-
Avqustun 6-da Yeni Azərbaycan Partiyası oktyabrın 9-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd, YAP sədri, indiki dövlət başçısı İlham Əliyevin sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
İlham Əliyev 2003-cü ildən prezident postundadır. 2009-cu ilin Konstitusiya dəyişiklikləri bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyəti qaldırıb. Müxalif və müstəqil çevrələr, beynəlxalq hüquq-müdafiə təşkilatları bu dəyişikliyi pisləyib. Venesiya Komissiyası açıqladığı rəyində bildirirdi ki, «bir nəfərə istədiyi qədər prezident seçilmək hüququ vermək – demokratiya sahəsində geriyə doğru addımdır».
Hakim partiya İlham Əliyevin 3-cü müddətə prezidentliyə namizədliyini 5-ci qurultayında irəli sürüb.
MİLLİ ŞURA AVQUSTUN 12-DƏ YIĞIŞIR
Müxalif qüvvələrin cəmləşdiyi Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması problemi hələ həllini tapmayıb.
Milli Şurada təmsil olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın vahid namizədini dəstəkləsə də, öz namizədli barədə partiya qərarı qüvvədə qalır. İsa Qəmbər Rüstəm, İbrahimbəyovun namizədliyini saxlamaq şərti ilə, daha bir namizədi müəyyənləşdirmək təklifi ilə də çıxış edib. Avqustun 12-də Milli Şuranın növbəti sessiyasında başqa üzvlərin Milli Şuradan yox, özlərinin namizədliyinin verə bilməsi məsələsinə də baxılacaq.
ƏHMƏD ORUC VƏ ƏLİ ƏLİYEV DƏ SƏNƏDLƏRİNİ MSK-ya TƏQDİM EDİB
Avqustun 6-da Azadlıq Partiyasından prezidentliyə namizəd Əhməd Oruc da sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Həmin gün sənədlərini MSK-ya təqdim etmiş başqa bir namizəd Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir:
«Sənədlərin üzərində ciddi işləmişik. Bu, prezident seçkilərinə ilk qatılmamızdır. Bundan əvvəl təcrübəmiz yox idi. Hansısa çatışmazlıqlar ola bilər».
PREZİDENTLİYƏ BAŞQA İDDİALILAR DA VAR
Avqustun 7-də Ümid Partiyasının qurultayı təşkilatın lideri, deputat İqbal Ağazadənin prezidentliyə namizədliyini irəli sürüb. İqbal Ağazadə 2008-ci ilin prezident seçkisində də namizəd olmuşdu.
2008-ci ilin prezident seçkilərinə qatılan başqa bir namizədin – Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın builki seçkilərdə də iddialı olub-olmayacağı 10 gün içində, partiya məclisindəki müzakirələrdən sonra bilinəcək:
«Belə bir fikrimiz var, qərarımız da var. Situasiyaya görə, ola bilsin öz namizədimizi verdik, ya da, ola bilsin, demokratik qüvvələrdən kiminsə namizədliyini dəstəklədik. 10 gün ərzində Ali Məclisin iclası çağrılacaq, bu məsələ də orada müzakirə olunacaq».
«Azərbaycan -2013» hərəkatının 2 ay öncə irəli sürdüyü namizəd – Ərəstun Oruclu sənədlərini MSK-ya gələn həftə təqdim edəcəyini söyləyir.
MƏHBUS NAMİZƏDLƏR
İdi istintaq altında olan REAL hərəkatının sədri İlqar Məmmədov da prezidentliyə iddialılar arasındadır. Vəkili Xalid Bağırovun sözlərinə görə, İlqar Məmmədov həbsdə olduğundan sənədlərini Mərkəzi Seçki Komissiyasına özü təqdim edə bilmir. Onun namizədliyini verə bilməsi üçün təşəbbüs qrupuna etibarnamə lazımdır. Bundan ötrü notarius Bakı İstintaq Təcridxanasına getməli, İlqar Məmmədovdan etibarnamə almalıdır. Bununla bağlı Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət olunub:
«Müraciətdə bildirmişik ki, notariusun təcridxanaya girməsi üçün şərait yaradasınız. Bu gün ayın 7-dir. Müraciətdən artıq 6 gün keçir. Seçki marafonunun başlanmasından 5 gün keçsə də, notariusu oraya apara bilmirik. Bu, İlqar Məmmədovun seçkidə iştirakına yaradılan birbaşa maneədi».
Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov vəkil Xalid Bağırovun fikriylə razılaşmır və deyir ki, müraciətlərə qanunvericilikdə göstərilən müddət ərzində baxılır:
“Müxtəlif məsələlərlə bağlı Penitensiar Xidmətə daxil olan istənilən müraciət qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə baxılır. Ərizəçiyə mütləq cavab verilir. Müxtəlif məsələlərlə bağlı bu müddət iki həftə, ya da bir aya qədərdir. O müddətdə rəsmi müraciətlərə rəsmi də cavab verilir”.
Həbsdə olan başqa bir prezidentliyə namizəd – İslam Partiyasının sədri Mövsüm Səmədovdur. Onun namizədliyini partiyanın Baş Məclisi irəli sürüb. Mövsüm Səmədov hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunaraq, 12 il azadlıqdan məhrum edilib. Qanunvericiliyə görə, məhkum olunduğundan, prezidentliyə onun namizədliyi qeydə alına bilməz. İslam Partiyası sədrinin əvəzi Elçin Manafovun fikrincə, seçkilərə qatılmaqdan ötrü Mövsüm Səmədov azad olunmalıdır:
«Gərək seçkidə iştirak üçün ona şərait yaradılsın. Biz ümidimizi kəsməmişik».
Qanunvericilik baxımından, prezidentliyə namizədlər sənədlərini MSK-ya təqdim edəndən sonra 5 gün ərzində onlara imza vərəqələri verilir və o andan imzatoplama kampaniyası başlanır.
Prezidentliyə namizəd, indiki prezident İlham Əliyev iyunun 21-də Brüsseldə demişdi ki, «Azərbaycan Avropadan, Avropa institutlarından beynəlxalq müşahidəçilər dəvət edəcək və bütün namizədlərin öz proqramlarını Azərbaycan xalqına təqdim etməsi üçün hər cür zəruri şərait yaradacaq».