Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

«Türkiyənin Azərbaycanda əsgəri bazası yerləşdirilə bilər»


Türkiyə hərbçiləri
Türkiyə hərbçiləri
-
«Türkiyənin barış üçün, özəlliklə də Qafqazda barış üçün atmayacağı addım, etməyəcəyi fədakarlıq yoxdur».

Bunu iyulun 17-də Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu deyib.

Dağlıq Qarabağ münaqişəsinin həllindən, müharibə başlayacağı təqdirdə Türkiyənin hərbi yardım göstərib-göstərməyəcəyindən və eləcə də son günlər Bakıda ilk dəfə keçirilən Azərbaycan-Türkiyə birgə təlimindən söz açan nazir daha sonra deyib:

«Türkiyə ilə Azərbaycanın dostluğunun və işbirliyinin sərhədi yoxdur. Güvənlik sahəsində də hər zaman işbirliyimiz davam etdi və bunu davam etdirəcəyik. Ortaq təlimlər də bu çərçivədə görülən işdir. Azərbaycanın güvənliyi və sabitliyi Türkiyənin güvənliyi və sabitliyidir».

VƏFA QULUZADƏ: «BU ŞƏRAİTDƏ AZƏRBAYCANIN MÜTTƏFİQİNİN OLMAMASI QƏBULEDİLMƏZDİR»

İyulun 16-dan ilk dəfə Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Bu təlimlərin davamlı olacağı, hər il keçiriləcəyi bildirilir.

Azərbaycan Silahlı Qüvvələri Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Eyvaz Cəfərovun dediyinə görə, bu təlimlər ordunun döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından çox önəmlidir.

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin başlandığı vaxtda Rusiya da postsovet tarixində ən genişmiqyaslı hərbi təlimini keçirir. Təlimdə əsas diqqət qoşunların uzlaşdırılmış kütləvi hərəkətinə, nəqliyyat təhlükəsizliyinə və savaş şəraitində texniki və tibbi yardıma yönəlib. Bu haqda az sonra. Qayıdaq Azərbaycan-Türkiyə təlimlərinə.
Vəfa Quluzadə
Vəfa Quluzadə

Sabiq dövlət müşaviri Vəfa Quluzadə bu təlimləri yüksək qiymətləndirir:

«Hesab edirəm ki, daha irəli getmək olar. Bir NATO ölkəsi kimi, Türkiyənin Azərbaycanda əsgəri bazası yerləşdirilə bilər. Ona görə ki, Azərbaycan çox kövrək vəziyyətdədir. 20 faiz torpağı işğal altındadır. Rusiya vasitəsilə Ermənistandan təhlükə var. Bu şəraitdə Azərbaycanın müttəfiqinin olmaması qəbuledilməzdir. Ona görə Azərbaycan-Türkiyə təlimlərini salamlayır və hesab edirəm ki, vaxtında və yerində keçirilən təlimdir. Yadımdadır, İran Azərbaycanın sərhədlərini pozanda türk şahinləri gəldi və nümayiş etdirdilər ki, Azərbaycan tək deyil».

«RUSİYA YENİDƏN YUMRUĞUNU QƏRBƏ GÖSTƏRMƏK İSTƏYİR»

Vəfa Quluzadə düşünür ki, Azərbaycan Türkiyə kimi davranaraq NATO ilə də əlaqələrini inkişaf etdirməlidir. Yalnız o zaman ölkə özünü təhlükədən sığortalaya bilər:

«Niyə Baltikboyu ölkələr istiqlaliyyət qazanınca NATO-ya girdilər? Çünki təhlükəni bilirlər, Rusiya boyda nəhəng heyfsilənir ki, ərazilərini itirib. Daim Sovet İttifaqının bərpa olunmasından danışırlar. Azərbaycan da təhlükəsizliyini qorumaq istəyirsə, özünə dayaq istiqaməti seçməlidir. O ki qaldı Rusiyanın təlimlərinə, bu təlimlərdə məqsəd ordunun döyüş qabiliyyətini artırmaqdır. Putin başa düşür ki, rus ordusu, onun texnikası və bacarığı NATO-dan, Amerikadan qat-qat aşağı səviyyədədir. Rusiya yenidən Qərbə dəmir yumruğunu göstərmək istəyir. Təlimlər də buna yönəlib».

«BU TƏLİMLƏR TƏQDİRƏLAYİQDİR»

Hərbçi Üzeyir Cəfərli də hesab edir ki, son illər Rusiya Silahlı Qüvvələrində böyük geriləmələr olub:
Üzeyir Cəfərli
Üzeyir Cəfərli

«Məsələn, hərbi rəhbərlik Uzaq Şərqdə ən müasir hərbi hissələrdən birini on saat ərzində döyüş hazırlığına gətirə bilmədi. Bu da dövlət rəhbərliyini hiddətləndirərək hərəkətə gətirib».

Azərbaycan-Türkiyə təlimlərinə gəlincə, Üzeyir Cəfərli bu təlimlər təqdirəlayiq sayır. Onun fikrincə, bu addım Azərbaycana qarşı məkrli planları olan dövlətlərə güclü mesajdır:

«Düşünürəm ki, bu hərbi təlimlərin davamı gəlməlidir. İstərdim ki, bu təlimlərdə şəxsi heyətin sayı bir az da çox olsun. Düzdür, bu, bahalı və əziyyətli işdir. Ancaq indiki həssas məqamda bu əməkdaşlığı genişləndirmək lazımdır. Türkiyə Silahlı Qüvvələrinin bizim ordunun formalaşmasında rolu əvəzsiz olub. Hərbi təhsil sisteminin çağın tələblərinə uyğunlaşdırılmasında türk zabitlərinin rolu danılmazdır. Düşünürəm ki, bu təlimlər Quru Qoşunları ilə yetərli qalmayacaq və Hərbi Dəniz Qüvvələri də türklərlə birgə təlimlərə qatılacaq. Bu, Türkiyədən çox, Azərbaycana lazımdır. Onların təcrübəsi böyükdür və NATO-da sübuta yetirilib».

Üzeyir Cəfərlinin fikrincə, sözügedən təlim qonşu Ermənistanı narahat edəcək. Amma düşünmür ki, buna görə geri çəkilmək lazımdır.
XS
SM
MD
LG