaların bəziləri Kürün yaxasından qoparaq, başqa yerlərdə bina olublar. «Əliyetməzli» adının, onun ilk sakinlərindən olan Əli adlı şəxslə bağlılığı barədə danışılır. Deyilənə görə, adam o qədər ucaboy olub ki, ona başqalarının əli çatmırmış».

Malik Cəfərov xatırlayır ki, 1949-cu ildə burada cəmi 12-13 ev olub:

«Nə qədər şəraitsizlik olsa da, kənd get-gedə böyüyüb, əvvəlki vaxtlara nisbətən inkişaf edib. Amma mən gənclərimizə görə narahatam. Nə bir zavod, fabrik var, nə də bir müəssisə. Əlac bircə torpağa qalır, o da daha dolandırmır. Ona görə məktəbi qurtaran kimi gənclər məcbur olub başqa yerlərə üz tutur. Az qala hər ailənin bir üzvü kənardadır - kimi Bakıdadır, kimi xaricdə».

«BU YERƏ 22 İLDİR BAŞÇI AYAĞI DƏYMƏYİB»

Tibb məntəqəsi
Tibb məntəqəsi
Həmsöhbətim vəzifəli şəxslərin kəndə ögey münasibətindən də gileylənir:

«İcra başçılarından yalnız birinin ayağı dəyib bu yerə, o da 22 il əvvəl sakinlərdən birinin hüzrünə gəlib. Baxmayaraq ki, rayonun rəhbəri ağsaqqal kimi qəbul olunmalıdır, amma belə münasibətə görə camaatın onlara hörməti olmayıb. Seçki olan vaxt yada düşür ki, burada da adam yaşayır. Namizədlər gəlirlər, yalandan elə vədlər verirlər ki, adamın əti tökülür. Seçkidən sonra yadlarından çıxırıq».

KİTABXANA KÖÇÜB, TİBB MƏNTƏQƏSİ UÇMAQDADIR...

Ərazisi və əhalisi az olduğundan Əlyetməzlinin ayrıca icra nümayəndəliyi və bələdiyyəsi yoxdur. Buna görə onu qonşu Məmmədli kəndi ilə bir inzibati ərazi dairəsində birləşdiriblər. Sakinlər bildirir ki, icra nümayəndəsi də, bələdiyyə sədri də o kənddə oturur. Bu da onlara əlavə problem yaradır - adicə arayış almaqdan ötrü gərək 9 kilometr uzağa gedəsən.

Suvağı yuyulan, ətrafını kol-kos basan kənd kitabxanasını bağlayıb, onun içindəki kitabları da Məmmədliyə göndəriblər. Keçmiş kitabxanaçı Nisə Nemətovanın bildirməsinə görə, iş yerini itirməmək üçün kitabxana binasını öz hesabına tikməyi təklif edib, razı olmayıblar.

Kənddə mədəniyyət evi, klub da yoxdur. Tibb məntəqəsinin uçub-dağılmaqda olan binası kənardan baxanları vahiməyə salır. Kəndin qabaqcıl ziyalılarından olan Akif Əliyev deyir:

Akif Əliyev
Akif Əliyev
«Kənddə hər işi bacaran, lap «mal doxduru» da var, bircə «iynə vuran»ımız yoxdur. İmkansızlıqdan adamların çoxu türkəçarə üsulu ilə müalicə olunur. Ağır xəstələnən kənddə qalmır, vaxtında harasa gedib dərdinə çarə arayır. Məsafə o qədər uzaqdır ki, xəstəliyin ağırlaşması zamanı «təcili yardım» gələnədək adam canını tapşırar».

Kənd məktəbi üçün Fövqəladə Hallar Nazirliyinin hesabına yeni bina tikilib. İdman zalı, normal istilik sistemi olmasa da, sakinlər vahimə doğuran köhnə məktəb binasını göz altına alıb, buna qane olduqlarını deyirlər. Amma təbii fəlakətin təsirinə məruz qalanlar hökumətin diqqətsizliyindən narazıdır.

Rəşadət Məmmədov deyir ki, ev tikilməməsi qalsın bir yana, başqa zərərləri də ödənilməyib: «Komissiya üzvləri gəlib həyətlərdəki əkinlərə, ağaclara baxıb, yazıb-pozdular. O vaxt bizim 22 bar ağacımız qurumuşdu. Heç onun da pulunu vermədilər».

SÜRÜLƏR ÇOBANSIZ, TÖVLƏLƏR QIFILSIZ

Küçələrdə, həyətlərdə, otlaq sahələrində xeyli at gözə dəyir. Sakinlər deyir ki, Kürqırağı kəndlərdə minik kimi daha çox atdan istifadə olunub, əvvəllər qadınların əksəriyyəti at sürməyi, çayda üzməyi bacarıb.

Kənd sakinlərinin demək olar ki hamısı şəxsi təsərrüfatlarında iri və xırda buynuzlu heyvanlar, ev quşları saxlayır. Bu kənddə Nizami Gəncəvinin ötən minillikdə təsvir etdiyi kimi sürülər çobansız, evlər, tövlələr qıfılsızdır. Mal-qaranın ixtiyarında Kür boyunca uzanan meşə, geniş otlaq sahələri var. Amma qışa yem tədarükü etmək çətinləşib.

NASOSA GÖRƏ ƏKİN SAHƏSİ İSTİFADƏSİZ QALIB

Əkin sahələri çaydan kanala nasosla vurulan su ilə suvarılır. Amma cəmi 2 nasos quraşdırılıb ki, onlar da tələbatı ödəmir. Kənd sakini Telman Əliyev deyir ki, nasos olmaması səbəbindən Kür çayının «qulağının» dibində olan 250 hektardan çox sahəyə neçə illərdir su çıxmır: «Artıq bu sahə münbitliyini itirib, tam şoranlaşıb».

Akif Əliyev deyir ki, olan bircə nasosdur, o da bir gün işləyəndə beş gün işləmir:

«Problem tək nasosla bitmir. Təmizlənmədiyindən suvarma kanallarını lil tutub, üstünü kol örtüb. Bəzi yerlərdə suyu öz sahəmizə yönəltmək üçün kanalın qabağını, içərisi torpaq dolu kisələrlə kəsirik. Adicə şlüz qoymurlar ki, camaat bu zülmdən qurtarsın. Bax beləcə Avropaya inteqrasiya edirik».

Çoxillik təcrübəyə malik fermer 2010-cu ildəki Kür daşqınlarına görə əkin sahələrinin yararsız hala düşdüyünü, məhsuldarlığın kəskin azaldığını bildirir:

«O zaman süxur suları düz 4 metr sahələrimizin üstünü almışdı. 8 ay belə qaldı. Elə o vaxtdan da torpağın şirinliyi, bərəkəti çəkilib. Böyük drenaj kanallar olmalıdır, meliorasiya tədbirləri görülməlidir. Bu, böyük vəsait qoyuluşu tələb edir. Amma belə davam edərsə, 10 ilə də torpaq əvvəlki vəziyyətə qayıdan deyil. 1 hektardan cəmi 8 sentner taxıl götürürük».

MƏHSUL TOXUMDAN AZ OLUB

Amma 80 yaşlı fermer Vəli Məmmədov deyir ki, hektara nəinki 8, heç 2 sentner də məhsul götürməyib: «Bu il bir hektar yarım sahəyə 375 kiloqram toxumluq buğda səpdim, əvəzində 200 kiloqram məhsul oldu. Kombayn tapa bilmədiyimdən zəmi vaxtında biçilmədi. Göz görə-görə məhsul sahədə batdı. Başqa xərcləri demirəm, heç biçin və daşınma xərcini ödəmir...».

TÜTƏK DAĞLARDA QALDI...

Nübar Fərzəliyeva
Nübar Fərzəliyeva
1938-ci ildə bu kəndə gəlin köçən Nübar Fərzəliyeva yarım əsrdən artıq torpaqla əlləşdiyini deyir:

«Məni saxlayan bu torpaq olub, əlim ondan çəkiləndən yatağa düşmüşəm». Ağcaqanadlardan qorunmaq üçün gündüzlər də miçətkəndən çıxmayan 90 yaşlı nənə nəinki bildiyi bayatıları, hətta nəvələrinin sayını da unudub, deyir ya 26 olmalıdır, ya da 27.

HƏVƏS OLANDA ADAM NƏLƏR ETMƏZ

25 yaşlı kənd sakini Ruslan Nemətov isə deyir ki, uşaq yaşlarında muğam dərsi almaqdan ötrü «Qaz-52»nin yük yerində, ya atın tərkində rayon mərkəzindəki incəsənət məktəbinə gedib. Amma yaşa dolandan sonra qayğılar onu bu yoldan ayırıb. O, indinin özündə də qoyun-quzu arxasında «muğam sədasından səbri-qərarının qarət olunduğunu» deyir...

TÜTƏKDƏN FIRÇAYA...

Sakinlər bildirir ki, yaxın vaxtlaradək kəndin toyunu Xanəli Mehdiyevsiz təsəvvür etmək çətin idi. O tütəklə bütün məclis əhlini riqqətə gətirmiş. Amma o da 6 ay əvvəl alətini Dağıstanda unudub gəlib, keçib rəngsazlığa.

Əlyetməzli tək-tək kəndlərdəndir ki, az dəyişikliyə məruz qalıb, öz simasını saxlayır: qamış, yulğun çəpərlər, at arabaları, təzək qalaqları, yuyulub asılan yun, odun sobaları, təndir, nehrə, samovar, cac, sacayaq, şiş, manqal... Bu kəndə təbii qaz hələ gəlib çıxmayıb. Ona görə yanacaq materialına olan tələbatı meşə və təzək ödəməli olur.

«KÜRƏ ACIQ GEDƏR...»

Kənd camaatının məişət işlərində işlətdiyi suyu həyətlərdə quraşdırılan «kaçalka» yerin təkindən sovurub çıxarır. Suyun temperaturunu təbiət özü iqlimə uyğun tənzimləyir: qışda isti olur, yayda sərin. İçməli suyu isə adamlar Kürdən götürür. Su maşınla daşınır, həyətlərdə daşdan düzəldilən iri tutumlu çənlərə boşaldılır. Təzə boşaldılan suyun durulması üçün bir neçə gün gözləmək tələb olunur. Sakinlər onun tərkibi ilə heç vaxt maraqlanmadıqlarını deyir və bu məsələdə də zarafatlarından qalmırlar: «Kürə acıq gedər...».
XS
SM
MD
LG