Amerikanın “Forbes” jurnalı dünyanın ən çox qazanan yazarlarının reytinq cədvəlinin tərtib edib. Siyahıda əsasən, sırf kommersiya məqsədilə yazılmış əsərlərin müəllifləri yer alıb.
İlk pillədə “Bozun əlli çaları” adlı erotik trilogiyanın müəllifi, britaniyalı E.L. James (əsl adı Erika Leonard-dır) qərarlaşıb. Ötən ilin iyunundan bəri o, $95 milyon qazanıb. Trilogiyaya hələ film çəkilməsə də, çəkiliş hüquqlarının satılmasından əldə etdiyi 5 milyon dollar artıq yazarın cibindədir. Filmin 2014-cü ildə ekranlara çıxması gözlənir. E.L. James həm də kitab satışının sürəti ilə bağlı rekordu təzələyib. ABŞ-da kitabın bazara çıxarılmasının ilk 8 ayında 70 milyon nüsxəsi satılıb.
E.L. James ötən il reytinqə başçılıq etmiş amerikalı James Pattersonu 2-ci pilləyə endirib. Detektiv romanlar müəllifi olan Pattersonun illik gəliri 94 milyon dollardan 91 milyon dollara enib. Amma “Forbes” onun tezliklə yenidən liderliyə yüksələcəyini istisna etmir.
55 milyon dollar gəlirlə 3-cü pillədə yer alan Suzanne Collins isə yeniyetmələr üçün fentezi janrında romanlar yazır. Amma ötən il ərzində Collins-in əldə etdiyi gəlirin böyük hissəsi onun kitablarının satışından yox, kitablar əsasında çəkilmiş filmlərdən gəlib.
Sonrakı yerlərdə “Linkolnu öldürmək” və “Kennedini öldürmək” kimi tarixi-publisistik kitabların müəllifi, populyar teleaparıcı Bill O'Reilly ($28 milyon), sevgi romanları müəllifi Danielle Steel ($26 milyon), uşaq kitabları yazan Jeff Kinney ($24 milyon) yer alıb.
Dan Brown $22 milyon qazancla 9-cudur. Onun “İnferno” (Cəhənnəm) adlı yeni romanı əvvəlki romanlarının uğurunu təkrarlaya bilməyib.
Uşaqlar üçün “Harry Potter” kitablarının yazılmasına son verən və böyüklər üçün romanlara keçən Britaniya yazıçısı J.K.Rowling 15-cidir. Son 1 ildə onun gəliri cəmi 13 milyon dollar olub...