Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:43

MSK hələ xarici müşahidəçiləri dəvət etməyib


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası
-
Mərkəzi Seçki Komissiyası (MSK) hələ xarici müşahidəçiləri dəvət etmək prosesinə başlamayıb.

Bunu AzadlıqRadiosuna qurumun sözçüsü Azər Sarıyev deyib.

Onun bildirdiyinə görə, xaricdən müşahidəçilər bir qayda olaraq ölkəyə üç qurum tərəfindən dəvət olunur – Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyi və Milli Məclis. Hər biri də uyğun qurumlara dəvət yollayır. Belə ki, MSK əməkdaşlıq etdiyi seçki komissiyalarından, XİN ATƏT kimi beynəlxalq qurumlardan, parlament isə xaricdəki qanunverici orqanlardan müşahidəçilər dəvət edir.

«Kimləri dəvət etmək barədə müzakirələr gedir, ancaq hələ prosesə start verilməyib. Belə ki, dəvətnamələr seçkiyə start veriləndən sonra göndərilir», - Azər Sarıyev belə deyir.

Qanunvericiliyə görə, müşahidəçilər səsvermə gününə 10 gün qalmışa qədər MSK-da akkreditasiyadan keçməlidirlər.

AzadlıqRadiosu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna hələ rəsmi dəvət göndərilməməsi barədə xəbər verib. Qurum dəvətnaməni gözləməkdəykən, müşahidəçi qəbuluna da başlayıb.

Xarici İşlər Nazirliyindən məsələni araşdırıb məlumat verəcəklərini bildirsələr də, sonradan telefon zənglərini cavablandıran olmadı.

Xatırladaq ki, rəsmilər bundan əvvəlki bəyanatlarında beynəlxalq müşahidəçilərin seçkiyə dəvət olunacaqlarını deyiblər.
XS
SM
MD
LG