Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 07:40

Mətləb Ağa. Şeirlər


-

Uçdu o quş kimi, o bulud kimi,
uçmaqdan doymadı bu sarı yarpaq,
ölümdən qorxmadı o tabut kimi,
ölümlə oynadı bu sarı yarpaq...

çox şeyi biryolluq saldı gözümdən,
böyüdüm, dərdimin oldum dizindən,
üzümü qırışmış gördüm üzündə,
nə zalım aynadı bu sarı yarpaq...

dilimdə sözlərin yuxası gəldim,
nə var çəkinəsi, qorxası...gəldim...
əlimə payızın yaxası gəldi,
açımmı?...düymədi bu sarı yarpaq...

****

Ömrüm boyu bəsdi mənə
bu sevginin hüzünü...
onda səni aldadırdım,
indi özüm özümü...

əzab verib gözlərinə
tapma məni, gizlənirəm...
örtdüm, görmək istəmirəm
güzgülərin üzünü...

necəydin, düşmür yadıma,
şəklin yox, çatsın dadıma...
yenə min şükür adına,
dodaqlarım qızınır...

***

Tərslikdən sağ qalarsan,
nəhs gətirər işlərin,
gecə oyaq qalarsan,
dəyişər vərdişlərin...

atıb getdiyin xanım,
qarşına ərnən çıxar,
dostların biri dərdlə,
biri qəbirnən çıxar...

canından lap bezərsən,
hirsindən qan qusarsan,
halın bir az düzəlsə,
qorxub çiyin qısarsan...

qurtararsan birtəhər,
ölüb ömrün üzündən,
yadına sən düşərsən,
Allah hərdən bezəndə...


****

Gələr eşqin payızı,
sən də çıxıb gedərsən.
Qurtararıq hər şeyi,
sonda çıxıb gedərsən.

Hər şey, hər şey yox kimi,
məktublar yarpaq kimi.
Elə bil bir ah kimi
candan çıxıb gedərsən.

Unut, heç nəyi anma,
günahsa da, arınma.
Tanrı tək gəldin, amma,
bəndə çıxıb gedərsən.

***

Günün hansı vaxtıdır,
saat neçədir indi?..
durub kimdən soruşum,
halım necədir indi?..

İlin hansı fəslidir,
payızdır indi yəqin...
bir gün gələr demişdin,
həminki gündü yəqin...

nə demişdin həmin gün,
məni yola salanda?
"bundan sonra eynidir,
sənə düz də, yalan da"...

...çətin işdi, oturub
gözlərini döyəsən...
...hava yaman qaraldı,
günəş doğur deyəsən...

***

Kiməm, nəyəm burda mən,
sən orda kimsən, nəsən ?!..
bir “O” hərfi yerinə,
nə uzundu “mən və sən”...

qəsdi nəydi Tanrının,
niyə bizi ayırdı?
bir qitəni uçurdu,
bir dənizi ayırdı...

sənsiz nə olmuşam mən,
nə gündə yaşamışam...
sən məndə doğulmusan,
mən səndə yaşamışam...

...min il keçər aradan,
göydən enən mələklər,
mənim qəbrimi açıb,
Səni göstərəcəklər...

***

Bəlkə dönüb gələsən
dünyanın o üzündən?...
ya da xəbər yolla bir,
küləklərlə özündən...

...bu qapını ovundur,
mən cəhənnəm bu axşam...
sus, qışqırsın gözlərin;
"hardasan, darıxmışam..."

...nə danışsam, fayda yox,
xeyri nədi....nə yazsam...
...gecdi, ömür qurtarır,
sən adam olmayassan...

***

Yenə darıx bu axşam,
çıx balkonda dur, üşü...
yorsun səni saatda
əqrəblərin öpüşü...

uzaqdakı bir səhər
yenə düşsün yadına...
təsəlli ver özünə;
çarəsiz bir qadına...

...yenə kimi düşünüb,
yenə kimi görərsən...
...bir də baxma güzgüyə,
gözlərimi görərsən...

***

Darıxıram deyəsən,
hava da bulanıqdı...
yorulmuşam, sən Allah,
durub qarğıma baxtı...

Eyni nöqtəyə baxmaq
səni də yəqin yorub...
ikimiz günahkarıq,
neynək, nə olub, olub...

Niyə sən bircə şeyi
başa düşmürsən açıq:
daha bitib bizimki,
çiçək açmayacağıq...

***

Söz verirəm, baş üstə,
gözləmərəm yolunu…
daha yaxşı olardı
dünən desəydin bunu...

Səni heç düşünmərəm,
daha olmadın, oldun...
mənimçün nə fərqi var,
bir ayrı qadın olsun...

Sənə nə yazmışamsa,
yandır, üfür külünü...
biryolluq yaddan çıxar
məni gördüyün günü...

Guya nə olacaqmış,
biz kimik, Allah qulu...
yəqin çəkir çiynini,
sənə baxıb: “ahh, qulum…”

***

Bu qəbirdə yatan kəs,
şəklinə oxşamırsan...
sən bir başqa ölüsən,
heç kimə oxşamırsan...

qalxıb mənim yerimdə
olmaqmı istəyirsən?..
yenə burda özünü
yormaqmı istəyirsən?..

nə işin var bizimlə,
sən orda kefini çək;
deyir ki, cənnətdəsən,
qəbrindən çıxan çiçək...

durub gedim, işim var,
elə sən də yıxıl, yat...
...sən çox yaxşı ölüsən,
salamat qal, salamat...

***

İndi niyə gəlmisən?
mən öləndə gələrdin...
üçü, beşi gələcək,
onda sən də gələrdin...

Gülümsəmə, heyifdi,
yanaqların qırışar...
boş şeydi sevgi, filan,
dəyməz bircə quruşa...

Bu qapı da küsübdü,
arxanca bağlanacaq...
ah çəkərsən: “bu adam
nə vaxt ağıllanacaq?..”

Hələ tezdi, kənar dur,
ölərsən, dirilərsən...
min il sonra burda ol,
düz vaxtında gələrsən...

***

Çox üzr istəyirəm
səndən, məni bağışla...
elə bu saniyədən,
andan, məni bağışla...

Yenə də bir arzu tut,
içində Mətləb olsun...
deyəcəyin beş sözün
üçündə Mətləb olsun...

Mənim yerim cəhənnəm,
cənnət sənindi yəqin....
min əzabla ölməsəm,
minnət sənindi yəqin.

Əlimi döy dizimə,
al, gözlərimlə ağla...
əlbəttə, bir gün səni,
gəzəcəyəm çıraqla...

mənimçün fərqi yoxdu,
bu həyatdı, demirsən?!
...bağışla, istəyirsən...
...bağışla, istəmirsən...

***

Bu gün məni unutdun,
adım düşdü dilindən...
belə də olmalıydı,
günlərin bir günündə...
ən uzaq ulduzların
necə gəlir işığı;
elə qalar yadında,
mən fağır kənd uşağı...
nə vardı aramızda,
uçurum kimi qaldı...
yazdıqların vərəqdə,
bir qurum kimi qaldı...
səninlə etdiklərim,
dönə-dönə olacaq...
...mənim kefim pis deyil,
olan sənə olacaq...

***

Yazın sonuncu günü
yağdı səhərə kimi...
kənddəki evimizdən
sizin şəhərə kimi...
sən də onda oturub
pəncərədən baxırdın...
elə hey ağlayırdın,
gəlib-gedən baxırdı...
bilmirdin, ağıllısan,
dəlisən, ağlayırsan;
bir ucdan yağış yağır,
elə sən ağlayırsan...
imkan olsa, yağışdan
tutub göyə çıxardın...
itirdiyin Mətləbi
tapıb yiyə çıxardın...
...sonra kimi görərsən,
deyərsən soruşmamış;
"o yağış varıydı ha,
mən idim həmin yağış... "

***

Küçədə bir payız var,
ilin-günün bu vaxtı...
bu payız olmasaydı
guya nə olacaqdı?!..
bir payız yarpağında
özümə bir də baxdım...
hardadı indi Mətləb?
görmədim və darıxdım...
ürəyimdə heç nə yox,
olanlar olub keçib...
doğrular olub keçib,
yalanlar olub keçib...
səni də düşünmərəm,
nə olsa, barışaram...
harda rastıma çıxsan,
payızı soruşaram...

***

Getmisən, sağ-salamat,
başqa nə bacarırsan?!..
mən səninçün ölərdim,
kiminçün qocalırsan?!..

səndən bir istəyim yox,
bir məktub yaz, bacarsan...
şəklimi bir saatlıq
divardan as, bacarsan...
başını qat həyatla,
uşaq, iş-filan, yəni...
səninçün ən doğrusu;
ən böyük yalan, yəni...

***

Gecə ötüb yarıdan,
ulduzlar da soluxub...
küçədən keçən adam
deyəsən azca qorxub...
...dörd divardı, bir də mən,
bir mənəm, bir dörd divar...
sənin min sualına
mənim bir cavabım var...
...dönsən, adam deyilsən,
ömrün uzunu bir də...
görmək istəmir qapım
sənin üzünü bir də...
...yalana bax, demişdin
qəbirdə unudarsan;
ona qədər sayaram,
on birdə unudarsan...


***

Sən son cümləni yazdın,
mən də nöqtəni qoydum...
kitabını bağladım,
səndə nöqtəni qoydum...

...sonra səni çağırdım,
sən də yubandın nəsə...
adını heca-heca
dedim ki, gec gedəsən...

sonra səhər açıldı,
kimsə döydü qapımı;
“bir az əvvəl ölmüsən,
gəl, meyitin tapılıb...”

***

Səhər qapın döyülər,
kimdi, durub baxarsan…
doğru olmaz bu boyda;
eynək vurub baxarsan…

uşağlığın, gəncliyin
önündədi, görərsən…
o qız yenə həmənki
donundadı, görərsən…

bilirsən, Allahın da
sənlə zarafatı yox…
yalan olmaz bu boyda,
bunun başqa adı yox….

tutarsan öz yaxandan,
divara dirəyərsən,
sonra qalan ömrünü
ot kimi çürüyərsən…

deyərsən; “qışdı artıq,
gedin, soyuqdu sizə,
evdə arvad-uşaq var,
burda yer yoxdu sizə…”

***

Kənddə bu axşamüstü
gördüm fağır Mətləbi...
qoyma gedib böyüsün,
ana, çağır Mətləbi...

çörəyini ver yesin,
suyunu ver, getməsin...
istədiyi yerini,
göyünü ver, getməsin...

indi çağır, dayansın,
sonra çətin çatarsan...
yenə gedib Kür üstə
qoyunları otarsın...

deyərsən; “mənim balam,
məni bu işə qatma...
öz anası çağırsın,
mən çağırsam, qayıtmaz..."

***

Havan yaman soyudu,
istilər başlayandan...
və nələr qurtarandan,
və nələr başlayandan...

Qurtardı bizim era,
yeni əsr başladı...
yəqin mən günahkaram,
səni də bağışladım...

…sonra sənə zəng vurub
deyərəm, “bax, sən busan.
məndən olan dərdinin
adını nə qoymusan?...”
XS
SM
MD
LG